24 Aprel 2024

Çərşənbə, 10:50

KREML İLƏ ATLANTİKA ARASINDA

Bolqarıstan və Moldovada keçirilən prezident seçkiləri müasir Avropa geosiyasətinin mahiyyətini ortaya qoydu

Müəllif:

01.12.2016

Bolqarıstanda və Moldovada prezident seçkiləri qlobal geosiyasətin təsiri altında keçib. Hər iki ölkədə hakimiyyətə istər vətənində, istərsə də Avropada rusiyapərəst siyasətçilər kimi tanınan solçu liderlər gəlib. Bəs bu Şərqi Avropa regionunun real olaraq Atlantik strategiyadan uzaqlaşacağı anlamına gəlirmi?

Həm Bolqarıstanda, həm də Moldovadakı Prezident seçkilərində Rusiya ilə münasibətlərin yaxşılaşdırılmasını vacib sayan sol-mərkəzçi namizədlər qələbə qazanıb. Moldovada sabiq Baş nazir İqor Dodon qalib gəlib. O, seçkinin ikinci turunda 55% səslə sağçı Fəaliyyət və Həmrəylik Partiyasının namizədi, Dünya Bankının sabiq məmuru, 44% səs toplamış Mayya Sandunu üstələyib.

Bolqarıstanda isə dövlət başçısı postuna seçkini HHQ-nin sabiq komandanı, general-mayor Rumen Radev qazanıb. O, ilk turda əsas rəqibi, parlamentin sədri, «Vətəndaşlar Bolqarıstanın Avropa inkişafı uğrunda» partiyasının lideri Tsetska Tsaçevanı cəmi 3% səslə üstələmişdisə, ikinci turda daha inamlı qələbə qazanıb - bu mərhələdə seçicilərin, təxminən, 60%-i Radevə səs verib.

Moldovanın yeni seçilmiş Prezidenti İqor Dodon qələbədən dərhal sonra Rusiya ilə strateji tərəfdaşlığı bərpa etmək niyyətini bəyan edib. Onun separatçı Dnestryanı bölgə ilə dialoqun vacibliyi haqqında dediklərini, Moldova ilə Rumıniyanın birləşməsinə müsbət yanaşan təşkilatların fəaliyyətinə qadağa qoyulması təşəbbüsünü və Kişinyovun xarici siyasətinin əsasında neytrallıq prinsipinin dayanmalı olduğuna dair fikirlərini məhz bu konteksdə qiymətləndirmək lazımdır. Üstəlik, Dodon prezident kimi ilk səfərini məhz Moskvaya etmək niyyətindədir.

Rusiya Prezidenti Vladimir Putin də deyəsən, Dodonun qələbəsindən məmnundur. Çünki bu nəticə, əslində, Moldovada seçicilərin əksəriyyətinin «ölkədə sosial-iqtisadi sabitliyin əldə edilməsi, xarici siyasi prioritetlərin balanslı qurulmasına» tərəfdar olduğunu göstərib.

Bolqarıstan sosialistlərinin namizədi, general-mayor Rumen Radev də ölkənin avropalaşdırılmasına tərəfdar sağçılardan fərqli olaraq, seçkiqabağı kampaniya zamanı milli dəyərlərin qorunub-saxlanılmasının, ümum-Avropa siyasətində xalqın maraqlarına əməl olunmasının vacibliyini bildirirdi.

Qaliblərin mövqeyindəki bu məqamların xüsusi qabardılması heç də təsadüf deyil. İstər Bolqarıstanda, istərsə də Moldovada seçicilər hakimiyyətin korrupsiyalaşmasından narazıdır. Onlar xüsusilə ölkədə sosialist sisteminin dağılmasından sonra bu halın daha da artmasına, üstəlik, ölkələrinin bir çox Qərb dövlətlərindən geri qalmasına etiraz edirlər; məsələn, İqor Dodon hesab edir ki, son illərdə ölkənin Avropa İttifaqına üzv olmasını istəyən Moldova vətəndaşlarının sayının iki dəfə azalmasına səbəb, Qərbdən olan kuratorların geosiyasi məqsədlər üzündən korrupsiyalaşmış yerli elitanı dəstəkləməsidir. Doğrudan da, Moldovada sosialist namizədin qələbəsini şərtləndirən amillər arasında 2015-ci ilin sonunda ölkənin 3 iri bankından 1 milyard dolların ofşorlara yönəldilməsi ilə bağlı qalmaqal da var. O zaman banklardan vəsaitin oğurlanmasına görə, günahkarlar arasında Moldovanın həmin dövrdəki Baş naziri, Liberal-Demokrat Partiyasının lideri Vladimir Filatın da adı çəkilirdi. O, məhz bu səbəbdən, 9 il müddətinə azadlıqdan məhrum edilib.

Bolqarıstanda isə insanlar Avropa instansiyalarının bolqarların yaşam şəraitinin tezliklə yaxşılaşacağına dair vədlərindən bezib. Bolqarıstanın Aİ-yə üzv olması ilə ölkəyə rifah əvəzinə yoxsulluq və korrupsiya gəlib. Bu, gənclərin ölkəni kütləvi şəkildə tərk etməsinə yol açıb.

İtaliyanın «La Repubblica» qəzeti yazır ki, istər Bolqarıstanda, istərsə də Moldovada «xalqın korrupsiyanın dağıdıcı nəticələrindən, yoxsulluqdan bezməsi» açıq Rusiyapərəst mövqe nümayiş etdirən, Putinlə dost olan liderlərin populyarlığını artırıb. Bu da «Aİ və NATO, ümumiyyətlə, bütünlükdə Qərb üçün ciddi sarsıntıdır».

Qərbin Ukrayna hadisələrinin ardından antirusiya sanksiyaları tətbiq etməsindən sonra hər iki dunayətrafı respublikada iqtisadi böhran daha da güclənib. Məhz bu sanksiyalar üzündən Bolqarıstanla Moldova kənd təsərrüfatı məhsullarının əsas satış bazarı olan Rusiyanı itirib. Rusiyanın Moldovadan kənd təsərrüfatı məhsullarının idxalına qadağa qoyması bu respublikaya xüsüsilə ciddi zərbə olub. Buna səbəb Kişinyovun Aİ ilə assosiativ saziş imzalamasıdır. Odur ki, İqor Dodon Rusiyaya ixracın bərpasını qarşısına məqsəd qoyub.

Bolqarıstana gəlincə, «Cənub axını» strateji qaz kəmərinin bu ölkənin ərazisindən keçəcəyinə olan ümidlərin iflasa uğramasını bolqarlar üçün ciddi zərbə saymaq olar. Ölkənin keçmiş rəhbərliyinin bu layihədən məhz Aİ-nin aşkar təzyiqi nəticəsində imtina etdiyinə şübhə yoxdur - Brüssel bununla qitənin enerji bazarında Rusiyanın mövqeyini zəiflətməyə çalışırdı.

Bəs İqor Dodon ilə Rumen Radevin seçkiqabağı vədləri onların real imkanları ilə nə qədər üst-üstə düşür? İlk növbədə, nəzərə alınmalıdır ki, hər iki ölkədə prezidentin səlahiyyətləri  məhdud olmaqla yanaşı, parlamentdə çoxluq sağçıların əlindədir. Amma sosialistlər parlamentə nəzarəti ələ keçirmək üçün növbədənkənar parlament seçkisi təşəbbüsü ilə çıxış edə bilər. Dodonun başqa niyyəti də var. O, Konstitusiyaya dəyişikliklərin edilməsi və prezidentin səlahiyyətlərinin artırılması üçün referendum təşkil etmək istəyini gizlətmir. Məsələ ondadır ki, Moldovada dövlət başçısını ötən illərdə olduğu kimi, parlament seçsəydi, Dodon, çətin ki, qələbə qazanardı. Çünki hazırda Moldovada hakim koalisiya (101 deputatın 56-sı) Avropapərəst Demokratlar Partiyası ilə Liberal Partiyadan ibarətdir. Bununla yanaşı, ölkənin Konstitusiya Məhkəməsi bu ilin martında Moldovada prezidentin parlament tərəfindən seçilməsinin Əsas Qanuna zidd olduğu haqqında qərar çıxarıb və 1996-cı ildən sonra ilk dəfə bu seçki ümumxalq səsverməsi ilə keçirilib. Məhz bu üzdən Dodonun dövlət başçısı seçilməsi mümkün olub. Məntiqlə, indi o, ölkədə prezidentlik institutunun möhkəmləndirilməsinə çalışacaq.

Amma Dodon ilə Radevin qarşısında parlament idarəçiliyi sistemindən daha ciddi faktor var. Sağçılar prezident seçkilərini uduzsa da, bu məğlubiyyət ciddi fərqlə olmayıb. Həm Bolqarıstanda, həm də Moldovada əhalinin, demək olar ki, yarısı seçilmiş prezidentlərin elan etdiyi siyasi xəttin əleyhinədir. Onlar ölkələrində avropapərəst strategiyanın davam etdirilməsini istəyir və hər iki dövlətin yeni başçıları bununla hesablaşmalı olacaq. Bundan başqa, Dodon ilə Radev tezliklə ciddi iqtisadi uğurlara nail olmazlarsa, onlara səs vermiş seçicilər tərəfindən belə, tənqid olunmağa başlayacaqlar. Qaliblər üçün əsas problem də budur: Bolqarıstanla - Moldovanın iqtisadi böhrandan tezliklə çıxmaq şansı çox azdır. Brüsselin son 3 ildəki sanksiyalar siyasəti  dövründə Moskvanın da cavab addımları ilə Rusiya bazarları yerli istehsalçıların və onun Avrasiya İqtisadi İttifaqından (Aİİ) olan tərəfdaşlarının məhsulları ilə dolub. İndi, Kremlin Moldova və ya Bolqarıstan istehsalçılarına rusiyalı istehsalçıların ziyanına olan hər hansı güzəştlər edəcəyi inandırıcı deyil. Moldova bəlkə də özünü AAİ-nin orbitinə sala bilər (Dodon seçki kampaniyası zamanı buna açıq eyham vurub), Bolqarıstanın siyasəti isə sırf onun öz rəhbərliyindən asılı deyil. Sofiyanın Aİ çərçivəsində bir sıra öhdəlikləri də var. Odur ki, Redev real anti-Qərb siyasəti yürüdərsə, Brüssel Bolqarıstanı maliyyə dəstəyindən tam məhrum edə bilər. Bu halda ölkə tam iqtisadi kollaps halına düşəcək. Bunu anlayan Radev deyib: «Bolqarıstan Aİ ilə NATO-nun üzvüdür. Bizim alternativimiz yoxdur. Amma bu, o demək deyil ki, biz bu birliklərdən kənarda özümüzə düşmən qazanmalıyıq. Avrofiliya rusofobiya demək deyil».

Moldovaya gəlincə, o, Aİ-nin üzvü olmasa da, Brüssel Şərqi Avropanın ən yoxsul ölkəsində anti-Qərb qyamının baş qaldıracağı təqdirdə, Kişinyovu nələrin gözlədiyini gizlətmir. Üstəlik, Moldova elitasının əsas hissəsi Avropa dairələri ilə sıx bağlıdır. Aİ-nin nümayəndə heyətinin başçısı Pikka Tapiolinin Kişinyovda səsləndirdiyi bəyanat da təsadüf deyildi: «Bizim Moldova ilə çox düşünülmüş münasibətlərimiz var. Bu, bizim üçün çox əhəmiyyətli ölkə, strateji əhəmiyyətli qonşudur. Kişinyovla-Brüssel arasında münasibətlər o qədər dərindir ki, onları belə asanca pozmaq, dağıtmaq mümkün deyil».

Beləliklə, bir var mövcud vəziyyəti tənqid etmək, biri də var, artıq Avropaya inteqrasiya üzərində qurulmuş sistemi yenidən formalaşdırmaq. Bundan başqa, əksər bolqar və moldovalının seçimi avro-Atlantik məkanda trendin dəyişkən olduğunu bir daha sübut edib. Son onillikdə burada qloballaşma iddialarına malik neoliberal düzən mövcud olub. Lakin Avropada yaşanan proseslər sosial yönümlü siyasətə təlabatın artdığı haqda danışmağa əsas verir. Bununla bərabər, qloballaşmaya qarşı olanlar da artır və bu, yeni millətçilik dalğası ilə sıx bağlıdır. Moldova və Bolqarıstanda keçirilmiş prezident seçkilərində rusiyapərəst namizədlərin qələbə qazanması məhz belə əhvalın - sırf milli maraqların üstün tutulmağa başladığının göstəricisidir. “Köhnə Qitə”nin Avropa institutlarının və onların strategiyasının dəyişəcəyini vəd edən bir sıra böhranlarla («Brekzit», miqrasiya, terror, bir sıra ölkələrdə vergi yükü və s.) üzləşdiyi bir şəraitdə bu, son dərəcə simptomatikdir.



MƏSLƏHƏT GÖR:

415