26 Aprel 2024

Cümə, 00:09

POLİFONİYANIN KRALİÇASI

Rəna İSMAYILOVA: «Orqanda mümkün qədər çox Azərbaycan musiqisi ifa etmək arzusundayam»

Müəllif:

15.12.2016

Azərbaycanın Əməkdar artisti, orqan ifaçısı və pedaqoq Rəna xanım İsmayılova Bakıda anadan olub və uzun müddət burada yaşayıb. Avropanın bir çox şəhərlərində konsertlər verib və konservatoriyalarda orqan sinfi üzrə professor kimi dərs keçib. Hazırda o, Almaniyanın Köln şəhərində yaşayır və Almaniya şəhərlərində konsertlər verməyə davam edir. Rəna xanım Azərbaycan bəstəkarlarının yeni orqan əsərlərinin, demək olar ki, hamısının ilk ifaçısıdır. Bundan başqa, o, dünya və Azərbaycan klassiklərinin əsərlərinin orqan üçün uyğunlaşdırılması və transkripsiyası üzrə ikicildlik əsərin də müəllifidir.

«R+»a müsahibəsində Rəna İSMAYILOVA öz həyat və yaradıcılığından danışıb.

- Rəna xanım, necə oldu ki, musiqini seçdiniz ?

- İndi konservatoriyanın (Bakı Musiqi Akademiyasının - BMA) professoru, Əməkdar incəsənət xadimi, Azərbaycan Bəstəkarlar İttifaqının katibi olan böyük bacım Zemfira Qafarova 5 yaşımda musiqi istedadımın olduğunu aşkarladı və mənimlə məşğul olmağa başladı. O, indi də mənim hamimdir, sanki həmişə yanımdadır. Zemfira yanımda olanda özümü rahat hiss edirəm. Mən məktəbi fortepiano sinfi üzrə bitirmişəm. Ədəbiyyata marağım vardı, özü də bacımın izi ilə gedərək, konservatoriyanın tarixi-nəzəri fakültəsinin musiqişünaslıq ixtisasını seçmişəm.

- Bəs konkret olaraq niyə musiqi? Axı siz Azərbaycanın Xalq rəssamı Güllü Mustafayevanın və əməkdar incəsənət xadimi, rəssam Nəcəfqulu İsmayılovun ailəsində böyümüsünüz...

- Bu məsələdə valideynlərimin məni uğurlu musiqiçi kimi görmək istəyi ilə arzularım üst-üstə düşdü. Xatırlayıram, uşaq vaxtı «Veselıe kartinki» jurnalının keçirdiyi rəsm müsabiqəsində birinci yeri tutmuşdum. Anam bir balerina ilə işləyirdi, mən də rəqqasənin şəklini və yanında ağac şəkli çəkmişdim. Akvareli çox sevirəm, onda işıq daha çoxdur. Mən indi Kölndə yaşaya-yaşaya rəssamlıq məktəbinə yazılmaq istəyirəm.

Musiqişünaslıqda oxuyan zaman anladım ki, çıxış etmək istəyirəm, ifaçını həyatıboyu müşayiət edən hər şeyi - səhnəni, alqışları istəyirəm. Uşaq vaxtı Zemfiranın müşayiəti ilə qonşuların qarşısında çıxışım zamanı gördüyüm hər şeyi yenidən istəyirəm, məni, az qala, Stalin mükafatı laureatı kimi alqışlayırdılar.

Orqana ilk baxışdan aşiq oldum, təkcə gözəl və güclü səsinə görə yox, həm də möhtəşəm görkəminə görə. Axı dünyada nə səsinə, nə də quruluşuna görə bir-birini təkrarlayan orqan yoxdur. Bu musiqi alətinin xarici görkəmi, həm barokko, həm romantika, həm də çağdaş struktur üslubunda işlənə bilər. Boş yerə orqanı musiqi alətlərinin kralı adlandırmırlar ki.

Tanınmış yuqoslaviyalı orqançı Jelko Soyçiç Bakıda olarkən, mənim Azərbaycan orqanının kraliçası olacağımı demişdi. Azərbaycan Konservatoriyasında istedadlı orqançı və gözəl insan, professor Zara xanım Cəfərovanın sinfini bitirdikdən sonra, Moskvada professor Leonid Royzmanın yanında orqan üzrə aspiranturaya daxil oldum. Təhsil yerindən çox uzaqda, dostlarımın yanında qaldığım üçün saat 7-də başlayan birinci dərsə çox gecikmişdim. Amma professor, artıq məni zalda gözləyirdi və təəccüblə mənə baxırdı. Elə utanmışdım ki, ondan sonra hər dəfə taksi tuturdum və müəllimdən yarım saat tez dərsə gəlirdim.

Dərs vaxtı öz üzərimdə çox işləyirdim, yalnız konsertlərə deyil, həm də məşqlərə baxmağa gedirdim. Dinləyirdim və hər şeyi süngər kimi özümə hopdururdum. Həm Bakı, həm də Moskva konservatoriyalarında dünyanın ən yaxşı musiqiçiləri ilə ünsiyyətim ən yüksək səviyyədə olub və bu, mənim üzərimdə öz izini buraxıb.

Daha sonra həyatımın pedaqoqluqla bağlı növbəti mərhələsi başladı. Mənim çox şagirdim olub, onların içindən laureatlar da çıxıb. Onları çox sevirəm və onlarla fəxr edirəm.

- Bir qədər də orqanın quruluşu barədə danışın...

- Orqanın yuxarıda üçcərgəli klaviaturası var və ifa zamanı assistent tərəfindən tənzimlənən registrlərə malikdir. Onlar səsin yüksəkliyini və tembrini dəyişirlər. İfa zamanı musiqiçinin ayaqları pedalların üzərində olur. Orqan elektriklə yüklənir, əgər yük çatmasa, o, sadəcə, dayanar. Orqanı kökləmək də asan deyil - mütəxəssis orqanın içinə girir və əyilərək musiqi alətini kökləməyə başlayır.

İndi orqan məndən ötrü dost kimidir, məndən mənfi enerjini alır və müsbət enerji ilə təmin edir, qoruyur. Fantastikdir! Bəzilərinin düşündüyü kimi orqanda ifa etmək elə də asan deyil. Amma mən öz musiqi alətimə aşiqəm! Ona bir az toxunan kimi sanki Yerdən ayrılıram və kosmosa qalxıram.

- Sizin repertuarda Qara Qarayevin simfonik qravürü «Don Kixot»dan fraqmentlər var. Amma məlumdur ki, böyük bəstəkar orqan üçün yazmayıb...

- Bu mənim ən uğurlu uyğunlaşdırmamdır. 1971-ci ildən məndə Azərbaycan orqan musiqisinə maraq oyandı. Konservatoriyanın birinci kursundan özümü çox yaxşı konsertmeyster və kamera orkestrinin solisti kimi təqdim etməyi bacardım. Həm də bizim bəstəkarlarla - Vasif Adıgözəlov, Aqşin Əlizadə, Fərhəng Hüseynov və başqaları ilə dost idim. Mən onların orqan üçün əsərlərinin ilk ifaçısıydım, bu əsərlərin çoxunun yazılmasına mən həvəs oyatmışdım. Azərbaycanın orqan musiqisini qorumağa çalışıram, buna görə də ikicildlik orqan üçün uyğunlaşdırma nəşr etdirmişəm. Orijinal olaraq başqa alətlər üçün yazılmış bəzi əsərlər orqanla, sadəcə, möhtəşəm səslənir.

- Festival konsertində siz Cəlal Abbasovun «Qara Qarayevin xatirəsinə postlyudiya»sını ifa etdiniz və kulminasiya məqamında, demək olar ki, klaviaturaya sarıldınız. Bu, baxış effekti, yoxsa səsin güclü olması üçündür?

- Daha güclü səslənmə üçün. İki vokalçı - Fəridə Məmmədova və Səbinə Əsədovanın ifasında Fərhad Bədəlbəylinin «Ave Mariya»sı da orqan müşayiətində belə gözəl səsləndi. Sevda İbrahimovanın «İthaf» poemasında soprano da orqana belə gözəl uyğunlaşır. Mənim konsertlərimin şah əsəri nazim Əliverdibəyovun «Bayatı-Şiraz»ıdır, onu ifa etməyi çox xoşlayıram. Gücü, parlaqlığı və effekti xoşuma gəlir. O, həmişə dinləyicilərin sürəkli alqışlarına səbəb olur.

- Həyatınız indi Kölndə necə keçir?

- Artıq 10 ildir Kölndə yaşayıram. Bu, Reyn sahilində gözəl alman şəhəridir. İstirahət üçün çox sayda səliqəli parkları var. Mən təbiəti çox sevirəm. İlk dəfə kilsəyə girəndə səbirlə musiqi dinləyən işıqlı şəxslər gördüm. Bu məni həyəcanlandırdı, ağladım. Ətrafda kilsə, orqanı olan məbədlər çoxdur. Mənim məşq etməyim üçün də yer ayırıblar. Əgər Bakıda musiqi dinləyiciləri çox tələbkardırsa, Kölndə diqqətli və ziyalıdırlar, ifa zamanı artıq heç bir hərəkətə yol vermirlər.

Tez-tez moizə vaxtları çalıram, konsert üçün isə əvvəlcədən sifariş vermək, proqramı razılaşdırmaq lazımdır. Mən hələ Bakıda olanda Leypsiqdən olan alman orqançı Volfqanq Şetelixə assistentlik etmişdim, sonra onunla dostlaşdıq. O, mənə poçtla Baxın 9 cildlik əsərlərini göndərdi. Mənim valideynlərimi Leypsiqə öz evinə qonaq çağırdı. Evdə qayınatasının düzəltdiyi, gözəl ağ kabinet orqanını bizə göstərdi. Mən Almaniyada ilk konsertimi Müqəddəs Yozef kilsəsində vermişəm və orada Azərbaycan əsərlərini ifa etmişəm.

Kölndə gözəl bir qadın - orqançı, dirijor və vokalist Angelika Müllerlə tanış olmuşam. Onunla birlikdə Sevda İbrahimovanın «İthaf» əsərini xüsusi olaraq konsertə gəlmiş müəllifin özünün iştirakı ilə ifa etmişik. Onun möhtəşəm səsi çox yüksəkdən, aramsız olaraq səsləndi. Başqa bir konsertdə isə müəllif, BMA-nın professoru Fərhad Bədəlbəylinin iştirakı ilə «Ave Mariya» səsləndi və Angelika Azərbaycan dilində ifa etdi.

Bu konsertlərə, adətən, Kölndə və Almaniyanın başqa şəhərlərində yaşayan çox həmvətənimiz gəlir. Belə konsertlər yüksək səviyyədə - dəvətnamələrlə, afişalarla, fotolarla təşkil edilir. Amma bəzənsə, təəssüf ki, Bakıdan qonaqlar gələ bilmir.

Almaniyada mən tanınmış orqan ustası, caz musiqisini əla ifa edən Yurgen Volfla birlikdə Azərbaycan musiqisindən ibarət iki disk yazdırmışam, orqan musiqisi üzrə birgə konsertlər layihəsi gerçəkləşdirmişəm. Nə qədər ki, səhnədəyəm orqanda möhtəşəm səslənən Azərbaycan musiqisini təbliğ etməkdə davam edəcəyəm.

 - Sizin hobbi və arzularınız...

- Mən xarici dilləri öyrənirəm, ingilis və fransızı bilirəm, indi də alman dilini təkmilləşdirirəm. Rəsmləri də unutmuram. Azərbaycan orqan musiqisini daha çox ifa etməyi arzulayıram.

- Sizə uğurlar!



MƏSLƏHƏT GÖR:

399