26 Aprel 2024

Cümə, 03:28

DAHA BİR MƏHƏBBƏT ƏFSANƏSİ

Bakıda dünya bestselleri və Azərbaycan ədəbiyyatının klassikası «Əli və Nino»nun əsasında çəkilmiş filmin premyerası olub

Müəllif:

15.10.2016

Heydər Əliyev Mərkəzində «Əli və Nino» filminin premyerası oldu, bundan sonra film «Cinema Plus» kinoteatrlar şəbəkəsində yayıma çıxarıldı. İki aşiqin çoxdan gözlənilən əhvalatı, nəhayət ki, qəhrəmanlarla bağlı cərəyan edən, XX əsrin əvvəllərinə aid hadisələri canlandıran ekran əsəri izləyicilərin ixtiyarına verildi. Filmin təqdimatında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyeva və fondun vitse-prezidenti, layihənin rəhbəri və icraçı prodüseri Leyla Əliyeva iştirak ediblər.

 

Sevgi himni

Qurban Səidin romanı ilk baxışdan göründüyü kimi elə də sadə deyil. Buna görə də izləyicilər bu beynəlmiləl işin nəticəsini səbirsizliklə gözləyirdilər. Beynəlmiləl komanda - həm çəkiliş qrupu, həm də aktyorlar layihə üzərində ilhamla işləyiblər və sübut ediblər ki, incəsənət nə sərhəd, nə də milliyyət tanıyır. Birgə iş imkanı onlarda bir-birlərinə, Şərq və Qərbin mədəniyyətlərinin fərqinə, ölkənin tarixinə və adətlərinə qarşılıqlı maraq oyatdı.

Əlinin dostu Seyid Mustafa rolunu oynamış Numan Akar da filmin təqdimatına gəlmişdi və o, çıxış edərək bildirdi ki, çəkiliş zamanı Azərbaycanı sevməyi bacarıb. Onun fikrincə, filmin bəhs etdiyi illərdə olduğu kimi, indi də Azərbaycan dünyada xüsusi yer tutan ölkə kimi qalır.

Mariya Valverde isə bildirib ki, yalnız o deyil, bütün çəkiliş qrupu Azərbaycana, onun təbiətinə və qonağa hörmət etməyi bacaran insanlarına aşiq olub. Mehriban Zəki isə qeyd edib ki, bu işin təcrübəsi bu layihənin bütün iştirakçıları üçün həddindən yararlıdır. Çünki ümumi işə, qarşılıqlı maraqlara və etibara peşəkar sevgi ilə cəlb olunublar, kino meydançasında başqa iş təcrübəsi qazanmaq imkanı əldə ediblər.

Bir sözlə, bu film layihəsi həm də iki müxtəlif kino məktəbinin mədəni qovuşması, çəkiliş prosesinə yanaşmada yeni texnoloji imkanların nəticələrini görmək imkanı demək idi. Ekranda biz bu bədii beynəlmiləl təcrübəni gördük və sevindik ki, bu cür münasibətlər mümkündür, çünki onlar müxtəlif ölkə və mədəniyyətlərin insanları arasında mədəni və dostluq əlaqələrini gücləndirir.

Film yalnız müsəlman oğlan və xristian qız arasında sevginin deyil, həm də tolerantlığın və multikulturalizmin himni oldu. Yaxşı ki, onu başqa ölkələrdə də görəcəklər. Yeri gəlmişkən, 24 oktyabrda Asiya Dünya Kino Festivalının açılışında təqdim ediləcək, noyabrda isə Amerikanın Los-Anceles şəhərində göstəriləcək.

«Əli və Nino» ilk dəfə 27 yanvar 2016-cı il tarixdə ABŞ-da prestijli «Sundance» beynəlxalq kino festivalı çərçivəsində göstərilib. Üç gün ərzində film «Premyera» kateqoriyası altında nümayiş etdirilib. Film onda dünya mətbuatının diqqətini cəlb etmişdi. Xarici KİV-lər «Əli və Nino»nun musiqisini və kinematoqrafiyasını yüksək qiymətləndiriblər. Mətbuat materiallarında qeyd edilirdi ki, filmin musiqisində nostalji var və eyni zamanda romantikdir, kədər var və eyni zamanda ümid bəxş edir. Filmin böyük hissəsi orijinala uyğun çəkilib, kinolent iki gənc arasında münasibətlərin mənfi və müsbət tərəflərini, həmçinin onlara kənardan təzyiqləri göstərir.

 

Qeyri-adi əsər üzrə film

Filmin göstərilməsindən sonra çıxış etmiş Kris Tiker söylədi: «Əslində, bu gün «Əli və Nino» filminin dünya premyerası baş tutdu». O, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya filmin çəkilməsinə göstərdiyi dəstəyə görə təşəkkür edib.

«Şəxsən mən Azərbaycan dilində dublyaj olunmuş filmə ilk dəfədir ki, baxıram. Düşünürəm ki, o, böyük uğur qazanacaq. Bizim üçün burada film çəkmək çox xoş idi və biz sizin ölkəni sevdik», - deyə Kris Tiker bildirib. O, xüsusilə filmin icraçı prodüseri Leyla Əliyevanın işinə heyranlığını, onun yaradıcılıq ideyalarını, ümumi iş prosesinə dəstəyini xüsusilə qeyd edib.

Müxtəlif dövlət və millətlərin təmsilçilərinin çəkildiyi film kinoşünaslarda da böyük təəssürat oyadıb. Ssenari müəllifi, «Academy Award» mükafatının laureatı, ingilis yazıçısı və şairi, kinorejissor, Britaniya imperiyası ordeninin komandoru Kristofer Hemptonunun fikrincə, «Əli və Nino» qeyri-adi əsərdir.

Film ona Azərbaycanı yaxından tanımaq imkanı verib. «Maraqlıdır ki, ərazicə kiçik olan ölkə orijinal coğrafi yerləşimə, iqlimə və meşələrə malikdir. Sizin xalq çox xeyirxahdır. Mən burada vaxtımı gözəl keçirdim», - deyə Kristofer Hempton vurğulayıb.

Çox layihələrdə işlədiyini bildirən Kristofer Hempton qeyd edib ki, həm çəkiliş prosesi baxımından, həm də tematika baxımından bu layihə çox maraqlı olub. Yeri gəlmişkən, filmin nümayişindən öncə baş rolun ifaçısı Adam Bakrinin videomüraciəti göstərilib. O, Bakıdakı təqdimatda iştirak edə bilmədiyinə görə təəssüfləndiyini ifadə edib. Adam Bakri bildirib ki, filmdəki rolundan həzz alıb. Azərbaycan dilində çıxış edən aktyor deyib: «Mən Azərbaycanda vaxtımı gözəl keçirdim və sizinlə görüş mənim üçün böyük şərəfdir».

Filmdə, həmçinin dünya kinematoqrafının ulduzları çəkiliblər: məşhur «Möhtəşəm yüz il» serialından tanınan və orada Sultan Süleyman rolunu oynamış türk aktyoru Xalit Ergenc, türk aktyoru, prodüser, rejissor Numan Akar, Amerika müğənnisi və aktyoru, «Toni» mükafatı laureatı, üçqat «Qızıl Qlobus» mükafatı nominantı Mendi Patinkin, danimarkalı aktrisa Konni Nilsen, italyan aktyoru Rikkardo Skamarçio, Humayon Erşardi, mərakeşli aktyor Assaad Buab, həmçinin Fəxrəddin Manafov, Mehriban Zəki, Pərviz Məmmədrzayev, Cümşüd Zeynalov və başqaları filmdə rol alıblar.

Çəkilişlər Bakı şəhərində (İçərişəhərdə), Xınalıqda, Gəncədə, Gədəbəydə, Qobustanda aparılıb. Xüsusi texnoloji üsullarla Bayıldakı neft mədənlərinin görüntüsü bərpa edilib. Bu, heyran edir və illüziya ilə həmin çağda, hadisələrin çox hissəsinin neft buruqlarının fonunda baş verdiyi həmin yerdə olmanın tam hissini yaşadır. «Əli və Nino» filminin icraçı prodüseri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, rejissoru isə BAFTA mükafatı almış Azif Kapadiadır.

«Əli və Nino» romanının özü ilk dəfə alman dilində 1937-ci ildə Vyanada (Avstriya) çap edilib. Bu əsər dünyanın 33 dilində 100 dəfədən artıq nəşr edilib. Bir ildən sonra Qurban Səidin həmmüəllifliyi ilə «Zolotoy Roqlu qız» kitabı çıxıb. Bu, müəllifin ikinci və sonuncu romanı olub. 1937-ci ildə bestseller olmuş «Əli və Nino» bu gün də populyardır, indi də Azərbaycan ədəbiyyatının klassikası sayılır.



MƏSLƏHƏT GÖR:

409