23 Aprel 2024

Çərşənbə axşamı, 19:10

POSTNEFT GƏLƏCƏYİNƏ APARAN YOL

«Strateji yol xəritəsi» Azərbaycanın yeni iqtisadi inkişaf modelinə keçidini elan edib

Müəllif:

15.12.2016

Azərbaycanda iqtisadiyyatın yeni inkişaf modelinə keçid başlayıb. Qısa müddət ərzində forma və məğzinə görə tamamilə yeni sənəd, daha doğrusu, sənədlər zərfi - “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri” hazırlanıb və təsdiq edilib.

Neft gəlirlərinin kəskin azalması fonunda iqtisadiyyatın qeyri-neft sektorunun inkişafının vacibliyi, dövlət xərclərinin yetərincə azaldılması barədə verilən qərar hökumət qarşısında yeni öhdəliklər qoymaqla yanaşı, mövcud dövlət proqramları çərçivəsində nəzərdə tutulan bir sıra planların gerçəkləşdirilməsini qeyri-mümkün edir. Odur ki, neftdənsonrakı dövrün gerçəkliklərini nəzərə alan, konkret məqsədli olan və bu hədəfləri vurmaq üçün detallı baxışa malik yeni fəaliyyət mexanizmi lazımdır. «Yol xəritəsi» formasının seçilməsi təsadüfi deyil - bu, dünyanın neft qiymətlərinin düşməsindən problem yaşayan bir çox ölkələrində, xüsusilə də qonşu Rusiyada yetərincə populyardır.

Qeyd edək ki, «yol xəritələri”nin hazırlanması yeni quruma - İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə tapşırılıb və işə gənc mütəxəssisləri, ekspertləri cəlb ediblər. Layihələr açıq müzakirəyə çıxarılıb, yekun sənədin tutulması zamanı maraqlı tərəflərin, həmçinin vətəndaş cəmiyyəti institutlarının və vətəndaşların rəyləri nəzərə alınıb. Yeni «xəritələr» mövcud proqramların fəaliyyətini ləğv etmir, daha doğrusu, işin gedişində onlara düzəlişlər ediləcək, lazım olarsa, yeniləri də qəbul olunacəq.

Beləliklə, «Strateji yol xəritələri» zərfinə 12 sənəd daxil olub - bunlar «Milli iqtisadiyyatın perspektivi üzrə strateji yol xəritəsi» və iqtisadiyyatın gələcək inkişafı üçün xüsusi vacib olan 11 istiqamət üzrə xəritələr daxil edilib. Bütün zərfə 2016-2020-ci illər üzrə tədbirlər planı, 2025-ci ilə qədər olan uzunmüddətli baxış və 2025-ci ildən sonrakı dövrə istiqamətli baxış daxildir.

 

Keçmişin mənfi və müsbətləri

Qeyd edək ki, sənəddə Azərbaycan iqtisadiyyatının sabit inkişaf dinamikasına nail olmaq şansı yetərincə yüksək qiymətləndirilir ki, 2004-2014-cü illər arasında əldə edilmiş kəskin sıçrayış da bunu göstərir. Bundan başqa, ölkənin əlverişli coğrafi yerləşməsi, əhaliyə dövlət xidmətlərinin göstərilməsində səmərəliliyin və şəffaflığın yüksəlməsi (ASAN mərkəzlərinin fəaliyyətə başlaması), sərmayə cəlbi üçün əlverişli mühitin yaradılması və başqa amillər inkişafın sonrakı mərhələləri üçün müsbət təməl kimi götürülüb. Bütün bu uğurlar birlikdə Azərbaycana yüksək rəqabət qabiliyyətli ölkələr sırasına düşməyə, regionda lider mövqelərə nail olmağa və dünya arenasında tanınmağa imkan yaradıb.

Bununla yanaşı, «yol xəritələri”nin müəllifləri keçmiş səhvlərin də obyektiv təhlilini ortaya qoyublar ki, bu da gələcəkdə onların getdikcə aradan qaldırılacağına imkan yaradır. O cümlədən, zəif tərəf kimi makroiqtisadi islahatların dövriliyi, iqtisadiyyatın və ixracın zəif şaxələndirilməsi, neft gəlirlərindən asılı olması, dövlət sektorunda və özəl sektorda korporativ idarəetmənin səviyyəsinin yetərincə olmaması göstərilir.

Önəmli çatışmazlıqlardan biri kimi, həm də birbaşa xarici sərmayələrin, əsasən, neft-qaz sektoruna yönəldilməsi və sərmayə yatırımlarında dövlətin payının özəl sektoru müəyyən qədər üstələməsi də göstərilir. Bütünlükdə, bir çox sahələrdə ölkə hələ də idxaldan asılıdır, ixrac isə əsasən yenə də xammal resurslarına əsaslanır. Ümumiyyətlə, bütün bu məqamlar etiraf edilib və ən yüksək səviyyədə tənqid edilib, ancan onların aradan qaldırılmasının xeyli uzun çəkməsi yeni problem və təhlükələr yaradıb ki, bu da iqtisadi artımda mənfi göstəriciyə səbəb olub.

Regionda geosiyasi gərginliyin artması, qonşu və tərəfdaş ölkələri titrədən hadisələr, bizə də mənfi təsir göstərməkdə davam edir. Bundan əlavə, «yol xəritələri” müəlliflərinin fikrincə, vergi yükünün artması, sərmayələrin əksəriyyətinin istehsal yox, infrastruktur layihələrinə yatırılması, təbii ehtiyatların tükənməsi və gəlir səviyyəsinin orta, hətta aşağı həddə düşmək ehtimalı narahatlıq üçün ciddi əsas verir.

 

Yeni modelin dörd məqsədi

Göstərilən risklərdən tam miqyaslı, o cümlədən institusional planda islahatlar yolu ilə xilas olmaq mümkündür. Azərbaycan iqtisadiyyatının perspektivləri üzrə baza strateji xəritəsində göstəridiyi kimi, məhkəmə-hüquq islahatlarını sürətləndirmək, sərmayəçilərin hüquqlarının tam müdafiəsini təmin etmək vacibdir. Bundan başqa, biznes mühiti üçün daha böyük səylər tələb edilir (buraya vergi və gömrük islahatları, biznesin dövlətlə dialoqunun təmin edilməsi və s. daxildir), həmçinin maliyyə resurslarının səmərəli paylanması, proqnozlaşdırıla bilən iqtisadi siyasət modelinin yaradılması vacibdir ki, bu da dövlət qurumlarının, həmçinin özəl sektorun şəffaflığından və hasabatlılığından asılıdır.

Qarşıya qoyulan öhdəliklərin yekunu kimi, 2025-ci ildə ümumi daxili məhsulun (ÜDM) orta hesabla illik 3% artımına nail olunması, həmçinin 450 min yeni iş yerlərinin yaradılması nəzərdə tutulur. Həm də 2025-ci ilə kimi neftdən kənar sektorda sərmayələrin ÜDM-dəki payının indiki 2,5%-dən 4%-ə qədər qaldırılması, adambaşına düşən qeyri-neft ixracatını 2015-ci ildəki $170 səviyyəsindən 2025-ci ildə $450-a qaldırmaq, dövlət büdcəsinin Dövlət Neft Fondunun (ARDNF) transfertlərinin asılılığından xilas etmək nəzərdə tutulur.

Son bənd üzərində daha müfəssəl dayanmaq lazımdır, çünki hazırda məhz bu, əksər ekspertlər tərəfindən Azərbaycan iqtisadiyyatının əsas problemi kimi göstərilir.

“İqtisadiyyatda özəl sərmayələrin payının artırılması üçün sabit artım templəri və dövlət büdcəsinin Dövlət Neft Fondunun transfertlərində daha az asılılığı çox vacibdir”, - deyə “yol xəritəsi”ndə bildirilir.

Strategiyada göstərilən məlumatlara görə, əgər 2010-cu ildə dövlət büdcəsinə ARDNF-nin transfertləri 5,9 mlrd. manat təşkil edibsə, artıq 2013-cü ildə bu, maksimum səviyyəyə qalxıb və 11,4 mlrd. manat olub. Cari ildə bu göstərici 7,615 mlrd. manat səviyyəsində, gələn ilin dövlət büdcsində isə 6,1 mlrd. manat səviyyəsində göstərilib. Bu gün dövlət bölməsindən xərclənən hər ikinci manat neft fondu tərəfindən xərclənir. Sənədə görə, 2025-ci ildə bu göstəriici 15%-ə endirilməlidir.

 

Başlıca məqsədlər

Neft gəlirlərinin rasional istifadə edilməsi üçün «qızıl qayda”ların tətbiq edilməsi təklif edilir. Hazırda ARDNF-nin xəzinəyə yönəltdiyi vəsaitlərin həcmi neftin qiymətindən asılıdır. «Qızıl qayda»nın tətbiqi bu həcmi sabitləşdirməyə və büdcəyə neftin qiymətindən asılı olmayan müəyyən məbləğ yönəltməyə imkan verəcək. Bu, dövlət xərclərinin neftin qiymətinin asılılığından xilasına imkan yaradacaq. Həmin prinsipə görə, dövlət büdcəsi neft gəlirlərinin yalnız müəyyən, dəqiq razılaşdırılmış hissəsini xərcləyə bilər, neft satışından qalan gəlirlər isə ARDNF-də saxlanmalıdır.

ARDNF-in ölkə daxilindəki özəl sərmayələrə təsir edə bilməməsi üçün fond öz vəsaitlərini yalnız xaricə yatırır. Bu üsulu dünyanın çox ölkələri istifadə edir; məsələn, Norveçin neft fondu - dövlət pensiya fonduna hər il öz gəlirlərinin yalnız 4%-ni dövlət büdcəsinə köçürə bilər. Qeyd edək ki, hökumət dövlət büdcəsinə transfertlərin azaldılması üzrə dörd varianta baxır və Norveç üsulu bunlardan biridir.

Bundan başqa, “qızıl qayda” manatın məzənnəsini proqnozlaşdırmağı sadələşdirəcək və bu da öz növbəsində, daha uzunmüddətli planlar qurmağa, dövlət xərclərinin səmərəliliyini artırmağa və s.-ə imkan yaradacaq. ARDNF isə daha yüksəkgəlirli və uzunmüddətli sərmayələr yatıra bilər, transfertlərin məhdudlaşdırılması isə fonda yığımların artırılmasına imkan yaradar və bu, gələcək nəsillərə töhfə olar. «Qızıl qayda»nın tətbiqinin birinci mərhələsi artıq gələn ildən başlaya bilər.

Bütünlükdə, birinci strateji hədəf çərçivəsində fiskal dayanıqlılığın təmin edilməsi, təbii resursların satışından əldə edilmiş gəlirlərə qənaət etməklə yanaşı, bu resursların düzgün istifadə edilməsi üzərində nəzarətin gücləndirilməsi nəzərdə tutulur. Xərclərin ortamüddətli çərçivələri müəyyən ediləcək ki, onların əsasında hər il büdcə formalaşdırılacaq. Bütün bunlar dövlət büdcəsi vəsaitlərinin sektorlar arasında düzgün paylaşdırılmasına imkan verməklə yanaşı, dövlət vəsaitlərini xərcləyən konkret subyektlərin məsuliyyətini artıra bilər. Çünki büdcə vəsaitlərinin istifadəsi üzərində nəzarət mexanizminin formalaşdırılması da nəzərdə tutulur.

Bununla yanaşı, birinci hədəf nəzərdə tutur ki, ölkənin monetar siyasəti manatın “üzən məzənnə”si rejiminə əsaslanacaq, özü də artıq 2017-ci ildən. Bu kontekstdə məzənnə siyasətinin əsas strateji hədəfi kimi, idxalı əvəzləmə siyasətinin dəstəklənməsi seçil bilər. "Yol xəritəsi”nə görə, istehlak səbətində idxal edilən malların payının azalması “üzən məzənnə”yə səmərəli keçidi təmin edəcək.

"Üzən məzənnə” rejiminə keçidin əsas şərtlərindən biri daxili maliyyə bazarını inkişaf etdirməyə, bazarda məzənnə risklərini sığorta etməyə imkan verən alətlərin tətbiqidir. Bundan əlavə, Mərəkəzi Bankın valyuta bazarında iştirakının strategiyası hazırlanacaq", - deyə sənəddə vurğulanır.

Likvidliyin artırılması üçün vacib siqnallardan biri, kreditləşdirmənin artırılması hesabına likvid banklararası bazarın inkişaf etdirilməsidir. Bununla belə, kapital bazarlarının dərinləşdirilməsi yerli sərmayəçilər üçün imkanlar yaradacaq. Buna görə də, kapital bazarlarına yerli kreditorların sayının artırılması vacibdir. Hökumətin qiymətləndirməsinə görə, bu addımlar volatilliyi azaltmağa, kapital bazarları şəxaləndirməyə və milli valyutanın (manatın) cəlbediciliyini artırmağa imkan yaradacaq. Bunun nəticəsi olaraq, əhalinin əmanətlərində dollarlaşma səviyyəsi azalacaq.

 

Maliyyə mənbələri

İkinci hədəf dövlət müəssisələri ilə bağlı islahatları və özəlləşdirməni nəzərdə tutur. «Yol xəritəsi» nəzərə alınmaqla, Azərbaycanda yeni «Dövlət əmlakının özəlləşdirilməsi haqqında» qanun hazırlanır. Bu qanunun məqsədi hökumətin idarəedici rolunu tənzimləyiciyə çevirməklə dövlət xərclərini azaltmaqdır. Həmçinin bu qanunun çərçivəsində hökumət I və II dövlət özəlləşdirmə proqramı üzrə özəlləşdirilmiş dövlət müəssisələrini özəlləşdirmiş şirkətlərə yardım göstəriləcək.

Hökumətin üçüncü hədəfi insan kapitalının inkişafıdır ki, bunun üçün təhsili bütün səviyyələrdə inkişaf etdirmək lazımdır.

Nəhayət, «yol xəritəsi”ndə nəzərdə tutulan dördüncü hədəf əlverişli biznes mühitinin yaradılması və hökumətin bu istiqamətdə rolunun gücləndirilməsidir. İlk bənd kimi, sahibkarlıq subyektlərinin rəqabət qabiliyyətinin artırılması nəzərdə tutulur ki, bunun üçün rəqabət məsələləri üzrə ayrıca müstəqil orqanın yaradılması planlaşdırılır, həmçinin gözlənilir ki, Azərbaycanda Rəqabət Məcəlləsi də qəbul ediləcək. Həmçinin, fiskal siyasətin yaxşılaşdırılmasının, dövlət qulluğunun səmərəliliyinin vacibliyi və s. də bildirilir.

«Yol xəritəsi»nin qısa icmalı yetərincə açıq göstərir ki, qarşıda duran işlərin həcmi böyükdür. «Strateji yol xəritələri» üzrə bütün işlərin gerçəkləşdirilməsi üçün 27 mlrd. manat sərmayə nəzərdə tutulur. Onlar həm dövlət, həm özəl mənbələr, büdcədənkənar fondlar, həm də birbaşa xarici sərmayələr və bank kreditləri, qrantlar, eləcə də beynəlxlq təşkilatların və xarici dövlətlərin texniki və maliyyə yardımı hesabına təmin ediləcək.

Beləliklə, hədəflər müəyyən edilib və bu hədəflərə çatılması Azərbaycan iqtisadiyyatına ikinci nəfəs verəcək.



MƏSLƏHƏT GÖR:

386