24 Aprel 2024

Çərşənbə, 04:35

MAYDAN TƏXİRƏ SALINIR

Hazırda Ukraynada yenidən inqilab edəcək birləşmiş, mütəşəkkil qüvvə yoxdur

Müəllif:

01.12.2016

Həyat elə gətirib ki, noyabrın sonu Ukrayna üçün özünəməxsus «yekunvurma» dövrünə çevrilib. Ukraynalıların həyatı yaxşılığa doğru dəyişmək üçün etdikləri 2004-cü ilin «Narıncı inqilab»ı da, 2013-cü ilin Avromaydanı da, bir neçə il fərqlə, demək olar ki, eyni günə təsadüf edib. Yaxud, ölkənin hazırkı prezidenti, sərəncamı ilə noyabrın 21-ni ləyaqət və azadlıq günü elan etmiş Pyotr Poroşenkonun dediyi kimi, məhz həmin hadisələr nəticəsində Ukrayna vətəndaşları «avropalı olmalarını, ləyaqət və azadlıq istəyini nümayiş etdirmişdi». Amma məsələ ondadır ki, indiki mərhələdə baş vermiş dəyişikliklərin nəticəsini ayıqbaşla, adekvat qiymətləndirmək mümkündürmü? Avromaydan və onun ardınca ölkənin cənub-şərqində baş qaldırmış müharibədən sonra Ukraynada yaşananlar mətbuatın ilk səhifələrindən düşmürdü. Lakin Suriyadakı hadisələr, Avropadakı miqrant böhranı, Böyük Britaniyanın «Brekzit»i və ABŞ-da keçirilmiş prezident seçkiləri ilə əlaqədar olaraq, Ukrayna dünya KİV-in diqqətindən sanki kənarda qaldı. Halbuki, ölkə hələ də qaynamaqdadır. Axı «narıncı» qəhrəmanlar artıq, demək olar ki, səhnədən çəkilibsə, 3 il əvvəlki hadisələrin vurduğu yaralar hələ də qanamaqdadır. Dramaturji dildə desək, pyesin bir çox aktında hadisələr hələ də inkişaf etməkdədir və bəlkə də hələ öz kulminasiyasına çatmayıb. Bundan başqa, Ukraynada tezliklə daha bir Maydanın baş verə biləcəyinə dair narahatlıqlar (bəlkə də ümidlər) getdikcə artmaqdadır. Bəs səbəb nədir və ölkədə yeni etiraz dalğasının baş qaldırması ehitimalı varmı?

Yeni etiraz dalğası ilə bağlı əsas narahatlıq, əlbəttə ki, 21 noyabrla əlaqələndirilirdi. Həmin gün ölkədə çox sayda mədəni-əyləncə, xatirə tədbirləri planlaşdırılırdı. Amma heç də hər kəs bayram əhval-ruhiyyəsində deyildi; məsələn, Milli Bankın binası qarşısında aldadılmış əmanətçilərin etiraz aksiyası keçirilirdi. Onlar Milli Bankın rəhbəri Valeriya Qontarevanın istefasını tələb edirdi. Poroşenko administrasiyasının yaxınlığında isə «Azov» korpusunun üzvləri prezidentə öz «suallarını verməyə» çalışırdı. Radikal təşkilatların, o cümlədən «Sağ sektor» və Ukrayna Millətçiləri Təşkilatının (UMT) axşamı gözləyən təmsilçiləri ənənəvi olaraq, maydanda maşın təkərləri yandırmaq istəyirdi. Lakin onların Əmanət Bankının şöbələrindən birinin pəncərəsini sındırmalarından və gözəllik salonunun «altını-üstünə çevirmələrindən» sonra (onlar «Ukrayna seçimi» ictimai hərəkatının lideri Viktor Medvedçukun ofisinə gedib çıxa bilməmələrinə bu yolla etirazlarını bildirirdilər), kütlə ərazidən uzaqlaşdırılıb.

Beləliklə, bəzi müşahidəçilərin proqnozlarının əksinə olaraq, yeni maydan baş tutmayıb. Üstəlik, 3 il əvvəl baş vermiş olaylarla indiki vəziyyət arasındakı fərq də aşkar göz önündə idi. Əgər 2013-cü ildə etirazçı kütlə Ukraynanın Avropa uğrunda savaşına qoşulmağa tam hazır idisə, indi paradoksal olsa da, onlar nəzərəçarpacaq süstlük nümayiş etdirir. Bu, daha çox ölkənin xarici siyasi xəttinin yaratdığı məyusluqla yox, insanların şəxsi rifah halının aşağı düşməsi ilə əlaqədardır. Həqiqətən də, əksər ekspertlər hesab edir ki, Ukrayna hələ də defoltöncəsi vəziyyətdən çıxmayıb. «Bloomberg» agentliyi onu öz reytinqində «dünyanın bədbəxt iqtisadiyyatı»na malik beşliyə daxil edib (inflyasiyanın və işsizliyin səviyyəsinə görə). Ukraynada adambaşına düşən ÜDM Aİ-dəki orta göstəricinin cəmi 20%-nə bərabərdir. Bu, Mərkəzi və Şərqi Avropada ən aşağı ikinci göstəricidir.

2015-2016-cı illər üçün təsərrüfatların rifah halı 18,5% aşağı düşüb, istehsal və ticarət dövriyyəsi də kəskin şəkildə azalıb. Büdcənin doldurulması üçün hökumət mənzil-kommunal təsərrüfatı tariflərini dəfələrlə artırmaq məcburiyyətində qalıb ki, nəticədə xalq kommunal qəbzləri «şok ödəniş» adlandmağa başlayıb. BMT-nin məlumatına görə, Ukrayna əhalisinin 80%-i yoxsulluq həddində yaşayır, yəni, günə 5 dollardan az xərcləyir.

Belə bir vəziyyətdə Ukraynanın çətinliklə, daha çox beynəlxalq donorların və əsasən, BVF-nin yardımları hesabına yaşaması təəccüblü deyil. Sentyabrda Fond Kiyevə 1 milyard dollarlıq növbəti tranşın ayrılması haqqında qərar qəbul edib. Lakin sonradan ödəmə Radanın 2017-ci il üçün dövlət büdcəsi layihəsini qəbul etməsinədək dayandırılıb. Bu yardım ayrılmadan dövlət büdcəsi layihəsinin təsdiqlənməsi isə praktiki olaraq, mümkünsüzdür. BVF, hər zaman olduğu kimi, maliyyəni müəyyən şərtlərlə ayırır. Kiyev də bu şərtlərə əməl etmək üçün əlindən gələni edir. Söhbət torpaq, pensiya, vergi islahatlarından, mənzil-kommunal təsərrüfatında tarif siyasətinə yenidən baxılmasından, korrupsiya ilə mübarizənin davam etdirilməsindən və s. gedir. Bununla yanaşı, noyabrın əvvəlində Ukrayna Milli Bankı Ali Radada islahatların ləngiməsi üzündən, BVF-nin yardımını itirə biləcəklərini bəyan edib. «Növbəti tranşı almırıqsa, ehtiyatlarımız gözümüz önündə əriməyə başlayır», - deyə Milli Bankın rəhbəri Valeriya Qontareva açıq şəkildə etiraf edib. Məsələ ondadır ki, BVF-nin yardımı olmasa, Kiyev xərcləri azaltmaq, büdcəni Milli Bankın kreditləri hesabına maliyyələşdirmək məcburiyyətində qalacaq. Bu isə qrivenin devalvasiyası və inflyasiyanın artımı deməkdir.

Ukraynanın Maliyyə naziri Aleksandr Danilyuk isə əmindir ki, ölkəsinin BVF-nin puluna ciddi ehtiyacı yoxdur. «Politico»ya müsahibəsində ölkənin Baş naziri Vladimir Qroysman da Ukraynanın uzun çətin mərhələdən sonra yeni yola qədəm qoyduğunu, hazırda Kiyevin var qüvvəsi ilə daxili yenidənqurma ilə məşğul olduğunu söyləyib. Artıq bank sektoru yenidən qurulub, dövlət satınalmaları sistemi təkmilləşdirilib, ölkə daxilində qazın qiymətini sərbəst buraxıb, həmçinin Baş Prokurorluğun və Antikorrupsiya Agentliyinin müstəqilliyinə zəmanət verilib. Sonuncu məqam xüsusi qeyd olunur. İslahatlar prosesinin başında məhz Ukraynanın siyasi sistemində korrupsiyanın qarşısının alınması gəlir. Oktyabrın sonunda ölkədə istifadəyə verilmiş onlayn sistem vasitəsilə məmurlar öz şəxsi mülkiyyəti ilə bağlı deklarasiya doldurur. Artıq onların hər biri - kiçik dövlət qulluqcularından tutmuş, prezidentədək - gəlirlərini açıqlayıb. Pyotr Poroşenko deklarasiyada 23,7 milyon avro, Qroysman 913 min avro, Daxili İşlər naziri Arsen Avakov isə bir neçə mənzil və incəsənət əsərlərindən, antikvarlardan ibarət kolleksiya göstərib. Amma bu, ikili effekt verib. Bu cür aşkarlıq xarici donorların xoşuna gəlsə də, «şok ödəniş»lərin əsas müəllifləri - adi ukraynalılar bunu qəzəblə qarşılayıb. Odur ki, korrupsiya ilə mübarizənin belə formasının nə qədər lazımlı və vaxtında atılmış addım olduğunu demək çətindir.

Hazırda Ukrayna xalqının hakimiyyətə inamı görünməmiş dərəcədə azalıb. «Sofiya» sosial araşdırmalar mərkəzinin sorğusuna qatılmış respondentlərin 70%-dən çoxu Prezidentin, Baş nazirin, Ali Rada sədrinin, Baş prokurorun, Milli Bank rəhbərinin fəaliyyətini mənfi qiymətləndirir. İndiyədək Ali Radanın heç bir tərkibinə inam indiki səviyyədə olmayıb. SOCIS mərkəzi tərəfindən 2016-cı ilin aprelində keçirilmiş sorğu göstərib ki, parlamentə respondentlənrin cəmi 0,7%-i inanır. 8,4% respondent Ali Radaya qismən inanır, 90% isə ümumiyyətlə inanmır. Bu vəziyyətin yaranmasının səbəbi, ola bilsin ki, hakimiyyət dairələrində tam nizamsızlığın hökm sürməsidir: indi hakimiyyətdə əsas güc ümumi hədəflərə nail olunmasına yox, bir-biri ilə mübarizəyə yönəldilib. Ölkədə siyasi birliklərin dayanıqsızlığı artıq ənənəyə çevrilib. Köhnə dostlar bir anda düşmənə çevrilir, müttəfiqlər bir-birini satır və ya baxışlarını dəyişir. Və əlbəttə ki, hər kəs bu vəziyyətdən öz maraqlarına uyğun yararlanmağa çalışır. Bu istiqamətdə çalışan əsas şəxslərdən biri də Ukraynanın əsas siyasi legioneri olan Mixail Saakaşvilidir. Ukraynanın Odessa vilayətində «arzuların dövləti»ni qurmaq cəhdində uğursuzluğa düçar olmuş Saakaşvili qubernator postundan qalmaqallı şəkildə istefa versə də, heç yerə getmək fikrində deyil. Həmkarlarını yeri gəldi-gəlmədi «oğru», «barıqa» adlandıran Saakaşvili bir neçə ukraynalı oliqarxın yalnız son illərdə xalqdan «5 milyard dollar oğurladığını» bildirib. O, Yanukoviçin hakimiyyətdən gedişindən sonra ölkədə vəziyyətin nəinki yaxşılaşmadığını, əksinə, daha da ağırlaşdığını söyləyib. Gürcüstanın «Rustavi-2» telekanalına müsahibə verən bu ölkənin sabiq prezidenti, Odessanın keçmiş qubernatoru «Ukraynanın antikorrupsiya forumu»nun fəaliyyətini genişləndirmək niyyətindən də danışıb. Saakaşvilinin yeni planlarının onu haraya aparıb çıxaracağını indidən demək çətindir. Maraqlı olan başqa məqamdır - Saakaşvilinin Poroşenkoya qarşı çıxmasına, hətta Pyotr Poroşenkonun Bloku fraksiyasının başçısı İqor Qrınivi Ukraynada sabitliyin pozulması ilə bağlı «Şatun» adlı plan hazırlamaqda təqsirləndirməsinə baxmayaraq, bəziləri Poroşenko ilə Saakaşvilinin bir olduqları qənaətindədir. Guya Saakaşvili dövlət başçısına hələ də populyar olan Yuliya Timoşenkodan səs qoparmağa kömək edir. Saakaşvili ilə Timoşenkonun, demək olar ki, eyni şüarlarla çıxış etdiklərini nəzərə alsaq, bu, bəlkə də həqiqətdir. Müəmmalı «Şatun» planına gəlincə, o, gah narazı vətəndaşlar tərəfindən küçə nümayişlərinə yol verilməməsi məqsədilə hazırlanmış hakimiyyətpərəst plan kimi təqdim olunur, gah da Ukrayna daxilində vəziyyətin qarışdırılmasına, hətta hakimiyyət dəyişikliyinə, Avropa İttifaqının ukraynalılar üçün vizasız rejimin tətbiqi planının pozulmasına hesablanmış «Kreml işi»nə bənzədilir. Sonuncu ehtimal doğrudursa, onda «Batkivşşina»nın lideri, sabiq Baş nazir, «odda yanmaz, suda batmaz» Yuliya Timoşenkonu dövlətə xəyanətdə təqsirləndirmək olar. Radikal Partiyanın lideri Oleq Lyaşko isə aldadılmış əmanətçiləri və kommunal xərclərin çoxluğundan narazı olanları açıq şəkildə küçələrə, nümayişlərə çağıran Timoşenkonun Ukrayna vətəndaşlığından məhrum edilməsinin vacibliyini bildirib. O, sabiq Baş naziri «rusiyapərəst ququ quşu» adlandırıb.

Bununla yanaşı, Kiyevin Beynəlxalq Sosiologiya İnstitutunun keçirdiyi sorğu göstərib ki, Ukraynada Prezident seçkisi noyabrda keçirilərsə, seçicilərin 21,3%-i Timoşenkoya, 18,5%-i isə Poroşenkoya səs verərdi. Yaxın zamanlarda Ali Radaya seçki olarsa, 5%-lik baryeri «Batkivşşina» (9,7%), «Müxalifət bloku» (8,5%), Pyotr Poroşenkonun Bloku (8%), «Samopomoş» partiyası (6,4%) və Radikal Partiya (5,9%) aşardı.

Odur ki, hələlik yalnız bir qənaətə gəlmək mümkündür - hazırda Ukraynada birləşmiş və mütəşəkkil qüvvə yoxdur. Ölkədə, sadəcə, az-çox populyar olan siyasətçilər var. Bu üzdən bir siyasi qüvvənin digəri ilə mübarizə vasitəsi kimi gündəmə gətirdiyi yeni Maydan ehtimalından qorxmağa dəyməz. Yeni Maydan, çətin ki, tezliklə mümkün olsun. Çünki bunun üçün yenə də lider(lər)ə, həmçinin gözəl ümumi şüara ehtiyac var - bir vaxtlar işə yaramış «avrointeqrasiya» kimi. Hər halda, həyat səviyyəsindən narazılıq, kommunal xərclərin artımı romantik səbəblər deyil və üstəlik, insanlar buna vərdişlidir. Belə çağırışlarla «inqilab»ı alışdırmaq mümkün deyil. Amma maydanın paytaxtdan deyil, regionlardan başlaması ehtimalını tam istisna etmək də olmaz. Qarşıdan isə sərt qış gəlir və Ukraynanın yazı necə qarşılayacağı qışın necə keçəcəyindən asılıdır.

Bütün bunlarla yanaşı, ölkədəki daxili vəziyyətə iki xarici amil də ciddi təsir göstərə bilər. Birincisi, Aİ ilə vizasız rejimin tətbiqidir. Bu, narazıların sayını xeyli azaldardı - onların bir qismi xaricə üz tutardı. Amma deyəsən, Brüsseldə bunu yaxşı bilir və tələsmirlər. Deyilənə görə, Ukrayna ilə vizasız rejimin tətbiqini, xüsusilə Fransa, Almaniya və bir sıra digər Avropa ölkələrinin hökumətləri ləngidir. Onlar Yaxın Şərq və Şimali Afrikadan miqrant axını fonunda vətəndaşlarının buna mənfi reaksiya göstərəcəyindən ehtiyatlanır. Odur ki, Aİ ölkələri Ukrayna ilə müqavilənin təcili «dondurulması» mexanizmini razılaşdırmaqdadır.

İkinci ciddi xarici amil gələn ilin əvvəlindən ABŞ-la münasibətlərin vəziyyəti olacaq. Məlum olduğu kimi, Birləşmiş Ştatlarda bu yaxınlarda keçirilmiş prezident seçkisinin nəticələri əksər Ukrayna siyasətçisi üçün şok olub. Çünki Amerikanın yeni Prezidenti Donald Tramp müxtəlif vaxtlarda Rusiyaya tətbiq edilmiş sanksiyaların ləğvi məsələsinə baxılacağını vəd edib, hətta Krımın Rusiya ərazisi kimi tanına biləcəyini istisna etməyib. O, müsahibələrindən birində «Ukrayna məsələsindən zəhləsi getdiyini» açıq şəkildə dilə gətirib.

Tramp Respublikaçılar Partiyasının Ukrayna hökumətinə ölkənin cənub-şərqindəki qiyamçılarla mübarizə aparması üçün silah-sursat verilməsinin vacibliyi fikrini də bölüşmür.

Əlbəttə, çoxları kimi, ukraynalı siyasətçilər də bu yarışda Hillari Klintona üstünlük verir, Trampı rusiyapərəstlikdə günahlandırırdı. Odur ki, noyabrın 8-dən dərhal sonra onların çoxu sosial şəbəkələrdəki paylaşımlarını silməli olub.

Ukrayna Prezidenti Pyotr Poroşenko isə Amerikanın yeni seçilmiş rəhbərini «iki ölkə arasında strateji tərəfdaşlığı daha da möhkəmləndirməyə» çağırıb. O, «ABŞ-ın Ukraynaya dəstəyi davam etdirməsinin vacibliyini» bildirib.

Ukraynanın Vaşinqtondakı səfiri Valeri Çalı isə 2017-ci ilin fevralında Pyotr Poroşenkonun Vaşinqtona səfərini planlaşdırdıqlarını söyləyib.

Beləliklə, Ukrayna üçün daxildə olduğu kimi, xarici amillər baxımından vəziyyət, ən azı, qışın ortalarında aydınlaşmağa başlayacaq. Bu, qışa lap az qalmış da ola bilər - hər şeyi alt-üst edəcək gözlənilməz hadisələr yaşanmasa. Odur ki, Avromaydandan 3 il sonra belə, nəticə çıxarmaq tezdir...



MƏSLƏHƏT GÖR:

406