18 Aprel 2024

Cümə axşamı, 07:11

NƏSİL DƏYİŞİKLİYİ

İdman federasiyaları 2020-ci il Olimpiadasınadək komandaları yeniləmək məqsədi ilə geniş islahatlara başlayıb

Müəllif:

01.12.2016

Avqustda Braziliyada keçirilən Yay Olimpiya Oyunları Azərbaycan idmanında yaşanan bəzi boşluqları aşkarlıqla üzə çıxardı. On səkkiz medalla ölkə idmanı tarixində yeni rekorda imza atmaqla yanaşı, bəzi komandalarda  problemlərin mövcudluğu  da məlum oldu.

İdman federasiyaları, artıq Braziliya Olimpiadasının nəticələrini nəzərə alıb və islahatlara başlayıb. Bu islahatlar 2017-ci il İslam Oyunlarından sonra daha da sürətlənəcək.

İlk islahatlara başlayan Azərbaycan Güləş Federasiyası oldu. Olimpiadadan sonra yunan-Roma və sərbəst güləş üzrə yığma komandaların baş məşqçiləri ilə müqavilələr artırılmadı. Müvafiq olaraq, Saypulla Apsaidov və Cəmşid Xeyrəbadi Vətəninə yola salındı. Üstəlik, sərbəst güləş üzrə Azərbaycan millisinin kapitanı, üçqat Olimpiya mükafatçısı Xetaq Qazyumov da karyerasını başa vurdu.

Güləş Federasiyasının belə qərarları qəbul etməsinə səbəb, “Rio-2016”- da  pəhləvanlarımızın qızıl medal qazanmaması oldu. Ümumilikdə, Olimpiadada 9 mükafata sahib çıxan güləşçilər Vətənə qızıl medalsız qayıtmaqla rəhbərliyi narazı saldı. 2017-ci ildə yunan-Roma güləşçisi Rövşən Bayramovun da idmandan ayrılacağı gözlənilir. Əsas məqsəd “Tokio-2020”yə daha güclü və rəqabətə davamlı komandayla yollanmaqdan ibarətdir. Bu məqsədlə 2017-ci ilin ilk aylarında hər iki yığmaya yeni baş məşqçi təsdiqlənəcək. Müvəqətti olaraq sərbəst güləşçilərə Firdovsi Umudov, yunan-Roma güləşçilərinə isə Akif Əliyev rəhbərlik  edir.

“Rio-2016”da Azərbaycana 1 gümüş və 1 bürünc medal qazandıran boks yığmamız da islahatlardan kənarda qalmayacaq. Millinin kubalı baş məşqçisi Pedro Roke artıq  istefaya göndərilib. Eyni zamanda, millinin əsas medal ümidləri Məhəmmədrəsul Məcidov, Albert Səlimov, Abdulqadir Abdullayev İslam Həmrəyliyi Oyunlarından sonra boksla vidalaşacaqlarını bəyan ediblər. Rio Olimpiadasında Azərbaycana gümüş medal qazandıran kubalı Lorenso Sotomayor da 2017-ci ilin yayında karyerasını başa vuracaq. Bununla da Azərbaycan boks yığması köklü surətdə dəyişikliyə məruz qalacaq. Hazırda federasiya ölkə çempionatına hazırlaşır. Demək olar ki, yarışdan sonra yığmaya namizədlər təlim-məşq toplanışına başlayacaq və millidə yeni adlar peyda olacaq. Fevralda millinin yeni baş məşqçisi də məlum olacaq. Hazırda danışıqları davam etdirən federasiya yeni məşqçini Bolqarıstan, Rusiya və Kubada  axtarır.

2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında gümüş medal qazanan Azərbaycan kanoeçisi  Valentin Demyanenko və olimpiadanın bürünc medalına sahib çıxan kayakçı İnna Osipenko-Radomskaya karyeralarını başa vurublar. Ukraynalı legionerlər yaşlarının çoxluğu səbəbindən bu addımı atıblar. Otuzüçyaşlı V.Demyanenko 2007-ci ildə Azərbaycan vətəndaşlığını qəbul edib və yığmanın heyətində yer alıb. O, geridə qalan 8 il ərzində 3 dəfə dünya çempionu və 4 dəfə Avropa çempionu adına sahib çıxıb. “Rio-2016”nın gümüş medalçısı "Bakı 2015" I Avropa Oyunlarında 200 metr məsafəyə yürüşdə də eyni nəticə  göstərmişdi.  Otuzdördyaşlı İ.Osipenko-Radomskaya isə 2014-cü ildə Azərbaycan pasportu alıb. Qadın kayakçı növbəti il Avropa və dünya çempionatlarında, eləcə də "Bakı 2015" I Avropa Oyunlarında finala yüksəlsə də, mükafatçılar sırasına düşə bilməyib. Bu il isə o, Dünya Kubokunun 2 mərhələ yarışında 1 qızıl, 2 gümüş, 1 bürünc medala sahib çıxıb. İ.Osipenko-Radomskaya Olimpiadada 200 metr məsafəyə yürüşdə bürünc medal  qazanıb.

Azərbaycan Avarçəkmə Federasiyası yeni ildən etibarən, yığmaya yeni idmançıların cəlb olunacağını açıqlayıb. Milliyə yeni əcnəbi idmançıların cəlb olunacağı da istisna deyil. Bu mənada qaranlıq məqamlara 2017-ci ildə keçiriləcək ölkə çempionatından sonra aydınlıq gələcək.  Azərbaycan Atletika Federasiyası milli komandanı gücləndirmək üçün axtarışlarını davam etdirir. Federasiya prezidenti Çingiz Hüseynzadə növbəti illərdə daha güclü milli komandanın olacağını açıqlayıb. Yeniyetmələri daha güclü mərhələyə yüksəltmək üçün yeni məşqçilərin komandaya cəlb olunacağı  istisna deyil.

Ölkə idmanında ən böyük dəyişikliklər ağır atletikada olacaq. Milli komandanın, demək olar ki, bütün üzvləri yenisi ilə əvəz olunacaq. Sevindirici haldır ki, ağır atletikada yeni güclü nəsil yetişir. Azərbaycan Kuboku uğrunda yarışlar ölkədə bu idman növünə olan marağın yüksək olduğunu təsdiqlədi. Federasiya gələn ildən etibarən, milli komandanın yüksək səviyyədə hazırlıq keçməsi üçün xüsusi plan hazırlayıb. Əsas məqsəd “Tokio-2020” Olimpiadasına mümkün qədər çox lisenziya  qazanmaqdan ibarətdir.

“Rio-2016”da Azərbaycana iki gümüş medal qazandıran cüdoçularımızın heyətində bəzi dəyişikliklər istisna deyil. İlk olaraq qeyd edək ki, hazırda federasiya yığmanın baş məşqçisi məsələsinə aydınlıq gətirməkdə çətinlik çəkir. Buna səbəb avstriyalı mütəxəssis Peter Zayzenbaherin Vətənində məhkəmə çəkişməsində iştirak etməsidir. Federasiya məşqçinin qalmaqallı məhkəmədə uğur qazanacağına inanır. Adı az yaşlıların zorakılığında hallanan Zayzenbaher məhkəmədə qalib gələcəyi təqdirdə, federasiya onunla yeni 4 illik müqavilə imzalayacaq. Əks halda yığmaya yeni baş məşqçi tapmaq lazım gələcək. Cüdoçularımızdan dünya çempionu Elxan Məmmədovun gələn il karyerasını başa vuracağı gözlənilir. Eyni zamanda gürcü legioner Uşaqni Kokourinin başqa idmançıyla əvəz olunacağı da  planlaşdırılır. Digər çəkilərdə yerli cüdoçulara şans veriləcək. Federasiya Tokioda daha güclü yığmayla təmsil olunmasından ötrü yeni 4 illik proqram hazırlamaq fikrindədir. 2017-ci il Azərbaycan idmanında bir sıra dəyişikliklərlə yadda qalacaq. Bakıda keçiriləcək İslam Həmrəyliyi Oyunlarından sonra titullu idmançılarımızın bəziləri böyük idmanla vidalaşacaq. Onların yerini gənc atletlər  tutacaq.  Deməli 2020-ci ildə keçiriləcək Tokio Olimpiadasında uğurlu çıxışın bünövrəsi məhz 2017-ci ildə qoyulacaq. 



MƏSLƏHƏT GÖR:

364