28 Mart 2024

Cümə axşamı, 22:45

MÜFLİSLİKDƏN QAÇMAQ

Maliyyə Bazarlarına Nəzarət Palatası Azərbaycanda bank risklərinin qarşısının aplınması üçün yeni mexanizmlər hazıralyır

Müəllif:

01.12.2016

Başa çatmaqda olan 2016-cı ildə Azərbaycanda növbəti bank «sensasiya»sının yaşanmadığı elə bir ay olmadı. Ümumiyyətlə, manatın keçən ilin dekabrında baş vermiş devalvasiyasından sonra, bank sektoru əsaslı şəkildə laxladı, amma müəyyən qədər də dayanıqlılığını qorumağı bacardı.

"Bank sisteminin neftdənkənar dövrdə inkişafı: çağırış və perspektivlər" forumunda Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının başçısı Rüfət Aslanlı bildirib ki, Azərbaycan əhalisinin bank əmanətlərinin həcmi oktyabr ayında da azalmaqda davam edib. «Palata bu azalmanın səbəblərini aydınlaşdırmağa çalışır ki, bu, hansı səbəblə - yenə də əhalinin banklara etibarının azalması ilə, yoxsa gəlirlərin azalması şəraitində əhalinin vəsaitləri yığıma yox, əsasən istehlaka yönəltməsi ilə bağlıdır?» - deyə o vurğulayıb.

İl ərzində bütünlükdə bank sektoru üzrə bir neçə mənfi meyil müşahidə edilib. Birincisi, ümumi kredit portfelində problemli kreitlərin payı artıb. Bunun əsas səbəbləri arasında kredit götürənlərin ödəniş qabiliyyətinin aşağı düşməsi və devalvasiya fonunda manat ekvivalentində bank faizlərinin artması olub. Bunun ardınca baş vermiş dollarlaşma nəticəsində bankların balansında valyuta kəsri yarandı ki, bu da birbaşa bankların zərərinə çevrildi. Qeyd etmək lazımdır ki, dollar depozitlərinin həcmi depozit bazasının 80%-nə çatdı və özü də yetirəncə məhdudlaşdı. Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatlarına görə, 1 oktyabr 2016-cı il tarixə əhalinin bank əmanətləri 7,8 mlrd. manat təşkil edib ki, bu ilin əvvəlində olan göstəricidən 17,5% azdır.

R.Aslanlı bildirib ki, əgər AMB vaxtında banklardan kapitalı 50 milyon manata qaldırmağı tələb etməsəydi və bu, onlar üçün “təhlükəsizlik yastığı” yaratmasaydı, bu gün sektorda daha pis mənzərə müşahidə edilərdi. Bununla yanaşı, banklar makroiqtisadi şoklara yüksək həssaslıq göstəriblər, problemli aktivlərin tənzimlənməsi və əməliyyat gəlirlərinin kapitalın artırılmasına generasiyası üçün effektiv mexanizmlərinin olmamasını nümayiş etdiriblər. R.Aslanlının fikrincə, məhz bu mənfi amillər indiki vəziyyətə gətirib. Ona görə də bu gün tənzimləyici, ilk növbədə, riskləri səmərəli idarə etməyi bacaran dayanıqlı maliyyə sektorunun yaradılması üzərində işləyir.

Onun fikrincə, bank sektoruna etibarın bərpasının ilk əlamətləri bu ilin iyun ayından müşahidə edilməyə başlanıb. «İyun-avqust aylarında əmanətlərin müəyyən dərəcə artması ilin əvvəlindən müşahidə edilən azalmanı kompensasiya etdi», - deyə R.Aslanlı vurğulayıb.

Bundan başqa, onun sözlərinə görə, palata problemli kreditlərin idarəetmə mexanizmləri üzərində işləyir, təkliflər hazırlayır və onları hökumətin iqtisadi bloku ilə müzakirə edir. «Problemli kreditlərin idarə edilməsi, onların sistemdən çıxarılması sahəsinə şəxsi təşəbbüslər, şəxsi sərmayələr üçün platforma yaradılacaq», - deyə R.Aslanlı bildirib.

Həmçinin məlum oldu ki, palata kommersiya banklarının kredit əməliyyatları zamanı mümkün itkilərinin qarşısının alınması üçün rezervləşdirmə tələblərinin artırılması niyyətindədir. Növbəti müflisləşmədən qaçmaq ilə yanaşı, bazarda kreditlər üçün daha dayanıqlı «təhlükəsizlik yastığı» vacibdir.

Sonuncuya gəldikdə isə palata sistem bankları üçün stress-testlər keçirib və aydın olub ki, onlar şoklara qarşı dayanıqlıdırlar. «Bu, ümid etməyə əsas verir ki, banklar 2017-ci ildə ölkənin fiskal və monetar siyasəti üçün əlavə yük yaratmayacaqlar. Bu zaman biz sistem bankları üçün xüsusi tənzimləyici nəzarət çərçivələri müəyyən etmişik», - deyə R. Aslanlı vurğulayıb.

Burada qeyd edək ki, Azərbaycan Beynəlxalq Bankının (ABB) özəlləşdirilməsinin başa çatdırılması da gələn ilə nəzərdə ututulub. Məhz bu bankın keyfiyyətsiz aktivlərinin nəhəng həcmi hesabına ölkənin bütün maliyyə sistemi zərər gördü. Bu yaxınlarda bəlli olub ki, ABB, demək olar ki, 10 milyard manata yaxın problemli aktivi «Aqrarkredit» QSC-yə ötürüb. Aktivlərin ötürülməsinin ikinci mərhələsini isə 2017-ci ilin birinci yarısında başa çatdırmaq planlaşdırılır. Bu, Prezident İlham Əliyev tərəfindən 15 iyul 2015-i il tarixdə imzalanmış «ABB-nin özəlləşdirməyə hazırlanması üçün bankın maliyyə mövqeyinin bərpası tədbirləri haqqında» fərmanı çərçivəsində gerçəkləşdirilir.

R.Aslanlının sözlərinə görə, ABB-nin özəlləşdirməsində həm yerli, həm də xarici sərmayəçilər iştirak edə bilərlər. "Bizim əsas məqsədimiz 2017-ci ilin birinci yarısına qədər bankın həcminin azalmasıdır. Sektorun aktivlərinin 40%-i ABB-nin payına düşür ki, bu da bank sektoru üçün təhlükədir. Buna görə, ABB-nin ölçülərini bank sistemini təhdid etməyəcək səviyyəyə salmaq lazımdır", - deyə o vurğulayır.

Yeni qərara görə, bundan sonra bankirlər öz səriştəsiz əməllərinə görə «başları» ilə cavab verəcəklər, bu, cinayət məsuliyyətinə qədər gedə bilər və bu məqsədlə xüsusi hüquqi platforma da hazırlanıb.

R.Aslanlı hesab edir ki, bütünlükdə bank sektorunun yenidən strukturlaşdırılması 2016-cı ilin sonlarına - 2017-ci ilin əvvəllərinə başa çatdırılacaq, palata lisenziyanın geri alınması və ya ləğvi ilə yanaşı, başqa alətlər də tətbiq edəck.

«Bəzi sistem bankları kapitallaşmanı bu ilin sonuna başa çatdırmaqla bağlı öhdəlik götürüblər. Bir sıra banklar artıq kapitallaşmanı başa çatdırıblar. Öz kapitallarını artırmağı bacarmayan bankların lisenziyası alınacaq", - deyə R.Aslanlı vurğulayıb.

Ümumiyyətlə, kapitalın artırılması tələbi təkcə banklara aid deyil. Aydın olub ki, palata Azərbaycan Əmanətlərin Sığortası Fondunun (ADIF) da kapitalının artırılması imkanlarını araşdırır. Yada salaq ki, ADIF ləğv edilmiş «Dekabank», «Kredobank», «Zaminbank», «Parabank», Qafqaz İnkişaf Bankı, «Atrabank»,» Bank of Azerbaijan», «Gandjabank», «Texnikabank» və «Bank Standard»ın əmanətçilərinə kompensasiya ödəyir. Bu cür böyük yük fond üçün çəkilməz olub və ona dövlət zəmanəti ilə AMB vəsaitlərindən kredit verilib.

Ancaq necə deyərlər, borc ödənəndə gözəldir, fond gec-tez krediti qaytarmalı olacaq. Amma belə məbləği toplamaq və bu zaman öz vəsaitlərinin olmasını təmin etmək üçün illər lazımdır. Özü də bazarın iştirakçıları azalıb və yumşaq desək, onların «artıq» pulları elə də çox deyil. Onillik fəaliyyəti ərzində ADIF yalnız 140 mln. manat toplaya bilib ki, bu, sığortalanmış əmanətlərin heç 10%-inə bərabər deyil.

Yada salaq ki, "Əmanətlərin tam sığortası haqqında" qanuna görə üç il ərzində əhalinin əmanətlərinin illik faiz dərəcəsi ADIF tərəfindən müəyyən edilmiş maksimum səviyyəni keçmirsə, əmanətin məbləğindən asılı olmayaraq sığorta ediləcək. Bazarda daha bir müflislik baş versə fond bunu bacaracaqmı? Yenə də AMB-dən kredit istəyəcəkmi? Onları necə qaytaracaq? Bu suallar hazırda əmanətçiləri narahat edir və onlara dəqiq cavab almadan sektora etibarı artırmaq mümkün deyil.

Məhz buna görə ADIF-in kapitalının artırılması üçün yeni mənbələrə ehtiyac var. R.Aslanlı bildirib ki, bu, restrukturizasiya edilmiş bank sektoruna və əhaliyə sığorta sisteminin öz öhdəliklərini yerinə yetirmək üçün yetərincə vəsaitə malik olması barədə dəqiq siqnal vermək üçün vacibdir.

"Başqa tərəfdən, biz fonda ödənişlərin riskə istiqamətlənmiş modelini tətiq etmək istəyirik. Biz bu modelin tətbiqi üçün hüquqi əsaslanma üzərində işləyirik", - deyə o vurğulayıb və əlavə edib ki, indən sonra dövlət bu cür proseslərdən kənara çəkilə bilər.

Palata başçısının KİV-lər tərəfindən o qədər də dəqiq şərh edilməmiş son sözləri bank müştəriləri arasında həqiqi ajiotaj yaradıb, onlar hesab ediblər ki, burada söhbət qısamüddətli planlardan gedir. Əslində ADIF-in kapitalının artırılması, bunun üçün sabit mənbələrin tapılması prosesi, böyük ehtimalla, yetərincə uzun çəkəcək. Son nəticədə, bu fondun da İpoteka Fondu kimi özünü təmin edən kommersiya qurumu olması niyyəti onun fəaliyyətinin ilk başlanğıcından məlum idi. Amma bu, yalnız onun ehtiyatlarla doldurulmasına real və möhkəm zəmanət əldə etdikdən sonra mümkün olacaq.

Yuxarıda sadalananlardan da görünür ki, bu gün həm tənzimləyici, həm də banklar özləri əmanətçilərin etibarını yenidən qazanmağa və müştəri bazasını artırmağa çalışmalıdır, amma təəsüf ki, indiki şəraitdə bu elə də asan deyil.


MƏSLƏHƏT GÖR:

401