16 Aprel 2024

Çərşənbə axşamı, 20:08

TARAZLIQ AMİLİ

Politoloq Avraam Şmuleviç: «İsrail-Türkiyə-Azərbaycan tərəfdaşlığında Bakı sabitləşdirici amil rolu oynaya bilər»

Müəllif:

15.11.2016

İsrailin Baş naziri Benyamin Netanyahu yaxın vaxtlarda Azərbaycana səfər edəcək. Netanyahunun Azərbaycan paytaxtına sayca ikinci səfəri Yaxın Şərq və Cənubi Qafqaz regionları üçün çətin bir dövrdə baş tutacaq. Amma çətin geosiyasi şəraitdə Azərbaycanla İsrail əməkdaşlığı strateji münasibətlər səviyyəsinədək yüksəldə bilib. İsrail hərbi texnika və texnologiyası bu ilin aprelində özünü döyüş meydanında da yüksək səviyyədə göstərib.

«R+» israilli politoloq, Şərq Tərəfdaşlığı Mərkəzinin prezidenti Avraam Şmuleviç ilə iki ölkə arasında əməkdaşlığın prioritetləri haqqında söhbətləşib.

- Azərbaycanla-İsrail arasında qarşılıqlı münasibətlərin hazırkı səviyyəsini necə qiymətləndirirsiniz?

- Münasibətlər çox yaxşıdır. Dinamik inkişaf edir, hər iki dövlət üçün strateji xarakter daşıyır. İsrail Azərbaycanın müstəqilliyini tanımış ilk ölkələrdəndir. Tərəflər arasında iqtisadiyyatın, ticarətin, mədəniyyətin və s. bir çox sahələrində əlaqələr inkişaf edir. Siyasi baxımdan isə yeganə problem İsraildə Azərbaycan səfirliyinin açılması ilə bağlıdır. Bu, Bakı üçün, əlaqələrin daha fəal inkişafı baxımından çox faydalı olardı. Bakıda 20 ildən artıqdır ki, İsrailin diplomatik missiyası fəaliyyət göstərir. Prinsipcə, İsraildə Bakının bu mövqeyinə anlayışla yanaşılır. Burada Ermənistanın səfirliyi yoxdur. Lakin erməni kilsəsi ictimai-siyasi mərkəz, sanki Ermənistanın İsraildəki səfirliyi rolunu oynayır. Məhz erməni patriarxiyasının lobbiçiliyi sayəsində İsrail parlamentinin bir neçə deputatı «erməni soyqırımı»nın tanınmasına dair qətnamənin qəbuluna tərəfdar olduğunu bəyan edib. Erməni kilsəsi Knessetlə çox fəal işləyir, ölkəsinin siyasi maraqlarının irəli çəkilməsi üçün kifayət qədər böyük məbləğdə pul xərcləyir. Azərbaycan tərəfindən isə adekvat fəaliyyət yoxdur. Odur ki, İsrail ictimaiyyəti, siyasətçiləri, parlamentariləri daha çox ermənilərin mövqeyini bilir, nəinki Azərbaycanın arqumentlərini.

- Azərbaycanla münasibətlərin səviyyəsi İsrailə - Təl-Əvivin yalnız ən etibarlı tərəfdaşlarına tədarük etdiyi müasir silah növlərini Bakıya da satmasına imkan verirmi? Məsələn, «Sehrli çubuq» raketdən müdafiə sistemi. Bu sistemlər Ermənistanın bizi şantaj etdiyi «İsgəndər»i zərərsizləşdirmək iqtidarındadır.

- Prinsipcə, İsrail Azərbaycana müasir HHM sistemi tədarük edə bilər. Problem yalnız Ermənistana bu raketləri satan Rusiyadan, yaxud ümumiyyətlə, başqa dövlətlərə belə silahların satılmasına qarşı olan ABŞ-dan gələcək etirazlar ola bilər. Belə maneələr olmasa, Azərbaycan, güman ki, bu raketdənmüdafiə sistemini əldə edəcək. Ölkələrimiz arasında ümumi əməkdaşlığın inkişafından çox şey asılıdır; məsələn, İsraildə diplomatik missiyanın açılmasından.

- İsrail-Türkiyə-Azərbaycan formatında təhlükəsizlik üzrə tərəfdaşlığın qurulması nə qədər realdır?

- Bu, əla ideyadır. Belə ittifaqda Bakı da sabitləşdirici amil rolunu oynaya bilər. Amma yenə də hər şey İsraildə Azərbaycan diplomatiyasının fəallığına bağlıdır. Hələlik, İsraildə Azərbaycan diplomatiyası tərəfindən belə fəallıq müşahidə olunmur.

- Bəs Bakı ilə Təl-Əviv arasında beynəlxalq terrorçuluqla mübarizə sahəsində əməkdaşlığın hansı perspektivləri var? “İD” gec və ya tez məhv ediləcək. İsrail kəşfiyyatı, yəqin ki, Yaxın Şərqdən terrorçuların hara qaçdığını bütün digər ölkə kəşfiyyatlarından daha yaxşı bilir.

- Beynəlxalq terrorçuluqla birgə mübarizə üçün çox yaxşı perspektivlər var. Ölkələrimiz dini ekstremizmin qarşısının alınmasında eyni dərəcədə maraqlıdır. Terrorçu təşkilatlar Azərbaycanda sabitliyin pozulmasına dəfələrlə cəhd edib. Düşünürəm ki, ölkələrimiz arasında bu sahədə əməkdaşlıq var. Sadəcə o, nümayiş etdirilmir.

- Hər kəs Azərbaycanın Türkiyə-Rusiya münasibətlərinin normallaşdırılmasında vacib vasitəçi rolu oynadığını deyir. Ola bilərmi ki, nə vaxtsa Bakının üzərinə İsrail-İran münasibətləri ilə bağlı da eyni missiya qoyulsun?

- İsrail İrana qarşı heç bir düşmənçilik etmir. Yəhudi və fars xalqları hər zaman dost olub. Ayətullah Xomeyniyədək ölkələrimiz arasında çox yaxın, dost münasibətləri olub. Anti-İsrail ritorikası sünni aləminin rəğbətini qazanmağa çalışan İranın xarici siyasətinin əsas elementidir. Bəlkə də İranda düşünürlər ki, yəhudilərlə-sünnilər barışarsa, onlar birlikdə şiələrə qarşı təcavüzkarlığa başlayacaq. Lakin İsrail İrana qarşı heç bir iddiasının olmadığını dəfələrlə bəyan edib. İsrail Tehranla münasibətlərin pis olmasında maraqlı deyil. Odur ki, münasibətlərin normallaşdırılması məsələsində top İran tərəfindədir. Türkiyə-Rusiya münasibətlərində problem o qədər də dərin deyildi. Amma əlbəttə ki, Bakı İranın yəhudi dövlətinə münasibətində dəyişikliyə nail olarsa, bu, əla olardı.


MƏSLƏHƏT GÖR:

456