19 Aprel 2024

Cümə, 10:28

APENNİNDƏ DEJAVYÜ

İtalyanlar növbəti dəfə Konstitusiya dəyişikliyinin əleyhinə səs verdi

Müəllif:

15.12.2016

Bu ilin əvvəlində Konstitusiyaya dəyişikliklər edilməsi məqsədilə referendum elan etmiş Matteo Rensi cəsur, amma eyni zamanda, düşüncəsiz addım atıb. Nəzərdə tutulan dəyişikliklər isə əsasən, onun sələfi Sivio Berluskoninin yenə də referendum vasitəsilə nail olmağa çalışdığı islahatlara çox bənzər idi.

Onların hər ikisi, əlbəttə ki, ilk olaraq Konstitusiya islahatlarını parlamentdən keçirməyə çalışıb. Lakin uğursuzluğa düçar olduqları üçün xalqdan yardım istəyiblər. Sadəcə, Berluskonidən fərqli olaraq, Rensi uğursuzluq halında istefa verəcəyini deyirdi.

Beləliklə, gələk referendumun nəticəsinə.

Xalq Baş naziri dinləmədi və dekabrın 4-də keçirilən səsvermədə 60% seçici təklif olunan dəyişikliklərə «yox» dedi. Bu, 2006-cı ildə Berluskoninin təşəbbüsü ilə keçirilmiş referendumdakı göstəricinin təkrarı idi. İstefa elan edildi və Prezident Serco Mattarella tərəfindən qəbul olundu. 2018-ci ildə keçiriləcək parlament seçkisinədək fəaliyyət göstərməli olan yeni hökumətin formalaşdırılması Xarici İşlər naziri Paolo Centiloniyə tapşırıldı. Bu, son 70 ildə İtaliyada 64-cü Nazirlər Kabineti olacaq.

Hazırkı şərtlərdə növbədənkənar seçki İtaliyaya yaxşı heç nə vəd etmir.

 

Rensiyə qarşı...

Əslində, nəticələri səsvermədən 2 həftə əvvəl «Il Sole 24 Ore» qəzetində dərc olunmuş sorğu göstərmişdi ki, italyanlar Rensinin referendumda qələbə qazanacağı təqdirdə, həyata keçirməyi vəd etdiyi islahatları dəstəkləyir; məsələn, rəyi soruşulanların 57%-i Senatın səlahiyyətlərinin Deputatlar Palatasının xeyrinə azaldılmasına müsbət yanaşırdı, 83% isə parlamentdə bu və ya digər məsələnin müzakirəsi üçün vaxt limitinin tətbiqini lazım bilirdi. Bununla yanaşı, respondentlərin 60%-nin təkliflərinin detalları ilə o qədər də tanış olmadığı, 61%-in isə hökumətin fəaliyyətindən narazı olduğu da üzə çıxmışdı.

Hökuməti 2014-cü ilin fevralında formalaşdırmış Matteo Rensi məmurların mənasız məsrəfləri ilə, korrupsiya ilə mübarizə aparacağını, ölkəni bitmək bilməyən iqtisadi durğunluqdan çıxaracağını vəd edirdi. Onun sözlərinə görə, «şok terapiya”sının köməyi ilə artıq iyulun 1-də ölkədə vəziyyət kökündən dəyişməli idi. O zaman ayda 1 islahatın həyata keçirilməsi planı da hazırlanmışdı: apreldə dövlət xidmətində, mayda fiksal sistemdə, iyunda ədliyyə orqanlarında. Artıq martda dövlət xərclərinin azaldılması proqramının reallaşdırılması üçün 3 nazirliyə (Ədliyyə, Müdafiə və Daxili İşlər) məxsus 151 avtomobil («Mazeratti», «Alfa Romoe», «Yaquar», «Audi» və s.) hərraca çıxarılmışdı.

Amma Rensinin elə Demokratlar Partiyasından olan tərəfdarlarının da əksəriyyəti hesab edir ki, Baş nazir islahatları, əsasən, islahatlara o qədər də ehtiyacın olmadığı sahələrdə aparıb; məsələn, o, Əmək Məcəlləsində işçiləri qanunsuz olaraq işdən kənarlaşdırmadan qoruyan maddələri dəyişib, dövlətin verdiyi orta təhsildə islahatlara başlayıb və bu, bütün ölkədə tətillərə, müəllimlərin etiraz aksiyalarına yol açıb.

 

139-dan 48-i

Referendum Konstitusiyanın 139 maddəsindən 48-nə dəyişiklik edilməsini nəzərdə tuturdu. Onlardan ən önəmliləri parlamentin yuxarı palatasının (Senat) tərkibinin və səlahiyyətlərinin azaldılması, prezident seçkisi mexanizminin və Konstitusiya Məhkəməsinin heyətinin dəyişdirilməsi, enerji siyasəti, strateji infrastruktur və mülki müdafiə məsələləri ilə bağlı qərarların qəbulunda regionların səlahiyyətlərinin azaldılması idi. Parlamentdə hökumət üçün prioritet olan qanun layihələrinin müzakirəsini sürətləndirmək üçün deputatlara qərarın qəbulu üçün 70 gün vaxt verilməsi də təklif olunurdu.

Matteo Rensi Nazirlər Kabinetinə başçılıq etdiyi dövrdə hər zaman bir məqama xüsusi diqqət çəkib: Senatla Deputatlar Palatasının bərabər səlahiyyətlərə malik olması onun islahatlarının həyata keçirilməsinə ciddi maneədir. O hesab edir ki, yuxarı palata üzvlərinin sayının 315-dən 100-ə endirilməsi dövlət xərclərinin ildə 500 milyon avroyadək azaldılmasına da imkan verərdi.

Statistika isə fərqli mənzərə ortaya qoyur. Parlamentin hazırkı tərkibi fəaliyyəti dövründə (2013-cü ilin martından) qəbul etdiyi 252 qanunun yalnız 50-lə (19,84%) bağlı 2 dəfədən artıq dinləmə keçirib, yəni qanunun qəbulu uzanıb. Təcrübə göstərir ki, hər hansı məsələ ilə bağlı siyasi razılıq əldə olunubsa, parlament, hətta ziddiyyətlər yaradan qanunu belə, kifayət qədər tez bir zamanda qəbul edir. Misal kimi, cəmi 16 günə təsdiqlənmiş pensiya islahatlarını və ya «əmək qanunu»nu göstərmək olar.

 

Bank böhranı

Ölkənin Mərkəzi Bankının məlumatına görə, hazırda İtaliyanın dövlət borcu rekord həddə çatıb. 2,248 trilyon avronu aşmış borc ÜDM-in təxminən 133%-i deməkdir. ÜDM isə son 8 ildə 12% azalıb. Bu, Aİ-də Yunanıstandan sonra ən pis göstəricidir.

Şişirtməyə yol vermədən demək olar ki, referendumun nəticələri yaxın perspektivdə bank sektorunun ölkə iqtisadiyyatını bitmək bilməyən böhrandan çıxarmaq cəhdlərinə mənfi təsir göstərəcək. İtaliyanın bankları çox zəifləyib. Gecikmiş kreditlərin ümumi həcmi 360 milyard dolları ötüb ki, bu da ölkənin ümumi kredit portfelinin təxminən 20%-i deməkdir.

Ötən il İtaliya hökuməti tammiqyaslı maliyyə böhranından qaçmaq niyyəti ilə əsas banklara dəstək olaraq, 45 milyrd avro tapmaq niyyətində idi. Amma bu, Avropa İttifaqının cəmi 2 il əvvəl qəbul etdiyi qanunlara ziddir. Həmin qanunlara görə, bank səhmlərinin sahibləri ziyanla üzləşməmiş, milli hökumətlər vergi ödəyicilərinin pulunu bu istiqamətdə xərcləyə bilməzlər.

Burada məntiq var. Məsələ ondadır ki, beynəlxalq təcrübədə bankların əsas sahibləri nəhəng biznes təmsilçiləri, maliyyə institutlarının nümayəndələridir. Onlar öz fəaliyyətlərində müəyyən riskləri nəzərə almalıdır.

İtaliyada isə səhmlərin 45%-nin sahibi adi insanlardır. Odur ki, ötən il 4 problemli banka hökumət tərəfindən yardım edilmədi və çox sayda insan pulsuz qaldı. Bu səbəbdən intihar hallarına belə, rast gəlinirdi.

Matteo Rensi istisna olaraq İtaliya hökumətinə bank sektoruna yardım etmək üçün icazə verilməsini istəsə də, Angela Merkel başda olmaqla, bütün avropalı siyasətçilər bu xahişi rədd edib. Onlar hesab edir ki, əks halda, Avropa İttifaqının qanunvericiliklə bağlı təşəbbüsləri heç kəs tərəfindən ciddi qəbul olunmayacaq.

Belə şəraitdə ölkənin üçüncü iri bankı, ilin əvvəlindən kapitallaşması 85% azalmış Monte dei Paschi di Siena səhmlərinin bir hissəsini satmaq qərarına gəlib (ilk tranşı 5 milyard dollara). Digər banklar da belə qərar qəbul etməyə meyillidir. Lakin referendumdan sonra yaranmış vəziyyətdə investor tapmaq, yəqin ki, elə də asan olmayacaq.

Bu arada İsveçrənin bank sektorundan maraqlı statistika gəlib. Zəngin italyanlar referenduma 1 ay qalmış ölkədən kütləvi şəkildə avro çıxarmağa, qızıl almağa və onu İsveçrəyə yerləşdirməyə başlayıb. Bu, ölkədə iqtisadi vəziyyətin tezliklə düzələcəyinə inamın olmadığını göstərməklə yanaşı, həmin insanların hakimiyyətə Aİ-yə və vahid valyutaya skeptikcəsinə yanaşan qüvvələrin gələ biləcəyindən ehtiyatlandığını da nümayiş etdirir.

 

Konstitusiya islahatlarının əleyhdarları

İtaliyanın şimal və cənub hissəsi iqtisadi inkişaf səviyyəsinə görə bir-birindən ciddi şəkildə fərqlənir. Əgər şimal regionlarında adambaşına düşən gəlir Avropadakı orta göstəricinin 130%-nə çatırsa, cənubda bu, cəmi 60%-dir.

Referendumda Konstitusiyaya dəyişikliklər qəbul olunsaydı, İtaliyanın bütün regionları səlahiyyətlərini və öz büdcələrinə nəzarəti əldən verəcəkdi. Bu, perspektiv regionlara geniş muxtariyyət, hətta suverenlik tələb edən «Şimal Liqası»nı qətiyyən qane etmir.

Noyabrda keçirilmiş sorğunun nəticələrinə görə, seçicilərin 12-13%-i məhz bu partiyanı dəstəkləyir. «İrəli, İtaliya» mühafizəkar hərəkatının dəstəyi də eyni həddədir. Yeri gəlmişkən, sonuncuların lideri Silvio Berluskoni də Konstitusiyaya təklif olunan dəyişikliklərin əleyhinə idi.

Rensinin təşəbbüsünün əsas tənqidçisi isə populyarlığını sürətlə artırmaqda olan «Beş ulduz hərəkatı»dır. İndi, o, İtaliyada 27,3%-lik dəstəklə ən populyar ikinci siyasi qüvvədir. O, populyarlığa görə yalnız Demokratlar Partiyasından (təxminən 32%) geri qalır.

Aparılan sorğular göstərir ki, ölkədə bu gün parlament seçkisi keçirilərsə, demokratlara məhz bu 3 partiya əsas rəqib olardı. Üç kiçik partiyanın da az da olsa şansı var - xristian-demokratlar, «İtaliya solçuları» və «İtaliyanın qardaşları». Onlar da hakim demokratlarla dost deyil.

İtaliyada bitmək bilməyən seçkilərin qarşısının alınması məqsədilə ötən il qəbul olunmuş yeni seçki qanunvericiliyinə əsasən, səsvermədə 40% səs yığan partiya parlamentin aşağı palatasında çoxluğa sahib çıxır. Əgər ilk turda qalib müəyyənləşməsə, ikinci turda yalnız 2 partiya yarışır. Məhz bu halda populist «Beş ulduz hərəkatı»nın qələbə üçün bütün şansları olacaq. Çünki belə olarsa, digər rəqiblər də məhz onu dəstəkləyəcək. Bu səbəbdən, hakimiyyətdə olan demokratlar növbədənkənar seçkidən qaçmağa çalışır. Onlar 2018-ci ilədək vəziyyəti öz xeyirlərinə dəyişə biləcəklərinə ümid edir.

Bununla yanaşı, yeni seçki qanunvericiliyi Konstitusiya Məhkəməsinin müzakirəsindədir. Əgər o ləğv olunarsa, «Beş ulduz hərəkatı»nın çoxluğa nail olmaq şansı minimuma enəcək.

 

Avropa üçün şok

Bu, son yarım ildə Avropa üçün üçüncü ciddi şokdur. «Brexit»dən və Donald Trampın ABŞ prezidenti seçilməsindən sonra, indi də İtaliyanın Baş naziri Matteo Rensi devrilir. Hər halda, Almaniyanın «Die Welt» qəzeti belə yazır.

Onunla Britaniyanın «The Financial Times» nəşri də həmrəydir: «Həm «Brexit», həm də Rensinin istefası bir prosesin tərkib hissəsidir. Avropa layihəsi görünməmiş gərginlik içərisindədir. Böyük Britaniyanın gediş qərarı bunun ən bariz nümunəsidir. İtaliyada qızışmaqda olan böhran isə uzaq perspektivdə Aİ-nin mövcudluğu üçün daha ciddi təhlükəyə çevrilə bilər».

Brüsselin də Avropaya inteqrasiya tərəfdarı olan Matteo Rensi ilə münasibətləri yaxşı deyil; məsələn, o, Avropanın qaçqınlarla bağlı siyasətini sərt tənqid edib, büdcə vəsaitinin xərclənməsi məsələsində ciddi miübahisələrə gedib. İndi Avropa İtaliyada keçirilmiş referendumda populist qüvvələrin qalib gəlməsindən sonra, Romanın siyasi çarxının hansı tərəfə dönəcəyini gərginlik içərisində gözləməkdədir.



MƏSLƏHƏT GÖR:

384