18 Aprel 2024

Cümə axşamı, 05:12

BƏLƏDÇİ ÜÇÜN BƏLƏDÇİ

Azərbaycanda ekskursiya mütəxəssislərinə kəskin ehtiyac duyulur

Müəllif:

01.12.2016

Bu gün Azərbaycanda turizmin aktiv sahələrdən birinə çevrildiyi və yeni səviyyəyə çıxdığı bir zamanda, bələdçilərin və ekskursiya rəhbərlərinin peşəkarlığı məsələsi həyati vacib önəm qazanır. Axı ölkənin təqdimatı, onun görməli yerlərinin, tarixinin, mədəniyyətinin və dəyərlərinin tanıdılması missiyası onların öhdəsinə düşür. Azərbaycan dünya tarixində böyük etnik mədəniyyət sayılır və onun qonaqlara savadlı təqdimi ölkənin imicinin yüksəldilməsi üzrə işin vacib hissələrindən biridir.

Əgər Azərbaycanın paytaxtı Bakı və onun sakinləri bu imicin «sifətidirsə», bakılılara və qonaqlara onun görməli yerlərini tanıdan bələdçilər və ekskursiya rəhbərləri şəhərin öz qonaqları ilə danışdığı səsidirlər.

 

Bələdçi və ya ekskursiya rəhbəri

"Bələdçi" və "ekskursiya rəhbəri" - bu sözlər tez-tez sinonim kimi işlədilir, amma onların istifadə təcrübəsindən yaranmış bir sıra məna fərqləri var. Çox vaxt «ekskursiya rəhbəri» deyəndə, biz muzeydə ekskursiyalar aparan mütəxəssisləri başa düşürük. «Bələdçi» isə turizm firmalarında müqavilə ilə işləyən, müxtəlif növ (gəzinti, muzeylər və abidələr üzrə) ekskursiyalar keçirən insandır. Bələdçilər turist qrupu ilə daha çox vaxt keçirir və adətən, bütün turboyu onları müşayiət edirlər.

Nəzəri cəhətdən isə «bələdçi» və «ekskursiya rəhbəri» ixtisasları elə də ciddi fərqlənməli deyillər. Amma çox vaxt bir neçə tur gerçəkləşdirən bələdçilər daha hazırlıqlı və daha geniş dünyagörüşünə malik olurlar. Ekskursiya rəhbəri isə hansısa konkret məsələ, dövr, əsr və ya abidələr, eksponatlar qrupu üzrə mütəxəssis olur. Bələdçi -tərcüməçilərin və ekskursiya rəhbərlərinin ixtisas səviyyəsinə turizm üçün cəlbedici olan iri şəhərlərdə fəal şəkildə yaradılan şəhər turizm-informasiya mərkəzləri nəzarət etməlidirlər. Bələdçinin və ya ekskursiya rəhbərinin ixtisas səviyyəsini təsdiq edən müəyyən sənəd formasını da onlar verirlər.

Bələdçinin öz işini sevməli olduğunu deməyə ehtiyac yoxdur. Üstəlik, o, Vətənə böyük sevgi hiss etməli, daim özünü təkmilləşdirməli, yeniliklərə meyilli olmalı, öyrəndiklərini daimi bölüşmyəə çalışmalı, öz ölkəsini fəal təbliğ etməli, qəlbindəki Vətən sevgisinin qığılcımını kənar müşahidəçilərin qəlbində də oyatmalıdır. Boş yerə demirlər ki, evinizə gəlmiş qonağı sevgi ilə qarşılasanız, özü ilə sevgi aparacaq, nifrətlə qarşılasanız özü ilə nifrət aparacaq.

Kommersiya baxımından turların təşkili yaxşı biznesdir, amma bu biznes heç zaman bələdçinin işinin əsas qayəsinə zidd olmamalıdır, axı bələdçidən ötrü Vətənin imici maddi gəlirdən daha önəmlidir.

 

Başaldadan avtobus

Həqiqətdə isə biz bu sahədə idealdan çox uzağıq. Memarlar İttifaqı sədrinin müavini, sənətşünaslıq doktoru, memar Elçin Əliyev görün nə deyir: "Bakıda Estoniyadan olan həmkarlarla «Baku City Tour Bus» ekskursiya avtobusu ilə gəzirdik. Mən öz şəhərim barədə çox yeni şey öyrəndim. Hansısa səs qulaqcıqda Azərbaycan dilində iddia edirdi ki, Ali Məhkəmənin Yusif Səfərov küçəsindəki binası gözəlliyinə görə, Bakının «ikinci» binasıdır. Bunu nəyin əsasında iddia edirlər? Nə vaxt belə bir seçim olub? Abidələr, onların sahibləri və müəllifləri barədə bir xeyli səhvlər buraxan audio -bələdçi Puşkin adına bağın yanından keçəndə nədənsə A.S.Puşkinin heykəlinin müəlliflərindən - ata və oğul Yuri və Qriqori Orexovlardan danışır, Hökumət Evinə yaxınlaşdıqda isə memar Lev Rudnevin adını çəkir, Dağüstü parkın yanından keçəndə Lev İlyinin yaradıcılığı barədə müfəssəl məlumat verir, Bakı Şəhər İcra Hakimiyyətinin binasının yanında İosif Qoslavskidən, «Flame Towers» kompleksiin müəllifi Barri Hyuzdan, Heydər Əliyev Mərkəzinin müəllifi Zaha Hadiddən danışır. Belə bir rəy yaradılır ki, Bakının memarlığını xaricilər yaradıb və bu gün də yaratmaqdadırlar. Həm də ekskursiya rəhbərinin səsi inamla bildirir ki, mənim doğma şəhərimin memarlığının inkişafında cəmi üç dövr olub: orta əsrlər, birinci neft bumu dövrü və müstəqillikdən sonrakı dövr. Belə çıxır ki, 1920 - 1990-cı illərdəki sovet dövründə Azərbaycanın memarlığı ümumiyyətlə olmayıb!".

Elçin Əliyevin sözlərinə görə, Azərbaycan Memarlar İttifaqı məsləhət görərdi ki, audio - bələdçinin turistlər üçün hekayəsinə bərpa edilmiş «Köhnə inturist»i (memar Aleksey Şusev), Əl Oyunları Sarayını (Faiq Yüzbaşev), «Gülistan» sarayını (Hafiz Əmirxanov), «Dinamo» idman cəmiyyəti sarayını (Konstantin Sençixin və Moisey Qusman) və çağdaş yaşayış binası «Gumush Plaza»nı (Rəhim Seyfi, Nazim Vəliyev və Ravil Baybekov) da salsınlar, özü də avtobusun marşrutu bu binaların yanından keçir.

«Niyə «Trump Tower»dən danışan zaman demirlər ki, layihənin müəllifi Azərbaycan memarı Toğrul Ruslanoğludur? Niyə Ali Məhkəmənin binasını tərifləyən zaman memar Vüqar Həsənovun adını çəkmirlər? Yəni tura Nəriman İmaməliyevin çağdaş parlaq memarlığını, İlqar Bəylərovun ciddi binalarını, Aleksandr Qarberin, Kamal Musaxanovun, Yevgeni Kiryaşovun, Abdulla Hüseynovun, Cahangir Axundovun, İlqar İsbatovun, Famil Ağayevin, Nizami Qasımzadənin binalarını salmaq olmazmı? Axı onlar gəlmə deyillər, bizim doğma Azərbaycan memarlarıdır, onların işi ilə fəxr edirik!» - deyə «R+»un müsahibi bildirib.

Sənətşünaslıq doktorunu mətnin oxunması zamanı buraxılmış elementar səhvlər də əsəbiləşdirib. «Biz bütün dünyada məşhur olan memar Zaha Hadidin layihələndirdiyi Heydər Əliyev Mərkəzinin yanından keçəndə naməlum müəllif onun adını doğru səsləndirmədi - Zaha Haddi dedi. Heydər Əliyev Mərkəzini postmodernizmə, Hacınskinin evini indiyə kimi naməlum olan «bosko modern» üslubüna aid etdi. «Trump Tower»i «stilist futurizm» üslübünda Trump Toverə çevirdi. Yeni Bulvardakı müşahidə çarxı "Şeytan çarxı" kimi səsləndirildi, keçmiş qızlar məktəbinin memar Mustafayev tərəfindən layihələndirilmiş binası nədənsə Konstantin Sençixinin binasına çevrildi (özü də Şençixin kimi səsləndirildi)", - deyə memar gileylənir.

Onun fikrincə, ən xoşa gəlməyəni Bakı şəhərinin «təpə» mənasını verən türk sözündən yarandığının iddia edilməsidir. «Bu, səhvlər mənasız və gülməli görünür, amma reallıqda isə məsələ çox ciddidir. Axı bu səs bizim şəhəri xarici qonaqlara təqdim edir», - deyə müsahibmiz vurğulayır.

Mədəniyyət və Turizm Nazirliyinin turizm departamentinin avtobus turlarını təşkil edən Bakı turizm-informasiya mərkəzində audio bələdçinin səhvlərini şərh etmək istəmədilər, amma yaxın zamanlarda məsələnin həlli üçün səhvlərin siyahısını göndərməyi xahiş etdilər.

 

Bələdçi - fəxr edilməli söz

Elçin Əliyevin sözlərində Azərbaycan memarlığının arxa plana keçirilməsi ilə bağlı haqlı giley var. Mütəxəssis tərəfindən qaldırılmış problem göründüyündən də dərindir. Ekskursiya rəhbəri Lalə Hüseynova qeyd edir ki, bələdçi işi sadə deyil. Şəhər barədə bir sıra tarixi və coğrafi faktları bilmək burda yetərli deyil. Həm də bir çox başqa keyfiyyətlərə - dözümə, səbrə, hazırcavablığa , yumor hissinə, öz şəhərinə və işinə sevgiyə malik olmalısan. Bu, şəksiz ki, tamaşaçıları maraqlandırmaqda yardımçı olur.

O qeyd edib ki, onda bələdçi işinə maraq məşhur həvəskar tarixçi Fuad Axunlovun ekskursiyaları yaradıb, daha sonra o, Fuadın ekskursiyalarını təşkil etməyə başlayıb, ən sonda isə həyatını bütünlüklə bələdçi işinə həsr edib: «Əlbəttə, müəyyən qədər mən Fuad bəyin işlərinə əsaslanıram, amma çox şeydə də özümü təsdiq etməyə çalışıram».

Bu məsələdə ona həyati və peşə təcrübəsi də yardım edib: «Mən ixtisasca sosioloqam, çox sayda komersiya və qeyri-kommersiya təşkilatlarında, neft sahəsində işləmişəm. Bütün bunlar mənə "trenddə" və kursda olmağa, məsələn, regionların inkişaf və ya çağdaş layihələr barədə məlumatlı olmağa imkan verdi. Mən həm də Bakı ilə bağlı araşdırma layihələrində iştirak etmişəm və müəyyən biliklərə malikəm. Öz məntiqi yanaşmam formalaşıb. Şəxsi təcrübəm başqa yanaşma yaradır; mən düşünürəm ki, Bakı multikultural, polietnik şəhərdir və həmişə belə olub".

Lalə xanımın sözlərinə görə, turistlər müxtəlif cür olur, onalar əsasən şəhərin tarixi, İçərişəhərlə maraqlanırlar. Bununla yanaşı həm Rusiya, həm də keçmiş Sovet İttifaqına səyahətə çıxmış qərb turistlərini həm də ölkənin, onun sakinlərinin indiki həyatı maraqlandırır. Buna görə, yuxarıda deyildiyi kimi, Bakıda bu gün baş verən hər şeyin trendində olmaq lazımdır.

Lalə xanımın sözlərinə görə, bələdçi işində öz üslubun, maraqlı detalın olmalıdır, bu, dinləyicilərə darıxmağa imkan verməməklə yanaşı, həmin bələdçini fərqləndirən nişanəyə çevrilir.

 

Peşəkar bələdçilər çatışmır

Artıq çox illər boyunca işləyən peşəkar bələdçilərlə yanaşı, hələ sovet illərindən şəhərin tarixi ilə yaxından tanış olmayan, öz işinə yetirəncə laqeyid yanaşan, sərişitəsiz «zorən» bələdçilər də çoxdur. «Son illər Azərbaycan turizmində yüksəliş yaşanır. Bu yaxınlarda bura çox sayda ərəb gəlmişdi, Rusiyadan çox sayda qonaqlar olur. Buna görə də hazırda bizdə bələdçi və ekskursiya rəhbəri çatışamzlığı müşahidə edilir», - deyə Lalə xanım vurğulayır.

Yeri gəlmişkən, turistlərin çoxu şəhərə gələn zaman artıq onun tarixi, mədəniyyəti, görməli yerləri barədə məlumatlı olurlar, buna görə də ekskursiyanı şəbəkədən necə gəldi götürülmüş məlumtlarla aparmaq alınmır.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinin təmsilçisi Günel Aslanova «R+»a bildirib ki, Turizm və Menecment İnstitutunun yanında bələdçi ixtisası üzrə üçayılıq kurslar təşkil edilir. Bu kursları keçmiş müdavimlər imtahan verirlər və səriştələrinin səviyyəsi meyarı kimi sertifikat alırlar. Amma gerçəklikdə qeyri-peşəkar bələdçidən sığorta olunmaq elə də sadə iş deyil.

Günel xanım deyir ki, sertifikatı olmayan bələdçilərin fəaliyyəti qanunsuz sayılsa da, indiyə kimi ixtisassız və ya sertifikasız xidmətə görə hər hansısa məsuliyyəti nəzərdə tutan qanun qəbul edilməyib.

Azərbaycanın turizm üçün cəlbediciliyi mümkün olan hər yerdə bəyan edilir. Amma indi turizm agentliklərinin əksəriyyəti xarici turizmə, yəni bizim turistlərin xaricə getməsinə istiqamətləniblər. Daxili turlar əsasən yerli istehlakçıya hesablanıb, ingilis dilində Azərbaycan rayonlarının gözəlliyini vəsf edən buklet və ya flayer tapmaq çox çətindir.

Hər nə olur-olsun, bu məqalədə biz heç də çox sayda peşəkar bələdçilərin zəhmətini yerə vurmaq niyyətində deyilik. Biz yalnız diqqəti ona yönəltmək istəyirik ki, bələdçi və ekskursiya rəhbərlərinin işi ciddi nəzarət tələb edir. Axı məsələ Azərbaycanın mədəniyyəti və tarixi ilə, ölkəmizin dünya səviyyəsində imici və Vətənə olan diqqətimizin ölçüsü olan sevgi ilə bağlıdır!



MƏSLƏHƏT GÖR:

518