16 Aprel 2024

Çərşənbə axşamı, 20:22

OPEC GERİ QAYIDIR

Neft hasilatının azaldılması üzrə anlaşma qiymətləri uzunmüddətli dövrdə artırmağa imkan yarada bilərmi?

Müəllif:

15.12.2016

OPEC keçmiş nüfuzunu qaytarmağa qərar verib. Səkkiz il ərzində kartel ilk dəfə neft hasilatı kvotasını aşağı salmaqla bağlı qərar qəbul edib. Bir neçə gündən sonra bu qərarı OPEC-ə daxil olmayan digər neft hasilatçıları da dəstəklədilər. Noyabrın son günündə əldə edilmiş anlaşma 2017-ci il yanvarın 1-dən qüvvəyə minir və hasilatın 2016-cı ilin oktyabr ayı səviyyəsinə nisbətən aşağı salınmasını nəzərdə tutur.

 

Başlıca vasitəçi

OPEC hasilatın aşağı salınması üzrə sazişə özü üçün mürəkkəb bir vəziyyətdə nail oldu. Yalnız bu il ərzində kartelə daxil olan ölkələr hasilatın dondurulması barədə iki dəfə nəticəsiz görüş keçirdilər. Səudiyyə Ərəbistanı ilə İran arasında yaşanan siyasi münaqişə OPEC-i içindən dağıdırdı, İraq isə İŞİD döyüşçüləri ilə mübarizəyə görə maliyyə vəsaitlərinə ehtiyacı olduğunu əsas gətirərək hasilatı azaltmaq istəmirdi. Vyana görüşü ərəfisində ekspertlərin nümayiş etdirdiyi şübhəli yanaşma da bununla bağlı idi.

İstənilən cür bəyanatlara həssas olan siyasətçilər də neft bazarı ilə bağlı müsbət heç nə gözləmirdilər. Kartelin iclasından bir qədər öncə isə Brent neftinin qiyməti barrel üzrə

$49-dan $46-ya qədər düşmüşdü. Belə şəraitdə kartelin sutkalıq hasilatı 1,2 mln. barrel azaldaraq 32,5 mln. barreldə sabitləşdirmək barədə qərarı tamamilə müsbət oldu.

«Bloomberg»in yazdığına görə, OPEC ölkələri arasında sazişin əldə edilməsi üzrə həlledici rolu Rusiya oynayıb. Məhz Rusiyanın Enerji naziri Aleksandr Novakın səudiyyəli həmkarı Xalid əl-Falihə 29 noyabr gecəsi etdiyi zəng hasilatın dondurulması barədə qərarı ölü nöqtədən çıxardı. O cümlədən, «Bloomberg»in məlumatına görə, Novak səudiyyəli nazirə Rusiyada neft hasilatını əvvəl bəyan edildiyi kimi dondurmağı deyil, azaltmağı, hətta neft hasilatını azaltmağa başqa ölkələri də cəlb etməyi söz verib.

OPEC daxilində fikir ayrılığının aradan qaldırılması üçün əsas vasitəçi isə Rusiya Prezidenti Vladimir Putin oldu. «Reuters»in yazdığına görə, Putin Səudiyyə Ərəbistanı ilə İran arasında vasitəçi rolunu oynayıb. Agentliyin məlumatına görə, V.Putinin diplomatik səyləri hələ 2016-cı ilin sentyabr ayında başlayıb, Xançjouda “G20” sammitinin kluarlarında o, Səudiyyə şahzadəsi Muhammədlə görüşüb və dünya bazarındakı artıq neftin azaldılması məsələsində əməkdaşlıq etmək barədə razılaşıb. 28 noyabrda OPEC-in Vyana iclasından azca qabaq isə V.Putin İran Prezidenti Həsən Ruhanini anlaşmaya razı sala bilib ki, bu da sazişin əldə edilməsində həlledici rol oynayıb.

 

OPEC qiymətlərin artmasının tərəfdarıdır

Nəticədə, Səudiyyə Ərəbistanı hasilatın azaldılması məsələsində yükün çoxunu öz üzərinə götrdü, o, hasilatı 500 min barrel azaldacaq. İraq hasilatı 200 min barrel, Birləşmiş Ərəb Əmirlikləri və Küveyt isə hər biri 130 min barrel məhdudlaşdıracaq. İran isə hasilatı azaltmağa razılaşmasa da, sutkada 90 min barreldən artıq artırmamağa da hazır olduğunu vurğulayıb, halbuki əvvəllər öz kvotasını 300 min barrel artırmağa inad edirdi. İstehsalın azalması barədə istisna isə Liviya və Nigeriya üçün edildi, onlar terrorçu qruplaşmalarla müharibə üzündən onsuz da hasilat səviyyəsini azaltmağa məcbur olublar. OPEC-də fəaliyyətini dondurduğunu elan edən İndoneziya da istisna təşkil etdi. Kvotalar yarım illik qəbul edilib və OPEC-in 2017-ci ilin mayında keçiriləcək iclasında məsələ bir daha müzakirəyə çıxarılacaq.

OPEC-in qərarı dərhal bahalaşmaya səbəb oldu və təkcə dekabrın 1-də neft 9% bahalaşdı. Sonrakı günlərdə qiymət qalxmaqda davam etdi və $54-ə çatdı. Düzdür, sonralar bazarlarda Vyana razılaşmasına əməl edilməsinə və OPEC-ə daxil olmayan ölkələr arasında hasilatın azaldılması ilə bağlı anlaşma imkanına inamsızlıq üzündən qiymətlər bir qədər aşağı düşdü. Amma həmkarları OPEC üzvlərini darda qoymadılar.

 

Tarixi anlaşma

Artıq dekabrın 10-da elə Vyanada OPEC-ə daxil olmayan on bir ölkə gələn ilin yanvarından hasilatı oktyabr səviyyəsi ilə müqayisədə 558 min barrel azaltmaq barədə razılaşdılar. Azalmanın böyük hissəsini Rusiya öz üzərinə götürdü - sutkada 300 min barrel. Meksika isə hasilatı 100 min barrel azaltmağa razılaşdı. Azalma miqdarına 40 min barrel Oman, 35 min barrel Azərbaycan, 20 min barrel isə Qazaxıstan əlavə edəcək. Qalan 63 min barrel isə Bəhreyn, Bruney, Ekvatorial Qvineya, Sudan, Cənubi Sudan və Malayziya arasında bölünəcək.

Səudiyyə Ərəbistanının Enerji naziri Xalid əl-Falih OPEC-in qərarını və kartelə daxil olmayan ölkələrin buna dəstək verməsini tarixi hadisə adlandırıb. Özü də təkcə bazara təsir etmək imkanına görə yox, həm də anlaşmanı dəstəkləyən ölkələrin sayına görə də. O, OPEC-in neft hasilatının azalması üzrə öhdəliklərini anlaşmaya uyğun yerinə yetirəcəyini xüsusi qeyd edib və OPEC-in gələcək prezidenti kimi buna söz verib.

Onun fikrincə, yarımillik azalma bazarın balanslaşdırılması üçün kifayət edəcək. "İdeal vəziyətdə ilin ortalarında biz ona dönəcəyik ki, kim nə qədər istəyir o qədər də istehsal edəcək və biz heç bir limit müəyyən etməyəcəyik", - deyə Xalid əl-Falih bildirib. Ancaq nazir istisna etmir ki, ola bilər ki, bazarda yaranmış çətin vəziyyət hasilatın azaldılmasını yenidən vacib edə bilər. Yeri gəlmişkən, anlaşmaya imza atmış ölkələr bazardakı vəziyyətdən asılı olaraq hasilatın azaldılması qərarının daha yarım il uzadılmasının mümkünlüyü barədə də razılaşıblar.

Bütünlükdə, dünya neft hasilatının azalması sutkada 1,7-1,8 mln. barrel təşkil edəcək. Rusiyanın enerji naziri Aleksandr Novak hesab edir ki, sadalanan anlaşmaların gerçəkləşdirilməsi nəticəsində neft bazarının təkrar balanslaşdırılması gələn ilin üçüncü rübündə başlaya bilər. Özü də nazirin sözlərinə görə, saziş neft ixrac edən digər ölkələr üçün də açıqdır.

 

Azərbaycan və Qazaxıstan

Azərbaycan üçün Vyana anlaşması üzrə öz öhdəliyini yerinə yetirmək elə də çətin olmayacaq. Ölkədə yeni neft yataqlarının işə salınması üzrə hasilatı ciddi səviyyədə artıracaq yeni iri layihələr yoxdur. Hələ hasilatın azalması üzrə sazişin əldə edilməsinə çox qalmış Bakı fəal şəkildə bazarın balanslaşdırılması tədbirlərinə çağırırdı. Bundan əlavə oktyabr ayında RİA «Novosti» agentliyinə müsahibə verən Azərbaycan Prezidenti İlham Əliyev bəyan etmişdi ki, Azərbaycan birtərəfli qaydada neft hasilatını artırmamaq barədə qərar qəbul edib.

«Neft dünyasının ümumi rəyi neftin qiymətinin $60-ə, bəlkə də $70-ə qədər qalxmasının tərəfdarıdır ki, bu, mən düşünürəm, hamı üçün əlverişli ola bilər: şirkətlər sərmayə yatıra bilərlər, istehsalçı ölkələr isə müxtəlif layihələrə vəsait yatıra bilərlər», - deyə İ. Əliyev vurğulamışdı.

Xəzərin şərq sahilində isə tamamilə fərqli mənzərə yaranır, orada Qazaxıstan nəhayət bir neçə il gözləmədən sonra iri miqyaslı «Kaşaqan» yatağını işə salıb. Məhz buna görə Qazaxıstan neft hasilatının azalmasında iştirak etməyə hazır deyildi, amma sonradan sutkada 20 min barrel azaltmağa söz verdi. Qazaxıstanın Enerji naziri Kanat Bozumbayev bildirib ki, ölkəsi öhdəliyini başqa layihələrdə azalma hesabına yerinə yetirəcək.

 

Bazarın gözləntiləri

OPEC-ə daxil olmayan ölkələrin şənbə günü hasilatın azaldılması ilə bağlı əldə etdikləri anlaşmadan sonrakı ilk iş günündə Brent neftinin qiyməti $57-ə qədər qalxdı (keçən həftənin yekunu ilə müqayisədə 5% artım oldu). «Fitch» reytinq agentliyinin proqnozuna görə, kartelə daxil olmayan ölkələrin sazişi olmadan belə, artıq OPEC-in anlaşmasının özü 2017-ci il boyunca bazarda təklif artıqlığını ləğv edə bilər və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) ölkələrində toplanmış ehtiyatın getdikcə azalmasına gətirə bilər. Bundan başqa, Beynəlxalq Energetika Agentliyinin (BEA) proqnozlarına əsaslanan «Fitch» ekspertləri ehtimal edirlər ki, neftə olan tələb 2017-ci ilin birinci rübündə təklifdən, təxminən, 400 min barrel/sutka çox ola bilər, amma anlaşma davam edərsə, 2017-ci ilin dördüncü rübündə bu, 1,3 milyon barrelə qədər qalxa bilər.

Ekspertlərin əksəriyyəti, o cümlədən «Goldman Sachs» və «Bank of America» gözləyir ki, yaxın zamanlarda neftin qiyməti barrel üzə $60-ı keçəcək. Gələn il üçün də proqnozlar həmçinin optimistdir, amma indi ölkələrin hasilatı azaltma imkanları və sazişə qoşulmamış ölkələrdə hasilatın artımı ehtimalları nəzərə alınır. «Wood MacKenzie»nin proqnozuna görə, əgər OPEC ölkələri və başqa istehsalçı ölkələr hasilatın azalması üzrə planlara riayət edərlərsə, gələn il neftin qiyməti barrel üzrə $65-70-a çatacaq.

«Bernstein» analitikləri hesab edirdər ki, 2017-ci il üçün neftin orta illik qiyməti barrel üzrə $60, 2018-ci il üçünsə $70 olacaq. «Morgan Stanley» ekspertləri də gələn il neftin qiymətinin qalxacağını gözləyirlər, ancaq xəbərdarlıq edirlər ki, Liviya və Nigeriyanın hasilatın artırılması ilə bağlı planları əvvəlki kimi OPEC-in bazarı yenidən balanlaşdırmaq istəyi üçün əsas təhlükə olaraq qalır.

«LUKoyl» şirkətinin vitse-prezidenti Leonid Fedun ehtimal edir ki, 2017-ci ildə aparıcı qiymət barrel üçün $60 olacaq. Bu zaman o qeyd edib ki, sahəyə investisiyalar üzrə geniş miqyaslı kəsir üzündən hasilatın azaldılmasına ehtiyac qalmayacaq. «Anlamaq lazımdır ki, neftin qiyməti ucuz olan bu üç ildə bazardan demək olar ki, $1 trln. çıxdı. Bu pullar sərmayə kimi yatırılmadı və yaxın zamanlarda da yeni yataqlara yatırılmayacaq. Buna görə də 2020-ci ilə qədər bazarda ən azı 6-7 mln. barrel gündəlik kəsir yaşanacaq», - deyə Fedun vurğulayıb.

O qeyd edib ki, belə şəraitdə və bir sıra əvvəlcədən müəyyən edilməyən şərtlər üzündən neftin qiyməti yenidən $100 dolların ətrafına qayıda bilər. Amma «LUKoyl» vitse-prezidentinin sözlərin görə, istehsalçılara həddindən yüksək qiymət də əlverişli deyil, onlar üçün $80 yetərlidir. "«Barrelə görə $80 - bu, tələblə təklif arasında tarazlığı təmin edən qızıl qiymətdir», - deyə o vurğulayıb.

Amma hasilatı azaltmağa razılaşmış ölkələrin bəyan etdikləri kvotaya nə dərəcədə əməl edəcəkləri məsələsini də diqqətdən yayındırmaq olmaz. Bu məsələ Rusiya üçün xüsusilə ağırdır. Energetika naziri A. Novakın sözlərinə görə, Rusiya neft hasilatının sutkada 300 min barrel azalmasını yalnız aprel-mayda təmin edə biləcək.

Başqa tərəfdən, bazar şist yataqlarını istismar edən Amerika şirkətlərinin fəaliyyətini də nəzərə alacaq. İndiki qiymət böhranı ABŞ-da şist formasiyaları sayəsində neft hasilatının sürətlə artması hesabına yaranıb.

BEA-nın başçısı Fatih Birolun sözlərinə görə, neftin qiyməti barrel üzrə $60 səviyyəsinə qalxan kimi ABŞ-da şist nefti istehsalçıları hasilatı artıracaqlar. Özü də ABŞ şirkətləri OPEC-in qiymət müharibələri dövründə yetərincə möhkəmləniblər və maya dəyərini $29,44-a sala biliblər, Şimali Dakotada isə qiymət ümumiyətlə $15-ə düşüb.

«ING Bank»ın xammal strategiyası şöbəsinin rəhbəri Həmzə Xanın sözlərinə görə, OPEK neft hasilatının azalması barədə qərarında gecikib, çünki ABŞ istehsalçıları xərcləri azaltmağı və barreli $40-a neft çıxarmağı öyrəniblər. «İlkin eyforiya keçəndən sonra ABŞ-ın şist nefti istehsalçılarının dövrü başlayacaq, onlar hasilatı artırmağa başlayacaqlar. Bu qərara gəldikdə isə, onlar üçün Milad bayramının 26 gün əvvəl başlaması deməkdir», - deyə Həmzə Xan OPEC ölkələrinin hasilatın azaldılması ilə bağlı sazişini şərh edərkən bildirib.

Gələn il üçün əsas risklərdən biri yeni seçilmiş ABŞ Prezidenti Donald Trampın energetika sektorunun, o cümlədən neft hasilatının inkişafı üçün bütün maneələri ləğv edəcəyi barədə verdiyi sözün həyata keçirilmə ehtimalıdır.

BEA-nın proqnozlarına görə, uzun müddətli perspektivdə neftə tələbat 2040-cı ilə qədər artacaq və onda sutkada 103,5 milyon barrelə qalxacaq (2015-ci ilin göstəriciləri ilə müqayisədə 12% artacaq). Proqnoza görə, 2020-ci ildə neftin qiymətləri barrel üzrə $79-a qədər, 2030-cu ildə $111-a kimi, 2040-cu ildə isə $124 dollara qədər artacaq.

Neftin qiymətinin bahalaşması başqa amillərlə yanaşı, hasilatla bağlı xərclərin artmasına görə də baş verəcək, çünki «asan neft» ehtiyatlarının işlənməsi dövrü başa çatmaq üzrədir.

Beləliklə, demək olar ki, OPEC çox sayda pessimist proqnozlara baxmayaraq öz əvvəlki gücünü göstərməyə hazırdır, çünki təkcə hasilatı artırıb - azaltmaqla bağlı verdiyi bəyanat bazarda əhvalın kəskin dəyişməsi üçün yetərlidir. Karteldə özünə inamı OPEK-ə daxil olmayan ölkələrin bazara təsir üzrə birgə fəaliyyətə qoşulmağa hazır olması da gücləndirir. Digər tərəfdən, kartelin qarşısında ölkələrin kvotaya riayət etməsi və ABŞ-ın şist istehsalçılarına qarşı mübarizə kimi problemləri də var.

OPEC-in triumfla qayıdışının alınıb-alınmamasını, yaxud kartelin iflasa uğrayaraq unudulub-unudulmamasını zaman göstərəcək.



MƏSLƏHƏT GÖR:

413