20 Aprel 2024

Şənbə, 06:18

HƏRƏNİN ÖZ VAQİFİ VAR

Bakıda əfsanəvi cazmen Vaqif Mustafazadə haqqında tammetrajlı sənədli filmin premyerası baş tutub

Müəllif:

01.11.2016

“Nizami” kinoteatrının foyesində qələbəlik idi. İncəsənət, caz və digər musiqi aşiqləri dahi cazmen Vaqif Mustafazadəyə həsr edilmiş tammetrajlı sənədli filmin təqdimatına toplaşmışdılar. Düşünmək olar ki, burada təəccüblü heç nə yoxdur, böyük musiqiçiyə həsr edilmiş filmlər, radio və televiziya verilişləri, məqalələr indiyə kimi də çox olub. Amma onların hamısı xatirələrdən və söhbətlərdən toplansa da, dahi musiqiçiyə daha çox içəridən, daxildən bir baxış olublar. «Mənim tanıdığım Vaqif» filmi isə Vaqif Mustafazadə haqqında xaricdə yaşayan musiqiçilərin, musiqişünasların, tənqidçilərin və bu dahi cazmeni, sadəcə, tanıyan insanların xatirələri əsasında qurulmuşdu.

 

Vaqif Mustafazadənin coğrafiyası

Filmə maliyyə dəstəyini “bp” şirkəti öz üzərinə götürüb. Bu barədə şirkətin təmsilçisi, mətbuat xidmətinin başçısı Tamam Bayatlı danışıb: “bp”nin filmdə iştirakı şirkətin Azərbaycanda həyata keçirdiyi sosial layihələrə sərmayələrin bir hissəsidir. Bu bizim tək töhfəmiz deyildir. Bundan əvvəl biz Qarabağ atlarına həsr edilmiş filmin çəkilməsinə, Təbriz miniatürlərinin bütün nümunələrinin təqdim edildiyi kitabın nəşrinə də maliyyə dəstəyi vermişik. Bizim fəaliyyətimizin ən vacib istiqamətlərindən biri, Azərbaycanın mədəni irsinin öyrənilməsi və bütün dünyaya çatdırılmasıdır», - deyə Tamam xanım vurğulayıb.

Filmin ssenari müəllifi Fizuli Sabiroğlu bildirib ki, çətin bir işin öhdəsindən gəlinib. Filmin coğrafiyası həddindən geniş olub. Çox sayda tanınmış insanlarla əlaqə qurmaq lazım gəlib. Onların hamısı həyatda və yaradıcılıqda uğur qazanmış məşhur insanlar olduğuna görə müsahibə barədə razılaşmaq elə də asan deyildi.  Onların hamısı Vaqifin yaradıcılığı barədə böyük hörmət, sevgi və ehtiramla danışıblar. «Elə insanlar var ki, uzun illər onunla birlikdə işləyiblər, elələri var, onunla cəmi bir neçə saat bir yerdə olublar, elələri də var ki, onun ifasını yalnız radiodan dinləyiblər», - deyə F. Sabiroğlu bildirib.

«Bu maraqlı film məni çox təsirləndirdi, məndə çox böyük təəssürat oyatdı. Məni Vaqifə, onun həyatına yenidən baxmağa məcbur etdi və mən bir daha qürur duydum ki, bu insan mənim həmvətənim olub. Əminəm ki, filmə baxan zaman onun energetikası sizi sehrləyəcək, Vaqif Mustafazədə şəxsiyyətinin təsirini hiss edəcəksiniz», - deyə Tamam Bayatlı söyləyib.

 

Onun yaradıcılığının qiymətləndirilməsi

Vaqif Mustafazadə sovet insanının Sovet İttifaqından kənarda istedadının gerçəkləşdirilməsinin nadir nümunələrindəndir. Bu gün onun musiqisi bizi, demək olar ki, hər yerdə - televiziyada, radioda, televerilişlərin giriş hissəsində, fonda və arxa plan musiqisinin təsəvvür edilə biləcəyi hər yerdə müşayiət edir. Əgər o, sağ qalsaydı, biz onu dünyanın ən böyük 10 cazmeninin sırasında görə bilərdik. Xarici musiqçilər, musiqişünaslar, tənqidçilər onun yaradıcılığını daha dərindən, işi bilərək və bizdən xeyli yaxşı qiymətləndiriblər.

Fizuli Sabiroğlunun fikrincə, Vaqif Mustafazadə musiqiyə verdiyi töhfələrinə görə Üzeyir Hacıbəyov, Qara Qarayev və Fikrət Əmirov kimi dahi bəstəkarlarla bir sırada durur: «Hələ ötən yüzilliyin 40-cı illərində maestro Niyazi, Tofiq Quliyev caz musiqisi və caz ansamblı yaradıblar, amma cazla-muğamın sintezini yaradan ilk musiqçi Vaqifdir».

Tədbirdə tanınmış radio aparıcısı Rahib Azəri “öz Vaqifi» barədə danışdı: «Filmin adının «Mənim tanıdığım Vaqif» seçilməsi çox uğurlu alınıb; bizim hər birimiz Vaqifi öz bildiyimiz kimi tanıyırıq. Hər bir kəs onun yaradıcılığında nəsə özünəməxsus bir şey tapır».

 

Vaqifdən sonra çıxış etmək olmaz

O, ziyalı ailədə anadan olub. Onun ana babası Ağasəf neft sənayeçisi olub; Vaqifin anası gözəl təhsil alıb, Üzeyir Hacıbəylinin ilk pianoçu şagirdlərindən olub. Atası isə hərbi həkim imiş. Gələcəyin məşhur həkimi 16 mart 1940-cı ildə bu cür ziyalı və mədəni ailədə anadan olub. «...Onun fenomenal yaddaşı vardı, uşaqlıqdan elə ilk dəfədən istənilən melodiyanı, əhvalatı, şeiri, az qala, əzbər öyrənirdi», - deyə Rahib Azəri bildirib.

Azərbaycanın tanınmış bəstəkarları fəxr edirlər ki, Vaqif onların müasiri olub. Bəstəkarlar İttifaqının üzvü olmasa da, Vaqif öz həyatıboyu mindən çox caz kompozisiyası yaradıb. «O, daim cızma-qara edirdi, onun dəftərləri çox sayda işarələr, sətirlər, hərflər, rəqəmlər ilə dolu idi. Təəssüf ki, onların çoxu özü ilə getdi».

1967-ci ildə Tallində Sovet İttifaqında ilk dəfə Beynəlxalq Caz Festivalı keçirildi. Həmin dövrdə Vaqif Tiflisdə yaşayıb, yaradıb, amma Azərbaycanın ozamankı Mədəniyyət naziri Rauf Hacıyevin dəvəti ilə Bakıya qayıdıb.

Tallin festivalında o, «Amerikanın səsi» radiosunun «Jazz Time» verilişinin əfsanəvi aparıcısı Uillis Kollover ilə tanış olub. Kollover onun yaradıcılığına heyran qalıb. O, Vaqifə öz avtoqrafı olan vinil plastinka hədiyyə edib və dəfələrlə radioda onun kompozisiyalarını səsləndirib. «Onun musiqisi «Min bir gecə» nağılına bənzəyir, tanıdığım ən lirik cazmendir», - deyə Uillis Kollover Vaqif Mustafazadə barədə danışıb.

Keçmiş Sovet İttifaqında Vaqifin adı hər bir kəsə məlum idi və onun hər bir çıxışı əsil musiqi bayramıymış. 1979-cu ildə Vaqif "Bəstəkarlar İttifaqında" əsərini yazmışdı və onunla Moskvada festivalda çıxış etməli idi. On dörd respublikadan 14 iştirakçı çıxış etmişdi. Vaqif on beşinci idi. O, öz dörddəqiqəlik kompozisiyasını ifa etdi və alqışlar altında səhnəni tərk elədi. Amma tamaşaçılar təkid etdilər və onu bir daha dinləmək istədilər. O, yenidən qayıtdı. Beləcə, yeddi dəfə səhnəyə qayıtdı. Həmin gün o, səkkiz kompozisiya ifa etməli oldu.

Konserti öz ansamblı ilə Georgi Qaranyan başa çatdırmalı idi. Amma Vaqifdən sonra o, səhnəyə çıxaraq deyib: «Vaqif burada artıq mümkün olan hər şeyi dedi, ondan sonra çıxış etmək olmaz. Mən konserti bağlı elan edirəm!».

Vaqif Mustafazadə barədə nə qədər əhvalat və xatirə danışsalar belə azdır. Film Vaqifdən sonra caz həvəskarlarının baş-başa qaldığı boşluğu doldurmaq məqsədi daşıyır.

 

Vaqif möhtəşəm irsin bir hissəsidir

“bp”nin təmsilçisi, Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell səhnədə çıxışı zamanı bildirib: «Mən Azərbaycan mədəniyyətini çox sevirəm, ancaq məndə ən böyük təəssüratı Təbriz miniatürləri, Lahıc misgərlərinin istedadı və Azərbaycan musiqisi oyadır».

Cənab Birrell bildirib ki, neft-qaz bölməsinə sərmayələrlə yanaşı, şirkət Azərbaycan incəsənətinin inkişafı sahəsində çoxsaylı layihələri ilə məşhurdur və Azərbaycan mədəniyyətinin möhtəşəm irsinin təbliğini öz işinin əsas məqsədlərindən biri sayır.

Mədəniyyət və Turizm nazirinin müavini Ədalət Vəliyev öz çıxışında qeyd edib: «Bu günlərdə Bakıda caz festivalı keçirildiyi bir zamanda biz XX əsrin ortalarında Azərbaycan mədəniyyətinin bir hissəsi olmuş bir adama həsr edilmiş günü qeyd edirik. Bütün zamanlarda, bütün sivilizasiyalarda insanları yaşadıqları uzun ömrə görə yox, qoyub-getdikləri irsə görə qiymətləndirirlər. Vaqif öz qısa həyatında bizə mindən artıq musiqi əsəri və parçası qoydu".

Filmin özü uzun olmasa da, cəmi qırx dəqiqə çəksə də, sanki izləyicini başqa dünyaya çəkib aparır. Vaqifin konsertindən parçalar, onun fotoşəkilləri  tamaşaçıda bu parlaq dühanın canlı obrazını yaradır. Filmdə onun barəsində nostalji və ürəkdən səmimiyyətlə danışırlar; əhvalatların çoxu Vaqif və çevrəsindəkilərin başına gəlmiş maraqlı hadisələrdir. Hiss edilir ki, filmin yaradıcıları onu sevgi ilə və böyük musiqçinin ustalığı qarşısında baş əyərək hazırlayıblar.

Vaqif Mustafazadə «Tallin-66», «Tallin-67» festivallarının, «Caz - 69» Bakı festivalının, 1977-ci ildə Donetskdə keçirilmiş Ümumittifaq Caz Festivalının, ona ən yaxşı pianoçu adı gətirmiş «Tiflis-78» festivalının laureatı olub. 1979-cu ildə Monakoda keçirilən Beynəlxalq caz kompozisiyası müsabiqəsində birinci mükafatı və prizi - ağ royalı qazanıb.



MƏSLƏHƏT GÖR:

434