20 Aprel 2024

Şənbə, 01:48

“AMCHAM”ın «AĞ KİTAB»ı

Xarici sərmayəçilər Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması üzrə tövsiyələr təqdim ediblər

Müəllif:

01.12.2016

Azərbaycan iqtisadiyyatına yeni nəfəs verəcək irimiqyaslı islahatlar prosesinin  ən qızğın çağıdır.

Söhbət  neftdənkənar sahənin ayrı-ayrı sektorlarının, o cümlədən pambıqçılığın, ipəkçiliyin, heyvandarlığın  inkişafından, azad iqtisadi zonaların yaradılmasından, ixrac yönümlü məhsulların istehsalının dəstəklənməsi üçün verilən praktiki qərarlardan, həmçinin ölkə iqtisadiyyatının əsas inkişaf istiqamətlərini müəyyən edəcək «yol xəritəsi»nin  işlənməsindən gedir.

Bu məsələdə birbaşa sahibkarların mövqeyini bilmək çox maraqlıdır, çünki onlar işgüzar mühitin təkmilləşdirilməsi üçün öz təcrübələri əsasında təkliflər irəli sürə bilərlər.

Bu sahədə nüfuzlu təşkilatlardan biri Azərbaycandakı Amerika Ticarət  Palatasıdır (AMCHAM) və o, iki ildə bir dəfə biznes mühitinin yaxşılaşdırılması barədə tövsiyələr  hazırlayır. «Ağ kitab»ın bu günlərdə təqdim edilmiş  «Azərbaycanda biznes mühitinin təkmilləşdirilməsi üzrə müşahidələr və tövsiyələr» adlı 6-cı nəşri aparılan islahatlar fonunda çox aktualdır.  Qeyd edək ki, “AMCHAM” ölkəyə qoyulan xarici sərmayənin 80%-dən çoxunu yatırmış 270 şirkəti birləşdirir.

«Özlə sektor və biznes mühiti  barədə görüşləri hökumətə çatdırmaq çox vacibdir.  Bu, nəzərə alındğından, «Ağ kitab»ın yeni nəşri hökumət tərəfindən iqtisadiyyatın müxtəlif sektorlarının möhkəmləndirilməsi üçün atılan müsbət addımları, həmçinin  biznes mühitinin inkişafı üçün həll edilməsi vacib olan məsələləri əks etdirir»,- deyə Azərbaycandakı Amerika Ticarət Palatasının icraçı direktoru  Natəvan Məmmədova  bildirib.

 

Müzakirələrdən həqiqət doğulur

O cümlədən, “AMCHAM” Azərbaycan hökumətini açıqlığa böyük diqqət yetirməyə və aparılan siyasəti cəmiyyətin bütün laylarına çatdırmağa çağırır. Palatanın tövsiyələrindən biri qəbul edilən yeni qanun və qərarların məğzi və məqsədləri barədə aydın məlumatın verilməsidir ki, dövlət aparatının yuxarı heyəti tərəfindən KİV vasitəsilə geniş kütlələrə anlaşılan dildə  izah  edilə bilər.

Əsas problemlərin müzakirəsi üçün həm yerli, həm də beynəlxalq ekspertlərin iştrakı ilə «dəyirmi masa”ların keçirilməsi tövsiyə edilir. “AMCHAM”,  həmçinin tövsiyə edir ki, məmurların açıqlamaları ilə sonrakı əməlləri arasında son iki ildə müşahidə olunan təzadlar ləğv edilsin.

Vətəndaşlardan ötrü onları narahat edən sualları hakimiyyət  təmsilçilərinə birbaşa vermək imkanının yaradılması üçün interaktiv forumların keçirilməsi də faydalı ola bilər. Bu təklif, yeri gəlmişkən, Azərbaycanda fəal şəkildə  inkişaf etdirilməkdədir, çünki ayrı-ayrı nazirliklərin rəhbərləri regionlarda vətəndaşları qəbul edir, onların müxtəlif problemlərini  yoluna  qoyur. Bu praktikanın genişləndirilməsi aparılan islahatlar barədə ictimaiyyətin yetərincə məlumatlı  olmasına kömək edə bilər.

 

Qanunvericilik  təşəbbüsü

"Ağ kitab"da qeyd edilir ki, Azərbaycanın biznes ictimaiyyəti qanunvericilik prosesinə ən son mərhələdə qoşulur. Bununla bağlı “AMCHAM” hesab edir ki, biznes ictimaiyyəti qanunvericilik prosesinə vaxtında qoşulmalıdır və işlənən yeni qanun layihələri ilə bağlı tövsiyələrini işlənmə və ya ilkin müzakirə mərhələsində  verməlidir. Bəzi hallarda bu, qanun layihəsinin yekun variantını köklü surətdə yaxşılaşdıra  bilər.

Erkən  mərhələdə qanunvericilik səviyyəsində  problemlərin analizi çox zaman beynəlxalq  şirkətlərin qabaqcıl  dünya təcrübəsindən istifadə etməsinə və gerçəkləşdirmə zamanı qarşılaşıla biləcəkləri  çətinlikləri  müəyyənləşdirməyə imkan yaradacaq.  Bundan başqa, erkən məlumatlandırma halında biznes hökumətin yeni istiqamətlərinə daha sürətlə uuyğunlaşa bilər.

“AMCHAM”da vurğulayıblar ki, son zamanlar işgüzar dairələrin qanunvericilik proseslərinə cəlb edilməsi üzrə gözəçarpacaq  irəliləmələr müşahidə edilir, amma bəzi hallarda  dialoqu bir qədər erkən mərhələlərdə başlamaq daha yararlı ola bilərdi.

 

Bank  bölməsi

Milli valyutanın durumu və bank sistemində vəziyyət xarici  işgüzar dairələrin diqqətindən kənarda qala bilməzdi. Milli valyutanın devalvasiyasından ən çox məhz bank sektoru zərər gördü. Bankların müştəriləri öz əmanətlərini dollara çevirdilər, bununla da bankların, xüsusilə də xarici valyutada olan kreditləri qaytarmaq imkanlarını  zəiflətdilər.

“AMCHAM”ın təklifləri sırasında təkrar kreditləşdirmə üçün dollar kreditlərini milli valyutaya keçirmək üçün alətlərin işlənməsi də var. Biznesin dayanıqlılığının  təyin edilməsi məqsədi ilə korporativ müştərilərə dövriyyə kapitalı üçün kredit xətti təqdim edilməsi tələb olunur. Kiçik və orta sahibkarlığın dəstəklənməsi  üçün uzunmüddətli maliyyələşdirmənin təmin edilməsi  vacibdir. Tələbatın və real iqtisadiyyatın dəstəklənməsi üçün milli valyutada  istehlak kreditləşdirməsini davam etdirmək  lazımdır.

Bununla yanaşı, Azərbaycanda bank sisteminin kreditləşdirmə mexanizmi və məhkəmə sistemi vasitəsilə borcların yığılması arasında önəmli səviyyədə  fərq  var. Azərbaycanda kreditləşdirmə  beynəlxalq praktikaya uyğun gəlsə də (kreditlər cəmi bir həftə içində rəsmiləşdirilsə də), bank kreditləri üzrə məhkəmə işlərinə baxılması bir ilə qədər uzana  bilir.

Bununla bağlı olaraq “AMCHAM”  kredit işləri üzrə məhkəmə prosesinin 15 günə qədər azaldılması üzrə tövsiyələr işləyib. Bildirişlərin və məhkəmə qərarlarının çatdırılması üçün tələb olunan zamana qənaət üçün elektron poçtdan və kuryerlərdən istifadə etmək tövsiyə olunur ki, bu da bütünlükdə elektron hökumətin  inkişafı planlarına uyğun gəlir. Həmçinin ixtisaslaşdırımış məhkəmələrin yaradılması tövsiyə olunur (intellektual mülkiyyət, vergi mübahisələri, konkret xarici sərmayələr və s. üzrə).

 

Xarici  sərmayələrin cəlbi

Azərbaycan hökuməti neft-qaz sektoruna birbaşa xarici sərmayələr cəlbi məsələsində yetərli qədər uğur qazanıb. Qeyri-neft sektorunun inkişafına ayrılan diqqət nəzərə alınarsa, məhz bu sahəyə xarici sərmayələrin cəlbi üzrə səyləri fəallaşdırmaq lazımdır.

“AMCHAM” dövlət orqanları ilə xarici sərmayəçilər arasında bütün operativ məsələlərin həlli üçün Azərbaycan Prezidentinə birbaşa tabe olan (ASAN xidmətə analoji və ya onun yanında) vahid agentlik yaradılmasını da tövsiyə edir. Agentliyin yardımı ilə bürokratik əngəllərin azaldılması Azərbaycanı iş dairələri üçün daha əlverişli yer kimi təqdim etməyə imkan yaradacaq.

Xarici sərmayəçilər üçün daha önəmli məqamlardan biri  də müəyyən müddətə «zəmanətli» vergi rejimi yaratmaq ola bilər (neft sektorunda tətbiq edilən Hasilatın Pay Bölgüsü (PSA) sazişi kimi). Ən nəhayət  isə, Azərbaycanda beynəlxalq təcrübənin daha uğurlu istifadəsi nazirliklərlə və tənzimləyici orqanlarla dövlətə məxsus şirkətlər arasında səlahiyyətlərin bölünməsi  ilə təmin edilə bilər.

“AMCHAM”ın təklifləri, şəksiz  ki, Azərbaycan hökumətinin diqqətini cəlb edəcək,  çünki biznes mühitinin yaxşılaşdırılması naminə artıq neçə illərdir ki, Azərbaycan bazarında işləyən şirkətlərin səmərəli töhfəsindən yararlanmaq çox önəmlidir. Bütün bunlar hökumətin səyləri ilə birlikdə ölkədəki sərmayə  mühitini həm yerli, həm də xarici şirkətlər üçün çox təkmilləşdirə bilər.


MƏSLƏHƏT GÖR:

474