24 Aprel 2024

Çərşənbə, 14:50

UĞURLU MÖVSÜM

Futbol üzrə Azərbaycan millisi “DÇ-2018”in seçmə mərhələsinin startında bütün Avropa qitəsini təəccübləndirdi

Müəllif:

15.11.2016

Futbol üzrə Azərbaycan millisi 2018-ci ildə keçiriləcək Dünya Çempionatının seçmə mərhələsində 4 oyuna 7 xal toplamaqla bütün qitəni təəccübləndirdi. Tarixinin ən uğurlu mövsümünü keçirən milli startda San Marino və Norveç üzərində qələbə qazanmaqla, bütün dünya mediasının diqqətini özünə cəlb etdi. Ardınca səfərdə Çexiya ilə 0:0 oynayan Robert Prosineçkinin komandası 4-cü turda Şimali İrlandiyaya uduzdu.

Seçmə mərhələyə San Marinoda başladıq. Cırtdan ölkənin komandası ilə matç millimizin 1:0 hesablı qələbəsi ilə yekunlaşdı. Uğur qazanmağımıza baxmayaraq, komandada ciddi problemlərin olması aşkar hiss olundu. San Marino kimi zəif yığma ilə matçda təhlükəli vəziyyətlərin az olması, futbolçuların kobud səhvlərə yol verməsi, 90 dəqiqə ərzində yalnız 1 dəfə rəqib qapısına yol tapmağımız bir sıra suallar yaradırdı.

Seçmə mərhələnin növbəti matçı isə Bakıda Norveçə qarşı oldu. Robert Prosineçkinin yetirmələri layiqli olaraq bu görüşdə Maksim Medvedevin qolu ilə 1:0 hesablı qələbə qazandı. Sadəcə, rəqibin Norveç olması bəzi azarkeşləri çaşdırdı. Əvvəlki əzəmətini itirən Norveçin oyununda eniş olduğu hamıya məlumdur. Belədə futbolçularımız rəqibin yaxşı vəziyyətdə olmayan komandasının problemlərindən istifadə etdi və aktivinə növbəti 3 xalı yazdırdı.

Səfərdə Çexiya ilə görüş qolsuz bərabərliklə yekunlaşdı və bu oyundan sonra ən bədbin azarkeş belə Azərbaycan yığmasının qrupda ikinci yeri tutmaq uğrunda yarışacağını proqnozlaşdırdı. “Avro-2016”dan sonra təcrübəli futbolçularla vidalaşan Çexiyadan 1 xal almağımız normal qarşılanmalıdı. Vaxtilə Yan Koller, Pavel Nedved, Petr Çex kimi ulduzların çıxış etdiyi Çexiya indi gənc futbolçuların ümidinə qalıb. Bu amil də işimizə yaradı və yığma xalını 7-yə çatdırdı.

Azərbaycan yığması dünyada yeganə komandadır ki, meydanda nə göstərəcəyini heç baş məşqçi də əvvəlcədən söyləyə bilmir. Üç oyundan 7 xal toplayaraq qapısını toxunulmaz saxlayan millidən Şimalı İrlandiyaya qarşı görüşdə də qələbə gözləyənlər var idi. Düz qeyd etmişəm, eyforiyaya qapılaraq reallıqdan uzaq olanlar çoxluq təşkil edirdi. Çünki sıravi azarkeş Şimali İrlandiyanın 4 il əvvəl Bakıda uduzub, Belfastda heç-heçə edən komanda olmadığını unutmuşdu. “DÇ-2014”ün seçmə mərhələsində Berti Foqtslu Azərbaycan yığması britaniyalılarla səfərdə 1:1 oynadı, Bakıda isə 2:0 hesablı qələbə qazandı.

Hazırkı Şimali İrlandiya yığması isə kiçik olsa belə, inkişaf yolu keçib. Gənc, amma təcrübəli futbolçulara güvənən Maykl Onilin Şimali İrlandiyası kifayət qədər yaxşı təsir bağışlayır. Qitənin ortababı sayılan Şimali İrlandiya Azərbaycan kimi komandalarla matçda sözünü deyən yığmadır.

Rəqibin Britaniya komandası olduğunu unudan azarkeşlərin ümidi Belfastda puç oldu. Etiraf etmək lazımdır ki, Şimali İrlandiya hava ötürmələri və fiziki göstəricilərinə görə futbolçularımızı geridə qoydu. Üstəlik, səhv ötürmələrimiz və qeyri-dəqiq zərbələr, xətlər arasında əlaqənin zəif olması rəqibin işinə yaradı. Bununla da Şimali İrlandiya Azərbaycan yığmasının qapısından nə az, nə çox - düz, 4 cavabsız top keçirdi.

Şimali İrlandiya-Azərbaycan görüşündə baş məşqçimiz Robert Prosineçki də kifayət qədər səhvə yol verdi. Klubunda bir dəqiqə belə oynamayan futbolçunu start heyətə daxil etmək aşkar risk idi. Belfastda millimizin məntiqsiz oyunu, xəttlərarası anlaşılmamazlıq və rəqiblərin bizdən üstün oyun sərgiləməsi ciddi problemlərin tam həll olunmadığını sübut etdi. Klublarında start heyəti üzü görməyən, oyun praktikası olmayan Ramil Şeydayevin və Emin Mahmudovun millinin start heyətində meydana çıxması məşqçinin bağışlanmaz səhvi idi. Üstəlik, Arif Daşdəmirovun cinahda oynaya bilməməsinə göz yummaq olmazdı. Yaxşı futbolçudur, amma cinahdakı hücumların qarşısını ala bilmir. Son oyunda zədəli Rəşad Sadıxovun da olmaması müdafiədə ciddi səhvləri üzə çıxardı.

Seçmə mərhələdə 4 oyunda 7 xal toplayan Azərbaycan yığması son oyunda uduzsa belə tarixinin ən uğurlu mövsümünü keçirir. Növbəti oyunlarda daha bir qələbə xal ehtiyatımızı rekorda çatdıra bilər. Sadəcə, San Marino kimi komanda ilə qazanılan qələbə zamanı rəqibin zəifliyi də unudulmamalıdır. Ən vacibi isə komandamızın gücü real qiymətləndirilməlidir.

Millimizin Şimali İrlandiya ilə “DÇ-2018”in seçmə oyunu anti-rekordla əlamətdar oldu. Çünki yığmamız baş məşqçisi Robert Prosineçkinin rəhbərliyi altında ən acınacaqlı məğlubiyyətini aldı. 0:4 hesabı ilə uduzan komandamız xorvatiyalı mütəxəssisə görmədiyi darmadağını yaşatdı. 16-cı dəfə millimizi meydana çıxaran Prosineçki ən pis halda 3 top fərqli yenilgiyə üzülmüşdü. Bu, ötən il iyunun 7-də Serbiya ilə yoxlama matçında qeydə alınmışdı. 1:4 hesablı məğlubiyyət xorvatiyalının yığmamızda üzləşdiyi yeganə böyükhesablı məğlubiyyət idi. Seçmə mərhələdə ilk, ümumilikdə 2-ci darmadağın Belfastda yaşandı və daha ağır oldu. Qeyd edək ki, Prosineçki 16-cı matçda 6-cı dəfə yeniliyə şahidlik edib.

Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki “R+”a açıqlamasında Şimali İrlandiya ilə oyun və seçmə mərhələdə keçirilən görüşlər barədə bunları deyib: “İlk 3 qoldan sonra oyunumuzu tapa bilmədik. Buna baxmayaraq, irəli baxmalıyıq. Qalan oyunları düşünməliyik. Həvəsdən düşmək olmaz. Çexiya ilə müqayisədə 2 dəyişiklik etdim. Problem onda idi ki, ilk 3 qolda standart vəziyyətlərdə lazımi qədər diqqətli olmadıq. İkinci hissədə öz oyunumuzu sərgiləməyə çalışdıq. Amma alınmadı. Bu rəqib gələn il Bakıya gələcək. O oyun sıfırdan başlanacaq. Çalışacağıq ki, nəticə daha yaxşı olsun.

Hazırda 4 oyun keçirmişik, 3-ü səfərdə olub. Bugünədək gördüyüm işlərdən razıyam. Hələlik, 4 oyundan 7 xal yığmışıq. İşimizi davam etdirəcəyik.

İlk 3 oyunda qapımızdan qol buraxmadıq. Norveçi məğlub etdik. Fikrimcə, növbəti oyunlarda xalımızı artıracağıq. Seçmə mərhələdə qrupda ikinci yeri tutacağımız barədə proqnoz verməmişəm. Sadəcə, yığma mümkün qədər yaxşı çıxış etməyə çalışacaq. Futbolçularımıza əvvəlki kimi inanıram. Belfastda səhvlərimiz oldu, həm də bəxt bizdən üz döndərdi. Üzərimizdə daha çox işləmək lazımdır”.

Azərbaycan millisi növbəti rəsmi oyuna 2017-ci ilin martında çıxacaq. Həmin oyunda yığmamız Bakıda qrupun favoriti və lideri Almaniyanı qəbul edəcək.



MƏSLƏHƏT GÖR:

425