25 Aprel 2024

Cümə axşamı, 09:38

BAKIDAKI NƏTİCƏNİ TƏKRARLAMAQ

Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə “R+”a Azərbaycanın Minskə - Avropa Oyunlarının təşkilində necə kömək edəcəyini açıqlayıb

Müəllif:

15.11.2016

Bakıda keçirilən ilk Avropa Oyunlarının növbəti dayanacağı Belarus olacaq. Avropa Olimpiya Komitəsi Baş Assambleyasının iclasında qəbul edilən qərara əsasən, ikinci Avropa Oyunlarına Minsk şəhəri ev sahibliyi edəcək. 2019-cu ildə təşkil olunacaq mötəbər yarışda qitənin əksər ölkələrinin iştirakı gözlənilir.

Bununla da Bakının əsasını qoyduğu yeni idman yarışı – Avropa Oyunlarının keçirilməsi ənənə halını alır.  Sözsüz ki, İkinci Avropa Oyunlarının təşkili bir sıra vacib məqamlarla əlamətdardı. Bakıda baş tutan ilk oyunlar yüksək təşkilatçılıq və idmançılarımızın möhtəşəm nəticələri ilə yadda qaldı. Bu mənada, II Avropa Oyunları bizim üçün növbəti çağırış olacaq.

Mötəbər yarışa Minskin ev sahibliyi etməsi, eləcə də digər məqamlarla bağlı Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə “R+”a müsahibə verib.

- Söhbətə Minskdə keçiriləcək II Avropa Oyunları ilə bağlı başlamaq  istərdik. Sizcə, Belarus Azərbaycanın təşkilatçılığını təkrarlamağa cəhd edəcək?

- Bəzi insanlar mötəbər yarışın təşkilinin ənənəvi xarakter alacağına inanmırdı. Lakin gördüyünüz kimi, artıq növbəti yarışın məkanı məlumdur. 2019-cu ildə Avropa Oyunlarına Belarusun Minsk şəhəri ev sahibliyi edəcək. Bu ölkənin prezidenti Aleksandr Lukaşenko mətbuata açıqlamasında bildirdi ki, Avropa Oyunlarını bizim kimi ən yüksək səviyyədə keçirə bilməyəcəklər. Təbii ki, Bakı yeni standartlar yaratdı və qitə şəhərləri üçün Olimpiya səviyyəsində yarış təşkil etdi. Fikrimcə, Minskdə idman növlərinin sayı az olacaq. İştirakçıların sayında dəyişiklik gözlənilir. İdman növlərindən asılı olaraq iştirakçıların sayında da azalma mümkündür. Hazırda əksər detallar hələ  dəqiqləşməyib. Belarus tərəfi Avropa Olimpiya Komitəsi ilə təşkilatçılıq baxımından müqavilə imzalayıb. Yaxın günlərdə Təşkilat Komitəsi yaradılacaq və bütün suallara cavab tapılacaq.

- Yarışın tarixi nə vaxt dəqiqləşəcək?

- 2019-cu ildə olacaq yarışın hansı aya təsadüf edəcəyi məlum deyil. Bildiyiniz kimi, 2019-cu ilin iyul ayında Avropa Yeniyetmələrin Olimpiya Festivalı var. Avqustda isə yüngül atletika üzrə Dünya Çempionatı keçiriləcək. Ona görə Avropa Oyunlarının proqramı dəqiqləşəndən sonra hansı ayda keçiriləcəyi  müzakirə ediləcək.

- 2019-cu ildə Bakıda Avropa Yeniyetmələrin Olimpiya Festivalının keçiriləcəyi gözlənilir...

- İlk olaraq deyim ki, turnirin Bakıda keçiriləcəyi dəqiq deyil. Rəsmi Bakı bu barədə qərar qəbul etməyib. Biz hazırda müzakirə edirik. Minsk şəhərinin II Avropa Oyunlarına ev sahibliyi etməsi dəqiqləşəndə kiçik problem üzə çıxdı. Belarus əvvəlcədən 2019-cu ildə bu festivalı keçirməyə razılaşıb. Bir ildə iki mötəbər yarışın təşkili asan başa gəlmir. Buna görə də iclas zamanı Bakının 2019-cu ildə Avropa Yeniyetmələrin Olimpiya Festivalına ev sahibliyi etmək məsələsini müzakirə edəcəyini söylədik. Hər zaman yüksək təşkilatçılıqla fərqləndiyimiz üçün iclas iştirakçıları bu fikri böyük maraqlı qarşıladı. Minsk Avropa Oyunlarına görə festivalın təşkilatçılığından imtina etdi. Hazırda Bakıda olacağı dəqiq deyil. Son qərarı Milli Olimpiya Komitəsinin rəhbərliyi qəbul edəcək. Müsbət olacağı halda, Bakı  bu yarışı təşkil edəcək.

- Bakıda keçiriləcəyi halda bu yarış bizə nə verəcək?

- Festival Avropa Oyunlarının tarixini nümayiş etdirməyə imkan verəcək. 2017-ci ildə Bakı İslam Həmrəylik Oyunlarına ev sahibliyi edəcək. Bu turnirdən sonra bizdə fasilə yaranır. Yəni növbəti illərdə Bakıda heç bir kütləvi yarış yoxdur. Müxtəlif idman növləri üzrə dünya və Avropa çempionatları keçiriləcək. Amma kütləvi turnirlər yoxdur. Festival bizə təcrübəmizi nümayiş etdirməyə fürsət  yaradacaq.

- II Avropa Oyunlarının ev sahibinin rəsmən təsdiqlənməsi sevindirici xəbərdi. Bir qaranlıq məqam var. Minsk bu yarış üçün nə qədər vəsait ayırmağı planlaşdırır? Mətbuatda maliyyə məsələlərində Bakının rəsmi Minskə kömək edəcəyilə bağlı məlumatlar həqiqətə uyğundurmu...

- Bu xəbərlər cəfəngiyatdır. Bakı Avropa Oyunlarının keçirilməsi üçün heç bir maliyyə yardımı etməyəcək. Minskin nə qədər vəsait ayıracağı şəxsi işləridir. Azərbaycan təşkilatçılıq baxımından böyük təcrübəyə malikdir.  Bu sahədə kömək lazım olarsa imtina etməyəcəyik. Minskdəki turnirin Təşkilat Komitəsi ilə təcrübə mübadiləsinin aparılması mümkündür. Lakin maliyyə yardımından söhbət gedə bilməz. Bu məsələ heç müzakirə edilməyib.

- Azərbaycan komandası ilk Avropa Oyunlarında medal sayına görə ikinci yeri tutdu. Növbəti yarışda hədəflər necə olacaq?

- Bakıdakı nəticəni təkrarlamaq asan olmayacaq. Bunun üçün çox çalışmalıyıq. Əsas hədəf böyük heyətlə  təmsil olunmaqdır. İdman növlərinin siyahısı dəqiqləşəndən sonra, bu barədə dəqiq fikir söyləyəcəyik. Hər zaman olduğu kimi, ölkənin idman şərəfini layiqincə qorumaq üçün güclü heyət formalaşdırılacaq.

Yay Olimpiya Oyunlarının proqramına yeni idman növləri daxil edilib. Bunlardan biri karatedir. Bir sıra idman növlərinin Avropa Oyunlarında “Tokio-2020” üçün lisenziya xarakterli olacağı gözlənilir. Bu halda bütün ölkələr daha böyük həvəslə  Minskə  gələcək.

- Açılış mərasimində alovun ölkəmizin qədim abidəsi sayılan Atəşgahdan götürülməsi müzakirə  olunubmu?

- İkinci Avropa Oyunlarına çox vaxt var. Ən əsas indi təmsil olunacaq idman növlərinin siyahısı dəqiqləşməlidir. Açılış mərasiminin məşqləri başlayanda biz bu təklifi edəcəyik. 2019-cu ilə 3 ildən çox zaman olduğunu unutmayaq. Fikrimcə, Minsk Avropa Oyunlarının tarixində özünəməxsus yer tutacaq. Şəhərdə, demək olar ki, bütün idman qurğuları hazırdır. Yalnız bəzilərində kiçik bərpaya ehtiyac yaranıb. Bakıdan sonra Minsk mötəbər yarışın tarixinə əlavə rəng  qatacaq. İlk oyunlar Bakıda möhtəşəm təşkilatçılıqla yadda qaldı. Növbəti şəhərlər bunu təkrarlaya bilməsə belə, yeni mədəniyyət nümayiş etdirəcək.

Mötəbər yarışın təşkilində Avropa Olimpiya Komitəsi Belarusa köməklik göstərəcək. Eyni zamanda, təcrübə baxımından Azərbaycan mütəxəssisləri bacarıqlarını Minskdən olan həmkarları ilə bölüşəcək.


MƏSLƏHƏT GÖR:

414