29 Mart 2024

Cümə, 15:53

MEDAL YAĞIŞI

2016-cı ildə Azərbaycan idmancıları 837 medal qazanıb; bunun da 297-si qızıl, 250-si gümüş və 290-ı bürünc medaldır

Müəllif:

01.01.2017

2016-cı il Azərbaycan idmançıları üçün parlaq qələbələr və yeni rekordlarla yadda qaldı. Ənənəyə uyğun olaraq, ilin sonunda da Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin rəhbəri İlham Əliyev idman ictimaiyyəti ilə görüş keçirdi.

“Bu gün Azərbaycan dünya miqyasında güclü idman dövləti kimi tanınır. Bizim idman uğurlarımız çox parlaqdır. Biz ildən-ilə idman nəticələrimizi, uğurlarımızı artırırıq. Əgər Yay Olimpiya Oyunlarının nəticələrinə fikir versək görərik ki, hər oyundan-oyuna Azərbaycanın qazandığı medalların sayı artır. Biz daim inkişafdayıq. Əminəm ki, müsbət dinamika bundan sonra da davam edəcək, baxmayaraq ki, son Yay Olimpiya Oyunlarında qazandığımız nəticəni təkrarlamaq çətin olacaq. Bununla bərabər, mən yaxşı xatırlayıram ki, 2000-ci ildən sonra hər dəfə Yay Olimpiya Oyunlarına yekun vuraraq oxşar fikirlər səslənmişdir ki, böyük nəticə qazanılır, bunu təkrar etmək çətin olacaq. Ancaq biz nəinki bu nəticələri oyunlardan-oyunlara təkrar etmişik, onları artırmışıq”, - İ.Əliyev MOK-un iclasında bildirib.

Prezident qeyd edib ki, son illər ərzində çox güclü idmançılar nəsli yetişib. “Gənclərimiz - müstəqillik dövründə doğulan, yetişən idmançılar bu gün şöhrətimizi yüksəklərə qaldırırlar. 2016-cı il ölkəmizin idman tarixində xüsusi yer tutacaq. İlk növbədə, ona görə ki, biz bu il Rio Yay Olimpiya Oyunlarında tarixi qələbə qazanmışıq. Bu Oyunlarda 200-dən çox ölkə iştirak edirdi. Biz Avropa ölkələri arasında 7-ci yerdəyik, dünya miqyasında medalların sayına görə 14-cü yerdəyik, MDB və postsovet məkanında 2-ci və müsəlman aləmində 1-ci yerdəyik. Bu, böyük tarixi qələbədir. Bu, həm idmançılarımızın gücünü, eyni zamanda, dövlətimizin gücünü göstərir. Çünki ancaq inkişaf etmiş güclü dövlətlərdə idman da inkişaf edir və gözəl idman nəticələri olur”.

Azərbaycan Prezidenti İlham Əliyev vurğuladı ki, Bakıda təşkil olunan “Formula-1” yarışı ölkəmizin dünyada daha çox tanınmasına səbəb olur: “İlk dəfə olaraq “Formula-1” yarışının keçirilməsi bir daha ölkəmizin qüdrətini göstərdi. Çünki “Formula-1” yarışının keçirilməsi hər bir ölkəyə nəsib olmur, hər bir ölkə bu məsuliyyəti öz üzərinə götürə bilmir və çətinlik çəkir. Ancaq biz bu yarışı da uğurla keçirmişik. “Formula-1” yarışının Azərbaycanda keçirilməsinin ölkəmizin dünyada tanıdılması üçün müstəsna əhəmiyyəti vardır. Beş yüz milyon tamaşaçı auditoriyası olan bu yarışa bütün qitələrdə baxmışlar və şəhərimizin gözəlliyini, insanlarımızın qonaqpərvərliyini bütün dünya görüb. Təsadüfi deyil ki, biz də bunu nəzərdə tuturduq, planlaşdırırdıq ki, bu yarışdan sonra ölkəmizə gələn turistlərin sayı dəfələrlə artacaq və artıb. Elə ölkələr var ki, bu il o ölkələrdən Azərbaycana gələn turistlərin sayı 30-40 dəfə artıb və bu proses davam edir. Çünki bu gün Azərbaycan dünyada həm qüdrətli, eyni zamanda, ən müasir infrastruktura, ən gözəl xidmət sahələrinə malik, təhlükəsizlik təmin olunan ölkə kimi tanınır. Bax, bütün bu amillərin sintezi Azərbaycanı xarici turistlər üçün çox cəlbedici ölkəyə çevirib. Əgər biz gözəl iqlimimizi, gözəl mətbəximizi, tarixi abidələrimizi, 9 iqlim qurşağını əlavə etsək, bir daha görərik ki, biz doğrudan da xoşbəxt insanlarıq, belə gözəl ölkədə yaşayırıq və belə gözəl ölkəni daha da gözəlləşdiririk. Biz gələn il İslam Həmrəyliyi Oyunlarını keçirəcəyik və bu da çox rəmzi məna daşıyır. Bir ölkədə, bir şəhərdə iki il ərzində həm Avropa, həm İslam Oyunları keçirilir. Bu, bizim niyyətimizi göstərir. Çünki idman yarışları, o cümlədən Avropa Oyunları sadəcə olaraq idman tədbiri deyildi, bu, bir dostluq bayramı, həmrəylik təzahürü idi”.

Azərbaycan Prezidenti ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafında xidmətlərinə görə bir qrup idmançıya və idman mütəxəssisinə mükafatlar təqdim etdi.

Gənclər və İdman nazirliyində təsdiq olunmuş tədbirlər planına əsasən 2016-cı ildə 203 respublika yarışı, 52 beynəlxalq turnir təşkil olunub. Azərbaycan idmançıları 198 beynəlxalq yarışda Azərbaycanın idman şərəfini qoruyub.

2016-cı ildə Olimpiya və qeyri-Olimpiya idman növləri üzrə beynəlxalq yarışlarda – Olimpiya Oyunları, dünya və Avropa çempionatları, Dünya kuboku turnirlərində təmsilçilərimiz 297 qızıl, 250 gümüş və 290 bürünc medal əldə edib. Ümumilikdə idmançılarımız 2016-cı ildə 837 medal qazanıb.

 

Futbol

Azərbaycan milli komandası 2018-ci ildə keçiriləcək Dünya Çempionatının seçmə mərhələsinə uğurla başladı. İlk dəfə olaraq ardıcıl üç matçda məğlubiyyət acısı yaşamadı. Dörd oyundan sonra 7 xal toplayan Robert Prosineçkinin komandası 2016-cı ili dünya reytinqində 90-cı pillədə başa vurdu.

Ağdamın “Qarabağ” klubu 2016-cı ildə növbəti dəfə Azərbaycan çempionu oldu və ölkə kubokuna sahib çıxdı. Qurban Qurbanovun komandası ardıcıl üçüncü dəfə Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazandı. Pley-offa çıxmağa sona qədər şans saxlayan “Qarabağ” 7 xalla ölkə futbol tarixində yeni rekord müəyyənləşdirdi.

Roman Qriqorçukun rəhbərlik etdiyi “Qəbələ” ardıcıl ikinci il Avropa Liqasında iştirak etmək imkanı qazandı. Kifayət qədər yaxşı futbol nümayiş etdirən Qəbələ təmsilçisi qrup mərhələsində xal toplaya bilmədi.

 

Güləş

 2016-cı il Azərbaycan güləşçiləri üçün uğurlu və yaddaqalan olub. Yığma komandalarımız iştirak etdikləri beynəlxalq turnir və çempionatlarda yüksək nailiyyətlər əldə ediblər. Yığma komandalarımızın üzvləri 2016-cı ildə iştirak etdikləri rəsmi beynəlxalq yarışlarda - Olimpiya Oyunları, Avropa və dünya çempionatlarında 17 qızıl, 23 gümüş, 46 bürünc olmaqla toplam 86 medal qazanıb. Son 8 ilə nəzər saldıqda rəsmi yarışlarda güləşçilərimizin nailiyyətlərinin artan templə davam etdiyini görürük. Belə ki, 2009-cu ildə 47 medal qazanılsa da, 2016-cı ildə bu rəqəm 86-ya yüksəlib.

İlin əvvəlində Latviyanın paytaxtı Riqada keçirilən Avropa Çempionatında 2 qızıl, 2 gümüş və 4 bürünc medal qazanan güləşçilərimiz ili uğurla başlayıb. Yunan-Roma güləşçilərimiz komanda hesabında 3-cü nəticə göstərib.

Braziliyanın Rio-de-Janeyro şəhərində keirilən XXXI Yay Olimpiya Oyunlarında güləşçilərimiz ölkəmizin idman şərəfini ləyaqətlə qoruyublar və 9 medal (3 gümüş və 6 bürünc) qazanmaqla güləş tarixində yeni bir səhifə yazıblar. Sərbəst güləşçilərimiz 6 idmançıya 5 medal qazanaraq medal sayına görə bütün komandaları qabaqlayıb.

Beləliklə, 2016-cı il ərzində güləşçilərimiz bütün yaş kateqoriyaları üzrə 255 (62 qızıl, 61 gümüş, 132 bürünc) medal qazanıb. İl ərzində əldə etdiyimiz medalların 130-nu sərbəst, 94-nü yunan-Roma güləşçiləri qazanıb, 31 medal isə qadın güləşçilərin payına düşüb.

Qarşıdan gələn 2017-ci ildə idmançılarımız 4-cü İslam Həmrəyliyi Oyunlarında uğurlu çıxış etmək əzmindədilər.

 

Boks

Ölkə boksunun ən böyük uğuru Rio Yay Olimpiya Oyunlarıyla əlaqədardı. İlk dəfə olaraq təmsilçimiz Lorenso Sotomayor yalnız finalda uduzmaqla olimpiadanın gümüş medalına layiq görüldü. Gənc idmançı Kamran Şahsuvarlı isə bürünc medalla yadda qaldı. Qadın boksçulardan ibarət Azərbaycan yığması Bolqarıstanda baş tutan Avropa çempionatında 4 medal qazandı. Belə ki, xanım idmançılarımız qitə birinciliyində 1 qızıl, 1 gümüş və 2 bürünc medalla ilkə imza atdı. Komandamızın lideri Yelena Vıstropova heyətdə yeganə qızıl medal qazanan boksçu oldu. İl ərzində bir sıra beynəlxalq turnirlərdə iştirak edən komandalarımız Azərbaycanın idman şərəfini layiqincə qorudu.

 

Cüdo

Azərbaycan millisi komandası Rio Yay Olimpiya Oyunlarında iki gümüş medal qazandı. Rüstəm Orucovla Elmar Qasımov yalnız finalda uduzmaqla ikinci yeri tutdu. Avropa çempionatında Rüstəm Orucov qızıl, Orxan Səfərov gümüş medala layiq görüldü. Komanda yarışlarında Azərbaycan idmanı tarixində ilk dəfə cüdoçularımız Avropa çempionatında bürünc medala layiq görüldü.

 

Şahmat

Bakıda ölkə idmanı tarixində ən böyük yarış baş tutdu. Ümumdünya Şahmat Olimpiadasında 176 ölkədən 2000-dən çox zəka sahibi iştirak etdi. FİDE prezidenti Kirsan İlyumjinov bildirdi ki, Bakı Şahmat Olimpiadası indiyə qədər keçirilən ən möhtəşəm olimpiada kimi tarixdə qalacaq.

Şəmkirdə keçirilən ənənəvi Vüqar Həşimov Memorialı ilk dəfə Azərbaycan şahmatçısının qələbəsiylə başa çatdı. Şəhriyar Məmmədyarov qələbə qazanmaqla XXI kateqoriyalı yarışda çempion olan ilk azərbaycanlı qrossmeyster kimi tarixə düşdü.

Rauf Məmmədov sürətli şahmat üzrə Avropa çempionatında gümüş medal qazandı. Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında xanım qrossmeysterlər uğurlu nəticə göstərdi. Komanda hesabında Fikrət Sideyifzadənin yetirmələri 145 komanda arasında 8-ci oldu. Gülnar Məmmədova isə ikinci lövhədə hamıdan çox xal toplamaqla fərdi göstəricilərinə görə qızıl medal qazandı.

 

Taekvondo

Taekvondo tariximizdə 2016-cı il ən uğurlu mövsüm oldu. İlk dəfə Radik İsayev Rio Yay Olimpiya Oyunlarında bütün rəqiblərinə qalib gəlməklə olimpiya çempionu oldu. Milad Beiqi Harçeqani Dünya Qran-Pri turnirinin final mərhələsində qızıl medala layiq görüldü. Azərbaycan millisi isə ardıcıl ikinci dəfə komanda yarışlarında dünya çempionatının qalibi oldu.

 

Gimnastika

Yay Olimpiya Oyunlarında Azərbaycan iki gimnastla təmsil olundu. Marina Durunda bədii gimnastika, Oleq Stepko isə idman gimnastikasında mübarizə apardı. Bakıda təşkil olunan Dünya Kubokunda Oleq Stepko 1 qızıl, 1 gümüş və 1 bürünc medal qazanmaqla qitənin ən güclüləri sırasında olduğunu təsdiqlədi. Qadın idman gimnastikasında Marina Nekrasova Dünya Kuboku yarışlarını bürünc medalla başa vurdu. Akrobatika gimnastikasında Dünya Kubokunda çıxış edən Aynur Hüseynova, Lalə Hüseynova və Nərmin Ramazanovadan ibarət qrup üçüncü yerə layiq görülüb.

Çində keçirilən yeniyetmələr arasında akrobatika üzrə Dünya Yaş Qrupları yarışlarında Azərbaycan gimnastları iki gümüş medal əldə edib. İkili mini batut yarışlarında Avropa çempionatında atletlərimiz ölkəmizə bürünc medal qazandırdı. Bakıda təşkil edilən Dünya Kubokunda Marina Durunda fəxri kürsünün üçüncü pilləsinə yüksəldi. Azərbaycan gimnastika tarixində ilk dəfə Rza Əliyev kişi idman gimnastikası üzrə 1-ci dərəcəli beynəlxalq hakimlik kateqoriyası əldə etməklə mötəbər yarışlarda ədaləti qorumaq imkanı əldə etdi.

 

Avarçəkmə

Ən böyük uğur, sözsüz ki, Yay Olimpiya Oyunlarıyla bağlıdır. Valentin Demyanenko gümüş, İnna Osipenko Radomskaya bürünc medalla Azərbaycan olimpiyaçılarının uğurunda pay sahibi oldu. Bununla yanaşı bu idmançılarımız Dünya Kuboku yarışlarında da mükafatçılar sırasında yer aldı.

2017-ci il Azərbaycan idmançılarını bir sıra mötəbər yarışlarda ciddi sınaqlar gözləyir. İnanırıq ki, yeni ildə də idmançılarımız xalqımızı böyük qələbələrlə sevindirəcək.



MƏSLƏHƏT GÖR:

415