19 Aprel 2024

Cümə, 14:42

MÜBARİZƏ İMİTASİYASI

Ermənistanın hakim rejimi elektoratı çaşdırmaq üçün yeni kombinasiyalar qurur

Müəllif:

15.12.2016

Gələn ilin aprelində Ermənistanda Parlament seçkisi keçiriləcək. Bu, ötənilki referendumdan sonra baş tutacaq ilk seçki olacaq. Xatırladaq ki, referendumda ölkə Konstitusiyasına dəyişikliklər edilib və nəticədə, Ermənistan Prezident respublikasından Parlament respublikasına çevrilib. Yeni Konstitusiyaya əsasən, Ermənistan Prezidenti deputatlar və yerli özünüidarəetmə orqanlarının xüsusi nümayəndələri tərəfindən 7 il müddətinə seçilir. Demək, növbəti dövlət başçısının kim olacağı parlament seçkisinin nəticəsində  asılıdır.

"Gallup International Association" təşkilatının Ermənistan nümayəndəliyinin keçirdiyi sorğuya əsasən, ölkədə elektoratın əsas hissəsi hazırkı hakimiyyətə qarşıdır. Buna səbəb onun son illərdə yürütdüyü anti-xalq siyasətidir. Nümayəndəliyin direktoru  Aram Navasardyan «Novosti-Armeniya» agentliyinə açıqlamasında bildirib ki, respondentlərin 80%-i Prezidentin fəaliyyətindən narazı və ya qismən narazıdır. Hökumətin fəaliyyətindən narazı olanlar 70%-dən çox, parlamentin işini mənfi qiymətləndirənlər isə təxminən, 84%-dir. Üstəlik, narazılar arasında hakimiyyət institutlarının fəaliyyətini «qətiyyən bəyənməyənlər» üstünlük təşkil edir.

Yəni,  parlament seçkisi ərəfəsində əsas mübarizə narazı elektoratın səsi uğrunda gedəcək. Üstəlik, bu mübarizə nəinki müxalifət qüvvələri arasında, həm də hakimiyyətlə-müxalifət arasında gedə bilər. Bu yerdə hakim Respublikaçılar Partiyasının seçkini  saxtalaşdırmaq imkanının azaldığını da qeyd etmək lazımdır. Seçki Məcəlləsinə Qərb təşkilatlarının təzyiqi ilə edilmiş dəyişikliklərdən sonra, Ermənistan hökuməti ölkədə yaşamayan insanların səsindən istifadə edə bilməyəcək. Onların sayı isə yarım milyondan artıqdır. Amma nəzərə alsaq ki, Ermənistanda korrupsiya yüksək  həddədir, seçicilərin pulla ələ alınması, inzibati resurslardan sui-istifadə, nəzarətdə olan KİV-dən yararlanma və digər mexanizmlərdən istifadə tamamilə mümkündür. Ekspertlər isə hesab edir ki, hakim partiya əlində bütün bu sadalanan resursların olmasına rəğmən, ciddi narazı elektoratın fonunda 300 mindən artıq səs qazana  bilməz. Bu baxımdan indi, Sarqsyan rejimi üçün əsas vəzifələrdən biri müxalifət qüvvələrinin parçalanmasına nail olmaqdır.

Birincisi,  parlamentə düşdükdən sonra hakim rejimin müttəfiqinə çevriləcək potensial tərəfdaşlar tapılmalıdır. İkincisi, lazımi anda hakimiyyəti «həddində» tənqid edəcək sözəbaxan psevdomüxalifət yaradılmalıdır. Bəs birinci və ikinci plana uyğun əlaltı olmağa hansı partiya və bloklar iddia edə bilər?

“Gallup International Association” tərəfindən aparılmış sorğunun nəticələrinə görə, bu gün Ermənistanda qarşıdan gələn parlament seçkisinin iki favoriti var - hakim Ermənistan Respublikaçılar Partiyası (ERP) və «Çiçəklənən Ermənistan» partiyası (ÇEP). «Seçki növbəti bazar günü keçirilərdisə, hansı partiyaya səs verərdiniz?» sualına cavabında respondentlərin 19,5%-i ERP, 18,4%-i ÇEP-in adını çəkib. Beləliklə, məhz «Çiçəklənən Ermənistan» və onun dəyişməz lideri Qaqik Sarukyan hakim partiyadan sonra ən güclü mövqeyə  malikdir. Analitiklər hakim rejimin strateji planının ilk hissəsinin reallaşdırılmasını məhz onunla  bağlayır.

 

Fərsiz oğulun qayıdışı

DİN-in sabiq əməkdaşı, zorlamaya görə məhkum olunmuş Qagik Sarukyanın şəxsiyyəti və qaranlıq keçmişi haqqında çox yazılıb. Ermənistanın böyüklüyünə görə ikinci partiyası olan ÇEP-in yaradıcısı və lideri rəsmən ölkəsinin ən zəngin şəxsi sayılır. O, uzun illər öz maliyyə resursları hesabına ölkə rəhbərliyi ilə yaxşı münasibətlərini qoruyub-saxlayıb. Lakin 2015-ci ilin fevralında bu dostluq çat verib. O zaman Serj Sarqsyan Sarukyanı ölkəsi üçün «şər qüvvə» adlandırmış, «belə intellektə malik insanların siyasətlə məşğul olmasının yolverilməzliyini» bildirmişdi. Sarukyan isə buna cavab olaraq bütün erməniləri birləşərək hakimiyyəti dəyişməyə çağırmışdı. Elə həmin gün hüquq-mühafizə orqanları tərəfindən onun bütün müəssisələrində reydlər başlamış, yalnız prezidentlə görüşdən sonra Sarukyan mitinqlərdən və hakimiyyəti dəyişmək çağırışından imtina etmişdi.

O zaman sonda hər şey oliqarxın siyasətdən getdiyini bəyan etməsi ilə bitmişdi. Postunu Naira Zoqrabyana təklif edən Sarukyan demişdi: «Sizdən bir xahişim var: daha mənə siyasi suallar verməyin. Mən sizin işlərinizə qarışmayacağam. Bu, son qərarımdır».

Amma Sarukyanın ciddi maddi imkana malik olması hakim rejimin ona etinasız yanaşmasına imkan verməyib. Son aylarda onun siyasətə qayıdışı və bunu hakimiyyətin maraqlarına uyğun şəkildə edəcəyinə dair müzakirələr başlayıb. Sarukyanın partiyası «radikal qüvvələr»lə müqayisədə çox üzüyoladır və əgər oliqarx yenidən partiyasına liderliyə başlayarsa, yaxud hər hansı digər siyasi təşkilatın başına keçərsə, güman ki, ciddi cəhd göstərmədən parlamentə  düşəcək.

Dekabrın 3-də ÇEP-in Siyasi Şurasının geniş iclası keçirilib. Toplantıda əsas müzakirə mövzusu Sarukyanın qayıdışı olub. «Ata»nın pullarını itirməmək cəhdi teatr tamaşasını xatırladır və çox bayağı təsir bağışlayırdı.. Toplantıda hər çıxış, diskussiya, dialoq yetim fəryadını xatırladır, hər kəs özünü elə aparırdı ki, sanki bütün bunların necə bitəcəyini bilmir. Və sonda partiya belə bir bəyanat qəbul etdi: «…Respublikanın bütün regionlarından və İrəvandan on minlərlə vətəndaşımızın tələbini, iradəsini nəzərə alaraq, ÇEP Siyasi Şurası partiyanın təsisçisi və sədri Qaqik Surakyana müraciət edərək, ondan fəal siyasətə qayıtmasını istəyir…».

Elə həmin gün tamaşanın ikinci pərdəsi də oynanıb. Sarukyanın evinin qarşısına toplaşmış onlarla insan əllərində «Sarukyan, geri dön!», «Bizi tək qoyma!» yazılmış plakatlar tutub.

Bundan əvvəl tamaşanın əsas qəhrəmanı özü insanların istəyəcəyi təqdirdə siyasətə qayıdacağını demişdi. Ona görə də  fanatlarını 2 saatdan artıq intizarda qoyan «ulduz», nəhayət, bəyanat verməli olub. İztirab içərisində olan insanlarla danışıraq onları dinləyən oliqarx yaxın zamanlarda, ilk növbədə, xalqın iradəsinə hörmətlə yanaşaraq, qərar qəbul edəcəyini  bildirib.

Nəhayət, dekabrın 5-də ÇEP-in parlament fraksiyası N.Zoqrabyanın vasitəsilə Qagik Sarukyanın müxalifətçi qismində siyasətə qayıtdığını bəyan edib. Görəsən ötən ilyarımda məcburi «tərki-dünyalıq» onun taleyində nəyi  dəyişib? Sarukyanın artıq öz biznes-imperiyasını itirməkdən qorxmadığı və prezidentə qarşı müxalifətdə olacağı (yeri gəlmişkən, N.Zaqrobyanın dediyinə görə, Sarukyanın prezidentlə münasibətləri «normaldı») inandırıcı səslənmir. Onda bəlkə Sarukyan hökumətə qarşı müxalifətdə dayanacaq? Amma cəmi bir neçə həftə əvvəl o, yeni Baş nazir Karen Karapetyana münasibəti haqqında suala cavabında Karapetyanın peşəkar olduğunu, öz işini bildiyini demişdi.

Bəs Sarukyan kimə qarşı müxalifətdə olacaq? İndiki halda bu sualın yeganə məntiqli cavabı var: o, prezident və və hökumətə qarşı çıxanların hamısına qarşı müxalif olacaq. Baş nazirin tərəfini tutan Sarukyan rejimi qane etməyən  hökumət nümayəndələrini gen-bol tənqid edə bilər. Sarukyanın ikinci zühurunun müxalifət qüvvələrini bir araya gətirə biləcəyinə dair müxtəlif proqnozlara baxmayaraq, onun öz mövqeyi məntiqsiz və anlaşılmaz təsir bağışlayır.

 

Üçlər İttifaqı?

Planın ikinci hissəsinə uyğun psevdomüxalifətə gəlincə, «Vətəndaş Müqaviləsi» partiyası ətrafında yaradılmış birliyi seçkiqabağı bloklardan biri saymaq olar. «Dəyişməz müxalifətçi» Nikol Paşinyanın başçılıq etdiyi bu partiya ilə yanaşı, orada Aram Sarqsyanın «Respublika» partiyası da yer alır. «Vətəndaş Müqaviləsi» partiyasının rəsmi sədri hərbi cinayətkar Sasun Mikaelyandır. Ermənistan KİV onu siyasi arenadakı akrobatik trüklərini görə «siyasi yaltaq» adlandırır. İndi, bu ikiliyə «parlaq Ermənistan» partiyasının lideri Edmon Marukyan da qoşulmaq istəyir. Dedi-qoduçular bildirir ki, onun hakimiyyətlə əlaqələri daha güclüdür. Əlbəttə ki, indiki şəraitdə əlaltında belə adamın olması hakimiyyətə zərərdən çox fayda gətirər.

Son dövrlərədək bu alyansla daha bir mənfur müxalifətçi - Raffi Ovannisyanın nümayəndələri də danışıqlar aparırdı. O, indiyədək gah Levon Ter-Petrosyanın, gah Sarukyanın yanında peyda olub. Bir zaman Ovannisyan özü də müxalifətin lideri olmağa çalışıb. Lakin bütün dövrlərdə o, daşnak, Amerikanın siyasi iddiaları olan əlaltısı olaraq qalıb. Raffi Ovannisyan Kaliforniya Universitetinin məşhur tarix professoru Riçard Ovannisyanın oğludur. Qeyd edək ki, professor ermənilərin tarixinə obyektiv yanaşması üzündən, Ermənistanda «persona non-qrata» elan edilib.

Son prezident seçkisində Raffi Ovannisyanın kifayət qədər dəstəyi var idi. Lakin sonradan o, elektoratını itirdi, rəhbərlik etdiyi «İrs» partiyası isə marginal təşkilata  çevrildi. ABŞ-da olan Ovannisyan, hələlik, hər hansı bloka qoşulmaq niyyətində olmadığını  bildirib.

Qeyd edək ki, qərbpərəst siyasi layihələrin Ermənistanda yalnız bir perspektivi var - hakimiyyət üçün «cib müxalifəti»nə çevrilmək. Onlara, sadəcə, zaman-zaman, o da sərt nəzarət altında kəskin gedişlər etməyə imkan verilir. Belə layihələrin perspektivsizliyini bu yaxınlarda erməni rejissoru, hüquq müdafiəçisi Tiqran Xzmalyan da dilə gətirib: «Bizim seçkilərdə iştirak imkanlarına dair qiymətləndirməmiz, ümidlərimiz qərbpərəst qüvvələrin hazırkı balansı dəyişə biləcəyi ilə bağlı idi». Lakin xanım Klintonun məğlubiyyətindən sonra, Qərbin bu məsələlərdə aktivliyi xeyli zəifləyə  bilər.

 

«Sabiqlər» haqqında köhnə mahnılar

Digər gözlənilən siyasi layihələr arasında 3 partiyanı fərqləndirmək olar: sabiq XİN başçısı Vardan Oskanyanın «Həmrəylik»i, Viktor Dəlləkyan ilə Seyran Ohanyanın «Üçüncü Respublika» partiyası və Levon Ter-Petrosyanın «Erməni Milli Konqresi».

«Həmrəylik»in müxalifət meydanındakı yeri tam aydın deyil. Oskanyana qarşı “çirkli pul”ların yuyulmasına dair 2012-ci ildə irəli sürülmüş  ittihamlar bərpa olunarsa, partiyanın taleyi necə olacaq? Hazırda «Həmrəylik» fəal şəkildə müttəfiq axtarır və ÇEP-lə dialoq qurmağa çalışır. Sarukyanın siyasətə qayıdışından sonra Oskanyan, çətin ki, keçmiş rəhbəri, Ermənistanın ikinci prezidenti Robert Koçaryanı yox, onu özünə hami seçə bilər.

Ermənistanın sabiq müdafiə naziri Seyran Ohanyanla əlaqələndirilən «Üçüncü respublika» partiyası ilə bağlı vəziyyət də oxşardır. Əslində, partiyanı sabiq nazirin adı ilə hakim partiyanın sabiq funksioneri, indiyədək dəfələrlə müxalifətdən hakimiyyətə, hakimiyyətdən müxalifətə keçmiş Viktor  Dəlləkyan bağlamağa çalışır. Ohanyanın bu məsələ ilə bağlı mövqei hələ də aydın deyil. Sabiq nazir Ermənistanla-Rusiyanın birgə qoşun qruplaşmasına komandanlıq etmək arzusunda olsa da, bu məqsədinə çətin ki,  çatsın. Çünki Ohanyan prezidentin etibarını itirib.

Seçki gözləntisində olan Ermənistanın siyasi səhnəsində rollar belə bölünüb. Elektoratı çaşdırmaq üçün «yaradıcı axtarış”da olan hakim rejim ardarda yeni siyasi layihələr irəli sürür, ötən illərin köhnə sxemlərinə əl gəzdirir, virtouz olaraq yeni kombinasiyalar reallaşdırır. Məqsəd isə dəyişməzdir - təmiz mübarizə görüntüsü yaratmaq və seçiciləri aldatmaq...



MƏSLƏHƏT GÖR:

416