25 Aprel 2024

Cümə axşamı, 15:25

MƏKTƏBLİNİN DOSTU

Kimdir onlar - Təhsil Nazirliyinin yeni layihəsi haqqında

Müəllif:

01.10.2016

Yeni tədris ilindən başlayaraq, bir sıra Bakı məktəblərində «Məktəblinin dostu» adlı layihəyə start verilir. Təhsil Nazirilyi və “ASAN xidmət” tərəfindən təşəbbüs göstərilən layihənin məqsədi tədris prosesində sağlam, əlverişli mühitin təmin edilməsidir.

 

…yüz dostun olması

Bunun üçün məktəblərdə xüsusi təhsil görmüş, eyni zamanda, bir neçə funksiya yerinə yetirən gənc insanlar işləyəcəklər. İlk növbədə bu, təhlükəsizliyin təmin edilməsi olacaq. Buraya mütəxəssislər gələnə qədər ilk yardımın göstərilməsi, fors-major hallarda vacib olan fəaliyyətin təşkili və vəziyyətə nəzarət daxildir; məsələn, buraya yanğın baş verərsə şagirdlərin binalardan çıxarılması, zədələr zamanı ilk yardımın göstərilməsi və s. daxildir.

İkinci və əsas funksiya psixoloji dəstəkdir. Onlar ayrı-ayrı şagirdlərə problemlərini həll etməkdə kömək etməklə yanaşı, müxtəlif yaşlı uşaqlar arasında münaqişələr yarandıqda vəziyyətə nəzarət etməyi, mürəkkəb vəziyyətlərdə məsləhətlər verməyi bacarmalıdırlar. Bu funksiyalara ilkin kouçinqin, yəni insanların könüllü, şüurlu və planlı şəkildə daxil olduqlarını öyrənmə və planlı fərdi inkişaf prosesinin təmin edilməsi, həmçinin karyera üzrə məsləhətlər verilməsi daxildir.

«Tez-tez belə halla qarşılaşırıq ki, məktəbi qurtaran uşaq gələcəkdə kim olmaq istədiyini müəyyən edə bilmir. Bəzən ailənin və mühitin təsiri ilə

şəxsi maraqlarının və qabiliyyətinin ziddinə seçim edir. «Məktəblinin dostu»nun funksiyalarından biri təhsildə və karyera seçimində gələcək istiqamətin müəyyənləşdirilməsi ilə bağlıdır», - deyə təhsil sektorunun əməkdaşı bildirib.

«Dostlar”ın üçüncü funksiyası təşkilati işlərdir. «Çox vaxt uşaqar hansısa layihəni gerçəkləşdirmək istəyirlər, amma bunu necə etməyi, nədən başlamağı, kimə müraciət etməyi bacarmırlar. Bu məsələdə onlara «dostlar» kömək edəcək», - deyə ekspertimiz vurğulayır.

Bütünlükdə, onların funksiyaları sırasına məktəbdə əlverişli və rahat mühitin yaradılması, şagirdlər arasında, məktəblilərlə pedaqoqlar arasında optimal və sağlam qarşılıqlı münasibətlərin təmin edilməsi daxildir. Lazım olan anda onlar həm də valideynlərlə də əlaqə saxlaya bilərlər. «Bu gün məktəblərdə əsas problem nədir? Valideynlər narazıdırlar ki, müəllimlər uşaqlarına dərs keçmir. Pedaqoqlar da narazılıq edirlər ki, uşaqlar məktəbə hazırlıqsız gəlir, kobudluq edirlər. Bütün münaqişələrdə olduğu kimi, nadir hallarda günah yalnız bir tərəfdə olur. Sağlam dialoqun təmin edilməsi və münaqişənin həlli üçün üçüncü tərəfin - «dostlar”ın müdaxiləsi vacib olacaq», - deyə ekspert vurğulayır.

 

Üçsəviyyəli əks-əlaqə

Yaşı 21-30 arasında dəyişən istənilən ali təhsilli gənc «məktəblilərin dostu» ola bilər. Təbii ki, bunun üçün onların qarşısında müəyyən tələblər qoyulur: birincisi, Azərbaycan dilini mükəmməl bilməlidirlər, rus dilini də bilməlidirlər və ingilis dilini isə bilsələr, daha təqdirəlayiq olar. Üstünlük psixologiya və pedaqogika təhsili olanlara, həmçinin idarəetmə sahəsinin mütəxəssislərinə verilir. Müxtəlif sosial layihələrdə iştirak etmiş namizədlər və iki ildən az olmayan müvafiq iş təcrübəsinə malik olanlar da üstünlük qazanır. Bundan başqa, namizəd bu cür yetərincə mürəkkəb iş üçün lazım olan bir sıra keyfiyyətlərə də malik olmalıdır: stressə davamlı, ünsiyyətcil və məsuliyyətli olmalı, komanda ilə işləməyi, dinləməyi və müşahidə etməyi bacarmalıdır; səbirli, problemlərə çevik reaksiya verməyi və onları həll etməyi bacarmalıdır.

Müvafiq seçimdən və müsahibədən sonra namizədləri treninqlərə yönəldirlər. Bu treninqlər Təhsil, Səhiyyə və Fövqəladə Hallar nazirlikləri tərəfindən təşkil edilir. Bundan başqa, namizədlər altıgünlük psixologiya kurslarından da keçəcəklər.

Treninqlərdən sonra «məktəblilərin gələcək dostu» imtahan da verməlidir, yalnız bundan sonra işə başlaya bilər. Amma bu, o demək deyil ki, yeni işçilər müharibəyə hazırlaşır və dərhal «atəş» altına atılacaqlar. Təhsil Nazirliyində xüsusi mərkəz yaradılacaq və onların işinə nəzarət ediləcək, qiymət veriləcək.

Bu təşəbbüs həm də məktəblə birbaşa nazirlik arasında lazımi əks-əlaqənin formalaşdırılması niyyətini güdür. Bəllidir ki, ilkin məlumatların bir hissəsi instansiyaları keçən zaman təhrif olunur və itir. «Məktəblilərin dostu» həm də bu gün məktəblərdə baş verənlərin daha dəqiq və canlı mənzərəsini təsvir edəcək. Bunun üçün xüsusi hesabat forması yaradılacaq və bu forma mütəmadi olaraq «dostlar» tərəfindən doldurulacaq. Bu olmasa, yeni layihənin effektivliyindən danışmağa dəyməz.

 

Özünü doğrultmuş praktika

Yeri gəlmişkən, bu təcrübə yeni deyil, o, bir çox ölkələrdə - ABŞ, Britaniya, Çexiya və Fransada tətbiq edilir. Qonşu Gürcüstanda bu sistem artıq bir neçə ildir ki, uğurla fəaliyyət göstərir. Bu cür işçiləri məktəblərdə müxtəlif cür adlandırırılar, amma onların funksiyaları və rolu demək olar ki, eynidir.

ABŞ-da o, məsələn, məktəb məsləhətçisidir. Onun sertifikatı və ya lisenziyası, məktəb məsələhətləşməsində magistr dərəcəsi olur. O, şagirdlərə tədris, tədris planı, gələcək inkişaf və gələcək karyera seçimi barədə məsləhətlər verir, müxtəlif məsələlərin həllində şagirdlərə təcili yardım edir. O, valideynlərlə, pedaqoqlarla və cəmiyyətin başqa üzvləri ilə qarşılıqlı münasibətləri nəzərdə tutan dolayı xidmətlər də göstərir.

Əgər ABŞ-da məktəb məsləhətçisinin işinin əsas istiqamətləri təhsil, karyera, tədrisin profilləşdirilməsi və şəxsiyyətin inkişafını əhatə edirsə, Böyük Britaniyada önəmli yer şagirdlərin psixi sağlamlığına verilir.

Qonşu Gürcüstanda bu layihə 2010-cu ildən tətbiq edilir. Adətən, bir məktəbdə mandatory adlandırılan üç belə işçi - iki kişi və bir qadın çalışır. Onlar səhər tezdən dərs bitənə qədər məktəbdə olurlar. Gürcüstan Təhsil Nazirliyi onları məktəblilərin «böyük dostları» adlandırmağa üstünlük verir. Onlar şagirdlərin, müəllimlərin və məktəbin digər əməkdaşlarının intizamına və təhlükəsizliyinə nəzarət edirlər, gecikmələri qeydə alırlar, həm də diqqət yetirirlər ki, şagirdlər dərsdən qaçmasınlar, siqaret çəkməsinlər və dava salmasınlar. Onlar eləcə də şagirdlər arasında, yaxud şagirdlərlə-müəllimlər arasında münaqişələr zamanı vasitəçi olurlar. Onlar uşaqların intizamındakı problemlər barədə valideynlərə, məktəb direktoruna və ya şagirdlərə məlumat vermək hüququna da malikdirlər. Ən kəskin hallarda onlar hüquq-mühafizə orqanlarına müraciət edərək, problemli uşaqları qeydiyyata götürməklə bağlı səlahiyyətlidirlər.

Gürcüstan Təhsil Nazirliyinin statistikasına görə, bu təşəbbüsün tətbiqi ilə məktəblərə gecikmələr 80%, dərsburaxmalar 75%, rüşvət halları 95%, uşaqlar arasında münaqişələr 80%, məktəblərdə vandalizm faktları 90% azalıb. Bundan başqa, bu xidmət Təhsil Nazirliyi ilə birlikdə karyera seçimi ilə bağlı tədbirlər, məruzələr təşkil edir, adətən, dəvət edilən məruzəçilər tanınmış insanlar - siyasətçilər, yazıçılar və s. olurlar.

 

Hər yenilik yaxşı unudulmuş köhnəlikdir?

Ümumiyyətlə, qeyd etmək lazımdır ki, bizim üçün «Məktəblilərin dostu» elə də yeni təşəbbüs deyil. Sovet dövründə fəaliyyət göstərmiş pioner baş dəstə rəhbərlərini xatırlamaq yetərlidir. Pioner baş dəstə rəhbərləri şən gənclər və oğlanlardan seçilirdi, adətən, ali məktəb tələbələrinə və ya komsomol təşkilatının yetirmələrinə üstünlük verilirdi. Bütünlükdə, onların funksiyaları «Məktəblilərin dostu»nun funksiyalarına bənzəyirdi - onlar şagirdləri himayə edirdilər, onlarla tədris məsələlərini həll edirdilər, tədbirlərin təşkilatçısı olurdular. Bir sözlə, kommunizmin gənc qurucusunu yetişdirmək üçün əllərindən gələn hər şeyi edirdilər.

İndiki «Məktəblilərin dostu»ndan fərqli olaraq, pioner baş dəstə rəhbərləri psixoloji dəstək üzrə ixtisaslaşmırdılar və treninqlərdən keçmirdilər. Amma tədrisdən və sinifdənkənar fəaliyyətin təşkilinin bütün yükü onların çiyinlərində idi.

Hazırda yeni dərs ilinin başlanğıcında bu yeni təşəbbüsün nə ilə bitəcəyini, hansı nəticələr verəcəyini birmənalı şəkildə demək çətindir. Pilot layihə hələ ki, Bakının 30 məktəbində tətbiq ediləcək. Bu məktəblərin sırasına həm şəhər mərkəzində yerləşənlər, həm də kənar məhəllə məktəbləri daxil olacaq. Bu cür yanaşma «Məktəblilərin dostu»nun işini və effektivliyini müxtəlif şəraitlərdə və müxtəlif sosial təbəqələrdə qiymətləndirmək məqsədi daşıyır.

Bizim mütəxəssislər qonşu Gürcüstandan olan həmkarları ilə məsləhətləşmələr aparan zaman aydın olub ki, bu ölkədə tətbiq edilən mandatory gözləniləndən artıq nəticə verib. Ümid edək ki, «Məktəblilərin dostu» da bizdə alınacaq və müsbət nəticələr verəcək.


MƏSLƏHƏT GÖR:

420