20 Aprel 2024

Şənbə, 05:54

BÜTÖV AZƏRBAYCAN SƏSİ

Gülbacı İMANOVA: «İspaniyada tamaşaçılar ayaqüstə Azərbaycan xorunun konsertini dinlədilər»

Müəllif:

01.12.2016

Ən yaxşı musiqi aləti insan səsidir, çünki bütün hiss qammasına hakimdir. Azərbaycan Dövlət Kapellasının bədii rəhbəri və baş dirijoru, Azərbaycanın Xalq Artisti Gülbacı xanım İmanova belə düşünür. Nə qədər məşğul olsa da o, «R+»un müxbirinin bir sıra suallarına cavab verməyə imkan tapdı.

- Siz hansı musiqi alətində çalmağı öyrənmisiniz və niyə xormeyster oldunuz?

- Məktəbi fortepiano sinfi üzrə bitirmişəm, amma dirijor peşəsi həmişə məni özünə çəkirdi. Bu isə dirijorluğu sırf kişi işi sayan valideynlərimin heç xoşuna gəlmirdi. Amma musiqi orta ixtisas məktəbinə qəbul zamanı mən məhz xor dirijorluğu fakültəsinə təkid etdim. Hacı Xanməmmədovun sinfində oxumuşam, o, dirijorluqla yanaşı, kompozisiya üzrə də tapşırıqlar verirdi.

Bu, indi mənim işimə yarayır. Orta ixtisas musiqi məktəbini bitirdikdən sonra bəstəkar Vasif Adıgözəlov mənə göndərişlə Leninqradda oxumağı təklif etdi. Anam bunun əleyhinə getdi, təhsilimi Bakı Konservatoriyasında davam etməyim üçün məni dilə tutdu. Mən onda Eduard Novruzovun rəhbərlik etdiyi kapellada oxuyurdum.

Həm də Kirov qəsəbəsində musiqi məktəbində işləyirdim, məktəbin xoru respublika uşaq xor kollektivləri arasında keçirilmiş müsabiqədə birinci yeri tutdu.

Konservatoriyada mən Opera və Balet Teatrının baş xormeysteri Nicat Məlikovun yanında oxumuşam, bunun hesabına teatrın rəngarəng opera repertuarı ilə tanış olmuşam. Xormeysterin işinə bir çox ixtisaslar daxildir - mən musiqi alətində ifa etməyi bacarmalıyam, geniş səs diapazonun olmalıdır, nəzəri cəhətdən savadlı, hərtərəfli bilik sahibi və psixoloq olmalıyam.

Yəni indi də mən öz peşəkarlığımı təkmilləşdirməkdə davam edirəm. Amma buna qədər mən böyük dirijor Niyazinin yanında məktəb keçmişəm, onun filarmoniyadakı məşqlərinə baxmışam. Dahi Fikrət Əmirovun özündən əsərlərini ifa edən zaman tövsiyələr almışam.

- Siz Bakı Musiqi Akademiyasının professorusunuz, xor dirijorluğu kafedrasının müdirisiniz, bu istiqamətdə hansı uğurlarınız var?

- Bəzi yetirmələrim mənimlə bir kafedrada işləyir, çoxu Azərbaycanın müxtəlif musiqi tədris müəssislərində dərs keçir. Mən musiqi məktəblərinin xor kollektivləri arasında Mədəniyyət Nazirliyi tərəfindən təşkil edilən və keçirilən müsabiqənin münsiflər heyətinin sədri olduğumdan, müşahidə aparıram və görürəm ki, ölkəmizdə uşaqların musiqi uğurları yüksəlişdədir. Konservatoriyanın opera studiyasında tələbə xoru ilə işləyən zaman mənim imkanlarımı görən Fərhad Bədəlbəylinin tövsiyəsi ilə 1996-cı ildə Polad Bülbüloğlu məni dövlət kapellasının rəhbəri təyin etdi.

- Azərbaycanın Dövlət Xor Kapellası Avropanın bir çox şəhərlərində uğur qazanıb; İspaniyada, Gürcüstanda və başqa ölkələrdə keçirilmiş unudulmaz xor axşamlarında qədirbilən musiqisevərlərin xatirəsində iz buraxıb...

- Gerçəkdən, İspaniyada Azərbaycandan gəlmiş xorun fantastik çıxışından bəhs edirdilər, orada bilet çatışmadığından, insanlar küçədə dayanıb konserti dinləyirdilər. Tam anşlaq idi, ifa sürəkli alqışlarla müşayiət olunurdu.

Biz Gürcüstanın Qori şəhərində də konsert vermişik, orada xor kollektivlərinin beynəlxalq festivalı keçirilirdi. Biz dünya və Azərbaycan klassikasının ən yaxşı nümunələri ilə yanaşı, folklor və muğam da ifa elədik. Zal şokda idi və biz ən yaxşı sayıldıq.

Bizi iki dəfə də Moskvaya beynəlxalq xor festivalına dəvət ediblər. Təəssüf ki, az-az çıxırıq, halbuki, biz bütün dünyanı fəth etməyə qadirik. Nümayiş etdirməyə çox zəngin repertuarımız var.

Rusiyanın dünyada tanınmış dirijoru Vladimir Verbitski bizim kapella ilə birlikdə Sergey Prokofyevin möhtəşəm «Çar İvan Qroznı» oratoriyasını ifa edib və xorun yüksək peşəkarlıq səviyyəsini xüsusi qeyd edib. Dahi bəstəkar Qara Qarayevin oğlu, bəstəkar Fərəc Qarayev isə novator «Kənar şəxs» operasını bizim filarmoniyanın səhnəsində tamaşaya qoyan zaman dedi ki, biz Avropa səviyyəsində yox, çox yaxşı Avropa səviyyəsində ifa edirik.

- 1990-cı illərdə bir çox musiqiçilər xaricdə işlməyə getdilər. Bu məsələ ilə bağlı sizin fikriniz necədir?

- Mən də işləmək üçün başqa ölkələrə gedə biləcək musiqiçilərdən idim, amma hesab etdim ki, Vətəndə qalıb kadrlar yetişdirmək lazımdır.

- Yüksək peşəkarlıq səviyyəsi necə qazanılır?

- Bu cür böyük kollektivlə işləmək çətindir, hər bir artistə fərdi yanaşmaq, vacib olan sözü demək, xoru çıxışqabağı ruhlandırmaq lazımdır. Məşqlərlə yanaşı, ifa edilən proqramdan asılı olaraq bu və ya başqa çıxış zamanı xorun əhvalı xüsusi rola malikdir. Müxtəlif janrlı əsərlərin yüksək peşəkarlıqla ifası üçün xoru ruhlandırmaq çox vacibdir. Bunun üçün kapellanın hər bir ifaçısının, həmçinin bütünlükdə kollektivin imkanlarını bilmək lazımdır. Çünki həssas, xüsusilə də kövrək olan vokalçılara incə yanaşma tələb olunur. 

- İlk baxışda siz güclü, arxasınca kütlələri aparmağa qadir iradəli adam təsiri bağışlayırsınız...

- Lider keyfiyyəti olmadan bizim işimiz mümkün deyil.

- Məlumdur ki, siz insanları toplayıb öz iradənizi onlara qəbul elətdirməklə yanaşı, onlarda özünə inam hissi də aşılamağı bacarırsınız. Önəmli konsertlər öncəsi bu, çox vacibdir. İfaçıları kapella üçün necə seçirsiniz?

- Onların mütləq musiqi təhsili olmalıdır. Səsi dinləmək üçün, bir növ, imtahan təşkil edirəm.

- Necə düşünürsünüz, Azərbaycan üçün uşaq xor kapellası təşkil etmək yaxşı olardımı?

- Belə bir kollektiv Uşaq Filarmoniyasında indi var və ona əməkdar incəsənət xadimi Dilarə Əliyeva rəhbərlik edir. Azərbaycan kapellasının əlli illiyi yaxınlaşır və buna ciddi hazırlaşmaq lazımdır. Düzdür, biz həmişə konsert üçün formada oluruq, hər gün məşq edirik, amma bəzən bayram və istirahət günlərimiz də olur.

- Sizə uğurlar və əla yubiley arzulayırıq!



MƏSLƏHƏT GÖR:

394