20 Aprel 2024

Şənbə, 17:00

QARABAĞDA MÜHARİBƏ, yoxsa SÜLH?

2016-cı il bu suala qəti cavab vermədi. 2017-ci ildən nə gözləyək?

Müəllif:

01.01.2017

2016-cı ilin əvvəlində xarici və yerli analitiklər, o cümlədən bu məqalənin müəllifi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə konstruktiv, məzmunlu danışıqların aparılmamasının müharibə risqini xeyli artırdığını deyirdi. Həqiqətən də bu dövrdə qoşunların təmas xəttində atışmalar artır, üstəlik, tərəflər bir sıra hallarda yüngül silahlardan istifadə ilə kifayətlənməyərək qumbaraatanlardan, minaatanlardan istifadə edirdi. İlboyu, az qala, hər gün ölənlər və yaralananlar haqqında xəbərlər gəlib. Bununla yanaşı, erməni siyasətçiləri, hərbçiləri və analitikləri öz ictimaiyyətini sakitləşdirmək üçün lovğa-lovğa danışır, Azərbaycan Silahlı Qüvvələrinin uğurlu hücum əməliyyatları keçirməyə qadir olmadığını deyir, hətta müəyyən preventiv zərbələr endirməklə, Azərbaycanın «cəzalandırılma”sını təklif edirdi. Onlardan bəziləri isə hətta Azərbaycanın daha bir neçə rayonunun işğal olunması, Kürədək gedilməsi, Bakının belə, ələ keçirilməsi ilə ermənilərin şərtlərinin diktə olunmasının vacibliyi kimi absurd fikirlərlər səsləndirirdi. 

Lakin çoxsaylı təxribatların sonunda Qarabağda apreldə başlayan döyüşlər Ermənistan silahlı qüvvələrinin «məğlubedilməzliyi» haqqında mifləri darmadağın etdi. Azərbaycan Ordusunun silahlanma baxımından düşməndən xeyli üstün olduğu üzə çıxdı, Azərbaycan əsgərləri və zabitləri isə yüksək bacarıq nümayiş etdirdilər. Onlar çox qısa zamanda düşmənin Talış kəndi ərazisindəki 14 postunu və müdafiə istehkamlarını, Lələtəpə yüksəkliyini azad etdilər. Bunadək həmin nöqtələrdən Azərbaycan kəndləri müntəzəm şəkildə atəşə tutulurdu.

Aprel toqquşmalarının tammiqyaslı müharibəyə çevrilməsinin qarşısını yalnız ATƏT-in Minsk qrupuna həmsədrlik edən ölkələrin ehtiyatlı davranışı aldı. Söhbət, ilk növbədə, Rusiya Prezidenti Vladimir Putindən gedir. Azərbaycan və Ermənistan silahlı qüvvələrinin Baş Qərargah rəisləri təcili olaraq Moskvaya dəvət edildi, orada hərbi əməliyyatların dayandırılmasına dair razılıq əldə olundu.

Bundan sonra bir qədər özünə gələn erməni siyasətçiləri və hərbçiləri, guya, Moskvanın Ermənistan ordusunun əks-hücumuna imkan vermədiyinə, əks təqdirdə, onların nəinki itirdikləri mövqeləri və 2 min hektardan artıq ərazini geri qaytarmağa, daha da irəliləməyə qadir olduğuna dair fikirlər səsləndirməyə başladı. Lakin ermənilərin təbliğata hesablanmış bu hiyləsi aprel döyüşlərinin real nəticələrini dəyişə bilməz. Ermənistan ordusunun bir çox yüksək rütbəli nümayəndəsinin vəzifədən kənarlaşdırılması, hətta müdafiə naziri Seyran Ohanyanın postundan uzaqlaşdırılması əslində udanla uduzanın kim olduğunu aydın şəkildə ortaya qoydu.

Atəşkəs rejiminin gücləndirilməsi və sülh danışıqlarının bərpası üçün yazda Vyanada təcili olaraq İlham Əliyev ilə Serj Sarqsyanın görüşü təşkil olundu. Görüşdə ABŞ, Fransa və Rusiyanın, hətta Avropa İttifaqının xarici siyasət idarələrinin rəhbərləri də iştirak edirdi. Bunun ardınca Rusiyanın xarici işlər naziri Sergey Lavrov növbə ilə Yerevana və Bakıya səfər etdi, daha sonra Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə məsələ Sankt-Peterburqda ən yüksək səviyyədə müzakirə olundu. Bütün bunlar münaqişənin sülh yolu ilə həlli prosesində irəliləyişin olacağına ümidlər yaratmışdı. Lakin əvvəllər də dəfələrlə yaşandığı kimi, yayda danışıqlar yenidən «dalana dirəndi». Serj Sarqsyan və komandasının, eyni zamanda bütünlükdə hakim elitanın millətçi miflərlə zəhərlənmiş radikal qruplara qarşı getmək gücündə olmadığı üzə çıxdı. Bu qruplar isə Azərbaycanın işğal altındakı ərazilərinin bir hissəsinin belə, boşaldılmasını yolverilmiəz sayır.

Erməniləri, şübhəsiz ki, orduya «İsgəndər» operativ-taktiki raket komplekslərinin alınması da xeyli ürəkləndirib. Bu sistemlər İrəvanda keçirilmiş hərbi paradda təmtəraqla nümayiş də etdirilib. Amma raketlərin Rusiya tərəfindən müttəfiqinə, sadəcə, nümayiş olunması üçün verildiyi, yoxsa həqiqətən ordu üçün alındığı hələ də məlum deyil. Hələlik, bu məsələ rəsmi olaraq heç bir beynəlxalq reyestrdə qeyd olunmayıb. Halbuki, mövcud beynəlxalq konvensiyalara görə, raket sistemlərinin satışı zamanı bu, vacibdir.

Ermənistana Rusiyanın ayırdığı 200 milyonluq güzəştli hərbi kredit çərçivəsində də silah tədarükünə başlanılıb. Tərəflər arasında birgə hərbi qrupun yaradılması haqqında saziş də imzalanıb. Qrup Rusiyanın Gümrüdəki 102 saylı hərbi bazasını və Ermənistan ordusunun Naxçıvanla sərhəd boyunca dislokasiya olunmuş 4-cü korpusunu özündə birləşdirəcək.

İndi, Rusiyanın hesabına hərbi potensialını gücləndirmiş Ermənistanın beynəlxalq vasitəçilərin israrına rəğmən, məzmunlu danışıqlardan yayınması, sadəcə, mövcud status-kvonu möhkəmləndirmək, yəni, Azərbaycan ərazilərinin işğalını sonsuzadək davam etdirmək üçün atəşkəs rejiminin gücləndirilməsi istiqamətində tədbirlərin görülməsinə çalışması təəccüblü deyil. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ATƏT Xarici İşlər Nazirləri Şurasının Hamburqda keçiriən 23-cü iclasındakı çıxışında açıq şəkildə deyib: «Ermənistanın danışıqlarda ilkin şərt irəli sürmək cəhdləri prezidentlərin Vyana və Sankt-Peterburq razılaşmalarının pozulmasından başqa bir şey deyil».

Əslində, barışığın möhkəmləndirilməsi vəziyyətin konservasiyası üçün yox, münaqişəyə son qoyulması istiqamətində konstruktiv, məzmunlu danışıqların aparılması, hərbi əməliyatların fəsadlarının aradan qaldırılması üçün şərt kimi vacibdir. Bununla əlaqədar Rusiyanın XİN başçısı S.Lavrov ATƏT XİNŞ-in toplantısında atəşkəs razılaşmasına əməl olunmasının vacibliyini bildirib. Onun sözlərinə görə, ATƏT-in monitorinq missiyası müşahidəçilərinin sayının artırılmasına dair ümumi razılıq var. Lakin onların harada yerləşdiriləcəyi ilə bağlı konsensusa hələ ki, nail olunmayıb.

Bu sözləri diplomatik dildən adi dilə tərcümə edəriksə, bu, o deməkdir ki, ermənilər beynəlxalq müşahidəçilərin mövcud təmas xəttində yerləşdirilməsinə çalışır. Bakı isə hesab edir ki, onların bölgədə daimi əsaslarla mövcudluğu yalnız işğalçı erməni qüvvələrinin işğal olunmuş torpaqlardan çıxarılması ilə paralel şəkildə mümkündür. Danışıqların gündəminə gəlincə, ermənilərin bütün hiylələrinə baxmayaraq, o, əvvəlkitək qalır. ATƏT-in Minsk qrupuna həmsədrlik edən ölkələrin XİN başçıları Hamburqda keçirilən sammitdə «Madrid prinsipləri» adlı məşhur təklifləri bir daha təsdiqləyib, tərəfləri danışıqları dərhal bərpa etməyə çağırıb.

Görünür, danışıqlar prosesi bərpa olunacaqsa belə, bu, 2017-ci ildə mümkün olacaq. Hələliksə istər Ermənistan, istərsə də Azərbaycan silahlanmanı davam etdirir, miqyaslı hərbi təlimlər keçirir, beynəlxalq mövqelərini gücləndirir.

Bu arada dünya mətbuatının diqqəti İsrailin Baş naziri Benyamin Netanyahunun Bakıya, İran Prezidenti Həsən Ruhaninin isə İrəvana etdiyi dekabr səfərlərinə yönəlib. Amma İsraillə-Azərbaycan arasında danışıqların predmeti yüz milyonlarla dollar dəyərində iqtisadi-ticari münasibətlər, enerji sahəsində miqyaslı birgə planlar, hərbi-texniki əməkdaşlıq olubsa, İran-Ermənistan danışıqları daha çox nümayiş xarakteri daşıyıb. Çünki əslində, tərəflərin bir-birinə təklif edəcəyi heç nə yoxdur; məsələn, Prezident İlham Əliyev Azərbaycanın İsraildən aldığı silah-sursata görə ödədiyi məbləğin 5 milyard dollara yaxınlaşdığını bildirib. Bu, Ermənistanla-İranın ümumi iqtisadi-ticari münasibətlərinin həcmi ilə müqayisədə, ən azı, 10 dəfə çoxdur.

Bütün bunların fonunda Azərbaycanla-Ermənistan arasında hərbi baxımdan neqativ dinamika davam edirsə, danışıqlarda durğunluq hökm sürürsə, xalq diplomatiyası sahəsində və sülhməramlı təşəbbüslərdə müəyyən irəliləyiş gözə dəyir; məsələn, noyabrda Bakıda təşkil olunmuş konfransda Azərbaycanın vətəndaş cəmiyyətinin fəalları ilə yanaşı, onların erməni həmkarların Vaan Martirosyan, Suzan Cağinyan və Vahe Avetyan da iştirak ediblər. Müzakirələrin sonunda Dağlıq Qarabağ münaqişəsi üzrə Ermənistan-Azərbaycan «Sülh platforması»nın yaradıldığına dair Bakı Bəyannaməsi imzalanıb.

Platformaya qoşulan ermənilərin - istər Bakıya gələnlər, istərsə də ona sonradan qoşulanların Ermənistan KİV tərəfindən «rüsvay edilməsinə», hüquq-mühafizə orqanları tərəfindən birbaşa təzyiqlərə məruz qalmasına baxmayaraq, sənədi imzalayanların sayı getdikcə artır. Dekabrda onu tanınmış sovet yazıçısı, hazırda «Literaturnaya Kanada» almanaxının baş redaktoru, Ermənistan Yazıçılar İttifaqının, İngiltərə Yazıçılar İttifaqının, Ukrayna Jurnalistlər İttifaqının üzvü Vaahn Karapetyan, «Novosti Qruziya» informasiya agentliyinin müxbiri Artyom Avakimov, Ukraynanın, ABŞ-ın erməni əsilli hüquq müdafiəçiləri, fəal vətəndaşları və b. imzalayıblar.

2016-cı ilin sonlarının daha bir maraqlı hadisəsi Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyanın müxalifətçi Erməni Milli Konqresinin (EMK) qurultayındakı çıxışıdır. O, ölkəsindəki bütün problemlərin kökünün dəhşətli miqyas almış korrupsiyada və Dağlıq Qarabağ münaqişəsinin həll olunmamış qalmasında olduğunu bildirib. Ter-Petrosyan rasional addımlar atmaq əvəzinə, erməni ictimaiyyətini İsraildəki kimi «ordu-millət»in formalaşdırılması haqda absurd ideologiya ilə «yemləyən» hakim rejimi sərt tənqid edib.

Levon Ter-Petrosyan konkret faktlara istinad etməklə bu ideoloji konsepsiyanın əsassız olduğunu sübut edib. Onun sözlərinə görə, müstəqillik qazandığı ilk dövrdən etibarən, əhalisi artaraq 600 mindən 7 milyona çatmış İsraildən fərqli olaraq, Ermənistan əhalisi miqrasiya, doğum sayının azalması üzündən durmadan azalır. Onların maddi resusrları da müqayisəyə gəlmir. İsrail inkişaf etmiş iqtisadiyyata malikdirsə, Ermənistan 1994-2008-ci illərdəki müəyyən inkişafdan sonra dəhşətli tənəzzül yaşayıb. Üstəlik, onun yenidən dirçəlişə keçmə perspektivi də yoxdur.

Levon Ter-Petrosyan Ermənistanın qarşısında bir vəzifənin dayandığını birbaşa söyləyib: Qarabağ probleminin həlli. O, yalnız bundan sonra Ermənistan-Türkiyə münasibətlərinin öz-özünə qaydaya düşəcəyini bildirib. Sabiq prezident Qarabağ probleminin həlli yolunu da açıqlayıb və mərhələli həlldən başqa variantın olmadığını söyləyib. «Erməni Milli Konqresi sələfi Erməni Ümumxalq Hərəkatı kimi, Ermənistanın yeganə partiyasıdır ki, kompromis və sülhə inandığını nəinki heç zaman gizlətməyib, hətta açıq şəkildə ifadə edib. Odur ki, EMK yalnız bu prinsipdən çıxış etməklə deyil, həm də yaranmış vəziyyətə əsasən qarşıdan gələn parlament seçkisinə silahlanma yarışına son qoyulmasını, yeni müharibə təhlükəsinin aradan qaldırılmasını, Qarabağ probleminin çözülməsini, Türkiyə ilə münasibətlərin qaydaya salınmasını nəzərdə tutan konstruktiv proqramla qatılmalıdır. Çünki bunlar partiyamızın deyil, Ermənistan və Qarabağ xalqının həyati maraqlarından irəli gədir», - deyə o, qeyd edib.

Levon Ter-Petrosyanın çıxışından Azərbaycan liderləri haqqında səsləndirdiyi fikirlərə ayrıca nəzər salmaq lazımdır. O deyib: «Mən hərbi ritorikasına rəğmən, İlham Əliyevi rasional düşünən dövlət xadimi, sülhün bərqərar olunması istiqamətində uyğun addımlar atmağa qadir şəxs sayıram, necə ki vaxtilə onun atası, mərhum Heydər Əliyev mənim «Müharibə, yoxsa sülh?» məqaləmə sağlam reaksiya vermişdi».

Erməni siyasətçi Rusiyanın münaqişənin sülh yolu ilə həllində vasitəçiliyini də xüsusi vurğulayıb: «Mən Qarabağ probleminin həllində açarın Rusiyanın əlində olduğunu demişəm. Onun səyləri bunu bir daha təsdiqləyir. Bununla yanaşı, prioritetləri arasında Qarabağ probleminin həllinin olmadığı Qərb də Rusiyaın bu məsələdəki xüsusi rolunu nəinki dərk edir, həm də onu qiymətləndirir».

EMK lideri partiyasının qarşıdan gələn parlament seçkisi üçün şüarını da səsləndirib: «Sülh, barışıq, mehriban qonşuluq».

L.Ter-Petrosyanın EMK-nin qurultayındakı çıxışına reaksiya gözlənildiyi kimi, birmənalı olmayıb. Ümumilikdə çıxışa reaksiya mənfidir və sabiq prezidenti qorxaqlıqda, satqınlıqda belə, günahlandırırlar. Amma bu, onun partiyadaşlarını utandırmır; məsələn, EMK fraksiyasının rəhbəri Levon Zurabyan hesab edir ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə çağırışlar qarşıdan gələn seçkidə onların qələbəsini təmin edə bilər. «Bütün keçən dövr ərzində biz hazırkı hakimiyyətin status-kvonu qorumağa çalışdığına, paralel olaraq ölkənin talanına, korrupsiyaya, təhlükəsizliyimizin sarsılmasına şahidlik etmişik. Biz isə başqa şeydən danışırıq: əgər hər hansı hakimiyyət məğlubiyyət olmayan sülh nizamlanmasına gedirsə, bu prosesi dəstəkləmək lazımıdr. Ter-Petrosyan problemin sülh yolu ilə həllinə çağırış edir. Bu, bizim proqramımızdır. Seçkidə qalib gəlsək, hakimiyyət bizdə olsa, biz bunu edəcəyik», - deyə Zurabyan bildirib.

Erməni analitik Aşot Safaryan isə hesab edir ki, Levon Ter-Petrosyanın qiymətləndirməsi və təklifləri hakimiyyətin arzularına, niyyətinə nəinki zidd deyil, əksinə, bəlkə də onunla tam üst-üstə düşür. Analitikin fikrincə, burada söhbət, sadəcə, ictimaiyyətin reaksiyasını yoxlamaqdan gedir.

Bütün sadalananları ümumiləşdirərək demək olar ki, Ermənistan hakimiyyəti beynəlxalq vasitəçilərin, həmçinin tarixi fobiyalardan, qonşularla düşmənçilikdən, onlara qarşı ərazi iddialarından bezmiş öz insanlarının çağırışlarını dinləməzsə, yenə də danışıqları uzatmaqda davam edərsə, 2017-ci il sülh yox, müharibə gətirəcək. Elə müharibə ki, onunla müqayisədə aprel döyüşlərinə yalnız «kəşfiyyat» adı vermək mümkün olacaq. Azərbaycan heç zaman ərazisinin kiçik bir hissəsini belə, Ermənistana verməycək, öz torpaqlarında ikinci erməni dövlətinin yaradılması ilə razılaşmayacaq. Bunu Prezident İlham Əliyev də dəfələrlə və birmənalı şəkildə bəyan edib. Vəziyyət erməni işğalçılarının Azərbaycan torpaqlarından çıxarılması üçün miqyaslı hərbi əməliyatlara başlanılmasına imkan verməyəcəksə, heç bir erməni xeyirxahlığı Ermənistana hərbi, dialomatik, iqtisadi və informasiya təzyiqinin qarşısını ala bilməyəcək. Azərbaycan Silahlı Qüvvələri erməni işğalı altındakı əraziləri hissə-hissə də olsa, geri qaytaracaq.

Müharibə bizim seçimimiz deyil. Amma o, qaçılmaz zərurətə çevrilə bilər. Yüzlərlə yeni gəncin ölümü, əlilə çevrilməsi, dağıntı və s. heç kəsə gərək deyil. Bu üzdən ümid edək ki, vətəndaşlarının sülh şəraitində yaşamasını istəyən ağıllı siyasətçilərin birgə səyləri, həmçinin beynəlxalq vasitəçilərin köməyi İlə mənfi ssenarinin qarşısını almaq mümkün olacaq. İnanaq ki, nəhayət, Ermənistanla Azərbaycan arasında çoxdan gözlənilən möhkəm, uzunmüddətli sülhə nail olunması istiqamətində irəliləyiş baş verəcək.



MƏSLƏHƏT GÖR:

399