20 Aprel 2024

Şənbə, 07:02

ƏSL XANƏNDƏ

Hacıbaba Hüseynovun səsi sanki dinləyicilərini başqa bir aləmə cəkibaparırdı

Müəllif:

01.11.2016

Xanəndə Hacıbaba Hüseynov Bakının Çəmbərəkəndindən idi. Özünəməxsus adət-ənənələri, qayda-qanunları olan o məhəllədə 1919-cu ilin 15 martında dünyaya göz açmışdı. Uşaqlığı orada keçmişdi. Atası Hüseynəli kişi ilə anası Seyid Fatimənin ilkiydi. Ondan sonra ailədə yeddi uşaq da dünya gəlib. Ammabiri uşaqikən vəfat edib. Qalanları uzunömürlü olublar. Böyük ailəsini dolandırmaq üçün Hüseynəli kişi daş daşıyır, ağır işlər görürdü. Çox kasıb yaşasalar da, dünya malına görə şikayət etmir, yoxsulluqdan gileylənmirdilər. Hüseynəli kişi də, Seyid Fatimə də dindar adam idilər. Dolanışıqdan, bəxtdən, taledən şikayəti asilik sayırdılar. Hüseynəli kişi ilə Seyid Fatimə uşaqlarına da kiçik yaşlarından şükranlı olmağı, qismətlərindən narazılıq etməməyi öyrədirdilər.

...Əslində, ata nənəsinin Hacıbabadan gözlədikləri başqaydı.Nənəsi onun dini savad alıb axund olmasını istəyirdi. Bu ümidlə: “İstəyirəm Hacıbaba mollaxanayagetsin”, - deyirdi.

Çəmbərəkənd elə yer idi ki, orada hamı bir-birini tanıyırdı. Toyları da bir idi, yasları da. Hacıbabanın da yaxşı səsi olduğunu məhəllədə hər kəs bilirdi.Hələ uşaq olanda onu dəfələrlə məscidə azan verməyə aparmışdılar. Tezliklə bu xəbər Hacıbabanın oxuduğu məktəbə də çatır. Sovet hakimiyyətinin dinə,dindarlara qarşı mübarizə apardığı, insanları allahsızlaşdırmağa çalışdığı illər idi. Belə bir vaxtda sovet məktəblisinin məscidə getməsinə, azan oxumasına etinasız qalmazdılar. Hacıbabanı da müəllimi buna görə danlayırdı. Körpəlikdən dini söhbətlər eşidən, dinə bağlı olan məktəblini müəlliminin sözləri bərk qəzəbləndirir. Ona görə də masanı qaldırıb onun başına çırpır və məktəbdən çıxır. Beləcə, Hacıbaba Hüseynovun təhsil həyatı 4-cü sinifdəbitdi.

Evin ilk övladı olmaq Hacıbaba Hüseynov üçün həyatı erkən anlamaq, onun çətinliklərinə qatlaşmaq demək idi. Böyük, kasıb ailənin böyük oğlu olduğundan, uşaqlığını, yeniyetməliyini qayğısız keçirə bilmədi. Atasının köməyinə çatdı. Onunla birlikdə dənizə çıxdı, hələ bərkiməmiş qollarının gücüylə qayıqla gətirilən malları daşıdı. Sonra bir sənət sahibi olmaq üçün xarratlığıöyrəndi.

Yoxsulluq, ağır gün-güzəran nənəsinin arzusunu gözündə qoymuşdu. Yaşlı qadın sevimli nəvəsinin axund olmamasına təəssüflənir, göz yaşı tökürdü: “Mən uşağımı mollaxanaya qoyacaqdım. Onu axund görmək istəyirdim. Gör uşağım getdi nə oldu...”.

Ona qədər nəsillərində oxuyan olmamışdı. Kiçik yaşlarında arabir dodaqaltı zümzümə etdiyinə görə atası xəbərdarlıq etmişdi: “Bilirəm səsin var, hərdənbir mızıldanırsan. Amma birdən çaşıb xanəndə-zad olarsan ha...”. Atası onun oxuyan olacağından narahatıydı. Əslində, təşvişə düşməsinə səbəb yox idi. Çünki o zaman Hacıbaba özü də bu fikirdən çox uzaq idi.

Uşaq yaşlarından bununla barışmışdı. Ona elə gəlirdi ki, belə də olmalıdır. Evin böyük övladı olduğundan bacı-qardaşlarından çox əziyyət çəkməlidir. Atasının xəstəliyə tutulması, bir müddət yataqdan qalxa bilməməsi Hacıbabanın qayğılarını daha da artırdı. Daş daşımaqdan, ağır yük qaldırmaqdan Hüseynəli kişinin beli yara bağlamışdı. Elə bu mərəzlə də həyatdan köçdü. O vaxt Hacıbaba iyirmi bir-iyirmi iki yaşlarındaydı. Atasını itirəndən sonra ailənin yükünü təkbaşına çiyinlərinə götürməli oldu. Yaxşı ki, zəhmətə alışmışdı. Bacarıqlıydı. Xarrat olanda da ustasından oldu. İşlədiyi zavodda buna görə böyük hörmət qazandı. Yaxşı xarrat olduğuna görə müharibəyə də aparmadılar. Ona 1943-cü ildə çağırış vərəqi gəldi. Yola düşməyə az qalmış Hacıbabanı vaqondan düşürdülər ki, əmr var, sən gərək burda qalasan.

Bir gün anasını qohumlarıgilə aparanda qonşuda bir qız gördü. Əslən qarabağlı olan qızın adı Mehparəydi. O da nənəsigilə qonaq gəlibmiş. Hacıbaba Mehparəyə vuruldu. Qızla evlənmək istədiyini anasına söylədi. Elçi getdilər. Onda Hacıbabanın 24, Mehparənin isə 19 yaşı vardı. 1943-cü ildə ailə qurdular. Toy eləmədilər. Müharibə gedirdi, aləm yas içindəydi. Hər yanda aclıq,qıtlıq hökm sürürdü. Sonralar Hacıbaba Hüseynov zarafatla deyərmiş: “Camaat aclıqda arvadını boşayırdı, mən isə evləndim”.

Yeni evlənənlərə Çəmbərəkənddə baba evində balaca bir otaq ayırdılar. Çox çətin günlər idi. Qara çörəyi güclə tapırdılar. Onda Hacıbaba həyat yoldaşına təsəlli verirdi: “Darıxma, bir az döz. İndi müharibədir. Sonra səni elə yedirib-geyindirəcəyəm ki, hamı barmaqla göstərib deyəcək ki, Hacıbabanın ailəsinəbax”...

Əllibirillik evlilikləri boyunca çox gözəl günlər yaşadılar. Bir böyük dərdləri oldu. Uzun illər övlad həsrəti çəkdilər. Amma ayrılıqdan danışmadılar. Sonunda övlad sevgisini Mehparə xanımın bacısı qızında - Sədaqət xanımda tapdılar. Sədaqət xanım danışır: “Balaca olanda məni qoymadı ki, dövrün dəbi ilə onu “papa” çağırım. “Ağa” deməyimi istədi. Özü də atasına “ağa” deyə müraciət edərmiş. Mən orta məktəbdə oxuyanda ardımca gəlirdi. Yoldaşlarım deyirdilər ki, baban gəlib. Yaş fərqimiz böyük idi. Heç sıxılmırdım, cavab verirdim ki, atamdır. Təəccüblənirdilər”.

Sədaqət xanım deyir ki, Hacıbaba Hüseynov çox qısqanc adam imiş: “Hərdən təzə ailə qurduğu vaxtlardan danışırdı. Onda atam lap qısqanc olub. Özü də deyərdi ki, hə, cavanıydım, dəli vaxtlarımıydı, onu öz xasiyyətimə salmaq istəyirdim. Sonralar da xasiyyətindən əl çəkmədi. Məni, hətta öz xalamoğluyla danışmağa qoymurdu”.Ürəyiyumşaq, kövrək olduğu qədər də zəhmli adam idi. Sözü bir dəfə deyərdi. O, Çəmbərəkənd kimi yerdə böyümüşdü. Sədaqət xanım danışır: “Atam “Sankazver Cabir”lə dost olub. Məhəllədə belələri ilə dost kimi görüşüb-danışıb, oturub-durub. Amma onların bəzi əməlinə qoşulmayıb. Atam dostcanlıydı. Ancaq dost-aşnaya pul xərcləyən deyildi. İçkiyə meyli yox idi, restorana getməzdi. Qonaqlarını evə gətirirdi, buradan kimsə ac getməzdi. Bir də hamını bağa yığmağı xoşlayırdı”.

Dediyi kimi olmuşdu. Azərbaycanın adlı-sanlı xanəndəsi sayılan vaxtlarında günləri toylarda keçirdi. Yaxşı pul qazanırdı. Ancaq əgər xanəndəlik qismət olmasaydı da, ailəsini ürəyi istəyən kimi dolandıra biləcəkdi. Hacıbaba, necə deyərlər, daşdan pul çıxaran adam idi. Ata-anasından belə eşidib-görmüşdü. Onun üçün əsas halallıq idi. Nə iş olur-olsun, fərqi yox idi. Təki ailəsi yaxşı yaşasın. Həyat yoldaşına da həmişə deyirdi ki, əgər bir gün səsim batsa, gedib yük də daşıyaram.

Xarratlıqdan aldığı məvacib yetməyəndə, ailəsini dolandırmaq üçün başqa yollar axtarırdı. Amma yenə də xanəndə olmağı ağlından belə keçirmirdi. Sonralar deyirdi: “Nə olsun səsim var idi. Mən inanmazdım xanəndə olacağam”.

Qohumu qarmonçalan Teymur Dəmirov onu özü ilə toylara aparmağa başladı. Əvvəl xanəndə yox, nağaraçalan kimi gedirdi toylara. Bunu yalnız ailəsinin maddi vəziyyətinə görə edirdi. O, nağara çalmağı da məktəbsiz, müəllimsiz öyrənmişdi. Yavaş-yavaş xarratlıqdan uzaqlaşmağa, toylara getməyə başladı.

İştirak etdiyi Bakının kənd toylarında yaxşı səsi olduğundan, xəbər tutanlar xahiş edirdilər ki, oxusun. O da hərdənbir bir-iki mahnı, ya da muğam ifa edirdi. Sonralar o günləri belə yada salırdı: “Utanırdım. Zülfünün, Seyidin, Xanın qarşısında oxuya bilməzdim”.

Hacıbaba Hüseynovun gözəl səsinin pərəstişkarları gündən-günə artırdı.Müharibənin başa çatmasına az qalırdı. Bir gün baldızı, xanəndə Sara Qədimova onlara qonaq gəlmişdi. Mehparə xanım sözarası deiyir: “Ay Sara, Hacının da yaxşı səsi var, hərdən oxuyur”. Sara xanımın, Mehparə xanımın, anasının israrı ilə Hacıbaba oxumağa başladı. Oxuyub-qurtaranda gördü Sara xanım ağlayır. Hacıbaba zarafata saldı: “Ay qız, yəni mən elə oxudum ki, sən ağladın?..”. Sara Qədimova dedi: “Hacı, sən əməlli-başlı xanəndəsən ki...”.

Sara Qədimova tarzən Əhmədxan Bakıxanovla bəstəkar Cahangir Cahangirova yeznəsindən danışdı. Əhmədxan Bakıxanov Hacıbaba Hüseynovu çağırdı. Sənətkarlar onu dinlədilər. Hacıbaba Hüseynov zilxan deyildi. Orta səsi var idi. Amma onun ifasına elə-belə qulaq asmaq mümkün deyildi. Hacıbaba Hüseynovun səsi sanki dinləyicilərini başqa bir aləmə cəkib aparırdı. O gün onu dinləyənlər də bunun şahidi oldular. Özü deyərmiş ki, o gündən nağaranı qoydum bir kənara, keçdim xanəndəliyə. Həm Əhmədxan Bakıxanovun ansamblı ilə oxuyur, həm də toylara gedirdi.

O, xanəndəlik dərsi də almamışdı. Baxıb, müşayiət edib, dinləyib öyrənmişdi. Sədaqət xanım xatırlayır: “Atam deyirdi, hərdən elə oxuyurdum, Zülfi Adıgözəlov özü gülürdü ki, sən əməlli-başlı mənim kimi oxuyursan”. Ancaq vaxt keçdikcə o bənzərsiz ifasıyla dinləyicilərin könlünü ovsunlamağa başlayıb. Atam bu həyatda hansı işin ardınca getdisə, nə etdisə, nə öyrəndisə, mükəmməl öyrəndi”.

Cavanlıqdan şeir, qəzəl, müxəmməs yazırdı. Bir də çox mütaliə edir, qəzəl kitabları oxuyurdu.Seyid Əzimi çox sevirdi.

Hacıbaba Hüseynov şan-şöhrət əsiri olmadı. Ad-san üçün çalışıb-vuruşmaq ona yad idi. Sədaqət xanımın söylədiklərindən: “Danışırdı ki, müharibə araya düşməsəydi, o çətinliklər, ağır ailə vəziyyəti olmasaydı, bu sənətə gəlməzdim. Ona görə yox ki, bu sənəti sevmirdi. Amma deyirdi ki, mən idim baş çıxarırdım, çox çətindir məclisləri idarə etmək. Onun öz dəst-xətti vardı. Yalnız öz ifasına, səsinə uyğun mahnılar ifa edirdi. Aşıq Alının “Nə qaldı” mahnısını elə gözəl oxuyurdu. Amma deyirdi ki, bu mahnı mənim üçün deyil. “Qara tellər” xalq mahnısını çox sevirdi. Oxumurdu ki, onun möhrünü Bülbül vurub. İndi atamın mahnılarını bəzi müğənnilər necə gəldi oxuyurlar. Atamı ilk vaxtlar Bəhram Mansurovla Tələt Bakıxanov müşayiət edib. Birlikdə konsertlərə, toylara gediblər. Radioda lent yazıları saxlanılır. Televiziyada da olub. Xanəndələrdən biri yol tapıb televiziyaya, 1971-ci ildə pozdurub. Atama bu sənətdə maneçilik törədənlər çox olub”.

Sənətini mükəmməl bilirdi. Ona görə paxıllığını çəkənlər çoxuydu. Ancaq həm də ondan qorxur, çəkinir, üzünə heç nə deyə bilmirdilər. Bəzi xanəndələr, musiqiçilər arxasınca danışır, ayağının altını qazırdılar. Hamısından xəbəri var idi. Ancaq heç vaxt pisliyə pisliklə cavab verməzdi.

Sonralar Hacıbaba Hüseynovu Mirnazim Əsədullayevlə Ağasəlim Abdullayev müşayiət etdi. Konsertlərdən, toylardan başqa, o, həm də 30 il Asəf Zeynallı adına Musiqi Məktəbində dərs dedi. Özünün sənətdə müəllimi olmasa da, çoxlu tələbəsi oldu Hacıbaba Hüseynovun. Dərs dediyi və demədiyi nə qədər xanəndəyə muğamların, musiqi sənətinin, qəzəliyyatın sirlərini öyrətdi.

Yetmiş yaşına qədər heç bir fəxri ad almadı. Xalq Artisti adını alanda da çox sevinmədi. Gözütox adam idi. Sədaqət xanım deyir ki, əvvəllər hərdən ziyarət etdiyi Bibiheybət qəbiristanlığına son illərində tez-tez gedirdi: “Özünü əvvəlki kimi gümrah hiss etmirdi. Son vaxtlar toylara da getmirdi. Birdən-birə halı dəyişdi. Həkimə apardıq. Dedilər işemiyadır. On gün sonra xəstəxanada qaldı, evə gətirdik. Yavaş-yavaş arıqlayırdı, sonra təngnəfəslik başladı. Uşaq vaxtı pnevmaniya keçirmişdi, ağ ciyərində ləkə vardı. Təngnəfəslik ağ ciyər xərçənginə çevrildi. Xəstəliyini bilmirdi. Bir qonaqlıqda çox danışmış, bir az da oxumuşdu. Ona bu qədər danışmaq olmazdı. Ağır xəstə idi. Xəstəxanadan cəmi 10 gün idi çıxmışdı. Qonaqlıqdan evə gec qayıtdı. Onu gözləyirdik. Bir oğlan qolundan tutub birtəhər gətirdi, ağzından qan gəldi. Əli ilə su istədi, verdim. Həkim çağırmağa getdim, zəng vuranda artıq keçinmişdi”. O gün - 1993-cü ilin 24 oktyabrında Hacıbaba Hüseynov bu dünyayla, sevənləri, sevdikləriylə vidalaşırdı. O, Bibiheybətdə dəfn olunmaq istəyirdi. Ancaq Rəfael Hüseynov Fəxri Xiyabanda dəfn olunması üçün icazə aldı. Xanəndə Fəxri Xiyabanda torpağa tapşırıldı.

İfa etdiyi muğamlar, xalq mahnıları, xüsusən - “Bərəyə bax, bərəyə”, “Qarpız kəsdim yeyən yox” və başqa neçə-neçə təsniflər onun ifasıyla məşhurlaşdı. Bir zamanlar oxuduğu, yeni ruh, yeni nəfəs verdiyi həmin muğamlar, təsniflər Hacıbaba Hüseynovu əbədi yaddaşlarda saxlayacaq.



MƏSLƏHƏT GÖR:

502