19 Aprel 2024

Cümə, 01:25

YAPONİYA GERİ ÇƏKİLDİ

Moskva ilə Tokio ərazi mübahisəsinin həlli yolunda vacib addım olaraq, iqtisadi əməkdaşlığı genişləndirir

Müəllif:

01.01.2017

Rusiya ilə Yaponiya hər iki ölkəyə İkinci Dünya müharibəsindən miras qalmış Kuril probleminin həlli istiqamətində ciddi addım atıb. Amma Asiya-Sakit okean regionunun ən uzun sürən ərazi mübahisəsinin nə zaman və hansı şərtlərlə tam həll olunacağını söyləmək hələ də çətindir.

 

Tarixi pinq-ponq

Kuril probleminin həlli istiqamətində irəliləyişə Rusiya prezidenti Vladimir Putinin Yaponiyaya səfəri çərçivəsində nail olunub. Rusiya lideri dekabrın 15-16-da Yaponiyanın baş naziri Sindzo Abe ilə onun vətənində - Yamaquti prefekturasında danışıqlar aparıb. Görüşün sonunda Rusiya ilə Yaponiya arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi haqqında razılığa gəlindiyi, eyni zamanda, Cənubi Kurildə birgə təsərrüfat fəaliyyətinə dair danışıqların başladığı elan edilib. Bu sahədə danışıqlara 2017-ci ilin əvvəlində start verilməlidir.

Kuril probleminin kifayət qədər maraqlı tarixi var. Hələ 1855-ci ildə imzalanmış ticarət və sərhədlər haqda ikitərəfli müqaviləyə görə, Rusiya Cənubi Kurili - İtirup, Kunaşir, Şikotan və Xabomai adaları - Yaponiyanın bir hissəsi kimi tanıyıb. 20 il sonra o, Saxalinə tam nəzarətin müqabilində Kurili yaponlara verib. Lakin 1904-1905-ci illərdə qələbə ilə bitmiş müharibə zamanı Yaponiya Rusiyaya məxsus Uzaq Şərqin bir hissəsini, o cümlədən Saxalin adasını işğal edib.

Məsələdə Rusiyanın xeyrinə tarixi dönüş isə İkinci Dünya müharibəsinin sonunda, darmadağın edilən faşist Almaniyasının müttəfiqi olan militarist Yaponiyanın məğlubiyyətilə baş verib. Nəticədə SSRİ Cənubi Saxalin və bütünlükdə Kuril silsiləsi üzərində nəzarəti ələ keçirib. Amma Yaponiya Kuril itkisi ilə barışmayıb. 1956-cı ildə Sovet İttifaqı ilə Yaponiya arasında müharibə şəraitinə son qoyulmasına, diplomatik və digər münasibətlərin bərpasına dair bəyannamə imzalansa da, Tokio ilə SSRİ-nin varisi olan Moskva arasında sülh müqaviləsi hələ də imzalanmayıb. Yaponiya İturup, Kunaşir, Şikotan və Xabomai adalarına 1855-ci il müqaviləsinə istinadla iddiasını bu gün də davam etdirir. Moskvada isə hesab edirlər ki, Rusiyanın Cənubi Kuril üzərindəki suverenliyi beynəlxalq hüquqi bazaya əsaslanır və buna heç kəsin şübhəsi olmamalıdır.

Yaponiya Kuril problemini bu və ya digər formada sonuncu sovet rəhbərliyinin dövründə, həmçinin Rusiyaya Boris Yeltsinin rəhbərlik etdiyi illərdə də müzakirəyə çıxarıb. Sonuncu Yaponiyanın ozamankı Baş naziri Keydzo Otubi ilə birlikdə 1998-ci ildə İturup, Kunaşir, Şikotan və Xabomai adalarında birgə təsərrüfat fəaliyyəti üzrə hökumətlərarası alt komissiyanın yaradıldığını elan da etmişdi. Ümumiyyətlə, Yeltsin Kurilin Yaponiyaya verilməsinə tərəfdar idi. Onun bioqraflarının dediyinə görə, yeni, postsovet Rusiyası rəhbərini bu addımı atmaqdan yalnız sayıq köməkçiləri çəkindirə bilib.

2003-cü ildə Rusiya Prezidenti Vladimir Putin və Yaponiyanın Baş naziri Dzyunitiro Koidzuma Kuril probleminin həlli formulunun axtarışına başlayıblar. Amma məsələni bu dəfə də «ölü nöqtə»dən tərpətmək mümkün olmayıb. Yalnız indi Putin Yaponiya Nazirlər Kabinetinin yeni başçısı Sindzo Abe ilə ümumi dil tapa bilib. Tərəflər iqtisadi əməkdaşlığın genişləndirilməsi, buna o cümlədən Cənubi Kurildə birgə fəaliyyətlə nail olunması haqqında razılığa gəlib. İndi, Putin ilə Abe nikbinliklərini gizlətmirlər; məsələn, Rusiya lideri Kuril məsələsinin Moskva ilə Tokio arasında ixtilaf deyil, birlik yaradacağına əmindir. O, Cənubi Kuril məsələsində «tarixi pinq-ponq»a son qoyulmasına çağırış edib, tərəflər arasında sülh müqaviləsinin olmamasını keçmişin anaxronizmi adlandırıb.

Putinin Yaponiyaya səfəri çərçivəsində əldə olunmuş razılaşmalar, xüsusilə Kurildə birgə təsərrüfat fəaliyyətinə dair razılaşma, əlbəttə ki, tərəflər arasında sülh razılaşmasına dair danışıqların daha əlverişli atmosferdə keçməsinə şərait yaradacaq.

Bəs Uzaq Şərqdəki bu iki qonşunun həqiqətən çox mühüm sayılacaq bu razılaşmanı əldə etməsi şansı nə qədərdir, xüsusilə də nəzərə alsaq ki, bu məsələ də birbaşa Kuril probleminin həllindən asılıdır?

 

Dörd adanın siması

Moskva əvvəllər də Tokioya Cənubi Kurildə «birgə təsərrüfat fəaliyyəti» ilə məşğul olmağı dəfələrlə təklif edib. Amma yaponlar hər dəfə bu təklifi qəti şəkildə rədd edərək, ilk növbədə, adaların hüquqi mənsubiyyəti məsələsinin həllini tapmalı olduğunu bildirib. İndi, Baş nazir Abe cəsarətli addım atmaq qərarına gəlib. O, Rusiyanın adalar üzərindəki suverenliyinin davam etdiyi şəraitdə əməkdaşlığa razılıq verib. Bununla yanaşı, Tokio Putinlə əldə edilmiş razılaşmanı ölkədə «şimal əraziləri» adlandırılan Cənubi Kurilin tədricən Yaponiyanın nəzarətinə qaytarılması prosesinin bir hissəsi sayır. Odur ki, ortaya belə bir sual çıxır: Rusiya-Yaponiya razılaşması adalardakı birgə fəaliyyətin sırf Rusiya qanunları əsasında həyata keçirilməsinimi nəzərdə tutur? Yoxsa tərəflər bu məqamı, ümumiyyətlə, nəzərə almayıb? Belədirsə, bu, onlara müqavilənin hüquqi tərəfini özlərinə uyğun şəkildə şərh etmək imkanı verəcək. Amma bu məqam razılaşdırılmayıbsa, Putinlə Abenin ideyasının reallaşdırılması imkanı bütünlükdə sual altına düşür. Çünki hüquqi vakuum şəraitində birgə fəaliyyət mümkün deyil.

Bu mənada, Yaponiyanın Baş naziri Sindzo Abenin bir fikri maraq doğurur. O bildirib ki, Rusiya ilə sülh müqaviləsi probleminin həllinə «dörd adanın gələcəkdə Yaponiya ilə Rusiyanın birgə sahib ola biləcəyi simasının yaradılmasından başlanılmalıdır».

Demək, Putin adalara «birgə nəzarət» məsələsində Abeyə «hə» deyib? Yoxsa Abe, sadəcə, gələcəklə bağlı öz fantaziyasını real perspektiv kimi təqdim edir?

Bütün bunlar Yamaqutidə yüksək səviyyədə baş tutmuş danışıqları bir qədər dumanlı göstərir. Amma ehtimalları analiz etsək, etiraf edilməlidir ki, Kurildə birgə fəaliyyətin mümkün sayılması özü Tokionun bu məsələni «suveren ərazilər»in geri qaytarılması ilə əlaqələndirilməsindən əl çəkməsi nəticəsində mümkün olub.

Britaniyanın nüfuzlu «Financial Times» nəşrinin məsələyə münasibəti maraqlıdır: «Birgə iqtisadi fəaliyyət Yaponiyanın öz mövqeyindən geri çəkildiyi anlamına gəlir. O, uzun müddət idi ki, adaların üzərində Rusiyanın suverenliyinin qaldığı şəraitdə hər hansı əməkdaşlıqdan imtina edir, buranın Yaponiya ərazisi olduğunu, ərazinin onlardan ədalətsizcəsinə alındığını deyirdi».

Amerikanın «Wall Street Journal» nəşri isə yazır: «Putin Yaponiya ilə ərazi mübahisəsində heç bir güzəştə getməyərək, danışıqlarda kompromisə getməmək üslubunu bir daha təsdiqləyib. Putin Abeni üstələdi. O, diplomatik manevrlərdə daha təcrübəli və bacarıqlıdır».

Amma gəlin görək, Putinin Kuril oyununda yapon Baş naziri üzərindəki «diplomatik manevri»ni birmənalı olaraq «uğur» adlandırmaq olarmı?

Nəzərə almaq lazımdır ki, Rusiya Tokio ilə danışıqlarda uğura Qərbin sanksiyalarının davam etdiyi şəraitdə nail olub. Burada söhbət həm də ABŞ-ın yaxın müttəfiqi olan Yaponiya tərəfindən tətbiq olunmuş sanksiyalardan gedir. Moskva Uzaq Şərqin inkişafına Yaponiya investisiyalarının yatırılmasında maraqlıdır. Bunu siyasi sadəlövh sayılması çətin olan Baş nazir Sindzo Abe də yaxşı anlayır (yeri gəlmişkən, onun babası Nobusuke Kiçi 1957-1960-cı illərdə Yaponiya hökumətinə başçılıq edib, atası Sintaro Abe isə 1982-1986-cı illərdə ölkənin xarici işlər naziri olub).

Odur ki, Sindzo Abenin, yəqin ki, öz hesablamaları var. Tokio Rusiyanın maliyyə vəsaitinə və ABŞ siyasətinin nüfuz dairəsində olan öklələrdən biri ilə uğurlu əməkdaşlıq etdiyinin nümayişinə ciddi ehtiyac duyduğu bir vaxtda Moskva ilə birgə təsərrüfatçılığa razılıq verir. Bununla da Yaponiyanın Baş naziri Kreml ilə gələcək diplomatik savaşlarda siyasi Kuril piroqunu qoparmağa ümid edir. Bu savaş isə mütləq baş verəcək. Nəzərə almaq lazımdır ki, birgə təsərrüfatçılıq planının reallaşdırılması Rusiya ilə ərazi mübahisəsində Yaponiyanın mövqelərini gücləndirə bilər.

Rusiyanın ən müxtəlif cəbhələrini təmsil edən bir çox siyasətçinin Putinin Kuril manevrindən narahatlığı əbəs deyil; məsələn, millətçi-bolşevik, yazıçı Eduard Limonov düşünür ki, Rusiya prezidenti «yaponlarla birgə təsərrüfatçılığa nahaq razılaşıb». Onun fikrincə, yaponların adaya buraxılması «ehtiyatsızlıqdır». «Təsərrüfat fəaliyyəti məhz yaponların ruslardan daha effektiv olduqları sahədir. Yaponlar kiçik dirriklərini maksimum becərməyə vərdiş edibsə, biz nəhəng ərazilərimizi hələ də boş saxlayırıq», - deyə o, bildirib.

Yaponiya ilə razılaşmanı «Yabloko» partiyasının lideri Qriqori Yavlinski də tənqid edib. Onun fikrincə, Rusiya rəhbərliyinin təcrid vəziyyətdən çıxış yolu axtardığı bir şəraitdə «Çinlə heç nə alınmır», «Yaponiyadan başqa buna heç kəs getmir», bu üzdən də Putin «Kuril sakinlərinə heç bir fayda gətirməyəcək «gözəgirmək»lə məşğuldur.

Fakt isə faktlığında qalır: Moskva Kurildən heç bir halda imtina etmək fikrində deyil və bunun daha bir ciddi səbəbi var.

 

Üçüncü oyunçu

Rusiyanın Kuril üzərindəki suverenliyindən imtinadan qəti şəkildə boyun qaçırması yalnız onunla bağlı deyil ki, bu, İkinci Dünya müharibəsinin nəticələrinə yenidən baxılması kimi təhlükəli presedent yarada bilər. Adalara nəzarət hipotetik olaraq, Tokioya verilərsə, onlar dərhal Amerika ilə Yaponiyanın təhlükəsizlik müqaviləsinin təsir dairəsinə düşəcək. Müvafiq olaraq, ABŞ Yaponiya ərazisində öz hərbi bazalarını yerləşdirmək imkanı qazanacaq. Kurildə ABŞ-a məxsus hərbi baza peyda olarsa, o, Rusiya gəmilərinin və sualtı qayıqlarının Vladivostokdan Dünya okeanına çıxışını asanlıqla əngəlləyə bilər.

Maraqlıdır ki, Rusiya ilə razılaşma əldə olunacağı təqdirdə, Kurildə Amerika hərbi bazalarının yerləşdirilə biləcəyini Yaponiya Təhlükəsizlik Şurasının katibi Syotaro Yati də bəyan edib. Yaponiyanın «Asahi» qəzetinin yazdığına görə, Yati rusiyalı həmkarı Nikolay Patruşevlə noyabrda keçirdiyi görüşdə Kurildə Amerika bazalarının yerləşdiriləcəyini istisna etməyib. Qəzetin Yaponiya hökumətindəki mənbəsi isə Yatinin bu sözlərini «tamamilə təbii» sayır. O deyir ki, adalar üzərində Yaponiyanın suverenliyi bərqərar olunarsa, onlar avtomatik olaraq, ABŞ-la Yaponiya arasında mövcud olan təhlükəsizliyə zəmanət müqaviləsinin təsir dairəsinə düşəcək.

Amerikanın Tokioya təsiri mövzusu Putinin Yaponiyaya səfərinin gedişində də gündəmdə olub. Rusiya Prezidenti xatırladıb ki, 1956-cı ildə sovet rəhbəri Nikita Xruşşov ölkələr arasında sülh müqaviləsinin imzalanmasından sonra 4 adadan 2-nin Yaponiyaya qaytarılmasına razılıq vermiş, lakin Tokio ABŞ-ın təzyiqi ilə bununla razılaşmamışdı. O zaman ABŞ-ın dövlət katibi Con Dalles Yaponiyaya ultimatum vermişdi - Tokio Birləşmiş Ştatların maraqlarına zidd addım atarsa, Okinava adası tamamilə ABŞ-ın yurisdiksiyasına keçəcək.

«Mən bunu niyə xatırladıram? Biz regionun bütün ölkələrinə, həmçinin Birləşmiş Ştatların maraqlarına hörmətlə yanaşmalıyıq», - deyə Putin bildirib: «Bəs bu, nə deməkdir? Bu o deməkdir ki, məsələn, bizim Vladivostokda, bir qədər şimalda iki böyük donanma bazamız var. Bizim okean zonasına aid gəmilərimiz Sakit okeandadır. Biz bu sahədə nələrin baş verəcəyini anlamalıyıq. Yaponiya ilə Birləşmiş Ştatlar arasında münasibətlərin xüsusi xarakter daşıdığı, təhlükəsizlik sahəsində müqaviləyə əsaslanan öhdəliklərin olduğunu bilirik… Biz istəyirik ki, yaponiyalı həmkarlarımız və dostlarımız bütün bu incəlikləri, Rusiya tərəfinin narahatlıqlarını nəzərə alsın».

Putinin Yaponiyadakı çıxışının ABŞ-da da diqqətlə dinlənildiyinə şübhə yoxdur. Görəsən, Rusiya Prezidentinin Yaponiyaya səfərindən az müddət sonra ABŞ-ın Putinin xatırlatdığı Okinava adasının 4 hektarının yaponlara qaytarılmasına qərar verməsi təsadüfdürmü? Söhbət amerikalıların 1945-ci ildə işğal etdiyi və 1972-ci ilədək onların nəzarətində qalmış adadan gedir. Həmin il ada Yaponiyaya qaytarılsa da, bu, bir şərtlə edilib: oradakı Amerika bazaları (Okinava ərazisinin 18%-i) ABŞ-ın suveren ərazisi olaraq qalır.

Ekspertlər 4 hektarlıq ərazini Yaponiyaya qaytarmağa getməkdə olan Barak Obama administrasiyasının dost addımı kimi qiymətləndirir. Bununla yanaşı, bu addımı Kuril məsələsində inadkarlıq göstərən Rusiyanın fonunda ABŞ-ın Yaponiyanın əsl dostu olduğunun nümayişi də saymaq mümkündür. Bəlkə bu, Tokioya Rusiya ilə birgə təsərrüfatçılıqda ehtiyatlı olmaq xəbərdarlığıdır? Xüsusilə bu əməkdaşlıq Birləşmiş Ştatların maraqlarına ziddirsə… Hər halda, Putin yaponlara qocaman Dallesi əbəs yerə xatırlatmayıb. Üstəlik, Okinava hələ də tam olaraq Yaponiyanın deyil.

 

Kuril məsələsinə gəlincə, deyəsən, bu problem birdəfəlik həlldən çox uzaqdır. Bununla yanaşı, Moskva ilə Tokionun əməkdaşlıq cəhdləri, o cümlədən 4 adada əməkdaşlıq etmək istəyi onlara yaxınlaşmaq şansı verir. Bu yaxınlaşma isə yaxın perspektivdə Rusiya ilə Yaponiya arasındakı hərbi münaqişəyə de-yure son qoyacaq sülh müqaviləsinin imzalanması ilə nəticələnə bilər. Bu, özü-özlüyündə ən böyük nailiyyət olardı.



MƏSLƏHƏT GÖR:

368