25 Aprel 2024

Cümə axşamı, 23:25

ONUN YAZMADIĞI SSENARİ

Həsən Seyidbəyli coxlu maraqlı film çəksə də, həyatının ssenarisi əvvəldən məlum idi

Müəllif:

01.01.2017

Əslən bakılıydı. Atası Mehdi nardaranlı, anası Rübabənin bir tərəfi buzovnalı, bir tərəfi maştağalıydı. Atası dövlət qulluğundaydı. Anası isə evdar qadın idi. Azərbaycanda Sovet hakimiyyətinin qələbəsinədək çox varlı olmuşdular. Ancaq yeni hökumət var-dövlətlərini, evlərini müsadirə etmişdi. Atasının evləri şəhərin yuxarı məhəllələrindəydi. Sovet hökuməti mal-mülklərini əllərindən alandan sonra, onlara Lermontov küçəsində ev verdi. 1920-ci ilin 22 dekabrında dünyaya gələn Həsən Seyidbəylinin uşaqlığı həmin evdə keçdi.

 

Uşaqlıq dünyasından kinoya...

Üç qardaşın ortancılıydı. Uşaqlıqdan üçü də idmana meyil saldı. Böyük qardaşı Kamil voleybolla, Həsən akrobatikayla, kiçik qardaşı Adil isə gimnastikayla məşğul olurdu. Sonralar Kamil hərbçi oldu. Podpolkovnik rütbəsinədək yüksəldi. Adil idmana yaxın sənət seçdi. Jurnalist kimi Azərbaycan Dövlət Televiziyasında idman verilişlərində işlədi. Həsən isə rejissor, ssenarist kimi fəaliyyət göstərdi.

Kiçik yaşlarında qardaşları arasında ən nadinci, sözəbaxmayanı o idi. Elə “Bizim Cəbiş müəllim” filmində olduğu kimi, köhnə məhəllənin uşaqları bir yerə yığışıb, müxtəlif oyunlar oynayırdılar. Pişiyin quyruğuna boş bankalar bağlayırdılar. Səs-küy aləmi başına götürürdü.

Uşaqlığı beləcə, ömrünə həsrətlə anacağı günlər yaza-yaza keçib gedirdi. Elə arzular var ki, uşaq yaşlarında insanın qəlbinə yol tapır. Ancaq uşaqlıq xəyallarına çevrilərək yalnız xatirələrdə qalmır. Həsən Seyidbəylinin də kinoya sevgisi onunla birlikdə böyüyürdü. O, balaca olanda Bakıda kinofilmlər dəbə düşürdü. Kino aləmi onu heyran etmişdi. O, ecazkar aləmdə olmağı çox arzulayırdı.

1938-ci ildə orta məktəbi bitirdi. Evdəkilərə Leninqrada (indiki Sankt-Peterburq şəhəri) oxumağa gedəcəyini söylədi. Elə həmin il Leninqraddakı Kino Mühəndisləri İnstitutuna daxil oldu. 1939-cu ildə isə Moskvaya getdi. Oradakı Ümumittifaq Kinematoqrafiya İnstitutunun kinorejissorluq fakültəsində oxumağa başladı.

Tələbəlik illəri Böyük Vətən müharibəsinin qanlı-qadalı vaxtlarına düşdü. Möskva şəhərinin də başının üstünü təhlükə alanda onların institutu Alma-Ataya (indiki Almatı) köçürüldü. Qarlı-boranlı günlərdə soyuq vaqonlarda çətinliklərlə həmin şəhərə getdilər. Həsən Seyidbəyli institutun son illərini orada oxumalı oldu.

 

Çin olmuş arzu

1943-cü ildə təhsilini başa vurub Bakıya qayıtdı. “Azərbaycanfilm” Kinostudiyasında rejissor kimi işə başladı. İlk vaxtlar gənc rejissora kino çəkməyə imkan vermədilər. Kinostudiyanın bəzi qocaman rejissorları cavanlara maneələr yaradırdılar.

Həsən Seyidbəyli bədii yaradıcılığa tələbəlik illərindən başlamışdı. Hekayələri, novellaları 1944-cü ildən qəzet və jurnallarda dərc edilirdi. Sonralar Moskvada ikiillik ali ssenaristlər kursunda təhsil aldı. Elə həmin məktəbdə oxuduğu vaxtlarda ailə qurdu.

...Süsən xanımla onu dostları tanış etmişdi. Dostuqla başlanan münasibətləri bir müddət sonra sevgiyə çevrildi. Toyları 1950-ci ildə oldu. Həsən Seyidbəyli Moskva ali ssenaristlər kursunu 1951-ci ildə bitirdi. İlk övladları 1953-cü ildə dünyaya gəldi. Adını Ziya qoydular. 1955-ci ildə qızları Məryəm, 1961-ci ildə isə sonbeşikləri - Mehdi doğuldu.

Həyat yoldaşı həkim idi. Süsən xanım Tibb İnstitutunu bitirdiyi vaxtdan təqaüdə çıxanadək “Leçkomissiya”da (Mərkəzi Klinik Xəstəxanası) işlədi.

Dövrün qaydalarına uyğun olaraq, Həsən Seyidbəyli də cibində Kommunist Partiyasının biletini gəzdirirdi. O vaxtlar bunsuz iş görmək, elə rejissor kimi də fəaliyyət göstərmək asan deyildi. Amma Həsən Seyidbəyli Seyid nəslindən idi. O da ata-babaları kimi, Allaha inanan adam idi. Və görünür, Sovet hakimiyyətinin məsul şəxsləri bunu yaddan çıxarmamışdılar. Bir gün Həsən Seyidbəylini Mərkəzi Komitəyə çağırdılar. “Bəy”, “xan”, “seyid” soyadı olanların özlərini daim təhlükədə hiss etdikləri vaxtlarıydı. Azərbaycanın ozamankı rəhbəri Mircəfər Bağırov gənc rejissordan haralı olduğunu soruşdu. Həsən Seyidbəyli cavab verdi: “Bakılıyam”. Sonradan bildi ki, hansısa rayondan olan Seyidbəylilərlə bağlı Mərkəzi Komitəyə məlumat çatdırılıb. Bağırov sənədləri araşdırtdı. Həsən Seyidbəylinin həmin Seyidbəylilərlə əlaqəsi olmadığı məlum oldu. Onu sərbəst buraxdılar. Soyadıya bağlı Həsən Seyidbəylini daha heç vaxt narahat etmədilər.

 

Yaradıcılıq azadlığı

Oğlu Ziya Seyidbəli danışır ki, Həsən Seyidbəyli xasiyyətcə yumşaq, mülayim olduğu qədər də tələbkarıydı: “Əvvəllər yaşlı rejissorlar onu kino çəkməyə qoymasalar da, işləri tədricən yoluna düşdü. Atam tələbkar rejissor idi. Amma o, heç vaxt aktyorları sıxmazdı. Çəkilişlərdən qabaq məşqlərə çox ciddi yanaşırdı. Ona görə də aktyorlar çəkilişlər zamanı kameranın qarşısında hazırlıqlı olurdular. “Nəsimi” filminə dəvət olunanda Rasim Balayev gənc idi. Nəsimi kimi mürəkkəb surəti canlandırmaq o yaşda aktyor üçün asan deyildi. Atam onunla uzun müddət məşq etdi. Çox maraqlı ifa alındı”.

Həsən Seyidbəyli aktyorlara tələbkarlıqla yanaşmaqla bərabər, sərbəstlik də verir, bacarıqlarını göstərmək imkanı yaradırdı. “Bizim Cəbiş müəllim” filminin çəkilişləri zamanı Ziya Seyidbəyli özü də bunun şahidi olub. Çünki filmdəki Namiq obrazının ifaçısı rejissorun böyük oğludur: “Filmdə müxtəlif səviyyəli, müxtəlif yaşlı adamlar iştirak edirdilər. Əlbəttə, uşaqlarla işləmək çətin idi. Bir də görürdün, çəkiliş gedə-gedə biri kameraya baxır. Bizi başa salırdılar: “Kameraya tərəf baxmayın. Elə təsəvvür eləyin, kamera yoxdur”. Makedon rolunun ifaçısı Aqillə məşqlər olmuşdu. O, digər uşaqlarla müqayisədə hazırlıqlıydı. Mənim müsbət cəhətim o idi ki, uşaq yaşlarımdan kino çəkilişlərini müşahidə etmək fürsətim olmuşdu. Nəsibə Zeynalovanın oğlu Cahangir də mənim kimi. Filmdə bu cür üç-dörd əsas uşaq rolu var idi. Qalanları o qədər də diqqət mərkəzində olmurdular. Onları başa salırdılar. Üç-dörd dubla çəkirdilər. Çəkilişlər zamanı atamın mənə də acıqlandığı məqamlar olurdu. Bir də görürdün, nəsə onun istədiyi kimi alınmırdı. Filmin bir yerində Makedona şillə vurmalıydım. Rejissor, yəni atam deyirdi ki, bərkdən vur. Mən vurmağa utanırdım. Çəkiliş alınmırdı.

Əlağa Ağayevlə Nəsibə Zeynalova çəkiləndə heyranlıqla tamaşa edirdik. Onlar peşəkar aktyorlarıydılar. Nəyi isə deyirdilər, başa salırdılar ki, belə olmalıdır. Sözləri ifadə etmək, özlərini aparmaq artıq onların özlərinə məxsusuydu. Atam mane olmurdu. Çünki peşəkarlara gərək şərait yaradasan”.

 

Hər aktyorun öz yeri

Həsən Seyidbəylinin çəkdiyi filmlərin uğurlu alınmasının bir səbəbi də düzgün aktyor seçimi idi. “Bizim Cəbiş müəllim” filminin məşhur Makedon rolunun ifaçısı aktyorluq sənətindən uzaq gənc oğlanıydı. Bu, Həsən Seyidbəylinin tapıntısıydı. Ziya Seyidbəyli xatırlayır: “Pirşağıdaydıq. Yayda orada dincəlirdik. Atam “Bizim Cəbiş müəllim” filmini çəkməyə hazırlaşırdı. Aqili də o zaman gördü. Tipajı, görünüşü xoşuna gəldi. Yayda Pirşağıda qaldığı üç-dörd ay müddətində onunla məşq etdi. Aqil Makedon rolunu elə ifa etdi ki, sanki peşəkar aktyor idi”.

“Bizim Cəbiş müəllim” filmində Həsən Seyidbəylinin digər övladları - Məryəm və Mehdi də Cəbiş müəllimin uşaqları rollarında oynadılar. Məryəm bundan əvvəl “Telefonçu qız” filmində Mehribanın uşaqlığını canlandırmışdı.

O, filmlərində uşaqlarını çəksə də, onların nə rejissor, nə də aktyor olmalarını istədi. Böyük oğlu Namiq rolunu uğurla oynasa da, bu sənəti seçməyib. Məryəm əvvəlcə aktrisa olmaq istəyib, ancaq sonralar onun da istəyi ötüb-keçib. Ziya Seyidbəyli deyir: “Çünki görürdük bu necə çətin, əsəbi sənətdir. Bir də biz arzulasaydıq da, inanmıram, atam bu sənətin ardınca getməyimizə icazə verəydi. Özü çox əzab-əziyyət gördü. Əvvəla, başqa rejissorlar kimi o da sovet rejimindən çəkirdi. O vaxtlar digər sovet respublikaları kimi, Azərbaycanla bağlı əksər məsələlər də Moskvada həll olunurdu. Hər ssenari qəbul olunmurdu. Rejissorlara sərbəstlik verilmirdi. Bir çoxları kimi, atam da iki filmini Moskvadan göndərilən rejissorlarla qoşa çəkməli oldu. İstedadlı adamlar azadlığı sevirlər. Atam da beləydi. O elə adamlardan idi ki, təzyiq göstəriləndə heç nə eləmirdi. Öz içinə qapanırdı. Sifarişlə ola bilər ki, sənədli film çəkdi, amma bədii film yox. Onların bir çoxunu öz əsəri əsasında ekranlaşdırdı. “Qızmar günəş altında”, “Uzaq sahillərdə” filmərinin ssenari müəllifiydi. “Telefonçu qız”, “Kimi daha çox sevirik”, “Möcüzələr adası”, “Sən niyə susursan”, “O qızı tapın”, “Xoşbəxtlik qayğıları” filmlərinin ssenari müəllifi olmaqla bərabər, həm də rejissoruydu. “Bizim Cəbiş müəllim” və “Nəsimi” filmlərinin isə yalnız rejissoruydu”.

 

Konyuktur haqsızlıqlar  

Oğlu danışır ki, Həsən Seyidbəyliyə qarşı haqsızlıqlar çox oldu. Bəzən lap Mərkəzi Komitənin katiblərindən də söz eşidirdi. Onda respublika rəhbərliyi bütün məsələlərə, hətta yeni kitablara, filmlərə də qarışırdı. Ziya Seyidbəyli danışır: “Möcüzələr adası” filmində bir hissə var idi: neft buruğunda hansısa bir cihaz xarab olur, işçi onu düzəltmək istəmir. Atama Mərkəzi Komitədə məsul işçilərdən biri dedi ki, bizdə Neft Daşlarında belə insanlar yoxdur. Yəni ordakıların hamısı müsbət insanlardır. Atam ona cavab verdi:

- Bu sizin fikrinizdir?

- Yox, Mərkəzi Komitənin.

Atamı məcbur etdilər filmdəki həmin hissəni kəssin. O zaman göstəriş verənlər özləri sənətkar olmadıqlarından, onların sözləri bəzən atamın xoşuna gəlmirdi. Buna görə bəzən mübahisələr etməli olurdu. Elə belə məsələlərin, söz-söhbətlərin biri də onun infarkt keçirməsinə səbəb oldu. Onda atamın əlli səkkiz yaşı var idi”.

Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri olduğu dövrün qaydasına görə, o, həm də SSRİ Kinematoqrafçılar İttifaqının sədri hesab olunurdu. Bir çox istedadlı aktyorun kino sənətinə gəlməsi Həsən Seyidbəylinin xidmətidir. Oğlu xatırlayır ki, film çəkilişi apardığı günlərdə dincliyi pozulurdu: “Gərgin iş, süni maneələr, problemlər gərginlik yaradırdı. Qırx doqquz-əlli yaşlarında şəkər xəstəliyinə düçar oldu. Ömrünün on il bu xəstəliklə mübarizədə keçdi. Bəlkə də anamın həkimliyi olmasaydı, bu qədər də yaşamazdı. Çünki dediyim kimi, işi gərgin idi. Amma o, yaşamağı çox sevirdi. Gəncliyində olduğu kimi, yaşa dolandan sonra da idmanla məşğul olurdu. Yaxşı üzgüçüydü. Sevimli məşğuliyyətlərindən biri də ova getməkdi. Yaxşı ovçuydu. Bir də gərginlikləri, problemləri nə qədər olsa da, atam sevdiyi işlə məşğul idi. Hər işi ürəklə görürdü. Bəzən çəkilişlər günlərlə davam edirdi. Çəkilişlər olmayanda başqa yerdə ləngiməzdi. O, evinə, ailəsinə bağlı adamıydı. O gün yenə həmişəki kimi işdən evə qayıtmışdı. Axşamüstü həyətə düşdüm. Məni çağırdılar. Tez evə qalxdım. Atamın halı dəyişmişdi. O, əllərimin üstündə keçindi”. Həmin gün 1980-ci ilin 25 iyunu idi. Həsən Seyidbəyli ikinci dəfə Ali Sovetə deputat seçilmişdi. Vəfatından sonra deputat biletini simvolik olaraq, ailəsinə verdilər...



MƏSLƏHƏT GÖR:

444