23 Aprel 2024

Çərşənbə axşamı, 20:30

PREZİDENTİN GEDİŞİ

Cənubi Koreyanın dövlət başçısına impiçmentin elan olunmasından sonra ölkənin siyasi kursu dəyişəcəkmi?

Müəllif:

15.12.2016

Koreya Respublikası, Prezidentin impiçmentlə üzləşdiyi növbəti ölkə oldu. Digər anoloji hallarda olduğu kimi, dövlət başçısının vəzifədən kənarlaşdırılması, əlbəttə ki, yalnız daxili siyasi vəziyyətə deyil, ölkənin beynəlxalq arenadakı mövqelərinə də öz təsirini göstərəcək.

 

Prezident qızı, prezident

Cənubi Koreyada bu cür ciddi daxili siyasi çaxnaşma son dəfə uzaq 1979-cu ildə yaşanmışdı. O zaman dövlət başçısı 17 illik rəhbərliyi dönəmində ciddi islahatlar həyata keçirərək,  Koreyanın iqtisadi möcüzəsinin memarı adını qazanan Pak Çon Xi idi. Amma bu, «memar»ı onun avtoritar hakimiyyətinə qarşı çıxan düşmənlərin sayının getdikcə artmasından qoruya bilməmişdi. Demokratik hərəkatın getdikcə güclənməsi ilə sonda Pak Çon Hi öldürülmüşdü. Maraqlıdır ki, prezidenti Koreya kəşfiyyatının başçısı qətlə yetirmişdi…

O vaxtdan 37 il keçir. İndi, Cənubi Koreyanı yenidən minlərlə insanın iştirak etdiyi mitinqlər, nümayişlər bürüyüb. Bu dəfə xalqın etirazı Prezident Pak Kın Hiyə - Koreya mözücəsinin "ata”sının qızınadır. İstər onun özü, istərsə də bütünlükdə Cənubi Koreya üçün xoşbəxtlik sayıla biləcək məqam ondan ibarətdir ki, bu dəfə qətlsiz ötüşmək mümkün olub. Amma Pak Kın Hi postunu tərk etmək məcburiyyətində qalıb.

Pak Kın Henin unikallığı Koreya Respublikası tarixinə ilk qadın prezident kimi düşməsidir. Vaxtilə, atasının prezidentliyi dövründə o, ölkənin birinci xanımı statusunu da daşıyıb. Çünki anası prezidentə qarşı sui-qəsd cəhdlərinin birində güllələnərək öldürülmüşdü. Atasının ölümündən sonra Pak Kın He siyasət aləmini tərk edərək, əsasən xeyriyyəçilik və ekoloji layihələrlə məşğul olub.

Həmin hadisələrin üzərindən, təxminən, 20 il keçdikdən sonra, Pak Çon Hinin tərəfdarları Böyük Ölkənin Partiyasını yaradır, daha sonra onun adını dəyişərək «Senuri» - Yeni Hədəflər Partiyası qoyurlar. Nəhayət, 1998-ci ildə onlar Pak Kın Heni parlament seçkisinə qatılmağa razı salırlar. Nəticədə, mərhum atasının ad-sanının köməyilə o, öz dairəsində seçkini udur. Daha sonra o, bir neçə dəfə təkrarən parlamentə seçilir. 2012-ci ildə isə Pak Kın Henin rəhbərlik etdiyi «Senuri» seçkidə inamlı qələbə qazanır. Nəticədə o, prezidentliyə namizəd olur. Elə həmin ilin dekabrında Pak Kın He dövlət başçısı postu uğrunda seçkidə də qalib gəlir.

Amma Pak Çon Hi uğurlu prezident ola bilmədi. Bu il onun «Senuri» partiyası parlament seçkisini uduzdu. Bu, əslində əksər vətəndaşların prezidentin siyasətinə şübhə ilə yanaşdığının göstəricisi idi. Bəlkə də Pak Kın He həmvətənlərinin gözündə itirilmiş mövqeyini bərpa edə biləcəkdi. Lakin bir anda çaxan ildırım onu prezidentlik kürsüsündən atdı. Onunla bərabər, Cənubi Koreyanın bütünlükdə hakimiyyəti sarsıldı.

 

Prezidentin rəfiqəsi

Pak Kın Henin iflasının səbəbi onun ən yaxın rəfiqəsi, tanınmış din xadimi Çxve Txe Minin qızı Çxve Sun Sildir. Məlum olub ki, Pak Kın He uzun müddətdir bu ailənin təsiri altında imiş və Çxve Sun Sil prezidentə yaxınlığından sui-istifadə edirmiş. Dövlət başçısı rəfiqəsinə onun çıxışlarına düzəlişlər etmək imkanı verir, nazirlərin təyinatını və istefaya göndərilməsini onunla razılaşdırırmış. Dövlət qulluqçusu olmayan Çxve Sun Silin üzünə məxvi sənədlər, arxiv belə, açıq imiş. Amma qalmaqalın məğzi bu qadının prezident rəfiqəsinə hədsiz təsir imkanlarında deyil. Ölkədə korrupsiya da onun adı ilə bağlıdır. Söhbət Çxve Sun Silin nəhəng korporasiyalardan öz fondları üçün pul qoparmasından gedir.

Beləliklə, yüzminlərlə koreyalının prezidentin yerinə qərarlar vermiş fırıldaqçı xanımın özbaşınalığına etiraz olaraq küçələrə axışması təəccüblü deyil. İctimaiyyətin təzyiqi ilə Çxve Sun Sil artıq həbs olunub. Bundan sonra parlament hakimiyyətdən sui-istifadə etməkdə günahlandırılan prezidentə impiçment elan olunması proseduruna başlayıb. Sonda 300 deputatdan 234-ü Pak Kın Henin hakimiyyətdən kənarlaşdırılmasına səs verib. Onların arasında hakim partiyanın 60-dan artıq təmsilçisi də var. Bu, göstərir ki, «Senuri» ölkənin siyasi həyatında aparıcı mövqelərini qoruyub saxlamaq üçün nüfuzdan düşmüş prezidentdən üz döndərir.

İndi, Pak Kın Henin taleyi prokurorluq tərəfindən aparılmaqda olan araşdırmanın nəticəsindən və Konstitusiya Məhkəməsinin çıxaracağı hökmdən asılıdır. Xüsusi təyin olunmuş prokurorun hakimiyyətdən uzaqlaşdırılmış prezidentə qarşı irəli sürülən bütün ittihamlara aydınlıq gətirməsi üçün 3 ay vaxtı var. Bundan sonra məhkəmə 180 gün ərzində işə baxacaq və yekun hökmü elan edəcək. Odur ki, proses hələ 9 ayadək uzana bilər. Bu müddətdə Pak Kın He prezident titulunun daşıyıcısı olaraq qalacaq və prezident iqamətgahında yaşayacaq. Amma Cənubi Koreyada onun formal prezidentliyinin də sonuna sayılı günlər qaldığına, ölkəni növbədənkənar prezident seçkisinin gözlədiyinə heç kəs şübhə etmir. Üstəlik, Cənubi Koreyada prezidentlərin hakimiyyətdən kənarlaşdırılması və onların məhkəməyə cəlbi nadir hadisə deyil. 1988-ci ildən bu yana Pak Kın Henin 5 sələfindən yalnız 2-si hüquq-mühafizə orqanlarının diqqətinə düşməməyi bacarıb. Bu faktlar indiki prezidentin də impiçmentin ardınca cinayət məsuliyyətinə cəlb olunması ehtimalını artırır. Halbuki, 2012-ci ildə onu prezident seçən koreyalılar Pak Kın Henin qüsursuz imicini qoruyub-saxlayacağına, atası Pak Çox Hin haqqında xatirələrə zərbə vurmayacağına əmin idi. Üstəlik, Pak Kın Henin ailəsi, övladı da yoxdur - bu ölkədə əvvəlki prezidentləri korrupsiyaya sövq edən faktorlar arasında ailə və uşaqlar xüsusi «yer tuturdu».

 

Yeni prezident kim olacaq?

Məhkəmə hökmü elan olunanadək Koreya Respublikası Prezidentinin səlahiyyətləri Baş nazir Hvan Qyo Ana həvalə olunub. Keçmiş prokurorluq işçisi olan Hvan Qyo An neytral siyasi fiqur sayılır ki, indiki ağır keçid dövründə bu, çox faydalı ola bilər. Amma gələn il ölkədə, böyük ehtimalla, növbədənkənar prezident seçkisi keçiriləcək. Bu mənada, ekspertlər müxtəlif perspektivlər proqnozlaşdırır. Əksəriyyət hesab edir ki, prezidentin əməlləri üzündən hakim partiya xeyli zəifləyib və ona BMT-nin hazırkı Baş katibi, bu postda səlahiyyət müddəti dekabrın 31-də bitəcək Pan Gi Munun prezidentliyə namizəd göstərilməsi belə, kömək etməyəcək.

Gözlənilən növbədənkənar seçkinin favoriti artıq indidən solçu siyasətçi Mun Ce İn sayılır. Qeyd edək ki, o, 2012-ci il seçkisində Pak Kın Henin rəqibi olub. Mun Ce İnin hakimiyyətə gələcəyi təqdirdə Seulun xarici siyasətində bir sıra dəyişikliklər ola bilər. Mümkün dəyişikliklərin nəticələrini dünyanın maraqlı dairələri artıq indidən təhlil etməkdədir.

Bu halda, ilk növbədə, Koreyanın Şimalı ilə Cənubu arasındakı münasibətlərdə müəyyən yaxınlaşma proqnozlaşdırılır. Pak Kın Henin prezidentliyi dönəmində bu münasibətlər, az qala, silahlı qarşıdurma həddinədək gərginləşib. Yeri gəlmişkən, bu məsələdə də Çxve Sun Silin əlinin olduğu üzə çıxıb. Ölkədə solçu siyasətçinin hakimiyyətə gəlişi KXDR-in birgə layihələrə cəlb olunması ilə nəticələnə bilər. Hər halda, Mun Ce İn «Günəş işığı siyasəti»nin bərpasının, yəni Şimali Koreya ilə barışığın tərəfdardır. Bu istiqamətdə addımlardan biri Cənubi Koreyanın sağçı hökumətinin ölkə ərazisində Amerikanın THAAD raketdən müdafiə sisteminin yerləşdirilməsi haqda qərarına yenidən baxılması olar. Rəsmi olaraq o, Şimali Koreyaya məxsus ballistik raketlərin «tutulması» üçündür. Lakin Rusiya ilə Çin Cənubi Koreya ərazisində bu sistemin yerləşdirilməsini öz təhlükəsizliklərinə birbaşa təhdid sayırlar.

Bu məsələnin başqa tərəfi də var. Cənubi Koreya bu sistemdən imtina edərsə, əsas strateji müttəfiqi, təhlükəsizliyinin qarantı, onu nüvə çətirilə təmin etmiş ABŞ-ın gözündən düşə bilər. Üstəlik, Amerikada prezident seçkisini qazanmış Donald Trampın administrasiyası, böyük ehtimalla, Şimali Koreyaya qarşı sərt mövqe tutacaq.

Bununla yanaşı, Cənubi Koreyanın strategiyasında Birləşmiş Ştatlara geosiyasi istiqamət o qədər dərin kök atıb ki, Seulla-Vaşinqton arasında münasibətlərin soyuyacağını güman etmək çətindir. Lap Şimali və Cənubi Koreyalar arasında köklü yaxınlaşma ehtimalı qədər. Bu iki ölkə arasında ziddiyyət dərin siyasi və ideoloji xarakter daşıyır. Amma hazırda Cənubi Koreyada yaşananların əsas mahiyyəti heç də ölkənin xarici siyasətində baş verə biləcək dəyişikliklərlə bağlı deyil. Söhbət ölkə daxilində siyasi qüvvələr nisbətində mümkün dəyişikliklərdən də getmir. Vacib olanı ölkə başçısına impiçment elan olunması faktının özüdür. Son zamanlar anoloji hal bir sıra digər ölkələrdə, məsələn, Paraqvay və Braziliyada da yaşanıb. Bu, inkişaf edən demokratiyanın göstəricisi olmaqla yanaşı, həm də ən müxtəlif qitələrdə yerləşən bir çox dövlətlərdə siyasi sabitliyin çox həssas olduğunun da göstəricisidir.



MƏSLƏHƏT GÖR:

368