26 Aprel 2024

Cümə, 02:33

İKİ QÜTBÜN TANIMASI

«Region Plus» jurnalı, şərəfinə Kapitoli üzərində bayraq ucaldılan ilk Azərbaycan təşkilatı oldu

Müəllif:

01.11.2016

Mükafat almaq hər zaman xoşdur. Çünki bu, çəkdiyin əməyin qiymətləndirildiyini, kütlədən fərqləndiyini  göstərir.  Mükafat səni daha  səylə  işləməyə stimullaşdırır, insanda  yeni  yüksək pillələri fəth etmək istəyi yaradır. Bu, xüsusilə yaradıcılıqla məşğul olan insanlara, məsələn, jurnalistlərə aiddir. Qələm sahibləri üçün konkret məqaləyə görə, ümumilikdə qəzetin, jurnalın, agentlik və ya telekanalın fəaliyyətinə görə mükafat almaq, sanki keyfiyyət nişanı almaqdır. «Region Plus» jurnalının keçdiyi 10 illik dövrə nəzər saldıqda, təvazökarlıqdan uzaq olsa da, demək olar ki, biz artıq öz keyfiyyət  nişanımızı  almışıq. Bu, həm auditoriyanın marağıdır, həm oxucuların verdiyi qiymət, həm də mükafatlardı.

Bu dövrdə «Region Plus» jurnalı ayrı-ayrı şirkətlərdən onlarca mükafat alıb, öz seqmentində ilin brendi seçilib. Ən əsas və dəyərli qiyməti isə jurnalımızın əməkdaşlarının Milli Mətbuatın inkişafına verdiyi töhfəyə görə dəfələrlə mükafatlandırmış Azərbaycan dövlətindən, Prezident İlham Əliyevdən almışıq.  İnkişaf etmək, təkmilləşmək üçün öz dövlətin tərəfindən qiymətləndirilmək çox vacibdir.

Amma nəşr başqa dövlətlər tərəfindən də mükafat alırsa, burada ön plana bütünlükdə ölkənin maraqlarının layiqincə  təmsil olunması məsələsi çıxır. Məhz bu səbəbdən «Region Plus» jurnalının ABŞ-dakı məşhur Kapitolinin memarı tərəfindən mükafatlandırılması kifayət qədər rəmzi hadisədir.

Nəşrimiz Amerika-Azərbaycan münasibətlərinin işıqlandırılmasındakı xidmətlərinə görə, «Amerika Bayrağı» mükafatına layiq görülüb. «Konqresmen Qven Murun təklifi ilə bu bayraq «Region Plus» jurnalının 10 illiyi şərəfinə Kapitoli binasının üzərində dalğalanıb», - deyə Kapitolinin memarı Stiven T.Ayserin imzaladığı xatirə  sertifikatında   bildirilir.

Jurnalımızın mükafatlandırılması təşəbbüsü amerikalı jurnalist Piter Teysdən gəlib və bu bu təşəbbüs Kapitoli memarı (ABŞ hökumətinin Kapitoli kompleksinin istismarı, inkişafı, qorunması və ona xidmət göstərilməsinə cavabdeh olan Federal Agentliyi) tərəfindən qəbul edilib.

«Azərbaycanda nəşr olunan «Region Plus» jurnalı Qafqaz regionunun etibarlı analitik materiallar mənbəyidir. Nəşriniz beynəlxalq siyasətə dair obyektiv materiallar hazırlayır. Məhz bu səbəbdən mən jurnalınızın 10 illiyi münasibətilə mükafatlandırılması  üçün Nümayəndələr Palatasının üzvü Qven Mura müraciət etmək qərarına gəldim. Bu jurnal dünya ictimaiyyəti və ABŞ üçün vacib əhəmiyyət daşıyır», - deyə P.Teys sözügedən təşəbbüsünü «R+»a şərh edərkən bildirib.

Kapitoli üzərində ucaldılan «Amerika bayrağı» ilə mükafatlandırma təcrübəsinin kökü ötən əsrin 30-cu illərinin sonuna gedib çıxır. 1950-ci illərdə «Amerika bayrağı» ilə mükafatlandırma işləri üzrə rəsmi komitə  yaradılıb.  1976-cı ildən isə bayrağa əlavə olaraq, Kapitoli memarının imzası ilə xatirə şəhadətnaməsinin verilməsinə də başlanılıb. Bu fəxri mükafat  Konqres tərəfindən dünyanın tanınmış şəxslərinə, QHT-ə və KİV-ə verilir.

1969-cu ilin iyulunda Kapitolinin iki xüsusi bayrağı Yerin təbii peyki üzərinə enmiş ilk kosmonavtlarla Aya uçub və geri qayıdıb. Yerə qayıtdıqdan sonra bayraqlar Nümayəndələr Palatasının spikeri Con Makkormakla ABŞ-ın vitse-prezidenti Spiro Aqnyuya hədiyyə edilib. Bu, Konqresin xüsusi olaraq çağırılmış bircə iclasında baş verib.

«Amerika  bayrağı» ilə indiyədək Koreya, İraq və Əfqanıstan müharibəsinin xidmətdə fərqlənmiş bir neçə amerikalı veteranı, Paralimpiya Oyunlarının iştirakçıları, məktəblər,  KİV və s. mükafatlandırılıb.

Azərbaycanda isə «Region Plus» bu mükafata layiq görülən ilk təşkilatdır. Bundan əvvəl jurnal Rusiyanın Bakıdakı səfirliyi tərəfindən də mükafatlandırılmışdı. Səbəb Azərbaycan-Rusiya münasibətlərinin lazımınca  işıqlandırılmasıdır.

Azərbaycan jurnalının fəaliyyətinin,  dünya siyasətinin iki qütbü tərəfindən

eyni  zamanda  yüksək qiymətləndirilməsi  onun oxucunu obyektiv, qərəzsiz, keyfiyyətli analitika ilə təmin etmək kimi vəzifənin öhdəsindən layiqincə gəldiyini  göstərir.

Yeri  gəlmişkən, P.Teys də bu amili xüsusi  vurğulayıb: «Mən sizin jurnalınıza çox minnətdaram. Çünki onun məqalələri Azərbaycanla-ABŞ arasında strateji tərəfdaşlığın inkişafında vacib rol oynayır. Bundan başqa, «Region Plus» Rusiya ilə Azərbaycan arasında da dostluğun, ikitərəfli münasibətlərin inkişafında son dərəcə vacib rola malikdir».

Faktiki  olaraq,  bu mükafat jurnalın azğın erməni təbliğatı ilə mübarizəyə töhfəsi də sayıla  bilər. Prezident İlham Əliyev Azərbaycan diplomatları və jurnalistlərini dəfələrlə informasiya müharibəsində fəal hücuma keçməyə çağırıb. Beləliklə, erməni lobbisinin kifayət qədər güclü olduğu Kapitolinin binası üzərində Azərbaycan jurnalının şərəfinə ABŞ bayrağının ucaldılmasını «Region Plus»un, demək, həm də Azərbaycanın səsinin okeanın o tayında daha ucadan eşidildiyinin təsdiqi saymaq olar.



MƏSLƏHƏT GÖR:

433