29 Mart 2024

Cümə, 11:51

NORVEÇLI FENOMEN

Maqnus Karlson şahmat üzrə dünya çempionluğu uğrunda Karyakinlə mübarizəsi barədə “R+”a danışdı

Müəllif:

15.12.2016

Şahmat dünyasının diqqəti ötən ay bütövlüklə Amerika Birləşmiş Ştatlarına, dəqiq olsaq, Nyu Yorka yönəlmişdi. Bu şəhərdə son dünya çempionu Maqnus Karlson titulunu qorumaq üçün Rusiya təmsilçisi Sergey Karyakinlə mübarizə apardı. Hadisələri qabaqlayaraq qeyd edək ki, Karlson-Karyakin dueli gözlənilən ajiotajı yaratmadı.

Matç daha çox Rusiya və Norveç mediasının diqqətini cəlb etdi. Təəssüf ki, ABŞ əhalisi bu matça o qədər böyük maraq göstərmədi. Rəsmi məlumatlara əsasən, Karlsonla Karyakinin tay-brekdəki oyununu qonşu Rusiyadan 6 milyon insan internet vasitəsilə canlı izləyib. Norveçdə bu statistika 764 minə bərabərdir.

Maqnus Karlsonla Sergey Karyakinin şahmat taxtası arxasında mübarizəsinə gəlincə, hadisələrin gedişatı gözlənildiyi kimi olmadı. Əksəriyyət, Norveçin dünyaya bəxş etdiyi fenomenin 12 partiyanın sonunda inamlı nəticə ilə qalib gələcəyini proqnozlaşdırırdı. Amma belə olmadı. On iki partiyanın yekunu 6:6 hesablı bərabərliklə sona çatdı. Bu oyunların birində Sergey Karyakin, digərində Maqnus Karlson qələbə qazandı. On partiyada “sülh” qeydə alındı.

Səkkizinci partiyada əslən ukraynalı olan Sergey Karyakinin qələbəsi ilə başa çatdı və Rusiya təmsilçisi ümumi hesabda üstünlük qazandı 4.5-3.5. Məğlubiyyəti həzm edə bilməyən Karlson oyundan sonra media qarşısına çıxmadı və buna görə mükafatının 10%-i məbləğində cərimələndi. Ümumi hesab 10-cu turda bərabərləşdi. Maqnus ardıcıl düşünülmüş gedişlərlə Sergeyi səhv etməyə məcbur etdi, nəticədə, hesab bərabərləşdi.

Son tur ərəfəsində əksəriyyət Maqnus Karlsonun ağ fiqurlarla inamlı qələbə qazanacağını proqnozlaşdırırdı. Amma çempion 12-ci turda oyunu bilərəkdən heç-heçəyə daşıdı. Otuz yeddi dəqiqə davam edən partiyanın 30-cu gedişində tərəflər “sülh”ə razılaşıb. Son oyunu heç-heçəyə daşıyan Maqnus duelin nəticəsinin tay-brekdə həll olunmasının tərəfdarı olub. Çünki son turda hər şey bir oyundan asılıdır. Tay-brekdə isə şahmatçılar 4 oyun keçirəcək və mümkün səhvi düzəltməyə daha çox imkan olacaq.

Tay-brekdə qalib gəlmək üçün şahmatçıya fiziki hazırlıqla yanaşı, psixoloji dözümlülük də vacibdir. Bir gün ərzində baş tutan 4 oyunda Maqnus rapid partiyalarında əsl səviyyəsini nümayiş etdirib. İlk iki partiyada (25 dəqiqə vaxta nəzarət, 10 saniyə gediş üçün) heç-heçə qeydə alınıb. Üçüncü partiyada qara, dördüncüdə isə ağ fiqurlarla oynayan Karlson qələbəyə nail olub. Matçın 12 əsas partiyasında 6:6 hesablı heç-heçə qeydə alındığından, norveçli qrossmeyster ümumi nəticədə qələbəyə imza atıb - 9:7. Bununla Maqnus Karlson 2013-cü ildən sahib çıxdığı dünya çempionu titulunu özündə saxlayıb. Çempion Karlson 600 min avro, Sergey Karyakin isə 400 min avro qazanıb. Norveçli qrossmeyster bu dəfə çempionluq tituluna 26 yaşının tamamlandığı gün sahib çıxıb. 

On iki partiya zamanı şahmat dünyası maraqlı debütlər izləsə də, gözlənilməz sonluğun şahidi olmadı. Maqnus iki partiyada üstünlüyü olsa da, risk etmədi. Karyakin isə dünya çempionluğuna layiq- Maqnusu dayandırmağa qadir fenomenlik göstərmədi. Etiraf etmək lazımdır ki, rəqib kimi Karyakin Maqnus üçün o qədər maraqlı şahmatçı hesab edilmirdi. Bəlkə də buna görə norveçli əvvəlki illərdə Vişvanatan Ananda qarşı göstərdiyi mübarizəni sərgiləmədi. Qələbə qazanacağına arxayın Maqnus turnirboyu əsəblərinə hakim oldu. Yalnız məğlub olduğu 8-ci partiyanı çıxmaq şərti ilə Karlson düşünülmüş plana əsasən hərəkət etdi və qalib gəldi. On ikinci partiyada ağ fiqurlarla partiyada belə, o, risk etmədi və nəticəni tay-brekə daşıdı.

Maqnus Karlsonun layiqli çempionluğu özüylə yanaşı, dünya şahmatı üçün də çox vacib idi. Sergey Karyakinin azarkeşləri inciməsin, hazırda dünyada Maqnusa olan maraq heç bir başqa qrossmeysterə qarşı yoxdur. Fenomenin uğurlarına dəstək olmaq üçün 5 şirkətlə sponsorluq anlaşması var. Norveçdə əsl qəhrəman kimi qəbul edilir. Bütün bunlar həm də şahmata olan marağı artırır və onun iştirak etdiyi adi turnir belə medianın gündəmini zəbt edir.

Bu günə qədər Rusiya mediasının diqqətində olan Sergey Karyakin “R+” üçün eksklüziv açıqlamasında məğlubiyyəti haqqında bunları deyib: “Ümumilikdə, oyunumdan razıyam. Mənə dəstək olan insanlara təşəkkür edirəm. Moskvaya qayıdanda dedilər ki, Rusiya Prezidenti Vladimir Putin də mənə azarkeşlik edib. Sonda alınmadı. Təəssüflənmirəm, çünki Karlsondan revanş almağa imkan olacaq. Güclü rəqibdir, bunu etiraf etmək lazımdır. On ikinci partiyada görüşü heç-heçəyə daşıdır. Halbuki ağ fiqurlarla oynayırdı. Mən olsaydım, bəlkə belə etməzdim. Onun hərəkəti özünü doğrultdu. Çıxışıma mənfi beş qiyməti qoyardım. Əsas məqsədə nail olmadım, amma 12 partiya zamanı layiqli mübarizə sərgilədim. Çempion olmaq, şahmat tacını Rusiyaya qaytarmaq məqsədimə nail olmaq üçün hazırlığı davam etdirəcəyəm. Ailəmlə birgə istirahətdən sonra yenidən iddiaçılar turnirinə hazırlaşacağam”.

Karyakindən fərqli olaraq, Maqnus Karlsonu tapmaq asan olsa da, danışdırmaq bir qədər çətinlik yaratdı. Atası oğlunun istirahətinə mane olmamağımızı xahiş etsə də, Maqnus çempionluqdan sonra Azərbaycan mətbuatında ilk açıqlamasını “R+”a verdi: “Mənə azarkeşlik edən insanlara “Çox sağ ol” deyirəm. Çətin və gərgin mübarizəni arxada qoydum. Hər zaman maksimalist olmuşam. İştirak etdiyim hər yarışda yalnız çempionluq uğrunda mübarizə aparmışam. Sergey Karyakinlə görüşdə də ancaq qələbə haqqında düşünürdüm. Hər yeni çempionluq fərqli nəfəs gətirir. Hazırda istirahətə ehtiyacım var. İnanın, yarış zamanı heç bir xəbərlə, hətta çıxış etdiyim şəhərlə maraqlanmıram, sanki dünyadan təcrid olunuram. Bu mənada, indi bir qədər rahat yaşamaq lazımdır. 2017-ci ildə isə yenidən müxtəlif turnirlərdə iştirak edəcəm. Şahmatla məşğul olduğum üçün fəxr edirəm. Şahmatsız nə edəcəyimi bilmirəm”.

Mütəxəssislər şahmatda Maqnus Karlson dövrünün, ən azı, növbəti 4 ildə də davam edəcəyini söyləyir. Qarşıdakı illərdə də onu heç kim saxlaya bilməyəcək. Hər halda, hazırda dünyada elə güclü şahmatçı yoxdur. Dörd-beş ildən sonra isə Maqnus artıq o qədər gənc olmayacaq və fiziki hazırlıq baxımından yaranacaq problemləri həll etməkdə çətinlik çəkəcək.

Qeyd edək ki, Maqnus Karlsonun vətəni Norveç 2018-ci ildə çempionluq matçına ev sahibliyi etmək istəyir. Bu barədə artıq FİDE-yə rəsmi müraciət hazırlanır. Norveç bu oyunun köməyi ilə ölkədə şahmata böyük maraq yaratmaq niyyətindədir.


MƏSLƏHƏT GÖR:

402