19 Aprel 2024

Cümə, 16:17

“RƏQİBDƏN ÇƏKİNMƏ”

Paralimpiya Oyunlarının qızıl medalının sahibi Ramil Qasımov: “Çempion olmaq üçün bütün görüşlərə final kimi yanaşmalısan”

Müəllif:

15.10.2016

2016-cı ilin ən böyük idman hadisələri Rio-de-Janeyroda baş tutdu. Yay Olimpiya Oyunlarının ardınca Braziliya XV Yay Paralimpiya Oyunlarına ev sahibliyi etdi. On gün ərzində 159 ölkədən 4 342 paralimpiyaçı 528 dəst medalın sahibini müəyyənləşdirməklə yeni çempionların adlarını açıqladı.

Sevindirici haldır ki, paralimpiyaçılarımız bu dəfə də ölkəmizin idman şərəfini layiqincə qorudular. Rioda Azərbaycan da daxil olmaqla, 83 ölkə mükafat qazanıb. Bu ölkələrdən cəmi 63-nün himni səsləndi. Azərbaycan yığması yarışlarda 1 qızıl, 8 gümüş və 2 bürünc olmaqla, ümumilikdə, 11 medal qazandı. Komandamız medalların ümumi sayına görə, iştirakçı ölkələr arasında 33-cü, əyarına görə 48-ci, Avropa ölkələri arasında 16-cı, müsəlman ölkələri sırasında 6-cı, MDB ölkələri arasında isə 3-cü yeri tutub.

Medal qazanan ölkələrin siyahısını isə Çin birinci pillədə başa vurub. İkinci yerdə Böyük Britaniya idmançıları yerləşib, “üçlük”ü Ukrayna qapayıb.

Yığmamızın heyətində Ramil Qasımov (73 kq) qızıl, Bayram Mustafayev (hər ikisi cüdo, 66 kq), Kamil Əliyev (uzunluğatullanma), Raman Saley (üzgüçülük, 100 m arxasıüstə), İradə Əliyeva (nizəatma) gümüş və Rövşən Səfərov (cüdo, 81 kq) bürünc medal qazanıb. Həmçinin atletimiz Yelena Çebanu 100 m məsafəyə qaçışda və uzunluğatullanmada ikinci yeri tutub, 200 m məsafəyə qaçışda finiş xəttinə üçüncü çatıb. Dmitri Saley isə həm 100 m məsafəyə brass üsulu, həm də 50 m məsafəyə sərbəst üsulla üzməkdə gümüş medal qazanıb.

“Rio-2016” Paralimpiya Oyunlarında Azərbaycan millisinə yeganə qızıl medalı cüdoçumuz Ramil Qasımov (73 kq) qazandırıb. Yarışa 1/4 final mərhələsindən başlayan təmsilçimiz, ilk olaraq, kubalı Cerardo Rodrigezi məğlub edib. Yarımfinalda alman Nikolay Kornhassı yolundan kənarlaşdıran idmançımız qızıl medal uğrunda ukraynalı Dmitro Soloveylə üz-üzə gəlib. Rəqibini ipponla məğlub edən Qasımov Paralimpiya Oyunlarında millimizə ilk qızıl medalını qazandırıb.

Rio-da Azərbaycana qızıl medal qazandıran paralimpiyaçı cüdoçumuz Ramil Qasımovla müsahibəni təqdim edirik.

R+”un suallarına cavab verən idmançımız ilk olaraq təəssüratlarını bölüşüb:

“Rəqiblərim çox güclü idi və buna görə də qarşılaşmalar çox gərgin keçdi. Amma buna baxmayaraq, var gücümü toplayıb bütün rəqiblərimə qalib gəldim. Rio-de-Janeyroya yola düşəndə ancaq qələbə haqqında düşünürdüm. Qızıl medal qazanmaqla komandamızı və xalqımızı sevindirdim”.

- Bu dəfə Rioda paralimpiyaçılarımız yalnız 1 qızıl medal qazandılar. Yəqin, finala çıxanda məsuliyyəti başa düşürdün?

- Əlbəttə, məsuliyyət böyük idi. Məşqçim söyləmişdi ki, final sənlikdir. Rəqibdən çəkinmə. Finalda itirəcəyim heç nə yox idi. Buna görə sona qədər mübarizə apararaq çempion oldum. Özümü çox xoşbəxt hiss edirəm. Bu, sözlə təsvir edilə bilməyən hissdir. Bunun üçün bütün mərhələləri adlayıb, fəxri kürsüyə qalxmaq və o hissləri yaşamaq lazımdır.

- Hansı rəqiblə görüşün daha çətin oldu?

- Bütün görüşlər çətin idi. Geriyə baxanda heç birini fərqləndirmək istəməzdim. Hər biri sonuncu ola bilərdi. Olimpiadada zəif idmançı olmur. Rioda da bir sıra gözlənilməz nəticələr qeydə alındı. Adətən, belə yarışlarda aşkar favorit olmur. Titullu və təcrübəli idmançılar belə Olimpiadada medalsız qalır. Çempion olmaq üçün bütün görüşlərə final kimi yanaşmalısan.

- Rio ərəfəsində çempion olacağına inanırdın?

- İnam var idi, əminlik yox. Bir qədər həyəcan hiss olunurdu. Fikirləşirdim ki, birdən düşündüyüm kimi olmaz. Bu mənada, finala qədər ehtiyatlı davranırdım. Görüşə çıxanda isə artıq hər şeyi unudurdum. Bütün fikrim rəqibə yönəlirdi. Çox sevinirəm ki, Azərbaycan idmançıları Rioda yüksək səviyyədə çıxış etdilər. Həm əsas yığmamız, həm də paralimpiya millimiz ölkəmizin idman şərəfini layiqincə qorudu.

- Azərbaycan yığmasında ikiqat paralimpiya çempionu İlham Zəkiyevə böyük ümidlər bəslənilirdi. Yığmamızın bayraqdarının çıxışı barədə nə deyə bilərsən?

- İlham Zəkiyev Azərbaycan idmanının canlı əfsanəsidir. O, bütün idmançılarımız üçün nümunədir. Olimpiadada İki dəfə Azərbaycan Himnini səsləndirib. Sözsüz ki, Zəkiyevdən hər yarışda qızıl medal gözləyirlər. Braziliyaya birgə hazırlaşmışıq. O, bu yarışa çox ciddi yanaşırdı. Sadəcə, yarış ərəfəsində səhhətində yaranan problem ona mane oldu. İlham Zəkiyev bütün yarışlarda maksimum nəticə uğrunda mübarizə aparır. Üstəlik, komanda üzvlərinə dəstək olur. Hər görüşdən əvvəl bizə inandığını söyləyir. Əminəm ki, növbəti yarışlarda İlham Zəkiyev yenidən fəxri kürsünün ən yüksək  pilləsinə qalxacaq.

- Rioda qızıl medal qazanandan sonra həyatında dəyişiklik oldu?

- Əlbəttə, dəyişiklik oldu. Azərbaycan Prezidenti komandamızı təbrik etdi. Dövlət başçısının diqqəti bizim məsuliyyəti artırır. Riodakı qələbəyə görə məni “Şöhrət” ordeni ilə təltif etdi. Buna görə cənab Prezidentə təşəkkür edirəm. Söz verirəm ki, bundan sonra da bütün yarışlarda yalnız çempionluq üçün çıxış edəcəm. Paralimpiada insanın həyatını dəyişir. Amma gərək idmançı öz yolunu davam etdirsin. Növbəti hədəfim Bakıda keçiriləcək İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanmaqdır.

- Paralimpiadadan sonra hazırda istirahət edirsiniz. Məşqlərə nə vaxt başlayacaqsınız?

- Noyabrdan fəal məşqlərimiz bərpa olunacaq. İlin sonuna qədər beynəlxalq yarışlarda iştirak etmək barədə düşünmürəm. Amma gələn il bizi çoxlu sayda çətin yarışlar gözləyir. Avropa Çempionatı, ən əsası, İslam Həmrəyliyi Oyunlarında iştirak edəcəyik. Azərbaycan Paralimpiya yığmasına göstərilən diqqətə görə ölkə mətbuatına təşəkkür edirəm. Qələbələrimizi xalqa çatdıran media nümayəndələrinin əməyini də qeyd etmək vacibdir.



MƏSLƏHƏT GÖR:

438