26 Aprel 2024

Cümə, 01:12

QƏNDƏHARA SƏYAHƏT

Əfqanıstanın Bakıdakı səfiri «R+»a müsahibəsində ölkəsinin Azərbaycanla əməkdaşlıqdan gözləntilərini açıqlayıb

Müəllif:

01.11.2016

«Azərbaycanda səfir kimi çalışdığım ilk ayda kofe içmək üçün kafeşoplardan birinə daxil oldum və orada qarşımdakı nəşrləri vərəqləməyə başladım. Jurnalların əksəriyyəti Azərbaycan və rus dillərində idi. Onların arasında bir ingilisdilli jurnal gördüm - bu, «Region Plus» idi. Jurnaldan oxuduğum məqalələrdən çox məmnun qaldım. Yazılar təmkinli və balanslı idi. Sonralar isə əmin oldum ki, bu jurnal həm də qüsursuz ingilis dili ilə fərqlənir».

Əfqanıstanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Məhəmməd Tağı XƏLİLİ jurnalımıza bu qiyməti Əfqanıstan-Azərbaycan münasibətlərinə dair müsahibəsi zamanı verib.

Diplomat Azərbaycanla yaxşı tanışdır - hələ müstəqilliyimizin ilk illərində cənab səfir qısa müddət də olsa, Azərbaycan Memarlıq və İnşaat Universitetində təhsil alıb. Onunla söhbətimizi ölkələrimiz arasındakı əlaqələrdən başladıq.

- Əfqanıstanla-Azərbaycan arasında siyasi münasibətlərin indiki səviyyəsini necə qiymətləndirirsiniz?

- Azərbaycanla-Əfqanıstanı çox şey birləşdirir. Münasibətlərimizin tarixi təsəvvür etdiyimizdən dərinə gedib çıxır. Hər iki xalqı mədəniyyət, tarix və dini baxımdan birləşdirən məqamlar çoxdur. Münasibətlərimiz böyük tarixə malikdir.

Diplomatik əlaqələrimiz 1994-cü ildə qurulub, Əfqanıstanın Bakıdakı səfirliyi isə 2012-ci ilin noyabrında açılıb. Mən ölkəmin Azərbaycandakı ikinci səfiriyəm. Ölkələrimiz arasında çox yaxşı münasibətlər var. Azərbaycan Prezidenti İlham Əliyev Əfqanıstan-Azərbaycan münasibətlərinin inkişafına xüsusi diqqət göstərir və buna görə mən ona minnətdaram.

Biz təhsil, müdafiə sahələrində sıx işləyirik. Bildiyiniz kimi, Azərbaycan sülhməramlıları NATO-nun Əfqanıstandakı missiyasının bir hissəsidir. Bu yaxınlarda oraya 50 nəfərdən ibarət azərbaycanlı sülhməramlı qrupu göndərilib. Əfqan xalqı Azərbaycan hökumətinin dəstəyini heç zaman unutmayacaq.

Bundan başqa, Bakı hər zaman əfqan tələbələr üçün doğma ev olub. Mən özüm hələ 1995-ci ildə Memarlıq və İnşaat Universitetinin tələbəsi olmuşam.  Doğrudur, orada qısa müddət, cəmi 1 semestr oxumuşam. Amma Bakıda rus dili kursuna da getmişəm. O vaxtlar Dağlıq Qarabağın işğalı üzündən Azərbaycan üçün çox ağır dönəm idi. Buna baxmayaraq, azərbaycanlılar çox qonaqpərvər idilər.

Bu gün də əfqanıstanlı tələbələr ADA, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, «Xəzər» Universiteti kimi ali təhsil ocaqlarında oxuyurlar. Ötən həftə mən Bakıda təhsil alan əfqan tələbələrlə  görüşmüşəm.

Ümid edirəm ki, yaxın zamanlarda iki ölkənin Təhsil Nazirliyi arasında əməkdaşlığa dair saziş imzalayacağıq. Sənəd artıq hazırdır və nazirlərin onu imzalaması üçün uyğun vaxtı gözləyirik.

Müdafiə sahəsində əməkdaşlıq memorandumu da qarşımızda geniş perspektivlər açır. İyulda mən Əfqanıstan hökuməti adından Dövlət Sərhəd Xidmətinin rəhbəri Elçin Quliyev ilə əməkdaşlıq haqqında razılaşma imzalamışam.

Noyabrın 16-da Bakıda «Lapis Lazuli» tranzit dəhlizi ilə bağlı 4-cü texniki görüş keçiriləcək. Bu yol Əfqanıstanı Türkmənistan, Azərbaycan, Gürcüstan və Türkiyə ilə birləşdirəcək. Layihəyə göstərdiyi dəstəyə görə Azərbaycan hökumətinə minnətdarıq. Bu marşrut Əfqanıstan üçün çox vacibdir. Ümid edirəm ki, gələcəkdə bir çox razılaşmaların imzalanmasına şahid olacağıq.

- Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qaninin Azərbaycana səfərindən bir ilə yaxın vaxt keçir. Bu müddət ərzində ikitərəfli əlaqələrdə hansı yeniliklər baş verib?

- Prezident Qaninin Bakıya səfəri 2015-ci ilin dekabrında baş tutub. Bu, tarixdə Əfqanıstan Prezidentinin Azərbaycana ilk rəsmi səfəri idi. Səfər çərçivəsində o, Azərbaycan Prezidenti İlham Əliyev, parlament spikeri Oqtay Əsədov və Baş nazir Artur Rasizadə ilə görüşlər keçirib.

Səfər çərçivəsində Əfqanıstan Teleradio Yayım Şirkəti ilə Azərbaycan Dövlət Televiziyası arasında əməkdaşlığa dair razılaşma imzalanıb. O zaman iki ölkənin Əmək və Sosial Müdafiə nazirlikləri də əməkdaşlıq sazişi imzalayıb. Ümumilikdə, Azərbaycanla-Əfqanıstan arasında 15-ə yaxın saziş və memorandumun imzalanacağı gözlənilir.

- Bildiyimiz qədər, iki ölkə arasında ərzaq məhsullarının istehsalı, pambıqçılıq, Əfqanıstanda sement zavodunun inşası və başqa sahələrdə əməkdaşlıq imkanları müzakirə edilib. Bu layihələrin icrası hansı mərhələdədir?

- Azərbaycanın İqtisadiyyat naziri Şahin Mustafayev ilə çox konstruktiv görüşüm olub. Biz artıq 2 ildir ki, bu sahədə sıx əməkdaşlıq edir, birgə layihələrin reallaşdırılması üzərində işləyirik. Düşünürəm ki, yaxın zamanlarda Azərbaycan nümayəndə heyəti Kabilə səfər edəcək və ümid edirəm ki, bu, praktiki addımların atılmasına yol açacaq. İqtisadiyyat nazirlikləri arasında iqtisadi sahədə əməkdaşlığa dair sazişin hazırlanması da başa çatıb.

- Neftin ucuzlaşması ilə Azərbaycan qeyri-neft sektorunun inkişafını sürətləndirib. O cümlədən Prezident İlham Əliyev pambıqçılığın inkişaf etdirilməsini qarşıya məqsəd qoyub. Əfqanıstan dünyada pambıqçılığı ilə tanınmış ölkələrdəndir. Ölkələrimiz arasında bu sahədə necə əməkdaşlıq qurula bilər?

- Əfqanıstan pambıqçılığın inkişafında Azərbaycanı dəstəkləyə bilər. Azərbaycan Prezidenti İlham Əliyev bu sektora diqqət ayırır. Amma mən Əfqanıstan iqtisadiyyatına investisiya yatırılmasının müsbət tərəflərinə də diqqət çəkmək istərdim.

İstənilən biznesin mənfi və müsbət tərəfləri var. Azərbaycanlı biznesmenlərlə söhbətlərimdə onlara Əfqanıstandakı biznes imkanlarından danışıram. Lakin onları bir qayda olaraq, məsələnin mənfi tərəfi, ilk növbədə, təhlükəsizlik məsələsi narahat edir. Qeyd etməliyəm ki, dövlətimizin xarici investisiyaların təhlükəsizliyinin təminatı üzrə xüsusi proqramı var.

- Azərbaycanın müəllifi olduğu “ASAN xidmət” təcrübəsi bir çox ölkələrin marağına səbəb olub. O cümlədən Əfqanıstan da anoloji xidmətin yaradılmasına maraq ifadə edib. Bu istiqamətdə hansısa addımlar atılıbmı?

- Mən özüm «ASAN xidmət»də olmuşam. Prezident Qaninin Bakıya səfəri zamanı maliyyə nazirimiz də oraya baş çəkib. Bu, çox uğurlu layihədir. Orada şəffaf şəkildə bir çox xidmət cəmləşib. «ASAN xidmət» ilə Əfqanıstanın Maliyyə Nazirliyi arasında qarşılıqlı anlaşma memorandumu var. O, Azərbaycan nümayəndə heyətinin Kabilə səfəri zamanı imzalanıb.

Məqsədimiz Əfqanıstanda da bu cür şəffaf strukturun yaradılması, əhaliyə xidmət göstərilməsi işində korrupsiyanın aradan qaldırılmasıdır. Azərbaycanda olduğu kimi, Əfqanıstan da bürokratik əngəlləri aradan qaldırmaq, xalq üçün effektiv model yaratmaq istəyir. Anoloji modeli Əfqanıstanda yarada bilsək, demək, əhalinin vaxtına qənaət edə biləcəyik. Azərbaycan tərəfi əfqan personala bu sistemin yaradılmasında kömək edə bilər.

- Bilirsiniz ki, Azərbaycan da ərazisinin bir hissəsinin işğalı üzündən müharibə problemi ilə üz-üzədir. Bu səbəbdən, bəzən xaricdə ölkəmizi təhlükəli yer sayırdılar. Bu barədə eşitmək bizə ağır gəlirdi. Lakin dünyada Azərbaycan haqqında təsəvvür çoxdan dəyişib. Ölkəmiz «Eurovision» mahnı müsabiqəsini, birinci Avropa Oyunlarını, “Formula 1” yarışını yüksək səviyyədə təşkil edib və bütün dünya Azərbaycanda təhlükəsizliklə bağlı heç bir problemin olmadığını görüb. Bu baxımdan, biz yalnız müharibə meydanı kimi tanınmaq istəməyən Əfqanıstanı başqalarından daha yaxşı başa düşürük. Əfqanıstanı Azərbaycan vətəndaşları üçün necə təqdim edərdiniz? O cümlədən turizm baxımından…

- Əfqanıstan turizm üçün hər zaman fantastik istiqamət olmuşdur. Sualınız ABŞ-da çalışdığım dövrü yadıma saldı. Bir dəfə Vaşinqtonda amerikalı dostlarımızla kimin tətili harada keçirəcəyindən danışırdıq. Onlardan biri tətildə İtaliyaya, digəri Yaxın Şərqə, bir başqası Londona və ya Parisə yollanmaq istəyindən danışdı. Amma həmsöhbətlərimizin biri, daha gənc olanı dedi ki, məzuniyyəti İtaliyada, London və ya Parisdə keçirmək adi haldır. İndi, bu, çox populyardır. O, məzuniyyətini Əfqanıstanda keçirmək istədiyini söylədi. Bu şəxs bir çox ölkədə olmuşdu və yeni təəssüratlar axtarırdı. Odur ki, Əfqanıstana yollanmaq qərarına gəlmişdi. O, dostlara məzuniyyətdən sonra istirahət zamanı çəkiləcək fotoları Facebook sosial şəbəkəsinə yükləməyi təklif etdi və ən çox «bəyənmə»nin məhz Əfqanıstanda çəkilmiş şəkillərə gələcəyinə əminliyini bildirdi.

Mənim ölkəm keçmişdə də turizm üçün populyar istiqamət olub. Bu gün də orada turistlər üçün heç bir təhlükə yoxdur. Turistlərin cəlbi Əfqanıstanın yaxşı cəhətlərindən biridir. Sizə bir misal çəkim: Əfqanıstanın mərkəzində yerləşən Bamian rayonunda qızlar velosiped sürür, qışda isə bütün ölkədən oraya xizək sürmək üçün axışırlar. Bu insanlar özləri ilə çoxlu sayda xarici turist də gətirir. Azərbaycanlı turistləri Əfqanıstana dəvət edirəm. Ölkənin şimalında kifayət qədər cazibəli məkanlar var. Bunu Əfqanıstanın cənubuna, qərbinə, şərqinə, həmçinin mərkəzinə də aid etmək olar. Əfqan xalqı çox qədim sivilizasiyaya malikdir. Ölkə tarixi yerlərlə doludur. Bamiada buddanın 2 nəhəng heykəli var. Məzari-Şərifdə və Qəndəharda da görməli yerlər çoxdur. Belə bir fars deyimi də var - «Qəndəhara səyahət».

- Bir çox təşkilatlar öz ölkələrinin imkanlarının tanıdılması üçün promoaksiyalar təşkil edir. Səfirliyiniz investorların, biznesmenlərin, turistlərin Əfqanıstana cəlbi üçün belə layihə planlaşdırırmı?

- Biz artıq bu məsələni İqtisadiyyat Nazirliyi ilə müzakirə etmişik. Ümid edirəm ki, 2017-ci ildə birgə biznes forum keçirəcəyik. Təbii ki, müxtəlif sərgilərdə iştirak planlarımız da var. Əməkdaşlıq üçün öz prioritetlərimiz var. Təəssüf ki, Əfqanıstan uzun illərdir müharibə meydanı olaraq qalır. Bu gün mənim ölkəm terrorçuluqla mübarizənin önündədir. Əfqanıstan bütün dünyadan, o cümlədən Azərbaycandan turistlərin cəlbində maraqlıdır. Lakin indi əsas prioritet terrorçuluqla mübarizə, təhlükəsizliyin təminatıdır. Bu müddətdə Azərbaycandan olan jurnalistlər Əfqanıstana səfərlər edib, vəziyyətlə yerində tanış olub. Turizm sahəsində Azərbaycanın yaxşı təcrübəsi var və o, bu təcrübəni bizimlə bölüşə bilər. Bu yay Bakıda çoxlu turist gördük. Deməli, bunun üçün xeyli iş görülüb.

- İllərdir, göstərilən cəhdlərə baxmayaraq, Əfqanıstan torpağında sülhə nail olmaq mümkün deyil. Fikrinizcə, ölkənizdə tam sülhə nail olmaq üçün nə etmək lazımdır?

- Sülhdən danışırıqsa, sülhü yaradan amillər nəzərə alınmalıdır. Artıq onilliklərdir ki, Əfqanıstanda müharibə davam edir. Əfqanıstan, təxminən, 10 il Sovet İttifaqının işğalında olub. Bundan sonra vətəndaş müharibəsi başlayıb. Daha sonra «Taliban» ortaya çıxıb. Bu gün isə terrorçuluq adlı "fenomen"lə mübarizə aparırıq. Əlbəttə, bu mübarizədə tək deyilik, bizim yaxşı xarici tərəfdaşlarımız var. Bu mənada, Azərbaycan da etibarlı tərəfdaşlarımızdan biridir. 2002-ci ildən etibarən azərbaycanlı sülhməramlılar bu işdə Əfqanıstana kömək edir və onlar bu gün də prosesə cəlb olunublar. Sülhün bərqərar edilməsi üçün də daxildə xalqın səyləri ilə yanaşı, beynəlxalq ictimaiyyətin yardımı da lazımdır. Sülhdən danışırıqsa, azərbaycanlı dostlarımız bizi digər xalqlardan daha yaxşı anlayırlar, çünki bizim ölkələrimiz işğalçı siyasətdən əziyyət çəkmişdir.

Terrorçuluğun istənilən formasının kökü kəsilməlidir. Onun kimdən gəlməsindən asılı olmayaraq. Əfqanıstanda terrorçuluğun kökləri ölkənin daxilində deyil. Dünyada hamı bilir ki, bu köklər xaricə gedib çıxır. Terrorçular ölkəyə xaricdən gəlir və onlar kifayət qədər silahlanmış vəziyyətdədir.

Əfqanıstanda sülhün bərqərar olunması üçün hansı işlərin görülməli olduğuna dair sualınıza qayıdaraq qeyd edim ki, bu işdə beynəlxalq birliklə yanaşı region ölkələri ilə də əməkdaşlıq edilməlidir. Çünki bu problem birlikdə həll olunmalıdır.

Eyni sözləri Dağlıq Qarabağ haqqında da demək olar. Orada sülhün bərqərar olunması üçün beynəlxalq birliyin səylərinə ehtiyac var. Ermənistanın təcavüzü nəticəsində Azərbaycanda bir çox insan qaçqın və məcburi köçkünə çevrilib. Mən bu münaqişənin tarixini öyrənmişəm. Bundan başqa, bu müharibənin fəsadlarını öz gözlərimlə görmüşəm. Çünki 1995-ci ildə Azərbaycanda idim. O zaman biz tələbə yataqxanalarında yaşayırdıq. Orada məskunlaşmış qaçqınları gözlərimizlə görürdük. Azərbaycan dövləti və xalqı işğaldan çox əziyyət çəkib. Bir milyon insan doğma yurdlarını tərk etmək məcburiyyətində qalıb. Amma bu zaman o, qapılarını təhsil almaq istəyən əfqan tələbələrin üzünə açıb. O zaman, nə vaxtsa, Bakıya səfir kimi qayıdacağımı təsəvvür etmirdim. O vaxtlar Azərbaycan xalqının böyük problemlərlə üzləşməsinə rəğmən, bizə necə sığınacaq verdiyini yaxşı xatırlayıram. Odur ki, azərbaycanlıların qonaqpərvərliyi ilə yaxşı tanışam. Bizim xalqlarımızdan danışırıqsa, bir məqamı xüsusi qeyd etmək lazımdır: biz bir-birimizi yaxşı başa düşür, eyni istiqamətdə gedirik. Əməkdaşlığımızın parlaq gələcəyi var.



MƏSLƏHƏT GÖR:

429