19 Aprel 2024

Cümə, 18:43

DÜNYA FOTOQRAFI

Mir-Ələkbər AĞASİYEV: «Bakılılara həsr edilmiş ekspozisiyaya bütün yaradıcılıq illərim boyu çəkilmiş çox sayda işlərim daxil olacaq»

Müəllif:

01.01.2017

Mir-Ələkbər Ağasiyevin böyük hərflərlə “Usta” adlandırılmağa haqqı var. O, çox sayda fotoalbomların, fotokitabların, plakatların, açıqcaların, təqvimlərin və poçt markalarının müəllifidir, Kanada, ABŞ, Almaniya, İspaniya, Polşa, Rumıniya və başqa ölkələrdə keçirilmiş bir sıra beynəlxalq sərgilərin iştirakçısıdır. Mir-Ələkbər Ağasiyev bir sıra tanınmış şəxsləri tarix üçün əbədiləşdirməyi bacarıb; onların sırasında Rəşid Behbudov, Mikayıl Abdullayev, Niyazi, Arif Məlikov, Ömər Eldarov, Tahir Salahov və başqalarının adları var. Keçən il bu tanınmış foto ustasına Əməkdar İncəsənət Xadimi fəxri adı verilib.

- Ələkbər müəllim, siz uşaqlıqdan fotoqraf olmaq istəyirdiniz? Bəlkə, o vaxt sizin başqa arzularınız vardı?

- Fotoqrafiyaya həvəsim uşaqlıqdan var. Mən Bakıda anadan olmuşam, burada böyümüşəm. Atam Fəxrəddin Ağasiyev ixtsasca kimyaçı-mühəndis idi, anam Təhminə xanım bioloq. Mənim böyük qardaşım Məsud mühəndis oldu və indiyə kimi mənim ən etibarlı arxam və köməyimdir. Uşaq vaxtı tez-tez anamdan məni paytaxt univermağına aparmasını xahiş edirdim, mən fototexnika satılan şöbəyə getməyi çox xoşlayırdım, orada satılan iri fotoapparat və obyektivlərə baxmağı çox sevirdim. Valideynlərim marağımı görüb, mənə həmin vaxt yetərincə bahalı olan «Zorki-5» aparatını hədiyyə etdilər. Onda mənim 10-a yaxın yaşım vardı. Həmin vaxtdan mən hər şeyin fotosunu çəkməyə başladım. Qonşuların, yoldan keçənlərin, evlərin, abidələrin, dənizin şəklini çəkməyə başladım. Bir müddət sonra anam məni şəhər Pionerlər evi nəzdindəki fotostudiyaya yazdırdı, orada kimyəvi maddələrlə şəkilləri aşkarlamağı və çap etməyi öyrəndim.

- O vaxt populyar olan «Bakı» axşam qəzetində dərc olunmuş ilk şəkildən danışın…

- Bu, «Nizami» kinoteatrınnı fotosu idi. Məsələ belə olmuşdu: mən həmin şəkli başqa işlərimlə birlikdə qovluğa qoyub, «Bakı» qəzetinin redaktoru Nəsir İmanquliyevə göstərməyi qərara almışdım. O, şəkilləri diqqətlə izlədi, bir neçəsini seçdi və arxa tərəfində adımı və soyadımı yazmağı xahiş etdi. Düşündüm ki, Mir-Ələkbər Ağasiyev nəsə yaşlı adam adı kimi səslənir, ona görə adımı qısaldıb Ələkbər Ağasiyev yazdım. Elə məni bu adla tanıdılar. Üstündən onillər keçəndən sonra, mən yaradıcılığıma bütöv adımı qaytarmaq qərarına gəldim və artıq 2010-cu ildə «Humay» milli mükafatını, həmçinin Azərbaycan Jurnalistlər İttifaqının Həsən bəy Zərdabi adına mükafatını Mir-Ələkbər Ağasiyev adı ilə aldım.

- İştirak etdiyiniz ilk müsabiqəni xatırlayırsınızmı?

- İlk medalımı gənc fotoqraflar arasında Moskvada keçirilən beynəlxalq müsabiqədə almışam. Onda mənim 15 yaşım var idi. Qələbədən ruhlanaraq öz işlərimi müxtəlif fotomüsabiqələrə göndərməyə başladım və demək olar ki, hamısında da mükafatlandırıldım. Evdə hələ də medal və diplomlarımı doldurduğum üç qutu saxlayıram.

- Siz məşhur insanların möhtəşəm portret silsiləsinin müəllifisiniz. Onların arasında dahi Rəşid Behbudov da var. Rəşid müəllimlə necə tanış oldunuz?

- Biz onunla Mahnı Teatrında tanış olduq. Məsələ bundadır ki, hələ uşaqlıqdan mən tamaşa və konsertləri çox sevirdim. O vaxt biletlər çox ucuz - 30 qəpik idi və axşamları Dram Teatrında və Mahnı Teatrında keçirirdim. Bilet satanlar artıq məni üzdən tanıyırdılar və bəzən tamaşalara pulsuz buraxırdılar. Bir dəfə Behbudovun afişasını görüb nəyin bahasına olur-olsun konsertə düşməyə çalışdım. Biletlərin hamısı satılmışdı, amma mən biletsatanı dilə tutub zala pulsuz girə bilmişdim. Ən son oturacaqlarda özümə bir boş yer tapa bildim. Əlbəttə, Rəşid Behbudovun çıxışı mənə unudulmaz təsir eləmişdi. Konsertdən sonra mən xidməti çıxışa qaçdım ki, sevimli müğənnidən avtoqraf alım. Teatrdan çıxan Rəşid müəllimi görəndə isə yerimdə hekyəl kimi dondum.

«Sən nə istəyirsən, oğlum?» - deyə Rəşid müəllim bir ata kimi məndən soruşdu. Mən ondan teatrın proqramına imza atmasını xahiş etdim və indiyə kimi onun avtoqrafını qoruyuram. O, məndən kim olduğumu və harada oxuduğumu soruşdu. Beləcə, bizim tanışlığımız başladı. Həmin vaxtdan mən tez-tez Mahnı Teatrının qonağı olurdum. Hər bir konsertdə və tamaşada şəkillər çəkirdim. Amma Rəşid müəllimi səhnədən kənarda çəkmək daha çox xoşuma gəlirdi. O, inanılmaz dərəcədə işıqlı və həssas adam idi, ilk tanışlıqdan hər kəsi heyran qoyurdu. Bilirsiniz, mənim bir şəxsiyyət kimi yetişməyimdə valideynlərimlə yanaşı, yaxından tanıdığım dörd nəfərin böyük rolu olub: müğənni Rəşid Behbudov, rəssam Mikayıl Abdullayev, Jurnalistlər İttifaqının sədri Hacı Hacıyev və şair-publisist Nəbi Xəzrinin. Onların hər biri ilə dostluq mənim dünyagörüşümə təsir edib. Yaddaşımda bu böyük insanlar barədə ən xoş xatirələr həkk olunub.

- Sizin fotoşəkillər dünyanın çox ölkələrində sərgiyə çıxarılıb...

- Mənim işlərim Yaponiyadan Kanadaya qədər dünyanın çox ölkələrində sərgiyə çıxarılıb. Müxtəlif vaxtlarda mən «İşıq» nəşriyyatı, Azərbaycan Jurnalistlər İttifaqı, “bp” şirkəti ilə əməkdaşlıq eləmişəm. Mənim işlərim «Sovetskoye foto» jurnalında, həmçinin Azərbaycan nəşrlərində - «Azərbaycan qadını», «Ulduz», «Kaspian», «Azerbaijan International», «Kontakt» jurnallarında, həmçinin «Ədəbiyyat və incəsənət», «Bakinski raboçi» qəzetlərində və s.-də dərc olunub. 2001-ci ildə mənim işim olan Səttar Bəhlulzadənin fotoportreti Londonda Birinci beynəlxalq fotomüsabiqədə Qran-pri qazandı.

Yeri gəlmişkən, sovet vaxtı bu qeyri-adi, təmiz incəsənət işi 30 il ərzində heç cür layiq olduğu qiyməti ala bilmədi. Mənim ilk xarici sərgim Rumıniyada oldu, məni ora Rumınya Fotoqraflar Assosiasiyası dəvət eləmişdi. Sonra Polşa, Almaniya, Kuba, Hollandiya və başqa ölkələrdə sərgilər oldu. 1982-ci ildə SSRİ Jurnalistlər İttifaqının nümayəndə heyətinin tərkibində İspaniyada oldum. Fotoaparatla bütün ölkəni gəzdim. Mən lentə hər dəqiqəni, hər anı köçürmək istəyirdim. Həmin səfər vaxtı iki mindən çox şəkil çəkmişdim.

Evə qayıtdıqdan sonra, iki il ərzində ən yaxşı şəkilləri seçdim və bunlar Bakıda 1985-c ildə baş tutmuş «İspaniyanı gəzərkən» adlı sərgimə daxil oldular. Xatırlayıram, sərgiyə Nəbi Xəzrinin yaxın dostu Rəsul Həmzətov da gəlmişdi, «Flamenko» adlı şəkil onun çox xoşuna gəlmişdi. Mən özümdən bir xatirə kimi həmin şəkli Rəsul Həmzətova bağışladım.

İki ildən sonra növbəti sərgim oldu - «AFR-i gəzərkən». 1991-ci ildə «Bakının qardaş şəhərləri» sərgim keçirildi, keçən ilin yayında isə Niderland Krallığının bizim ölkədəki səfirliyinin və Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin yardımı ilə «Amsterdam» adlı sərgim təşkil edildi.

- Rəqəmsal fotoaparat peyda olduqdan sonra, fotoqraf işləmək asanlaşdımı? Yoxsa yenə də lentə marağınız böyükdür?

- Əlbəttə, rəqəmsal işi sadələşdirir, fotoşəklin işlənməsini, onun işıq üzü görməsi prosesini asanlaşdırır. Amma şəkilin keyfiyyəti zərər görür. Lentə çəkilmiş fotonun keyfiyyəti 100%-dir. Amma rəqəmsal aparatla işlədikdə, şəklin keyfiyyəti 36%-ə və daha aşağı enir. Bizim vaxtımızda fotoincəsənət hamı üçün açıq qapıya çevrildi. Bir tərəfdən bu, yaxşıdır, digər tərəfdən pis. İndi özünə fotokamera almış hər kəs özünü peşəkar fotoqraf sayır: internetdə səhifə açır və özünün fərdi fotosərgisini təşkil edir.

- İndi nəyin üzərində işləyirsiniz?

 

- Eyni vaxtda üç fərdi sərgimi açmaq istəyirəm: «London», «Paris», «Bakı və bakılılar». İlk iki sərgidə Böyük Britaniyaya və Fransaya səfərlərim zamanı çəkdiyim fotoşəkilləri təqdim edəcəm. Bakılılara həsr etdiyim ekspozisiyanı isə bütün yaradıcılığım boyu çəkdiyim foto işlərin içindən artıq seçməyə başlamışam.



MƏSLƏHƏT GÖR:

405