19 Aprel 2024

Cümə, 11:00

BÜROKRATİYA OLMADAN...

«Azərbaycan bazar mexanizmlərinin işləməsi üçün islahatları davam etdirməlidir», - BMK-nın Cənubi Qafqaz üzrə meneceri

Müəllif:

15.10.2016

Azərbaycan hökumətinin neftdənkənar bölmənin inkişafının sürətləndirməsi üzrə atdığı addımlar qısa müddət ərzində qlobal böhranın təsirlərinin qarşısını almağa imkan verəcək. Əvvəlki illərdə yaradılmış maliyyə yastığı beynəlxalq təşkilatlara müraciət etmədən makroiqtisadi sabitliyi dəstəkləməyə imkan yaradır. Amma digər tərəfdən, Beynəlxalq Valyuta Fondunun, Dünya Bankının, Beynəlxalq Maliyyə Korporasiyasının (BMK), Avropa Yenidənqurma və İnkişaf Bankının və başqa qurumların texniki və konsultativ yardımı ölkə hökumətinə dəstək verə bilər.

Beynəlxalq Maliyyə Korporasiyasının Cənubi Qafqaz üzrə regional meneceri Yan van Bilsen tərəfindən rəhbərlik edilən missiya Bakıya məhz neftdənkənar bölmənin inkişafı, sərmayələrin təşviqi üzrə addımları müzakirə etmək üçün gəlmişdi.

- Azərbaycan hökumətinin işgüzar mühitin yaxşılaşdırılması, özəl sektorun inkişafı üçün sərmayələrin cəlb edilməsi üzrə səylərini necə dəyərləndirirsiniz?

- BMK Dünya Bankı qrupunun üzvüdür və iri qlobal inkişaf institutudur, öz fəaliyyətini inkişaf etməkdə olan bazarların özəl sektoruna yönəldir. Bizim missiyamız insanlara yoxsulluqdan xilas olmaq və həyatın yaxşılaşdırılması istiqamətində yardım etməkdən ibarətdir. Bu məqsədə çatmaq üçün niyə biz öz səylərimizi özəl bölmənin inkişafına yönəldirik?

Özəl bölmə iqtisadi artım üçün önəmli amildir. Dünyada iş yerlərinin 90%-i özəl sektor tərəfindən yaradılır. Özəl bölmənin inkişafını sərmayələşdirən BMK mövcud məsələləri həll etməyə yardım edir.

Bu yaxınlarda baş vermiş hadisələr Azərbaycanın qarşısında yeni məsələlər qoydu və ölkə üçün yeni problemlər yaratdı. Neftin qiymətinin aşağı düşməsindən iqtisadiyyat və milli valyuta ciddi təzyiq altına düşdü. Neftin qiymətinin yetərincə aşağı olduğu indiki şəraitdə özəl sektorun potensialını açmaq çox vacibdir.

2015-ci ildə Azərbaycanın ümumi daxili məhsulunun (ÜDM) 80%-dən çoxu özəl bölmənin payına düşüb. Bununla belə, yerli sərmayələrin yalnız 40%-i özəl bölmədən daxil olub ki, bunun da yarısı neft bölməsinə yönəldilib. Ölkə ixracatının 90%-ə qədəri karbohidrogenlərin payına düşüb, ölkəyə təmiz xarici sərmayəaxınında neft sektorunun payı 65%-dən çox olub.

Ölkə neftdənkənar özəl sektorun şaxələndirilməsinə əsaslanan başqa artım modelinə keçməlidir. Bu məqsədə çatmaq üçün özəl və dövlət bölmələrinin rolu balanslı olmalıdır. Bu zaman özəl sektor artımın əsas təkanverici gücünə çevrilməlidir, dövlət sektoru isə artımın vasitəçisi rolunu oynamalıdır.

Biz şadıq ki, hökumət bunları anlayır və son bir neçə ayda bu istiqamətdə səyləri gücləndirib. Misal kimi aşağıdakıları göstərmək olar:

- özəl sərmayələri sıxışdıran dövlət kapital yatırımlarının payının azaldılmasına imkan verən vergi-büdcə konsolidasiyası;

- gömrük prosedurlarının sadələşdirilməsi və elektron hökumətin servis mərkəzlərinin genişləndirilməsi, bu, korporativ sektorun böyük şəffaflğına və biznesin gerçəkləşdirilməsi xərclərinin azaldılmasına imkan yaradır;

- dövlət tikinti tenderlərində yaxşılaşdırma var, gözlənilir ki, bu, daha rəqabətli mühitin yaranmasına səbəb olacaq, kiçik və orta müəssisələrin imkanlarını artıracaq;

- iqtisadiyyatın şaxələndirilməsi, o cümlədən, neft sektorundan kənd təsərrüfatı və turizm kimi qeyri-ənənəvi sektorlara keçid üzrə səylər;

- Ümumdünya Ticarət Təşkilatına daxil olmaq barədə danışıqların fəallaşması, bu, əslində, özlüyündə müsbət hadisədir, çünki gözlənilir ki, ticarətin liberallaşdırılması iqtisadiyyatın şaxələndirilməsinə yardım edəcək.

Biz həm də hökumətin infrastrukturunun yaxşılaşması və insan kapitalının keyfiyyətinin yüksəlməsi məsələlərinə daimi diqqət yetirməsini alqışlayırıq.

Azərbaycan üçün rəqabət mühitinin yaxşılaşdırılmasına yönəlmiş struktur islahatlarının davamı və bu sahədə tempi aşağı salmamaq önəmlidir.

- Dünya Bankı qrupu tərəfindən tərtib edilən «Biznesin həyata keçirilməsi» (DoingBusiness) hesabatında Azərbaycan 189 ölkə arasında 63-cü yeri tutur. Anladığıma görə, sizin buradakı müzakirələr zamanı əsas mövzulardan biri Azərbaycanın beynəlxalq reytinqlərdəki yerinin yaxşılaşdırılmasına həsr edilmişdi. Buna nail olmaq üçün hökumət nə edə bilər?

- Azərbaycan biznes-mühitin yaxşılaşdırılması istiqamətində müəyyən proqres əldə edib və bu, «Biznesin gerçəkləşdirilməsi» hesabatında da əks olunub. 2016-cı il üçün tərtib edilmiş hesabatda ölkə dünyanın 169 iqtisadiyyatı arasında 63-cü yeri tutur. Daha geniş kontekstdə isə həmin hesabata görə, Azərbaycan 2015-16-cı illərdə dünyanın bu istiqamətdə normativ-hüquqi islahatlar həyata keçirmiş 24 ölkəsindən biridir.

Reytinqlər Azərbaycanın başqa ölkələrlə müqayisəsi üçün faydalı alətdir. Ancaq yaxşı tənzimləmə də önəmlidir. Sərhədə qədər məsafənin qiymətləndirilməsi (distancetofrontier, DTF) yeni effektiv tənzimləmə göstəricisidir. Bu göstərici dünyanın ən yaxşı tənzimləmə təcrübələri ilə müqayisədə ölkənin mövqeyini göstərir.

2016-cı il üçün tərtib edilmiş «Biznesin həyata keçirilməsi» hesabatında AzərbaycanınDTFüzrə qiyməti 67,8% olub, bu isə dünyanın ən yaxşı təcrübələrindən, ən azı, 32 bənd üzrə geridəqalma deməkdir. Azərbaycan müəssisələrinin qeydiyyatı (97,75%), mülkiyyətin qeydiyyatı (82,55%) və vergi (83,77%) kriteriyaları üzrə yaxşı nəticə göstərib. Amma kreditlərin alınması (40%) və ödəniş qabiliyyətinin olmaması probleminin həlli (44,68%) kriteriyalarının yaxşılaşdırılması üçün önəmli imkanlar var. Yaxşılaşdırılması vacib olan başqa kriteriya isə tikinti icazələrinin alınmasıdır (65,79%).

Azərbaycanın biznes mühitinin səviyyəsinin dünyanın ən yaxşı iqtisadiyyatlarının səviyyəsinə qalxması üçün hökumətin islahat proqramları bu tənzimləmə cəhətlərinə yönəlməlidir.

Amma qeyd etmək lazımdır ki, «Biznesin həyata keçirilməsi» heç də işgüzar mühitin bütün cəhətlərini əhatə eləmir; məsələn, xarici sərmayə ilə bağlı normativlər bura daxil deyil. Bu sıraya, həmçinin makroiqtisadi sabitlik və işçi qüvvəsinin səriştə kriteriyası da daxildir. Buna görə də dünya üzrə bütün uğurlu islahatçılar «Biznesin həyata keçirilməsi» göstəricilərindən kənara çıxan islahatları dəstəkləyirlər, işgüzar mühitin çox cəhətlərini əhatə edən dərin və genişmiqyaslı islahatlar tətbiq edirlər. Kompleks islahatlar güclü siyasi iradə və özəl bölmənin artımına bütöv yanaşma tələb edir.

- Azərbaycan dünyanın aparıcı sərmayəçilərini öz iqtisadiyyatına cəlb etmək üçün nələr etməlidir?

- Sərmayəçilərin xarici ölkəyə vəsait yatırması qərarı verməsinə təsir edər bir neçə əsas amil var: siyasi və iqtisadi sabitlik, bazarların həcmi, mülkiyyət hüququnun qorunması, əlverişli iş mühiti, iqtisadi infrastrukturun keyfiyyəti, ixtisaslı və ya ucuz iş qüvvəsi imkanları. Makroiqtisadi və maliyyə sabitliyinin təmin edilməsi gələcəkdə vacib önəm daşıyacaq. Azərbaycan birbaşa xarici sərmayələrin səviyyəsini əsas götürən şaxələndirmə prinsipləri əsasında öz siyasətini dəyişməlidir. Buna daha səmərəli sərmayələşdirmə üçün nəzərdə tutulan üstünlüklərin yaradılması yolu ilə bir sıra islahatlar hesabına nail olmaq mümkündür. Bu islahatlar sərmayələr üçün siyasətin, normativ-hüquqi və institusional bazanın yaxşılaşdırılmasına yönəldilməlidir.

Birbaşa xarici sərmayələrin önəmi yalnız cəlb edilən kapitalın həcmi ilə deyil, daha vacibi, produktiv biliklərin həcmi ilə ölçülür. Bu biliklər yerli müəssisələrə qlobal iqtisadiyyata qoşulmaq imkanı yaradır.

Heç bir siyasət qısa bir müddət ərzində iqtisadi şaxələnmə yaratmağa imkan verə bilməz. Həmişə sərmayələr üçün əlverişli olan hərtərəfli işgüzar mühiti təmin edən makroiqtisadi siyasətlə firmalara konkret sektorlara sərmayə yatırmağa, riskləri öz üzərlərinə almağa, innovasiyalar tətbiq etməyə, əmək məhsuldarlığını artırmağa və aparıcı bazarlara çıxmağa imkan yaradan makroiqtisadi siyasətin bir arada olması vacibdir.

Şaxələndirmə beynəlmiləlləşmə deməkdir. Azərbaycan müəssisələrinin beynəlxalq iqtisadiyyat müstəvisində dəstəklənməsi məqsədi ilə öz biliklərini, standartlarını, institutlarını və əlaqələndirmə mexanizmlərini yeniləşdirməlidir.

Azərbaycan daxili bazarının həcminin kiçik olmasını nəzərə alaraq, ölkənin Avropa və Asiya bazarlarına qoşulma səviyyəsini yaxşılaşdırmalıdır. Bu, nəqliyyat əlaqələrinin genişləndirilməsi, azad ticarət və sərmayələr haqqında ikitərəfli və çoxtərəfli sazişlər şəbəkəsi vasitəsilə mümkündür.

Xarici sərmayələr məsələləri üzrə qanunvericiliyin təkmilləşdirilməsi səyləri beynəlxalq standartlara cavab verən hüquqi sistemin yaradılmasına yönəlməlidir. Bu cür qanunların yaradılması da çox önəmlidir. Azərbaycanın biznes üçün normativ-hüquqi bazasının sadələşdirilməsinə yönəlmiş islahatları davam etdirməsi və bürokratik əngəllər olmayan bazar mexanizmlərinin işləməsini təmin etməsi çox vacibdir.

İqtisadiyyatın potensial sektorlarını rəqabət qabiliyyəti ilə təmin etməkdən ötrü onların inkişafı və birbaşa xarici sərmayələrin cəlb edilməsi üçün Azərbaycan, həmçinin iqtisadi infrastruktura dövlət sərmayələrinin prioritetlərini müəyyən etməlidir. Məsələn, aqrar-sənaye kompleksində istehsalat, anbar və maddi-texniki təminat binaları kimi komponentlər bir qayada olaraq özəl bölmə tərəfindən işlənir. Amma özəl sərmayəçilər yaxşı yolların və meliorasiya vasitələrinin olmadığı sektora sərmayə qoymaq istəmirlər.

Yeni rəqabətqabiliyyətli sektorların inkişafı həmçinin keyfiyyətli işçi qüvvəsi tələb edir.

Milli forumun yaradılması bu istiqamətdə arzuolunan addım olacaq, çünki bu, dövlət və özəl sektor təmsilçilərinə öz aralarında mütəmadi olaraq şaxələndirmənin yüksəldilməsinə və sərmayələrin stimullaşdırılmasına yönəlmiş əlaqələr qurmaqda, müzakirələr etməkdə və yeni təşəbbüslərdə yardım edəcək. Beyənlxalq maliyyə institutları və inkişaf agentlikləri də formalaşmaqda olan bazarlara və inkişaf etməkdə olan ölkələrə birbaşa xarici sərmayələrin cəlbi məsələsində böyük rol oynayırlar.

Birbaşa xarici sərmayələr sahəsində layihələrə birgə sərmayələrə əlavə olaraq, BMK da Dünya Bankı qrupunun üzvü kimi hökumətlərə geniş spektrdə məsləhət xidmətləri təqdim edir. BMK xarici və daxili sərmayələrdən gəlirləri cəlb etmək, onları maksimallaşdırmaq və dayanıqlı səviyyədə saxlamaq məsələsində hökumətlərə yardım edir. Dünya Bankı qrupu Azərbaycan hökumətinə də bu sahələrdə tövsiyələr verməyə hazırdır.

- Ötən il Azərbaycan hökuməti ölkə iqtisadiyyatının diversifikasiyası üzrə səylərini gücləndirib. Azərbaycan bu islahatlardan gələcəkdə nə əldə edə bilər?

- Aşağı neft qiymətləri şəraitində neft bölməsinə əsaslanmaq dayanıqlı addım deyil və hazırda Azərbaycan daha əlverişsiz bir mühitdə öz nəzərəçarpacaq inkişafını qorumaq məsələsi ilə üzləşib.

Gözlənilir ki, neftin qiymətinin azalması elə də qısamüddətli olmayacaq və ortamüddətli perspektivdə ölkə dövlət və özəl bölmələrinin rolunu balanslaşdırmalıdır. Hökumət bu istiqamətdə irəliləyir və əlbəttə, gələcəkdə də böyük işlər görülməlidir.

Şaxələndirmə üzrə səylər Azərbaycana yeni iqtisadi artım mənbələri yaratmaqda yardımçı olacaq; məsələn, iri mis hasilatçısı olan Çilidə özəl sektorun xeyrinə aparılmış genişmiqyaslı islahatlar iqtisadiyyatın aqrobiznes, turizm, beynəlxalq daşımalar, həmçinin loqistik xidmətlər sektorlarında da rəqabət qabiliyyətini təmin etdi.

- Azərbaycan iqtisadiyyatının potensialını necə qiymətləndirirsiniz?

- Azərbaycan zəngin təbii qaynaqlara malik ölkədir. İndiki böhrandan əvvəl, son iyirmi il ərzində ölkə nəzərəçarpacaq səviyyədə iqtisadi artım nümayiş etdirib. Bu, neft sektoruna birbaşa xarici sərmayələrin, həmçinin neft hasilatının və ixracatının artması hesabına stimullaşdırılıb. Hakimiyyət neft gəlirlərini ehtiyatla istifadə edib: həm sosial transfertlərin həcmini, həm infrastruktura sərmayələri, həm də ehtiyat yığımının səviyyəsini artırıb. Nətiəcədə, ölkə yoxsulluq miqyasının azalması və inkişaf səviyyəsinin artırılması baxımından önəmli tərəqqi əldə edib. Həyat səviyyəsinin yüksəlməsi orta sinfin önəmli səviyyədə genişlənməsi ilə müşayiət olunub.

Neft-qaz sektoru daha da inkişaf etmək üçün potensiala malikdir və Azərbaycan iqtisadiyyatında önəmli rol oynamaqda davam edəcək.

Kimya və neft sənayesinin inkişafı iqtisadiyyatın bu sektorunda dəyər yaradılması zənciri üzrə yuxarıya doğru irəliləmək üçün əlavə güclər yaradır. Azərbaycanın Avropa və Asiya arasındakı yolların kəsişməsində olan strateji coğrafi yerləşməsi turizmin, nəqliyyat dəhlizlərinin və logistik xidmətlərin inkişafı üçün əlverişli şərait yaradır. Əlverişli iqlim və torpağın keyfiyyəti ölkənin bir sıra rayonlarında aqrar-sənaye kompleksinin inkişafı üçün gözəl imkanlar vəd edir. Neftin aşağı qiyməti və milli valyutanın daha rəqabətqabiliyyətli məzənnəsi çox sayda başqa sahələrin inkişafı üçün imkanlar yaradır. Bu sahələrin potensialını açmaq üçün diqqəti konkret sektorlara yönəltmədən özəl sektorun bütün istiqamətlər üzrə artımı üçün əlverişli şərait yaratmaq həyati vacib məsələdir. 

- Dünya bazarında Azərbaycan brendlərinə nə səviyyədə maraq göstərirlər?

 

- Yerli brendlərə maraq səviyyəsi ixrac bazarlarına çıxışla bağlı uğurlarla səciyyələnir. Hazırda Azərbaycan ixracatının əsas hissəsi karbohidrogen brendlərinin payına düşür. İqtisadiyyatın neftdənkənar bölməsində istehsal edilən məhsulların ixracatda payı ixracatın kiçik hissəsini təşkil edir. Bu, başlıca olaraq meyvə və tərəvəz, çay və qənnadı məhsulları kimi kənd təsərrüfatı məhsullarıdır. Azərbaycanın gələcəkdə neftdən kənar ixracatının rəqabət qabiliyyətini artırması və şaxələndirmə imkanlarını istifadə etməsi özəl bölmənin inkişafı üçün böyük məkan yaradılmasına yönəlmiş struktur islahatların uğurundan asılı olacaq.


MƏSLƏHƏT GÖR:

468