29 Mart 2024

Cümə, 11:25

YENİ REALLIQLAR MOZAİKASI

Dünya 1 ildə 10 ildəkindən daha çox dəyişə bilər

Müəllif:

01.01.2017

2016-cı ilin əsas siyasi xəbərləri Suriya müharibəsi və münaqişə ətrafında müxtəlif beynəlxalq arenalarda cərəyan edən diplomatik çəkişmələr, Rusiya-Türkiyə münasibətləri, Türkiyədə daxili siyasi vəziyyət, Böyük Britaniyanın Avropa İttifaqını tərk etməsi, ABŞ-da keçirilmiş prezident seçkisi ilə bağlı olub. Resurslar, daha əlverişli tranzit yolları uğrunda savaş yeni-köhnə konfiqurasiyalarda davam edib və onun sonu görünmür. Yaxın Şərq dünya xəritəsinin əsas ağrılı nöqtəsi olaraq qalıb və o, qeyri-sabitliyi, mənfi fəsadları özündən xeyli uzağa belə, yaymaqdadır.

 

Suriya münaqişəsi

Ötən il Suriyaya sülh gətirmədi. 2016-cı ilin martında bu qanlı münaqişənin başlamasının 5 ili tamam oldu. Rusiya ilə ABŞ-ın atəşkəs rejiminin tətbiqinə dair layihəni imzaladığı 2016-cı ilin əvvəlində bu Yaxın Şərq ölkəsində vəziyyətin yaxşılaşmağa başlayacağına ümidlər yaranmışdısa, ilin sonuna dinc əhali arasında ölənlərin sayı nikbinliyə heç bir əsas qoymadı. Moskva ilə Vaşinqton kimlərin terrorçu, kimlərin Bəşər Əsəd ordusu ilə mübarizə aparan müxalifət döyüşçüləri hesab olunması məsələsində razılığa gələ bilmədi. Əgər tarixinin ən çətin, təxminedilməz prezident seçkisini yaşayan ABŞ Suriya problemində iştirakını minimuma endiribsə, Rusiya əksinə, bu istiqamətdə fəallığını artırıb. Halbuki, Moskva hələ martın 15-də hərbi qruplarını Suriyadan çıxarmaq qərarını elan etmişdi. O zaman Putin Rusiya hərbçilərinin «ümumilikdə məqsədinə çatdığını, Suriya ordusunun beynəlxalq terrorçuluqla mübarizədə vəziyyəti kökündən dəyişməsinə yardım etdiyini» bildirmişdi. Lakin Rusiya hərbçiləri il ərzində Suriyanın hərbi əməliyyatlar teatrının əsas qüvvəsi olub, 30 mindən artıq hərbi uçuş həyata keçirib və 62 mindən artıq hərbi obyekti vurub.

Martda «İslam Dövləti» (İD) yaraqlılarından azad olunmuş Palmiranın yenidən yaraqlıların əlinə keçməsinə imkan vermiş Kreml səylərini strateji əhəmiyyətli Hələb istiqamətində cəmləyib. Məqsəd mümkün danışıqlar ərəfəsində Əsədin mövqelərinin gücləndirilməsi idi.

Dekabrın 13-də Suriya hökuməti bu şəhərin tam nəzarətə götürüldüyünü bəyan edib. Bundan sonra Türkiyə, Rusiya və İranın vasitəçiliyilə mülki şəxslərin evakuasiyası və yaraqlıların şəhərdən çıxarılması əməliyyatına başlanılıb. Bu arada Rusiya KİV şəhərin azad olunmasını, Rusiyadan humanitar yardım alınmasını bayram edən suriyalıları göstərirdisə, Qərb mətbuatı əksinə, dinc əhali arasında ciddi təlafatın olduğunu xəbər verirdi.

Suriyanın gələcəyi ilə bağlı danışıqlar ilin sonuna doğru Qərb paytaxtlarından tədricən Moskvaya gəlib çıxıb və dekabrın 20-də ilk dəfə olaraq məsələ ilə bağlı İran, Türkiyə və Rusiyanın XİN başçılarının görüşü keçirilib. Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov bildirib ki, «Rusiya-İran-Türkiyə formatı bu gün üçün ən effektiv formatdır». Onun sözlərinə görə, bu, «digər tərəfdaşların səylərinə kölgə salmaq cəhdi yox», «sadəcə faktların konstatasiyasıdır».

ABŞ Dövlət Departamentinin nümayəndəsi Con Kirbi buna cavab olaraq Birləşmiş Ştatların Suriya probleminin həlli prosesində əvvəlkitək lider olaraq qaldığını söyləyib. Onun fikrincə, Rusiya, Türkiyə və İran bu işdə nəinki danışıqların nəticəsini kağız üzərində də təsdiqləməli, həm də onu təcrübədə tətbiq etməlidir.

Moskva, Tehran və Ankara isə Moskva Bəyannaməsini qəbul edib. Sənəddə onların Suriya hökuməti ilə müxalifəti arasında qarant olmağa hazır olduqları bildirilir. Bəyannamə müəllifləri vəziyyətə təsir imkanı olan bütün digər dövlətləri də bu cür davranmağa çağırıb.

Aydındır ki, 2017-ci ildə Hələblə yanaşı, İdlib əyaləti də hadisələrin mərkəzində olacaq. Eyni sözü Hələbdən 35 kilometr şimal-şərqdə yerləşən, İD-nin nəzarətində olan, istər Suriya kürdlərini, istərsə də Türkiyə ordusunu maraqlandıran Əl-Bab şəhəri haqda da demək olar.

 

Taktiki ittifaq

Rusiya ilə Türkiyə 2016-cı ili ruslara məxsus «Su-24» bombardmançısının vurulması ilə bağlı insident üzündən qatı düşmənlər kimi qarşılamışdılarsa, artıq yayda çoxlarının gözləmədiyi halda iki ölkə arasında münasibətlər sürətlə yaxşılaşmağa başlayıb. Prezident Rəcəb Tayyib Ərdoğanın üzr istəmək məqsədilə Putinə ünvanladığı, Rusiyanı «dost və strateji tərəfdaş» adlandırdığı məktubundan sonra Ərdoğan Moskvaya səfər etdi. Nəticədə, Ankara Moskva ilə Rusiya üçün vacib olan «Türk axını» qaz xəttinin tikintisinə dair razılaşma imzaladı, Kreml isə rusiyalı turistlərin Türkiyəyə qayıtmasına razılıq verdi. Əksər müşahidəçilərin fikrincə, Putinlə Ərdoğan arasında inamın yaradılmasına imkan verən məqamlardan biri də Türkiyədə baş vermiş hərbi çevriliş zamanı Moskvanın Türkiyənin qanuni hakimiyyətini dəstəkləməsi olub. Rusiya-Türkiyə barışığına vasitəçi dövlətlərin, ilk növbədə, ənənəvi olaraq həm Türkiyə, həm də Rusiya ilə dost münasibətləri olan Azərbaycanın səyləri də bu işdə şübhəsiz ki, ciddi töhfə idi.

İlin sonunda isə Rusiya-Türkiyə münasibətləri daha bir imtahan qarşısında qaldı. Dekabrın 19-da Ankaranın Müasir İncəsənət Qalereyasında elə telekameraların qarşısındaca Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov qətlə yetirildi. 22 yaşlı polis zabiti Mövlut Mert Altıntaş fotosərginin açılışında çıxış edən səfirin kürəyinə atəş açdı. Daha sonra silahı səfirin cəsədinə tuşlayan cinayətkar şüarlar səsləndirməyə başladı: «Allahu Əkbər! Hələbi unutmayın! Suriyanı unutmayın! Nə qədər ki, qardaşlarımız təhlükədəir, siz də təhlükəsizlikdə olmayacaqsınız! Biz Hələb yaxınlığında öləcəyiksə, sən burada öləcəksən!».

Rusiya ilə Türkiyə arasında mübahisəyə səbəb olmuş Suriya indi onları bir araya gətirib. İndi, Əsədə kömək edən Moskva ilə avqustun 24-dən Suriya ərazisində «Fərat qalxanı» əməliyyatı keçirən Ankaranın bir-birinə ehtiyacı var.

İndi, xüsusilə Türkiyə çətin vəziyyətdədir. Çünki qonşu Suriyada bitmək bilməyən döyüşlər ölkə daxilində ciddi qeyri-sabitlik amilinə çevrilir. Birincisi, terrorçular Suriyadan Türkiyə ərazisinə keçir. Bunu çoxsaylı terror aktları da təsdiqləyir. Bu aksiyalar siyasi risklərlə yanaşı, Türkiyə iqtisadiyyatına da ciddi zərbə vurur. Məlum olduğu kimi, Türkiyə üçün təhlükəsizlik ən azı turizm sahəsini üçün vacibdir.

İkincisi, Suriyadakı vətəndaş müharibəsi bu ölkənin bir neçə hissəyə bölünməsilə nəticələnə bilər. Bu halda müstəqilliyə çalışacaq əsas qüvvələrdən biri kürdlər olacaq. Onların Suriya-Türkiy sərhədi boyunca yaradacaqları, İraq Kürdüstanına da çıxışı olacaq mümkün Rojava dövləti Türkiyə üçün təhlükəyə çevriləcək. Bu məsələdə Qərbdən gözlədiyi anlayışı görməyən Ankara Rusiya ilə taktiki ittifaqa getmək qərarına gəlib. Çünki Moskva anti-Əsəd və amerikapərəst kürd qiyamçılarına yanaşmada Türkiyəni başa düşür. Məhz buna görə Karlov arxadan açılan atəşlə məhz Türkiyə ərazisində qətlə yetirilsə də (bu, təbii ki, yerli polis və təhlükəsizlik orqanlarının ciddi səhlənkarlığı idi…), Putin səfirin qətlini «Su-24»lə bağlı insidentdən fərqli olaraq, «kürəyə vurulan zərbə» adlandırmayıb. Rusiya ilə Türkiyə arasında Hələblə bağlı danışıqlarda bilavasitə iştirak edən səfirin ölümü Moskva görüşünü də pozmadı. Əksinə, Moskva ilə Ankara bundan sonra da birgə olmağa, «Rusiya-Türkiyə münasibətlərinin normallaşmasına əngəlləməyə, Suriyadakı sülh prosesini pozmağa yönəlmiş təxribata getməməyə» söz verdi.

 

Narahat Türkiyə...

2016-cı ildə türkiyədaxili vəziyyət də dəfələrlə KİV-in gündəminə gəldi. Ölkədə martdan dekabradək silsilə qanlı terror aktları baş verdi. Onların ən çox rezonans doğuranı İstanbulun Atatürk Hava Limanında törədiləni oldu. Bütün bunların fonunda iyulun 16-da Türkiyədə aviasiya və tanklardan da istifadə etməklə, hərbi çevrilişə cəhd edildi. Lakin Ankara və İstanbulda Ərdoğan tərəfdarlarının küçələrə axışması çevrilişə imkan vermədi. Bu qarışıqlıq zamanı yüzlərlə insan dünyasını dəyişdi. Qiyamın yatırılmasından dərhal sonra ən müxtəlif sahələrdə - ordudan və polisdən tutmuş, məhkəmə və təhsil sisteminədək - miqyaslı təmizləmələrə başlanıldı. Yüzlərlə hərbçi, o cümlədən generallar və admirallar həbs olundu. Rəsmi Ankara dövlət çevrilişinə cəhdin təşkilində uzun illərdir ABŞ-da yaşayan müsəlman vaiz Fətullah Güləni və ordu komandanlığının onun təsiri altında olan hissəsini günahlandırır. Türkiyə hökuməti o andan Gülənin ekstradisiyasına çalışır. Yeri gəlmişkən, Ərdoğanın sözlərinə görə, Rusiyanın Türkiyədəki səfiri Andrey Karovu qətlə yetirmiş şəxs də Gülən hərəkatının (FETÖ) üzvü olub.

 

«Dumanlı Albion”un gedişi

Böyük Britaniyada iyunun 23-də keçirilmiş referendumda ölkənin Avropa İttifaqını tərk etməsinə tərəfdar olanlar 51,9% səslə qalib gəlib. Nəticədə Oksford lüğətinə rəsmən daxil edilmiş yeni söz - «Brexit» (Britain və Exit - «çıxış») meydana gəldi. Bu, bir sıra siyasi fəsadlara yol açdı. İlk növbədə ölkənin baş naziri, əvvəlcə Britaniyanın Aİ-ni tərk etməsini istəyən, sonra isə bunun əleyhinə olan Devid Kemeron vəzifəsindən istefa verdi. Onun yerini Mühafizəkarlar Partiyasının 59 yaşlı lideri Tereza Mey tutdu. Bununla da Mey Britaniya tarixinə hökumətə başçılıq edəcək ikinci qadın (Marqeret Tetçerdən sonra) kimi düşdü. Mey bildirib ki, indi onun əsas vəzifəsi ölkəsinin Aİ-ni ağrısız, lakin əlverişli şəkildə tərk etməsinə nail olmaqdır. Bu, başadüşüləndir. Məsələ ondadır ki, referendumdan dərhal sonra “Dumanlı Albion”da biznes və siyasət dünyasında çaşqınlıq baş qaldırıb, Britaniya funtu dəyərini itirməyə, hətta Şotlandiya və Şimali İrlandiyanın Krallığı tərk edə biləcəyinə dair fikirlər səsləndirilməyə başlayıb. Artıq gələcəkdə Aİ-nin özünün də dağıla biləcəyinə dair fikirlərə rast gəlinir.

 

«Xalqların köçürülməsi»nin nəticələri

Son illərdə Aİ-nin birliyinə təhlükələr sırasında olan miqrant problemi də 2016-cı ildə çözülmədi. Nəticədə, «gəlmələr»dən narazı olan Aİ vətəndaşlarının narazılığından istifadə edən qatı sağçıların populyarlığı durmadan artmaqdadır. Üstəlik, 2016-cı ildə miqrantlar Avropada silsilə qanlı terror aktları da törədib. Bir sözlə, onlar sabitliyin pozucusuna çevrilib. Amma indi onlar terror aktlarının törədilməsi taktikasını dəyişib. Artıq terrorçular nəqliyyat vasitələrinə, aeroportlara hücumdan insanların gur toplaşdığı küçələrə hücumlara keçib. İndi, bu, Avropa mədəniyyətinin rəmzi sayılan bayramların - Bastiliyanın alınması günü, Milad - keçirildiyi məkanlarda baş verir. Hər şey düz 1 il əvvəl Almaniyanın Köln, Hamburq və Ştutqart şəhərlərində Yeni ilin qeyd olunması zamanı miqrant gənclərin yerli qadınlara seksual xarakterli hücumları ilə başlayıb. Bundan sonra Avropada miqyaslı terror aktları bir-birini əvəz edib - martın 22-də Brüssel aeroportunda və metronun «Malbek» stansiyasında törədilmiş partlayışlar müxtəlif millətlərdən olan 35 nəfərin həyatına son qoyub. İyulun 14-də Bastiliyanın alınması gününün qeyd olunduğu vaxt Nitsada yük maşınının sükanı arxasına keçən tunisli avtomobili kütlənin üzərinə sürərək 84 nəfəri öldürüb, 330 insanı yaralayıb. Yayda isə Fransa və Almaniyada miqyascı daha kiçik hücumlar baş verib; məsələn, Fransanın şimalında yerləşən katolik kilsəsində 2 miqrant 86 yaşlı keşişin başını kəsib, Almaniyanın Vyursburq şəhərində bıçaq və balta ilə silahlanmış miqrant sərnişin qatarında bir neçə nəfəri yaralayıb, Münhendəki «Olympia» ticarət mərkəzində 9 nəfər güllələnib, daha bir miqrant Ansbah şəhərinin restoranlarından birinin qarşısında özünü partladıb. Nitsadakı vəhşi terror aktının oxşarı dekabrın 19-da Berlində təkrarlanıb: Milah yarmarkasına baş çəkən kütlənin üzərinə yük maşınının sürülməsi 12 nəfərin həyatına son qoyub, 48 insan yaralanıb. Lakin Almaniya hökuməti uzun müddət «terror» kəlməsini işlətməkdən çəkinib. Çünki bu, 100 minlərlə qaçqına qucaq açmaq qərarına gəlmiş və hələ ki, kansler postunu əldən vermək istəməyən Angela Merkelin əleyhinə işləyir. Yeri gəlmişkən, almanların «dəmir ledi»si postunu növbəti dəfə qorumağı bacarsa da, Avropanın bir sıra digər aparıcı ölkələrində - Fransada, Niderlandda gələn il keçiriləcək seçkilərdə bir çox sürprizlər yanaşana bilər; məsələn, Fransanın qatı sağçı «Milli cəbhə» partiyasının lideri, miqrantlara qarşı olan Marin Le Pen prezident seçkisində qələbə qazanacağı təqdirdə Fransanın Aİ-ni tərk etməsi məsələsini referenduma çıxaracağını vəd edib. Odur ki, yaxın gələcəkdə «frekzit»in də baş verəcəyini istisna etmək olmaz. Hələlik bir şeyi dəqiq demək mümkündür: Aİ ölkələri daxili problemləri üzündən dünya arensasında gücünü və nüfuzunu itirməkdədir.

 

Tramp

Noyabrın 8-də ABŞ-da ölkənin 45-ci prezidenti sesilib. Seçkidən Respublikaçılar Partiyasının namizədi, milyarder Donald Tramp qalib çıxıb. O, Ağ evə rəhbərlik uğrunda mübarizədə bütün proqnozların əksinə olaraq, Hillari Klinton kimi güclü rəqibi üstələyə bilib. Halbuki, partiyasının özündə çox sayda insan, bundan başqa, bir çox ekspert, jurnalist, ictimai xadim və tanınmış şəxs onun əleyhinə idi. Bu işdə ona hətta Kremlilə çox isti münasibətlərinin olduğuna dair deyilənlər belə, mane ola bilməyib. Tolerantlığın, az qala, dinlə bərabər tutulduğu Amerika ictimaiyyətində Trampa meksikalı miqrantlar, müsəlmanlar və qadınlar haqda işlətdiyi sərt ifadələr də əngəl yaratmayıb.

Amma artıq Ağ evin yeni rəhbəri bir sıra radikal vədlərini, fikirlərini geri götürüb. O, artıq istər öz isteblişmentini, istərsə də dünya birliyini təəccübləndirməyə də macal tapıb. Məsələn, Tramp hələ ABŞ-ın rəhbəri kürsüsünə əyləşmədən Çini təşvişə salmağı bacarıb - yeni seçilmiş prezident mütəmadi olaraq Pekini Vaşinqtonun əsas rəqibi adlandırır, üstəlik, «Tayvan prezidenti»ndən təbrik zəngi aldığını nümayişkarcasına tvitterdə yazır. Lakin hələlik yeni prezidentin birmənalı qəbul edilməyən əsas addımı Dövlət Departamentinin rəhbəri postuna Reks Tillersonu təyin etmək qərarıdır. Tillerson «Exxon Mobil» neft-qaz korporasiyasının rəhbəri olmaqla yanaşı, Rusiyanın «Dostluq» ordeni ilə təltif edilməsi, Putinlə, həmçinin «Rosneft»in rəhbəri Seçinlə isti münasibətlərilə tanınır. Atlantikanın hər iki tərəfindən olan analitiklərin Trampın üzünü Rusiyaya tərəf çevirib-çevirməyəcəyi haqda düşündüyü bir vaxtda Ağ Evin yeni sahibi artıq Rusiyanı əsas hərbi təhlükələr siyahısından çıxarıb. Ümumiyyətlə, onun ABŞ-ın rəhbər postlarına seçdiyi namizədləri əksər ekspertlərdə təəccüb yaradır - dünyanın ən qüdrətli dövlətinə siyasi təcrübəsi olmyan biznesmenlər rəhbərlik edəcək.

 

Realpolitik ideyasına qayıdış

2016-cı il sübut etdi ki, dünya 1 ildə 10 ildəkindən daha çox dəyişə bilər. On iki ay ərzində baş verən hadisələr yeni reallığa yol açır. Bu reallıqda isə antiqlobalçı əhval-ruhiyyə hakimdir və realpolitik ideyaları yenidən aktuallıq qazanır. Bu reallıqda sosiologiya nəzəriyyəsi artıq gündəmdən çıxır, hakerlər isə dünyanın ən qüdrətli dövlətində prezident seçkisinin nəticəsinə təsir etmək gücündədirlər. Amma yəqin ki, ilin əsas nəticəsi adi insanlarda elitalarına çoxsaylı sualların yaranmasıdır. Bu səbəbdən, ötən il ayrı-ayrı ölkələrdə hakimiyyətə öz vətəndaşlarının narazılığının səbəbini bilən, ondan istifadə etməyi bacaran qüvvələr gəlib və gələcək.

Bundan başqa, 2016-cı ildə, təəssüf ki, dünyada terror təhlükəsi artıb. Bunun fonunda dünya birliyi ən sərt hərbi və humanitar problemlərin aradan qaldırılması üçün razılığa gəlmək iqtidarında olmadığını da bir daha nümayiş etdirib. Minlərlə insanın həyatına son qoyan Suriya faciəsi müasir tarixin daha bir biabırçı səhifəsinə çevrilib və təəssüf ki, 2017-ci il də bu səhifə ilə açılacaq...



MƏSLƏHƏT GÖR:

397