29 Mart 2024

Cümə, 15:07

«USTAD» SƏVİYYƏLİ MUSİQİÇİ

Səbinə HƏSƏNOVA: «Biz bütün repertuarı əzbərdən, nota baxmadan çalırıq; belədə səsi və zalda baş verənləri daha asan hiss edirik»

Müəllif:

15.11.2016

Müxtəlif ölkələrdən - Azərbaycandan, Avstriyadan və Sloveniyadan olan üç entuziazist Vyanada görüşərək musiqi dünyasını fəth etmək qərarına gəliblər və tərkibcə unikal olan «KlaVis» triosunu yaradıblar. Bu gənc kollektivin adı üç alman sözündən yaranıb: Klavier - Violine - Saxophon. Debütü 2014-cü ilin iyun ayında «Grafenegg Festival»da baş tutmuş ansambl dərhal izləyicilərin və xiridarların ürəyini fəth edib. Musiqiçilərin - Səbinə Həsənovanın, Cenni Lipplin və Mixi Ferkin ustalığının ən yaxşı sübutu odur ki, son 2 ildə trio 3 dəfə Vyananın ən məşhur klassik musiqi mərkəzi «Musikverein»ə çıxış üçün dəvət olunub. Bu yaxınlarda isə unikal trio «KlaVis» çox uğurla «Gümüş lira» VII Beynəlxalq kamera ifaçılığı festivalı çərçivəsində D.D.Şostakoviç adına Sankt-Peterburq Akademik Filarmoniyasında çıxış edib. «KlaVis» triosunun pianoçusu Səbinə Həsənova «R+»un qonağı olub.

- Səbinə, özünüz və ailəniz barədə danışın. Harada anadan olub, harada oxumusunuz? Uşaqlıqda nə ilə maraqlanırdınız? Böyüyəndə kim olmaq istəyirdiniz? Hansı musiqiləri dinləyirdiniz?

- Mən Bakıda musiqiçi - pianoçular ailəsində anadan olmuşam. Mənim atam Azərbaycanın Əməkdar artisti, beynəlxalq müsabiqələr qalibi Vasif Həsənovdur. Anam Olqa Həsənova da gözəl pianoçudur, SSRİ Xalq Artisti Fərhad Bədəlbəylinin yetirməsidir. Atam və anam çox sayda musiqiçi nəsli yetirmiş gözəl pedaqoqlardır. Mən 7 yaşım olanda royalda çalmağa başladım. Musiqi ilə məşğul ola-ola küçədə dostlarımla oynamağa da vaxt tapırdım, çox sayda cizgi filmlərinə baxmışam, hələ də baxmağa davam edirəm. Cizgi filmlərinə maraq daha sonra kompyuter oyunlarına keçdi, özüm də çəkməyə başladım, bundan isə illüstrasiya ilə bağlı olan çox sayda layihələr yarandı. Özüm də kompyuter oyunu yaratdım; mənim rəsmlərim uşaqlar üçün not albomunda nəşr edilib. Mən uşaqlıqdan müxtəlif musiqilər dinləmişəm və bunun təsirini öz əhvalımda çox parlaq hiss etmişəm. Atam Bethovenin «Appassionata»sını çalırdı - mən dəhşətli şəkildə qorxurdum, anam Şopenin konsertinin plastinkasını dinləyirdi - mən sehrli dünya barədə düşünməyə başlayırdım. Uşaqlıqdan Maykl Ceksonu çox sevir və indiyə kimi tez-tez onu dinləyirəm.

- Necə oldu ki, əvvəl Türkiyədə, sonra Avstriyada yaşadınız?

- Atamı Türkiyənin universitetlərinin birində yeni konservatoriyada dərs keçməyə dəvət etmişdilər, onda mən və bacım hələ balaca idik. Ona görə də ibtidai məktəbdən magistraturaya qədər Türkiyədə oxumuşam. Mənim kiçik bacım Dina da pianoçudur, Sorbonnada musiqi prodüserliyi üzrə menecerlik oxuyub, hazırda Parisdə «medici.tv» şirkətinin rəhbərinin köməkçisi işləyir. Onunla mənim musiqi üzrə pedaqoqlarımız valideynlərimiz olub. Sonra mən doktoranturada oxumaq üçün ABŞ-a getmək istəyirdim, amma aşiq oldum və Vyanaya getdim, orada Vyana Musiqi Akademiyasının doktoranturasına daxil oldum. Sevgiyə görə gəldim, musiqiyə görə qaldım.

- Necə oldu ki, musiqiçi olmağa qərar verdiniz?

- Musiqiçi olmağa mən dəfələrlə qərar vermişəm. Uşaqlıqda hərdən uzun müddət royalda məşğul olmaq istəyirdim, hərdən də istəmirdim. Yalnız səhnədə konsert çalmağı bacarandan sonra, qəti şəkildə musiqiçi olmağa qərar verdim. Sonra ilk dəfə Şumanı və Bethoveni çaldıqdan sonra bir daha qərar verdim. Daha sonra kamera musiqisi ifa edəndən və ya orkestrlə konsert çalandan sonra təkrar qərar verdim ki, başqa cür ola bilməz. Anam və atam məndə dünyaya musiqidən keçən baxış formalaşdırıblar. Düzdür, bu, heç də hər zaman ideal olmur, amma mənim çox xoşuma gəlir.

- Sizin trio «KlaVis» barədə danışın. O, necə yarandı?

- Biz üçümüz də Vyana Musiqi Akademiyasında oxuyurduq. Bir dəfə Mixa (saksofonçu, Sloveniya-Xorvatiya) yanıma gəldi və dedi ki, trio yaratmaq istəyir. Soruşdu ki, bu məni maraqlandırırmı? Buna qədər mən bilmirdim ki, saksofon klassik musiqi dünyasında belə inkişaf edib. Həm də Mixa ifa zamanı sınaqdan çıxmış, amma çox fərdi texnika və yanaşmadan istifadə edir. Cenni (skripkaçı, Avstriya-Meksika) kamera ansamblı axtarırdı ki, öz zərif hisslərini açıq göstərə bilsin. Və beləliklə, biz 2011-ci ildə trio yaratmaq ideyası ətrafında birləşdik və demək olar ki, birlikdə heç ifa etmədən iki ili keçirdik. Demək olar ki, hər gün əylənir və şənlənirdik, dünyadakı hər şeyi müzakirə edir və çox yaxın dosta çevrildik. Bir dəfə 2013-cü ildə kiçik çıxışdan sonra öz kiçik uğurumuzu qeyd etməyə getdik və söhbət zamanı qrupda birləşməyə qərar verdik. Həmin zamandan biz ayrılmırıq…

- Bu müddət ərzində haralarda çıxış etmisiniz? Ən önəmli və vacib konsert barədə danışın…

- Üç dəfə bizi Vyanada «Musikverein»də çıxış etmişik, həmçinin Qrafeneq (Grafenegg Festival), «Munich Gasteig» festivallarında ifa etmişik. Sloveniyada, Türkiyədə və Avstriyanın bir çox zallarında çıxışlarımız olub. Tezliklə bizim «Zurich Tonhalle»də və Peterburq filarmoniyasının kiçik zalında konsertlərimiz olacaq. Amma şəxsən mənim üçün ən önəmli məsələ Moskva Konservatoriyasının Böyük zalında çıxışım olub, onda mənim 14 yaşım vardı və Baxın orkestrlə konsertini ifa etmişdim.

- Səncə, sizin qrupun əsas istəyi nədir? İnsanlara  nə çatdırmaq istəyirsiniz?

- Bizi həssaslıq və həyatın mənası musiqdən keçən daimi axtarış birləşdirir, həm də təbii ki, bizim əslən olduğumuz, yaşadığımız və böyüdüyümüz mədəniyyətlərin və ölkələrin fərqliliyi bizi bir araya gətirir. Bütün bunlar, təbii ki, bizim repertuarda özünü göstərir… Biz klassik musiqinin Brams, Raxmaninov və Şostakoviç triosu kimi incilərini, həmçinin Xaçaturyan, Pyassola, Villi Lobos, Sakamoto triosu və s. folklorla bağlı əsərləri ifa edirik. Bütün aranjmanı, demək olar ki, özümüz edirik. Həm də bir çox bəstəkarlar məhz bizim üçün yazır və biz onları ifa etməyi çox sevirik. «Ustad» səviyyəli incəsənət və incəsənət adamları bizi çox cəlb edir. Biz özümüz də bu yüksək səviyyəyə can atırıq… Səhnədə bir-birimizlə, həmçinin izləyicilərlə təmas bizim üçün çox vacibdir. Buna görə də biz bütün repertuarı əzbərdən, nota baxmadan ifa edirik, belə olanda təmas qurmaq, zalda baş verənləri və səslə baş verənləri hiss etmək çox asandır. Biz izləyiciləri öz daxili aləmimizdən keçirmək, elə səviyyədə peşəkar ifaya nail olmaq istəyirik ki, o, zalda oturan hər bir şəxsin xoşuna gəlsin.

- Sizcə, nə etmək lazımdır ki, çağdaş gənclik keyfiyyətli musiqi dinləsin?

- Mənim şəxsi fikrimcə, canlı ifada keyfiyyətli musiqini o halda dinləyərlər ki, o, asan çatdırıla bilsin. Gənc nəsil arasında klassik musiqiyə ciddi və dərindən yanaşan musiqiçilər elə də çox deyil. Klassik musiqi konsertləri buna görə maraqsız olur. Həm də musiqiçinin insanı başqa yüksək, gerçək musiqi dünyasına apardığı konsertə nadir hallarda düşmək olur. Belə konsertlər azdır, onlara biletlər bahadır və bir neçə ay qabaq satılır.

Çoxları keyfiyyətli musiqi haqda anlayışa belə malik deyil, elə biuna görə də onu tələb etməyi düşünmürlər. Bundan başqa internet əsridi, orada da nə istəyirsən tapmaq mümkündür, amma nədən başlamalı? Düşünürəm ki, gənclərə düzgün sorğu yönəltməyi və lazımi məlumatı tapmağı, dolgun özünü ifadəyə can atmağı öyrətmək lazımdır. Onda hər kəsə çata bilən yüksək səviyyəli musiqi və incəsənət yaranacaq.

- Səbinə, siz özünüz boş vaxtınızda nə dinləyirsiniz?

- Mən konsertlərə getməyi çox sevirəm. Hər gün, hər həftə, hər ay mənim zövqüm və istəklərim dəyişir. Bəzən günlərlə skripka konsertlərini, bəzən də fortepiano noktürnlərini dinləyirəm. Klassikadan başqa mən cazı, funk-cazı, Skandinaviya cazını çox sevirəm, hərdən elektron musiqi dinləyirəm. Məsələn, bu ay Rusiyadakı Vısotskiyə bənzər italyan, ingilis və amerikan bardlarını dinləmək çox xoşuma gəlir. Axı musiqi ilə poeziyanın sintezi daha maraqlıdır, daha ürəyə yaxındır. Mən həm də Maykl Ceksonu sevirəm və bu, mənim üçün həmişə aktual olaraq qalacaq. Müxtəlif mədəniyyətlərin rəqs musiqisi də çox xoşuma gəlir. Mən rəqs etməyi çox sevirəm, istər diskotekada, yaxud ənənəvi Türkiyə və ya Azərbaycan toyunda olsun.

- Musiqi ilə yanaşı, siz kino ilə də maraqlanırsınız. Siz klassik musiqi barədə məşhur aktyorların çəkildiyi sənədli komediya filmi «Noseland»ın prodüserisiniz. Həyatınızın bu mərhələsi barədə danışın…

- Film, kamera, çəkiliş, fantaziyalar, ideyaların gerçəkləşdirilməsi - düşünürəm ki, bu dünya çoxlarını cəlb edir. Filmə mən gözəl insan, görkəmli skripkaçı, bəstəkar, bir çox sahələrdə cürətli novator olan Aleksey İqudesman tərəfindən dəvət olunmuşdum. Etiraf edim ki, çəkiliş dünyası, hətta çox xoşuma gəldi. «Noseland» üçün biz Con Malkoviç və Rocer Mur, həmçinin mişa Mayski və Yulian Raxlin barədə epizodlar çəkmişik. Mən ikinci kameranı «yönəldirdim», montajda, həmçinin qalan bütün mümkün kulis və kulisarxası detallarda iştirak etmişəm. Film dünyanın iyirmiyə yaxın kinofestivalında nümayiş olunub və müxtəlif diplomlara layiq görülüb. Yeri gəlmişkən, mən bizim trionun kliplərini özüm montaj edirəm. Bu ay özüm ssenari yazıb videoklip çəkdim, bu klip bizim rəsmi saytımızda təqdim ediləcək.



MƏSLƏHƏT GÖR:

407