24 Aprel 2024

Çərşənbə, 16:27

OVLAN, BALIĞIM!

Azərbaycan sahibkarları Xəzər nərəsinin kommersiya ticarətini bərpa etməyə çalışır

Müəllif:

15.01.2017

Xəzər nərəsi hələ qədimlərdən Azərbaycanın bioloji ehtiyatlarının əsas incisi sayılır. Hələ bir neçə 10 il qabaq ixtioloq alimlər tərəfindən hazırlanmış hesabatlar göstərirdi ki, dünyanın bir çox ölkələrində delikates sayılan bu balığın yetirşdirilməsindən və satışından gələn gəlir Xəzər bölgəsindəki neft hasilatının gəlirlərindən qat-qat çox ola bilər.

Ancaq məhz sonuncu amil, yəni neft yataqlarının fəal işlənməsi ekoloji durumun dəyişməsinə səbəb oldu. Bu isə güclü dəyişikliklərə və bioloji ehtiyatların, xüsusilə də nərəkimilərin qiymətli növlərinin tükənməsinə gətirib çıxardı. Bu gün alimlər hesab edir ki, onların sayı kritik həddədir. Amma durum elə də ümidsiz deyil, alimlərin və sahibkarların düzgün əməkdaşlığı təşkil edilərsə, nərənin bioloji və iqtisadi dəyərini yenidən bərpa etmək mümkündür.

 

Ekologiya və brakonyerlik

Xəzər dənizi nərəkimilərin sayına və növ çeşidinə görə dünyanın ən zəngin su tutarıdır. Xəzər hövzəsində nərəkimilərin ən yüksək ov göstəricisi XX əsrin əvvələlrinə (ildə 39,4 min ton) və 70-ci illərinin sonuna (27,4 min ton) təsadüf edir. Nərəkimilərin sayının kəskin azalması 1991-ci ildən başlayıb. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Zoologiya İnstitutunun direktoru İlham Ələkbərovun fikrincə, Xəzərdə nərəkimilərin populyasiyasının azalmasının əsas səbəblərindən biri, dənizdə seysmik kəşfiyyat işlərinin aparılması olub.

«İnstitut seysmik işlərin təsirini araşdırıb. Müəyyən edilib ki, bu tədqiqatlar zamanı (adətən, 2-3 ay və daha artıq) hövzədə «ölü zona» yaranır. Onurğasızlar - rotatorilər və xərçəngkimilər tam məhv olurlar, molyuskaların isə bir hissəsi qırılır», - deyə alim vurğulayıb.

Digər tərəfdən, dənizdə və çaylarda genişmiqyaslı qeyri-leqal balıq ovu da nərəkimilərin populyasiyasının azalmasına səbəb olub. Amma buna paralel olaraq, Qara dənizdən gəmilərin ballast suları vasitəsilə Xəzərə keçmiş daraqlı mnemiopsislər sürətlə artırlar və bu, əksər balıqların, o cümlədən nərəkimilərin yem bazasına mənfi təsir göstərir. Alim, həmçinin bildirib ki, Xəzər dənizinə Volqa və Kürün çirkli suları ilə sənaye və kimya tullantıları tökülür. Dənizin uzun illərboyu baş vermiş komleks çirklənməsi də nərəkimilərin tükənməsinin əsas səbəblərindən biridir.

Bunun nəticəsində Xəzərin Azərbaycan sektorunda nərəkimi balıqların ehtiyatları kəskin azalır və ümumi ehtiyatların 12-15%-ni təşkil edir.

Bəllidir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) balıqların və Azərbaycanın başqa su resurslarının çoxaldılması və seleksiyası, həmçinin mühafizəsi ilə məşğuldur. Onun tabeliyində 12 balıqçılıq müəssisəsi var. Bunların dördü nərəkimilərin, üçü qızıl balıq və alabalığın, beşi isə karp balıqlarının artırılması ilə məşğuldur.

ETSN-in məlumatına görə, ölkədə nadir bioehtiyatların qorunması üzrə işlər görülür və bu proses davam etməkdədir. Qanunsuz balıq ovuna və ya balıq ovu qaydalarının pozulmasına görə tətbiq edilən cərimələrin ümumi məbləği 1 milyon manata çatır. Ancaq bu tədbirlərə baxmayaraq, balıqların qanunsuz ovunun və satışının qarşısını tam almaq mümkün deyil. Brakonyerlərin yetərincə iri və sürətli katerləri var ki, bu, onlara təqibdən qaçmağa imkan yaradır. Nazirlik əməkdaşlarının nəqliyyatı isə elə də müasir deyil.

Qeyd etmək lazımdır ki, Xəzəryanı dövlət başçılarının 2010-cu ilin noyabr ayında keçirilmiş üçüncü görüşündə moratorium tətbiq edilməsi mexanizmi barədə qərar qəbul edilib. Azərbaycan məhz həmin ildən başlayaraq, nərəkimi balıqların kommersiya üçün ovlanmasına moratorium tətbiq etməyə başlayıb.

Son on il ərzində dünyada nərəkimilərin ovu 0,95 mln. ton səviyyəsində sabitləşib. Yeri gəlmişkən, BMT-nin ərzaq və kənd təsərrüfatı qurumu olan FAO-nun statistikasına görə, dünya üzrə adambaşına orta illik balıq istehlakı 18 kq təşkil edir. Ən yüksək orta göstərici Cənub - Şərqi Asiyanın payına düşür, 60 kq-dan çoxdur (regionun Yaponiya, Çin, Vyetnam və Tailand kimi ölkələrində 100 kq-dan çoxdur). Qonşu Türkiyədə 18 kiloqramdır. Azərbaycanda isə 2009-cu ildə orta illik balıq isteşlakı adambaşına 2 kq təkil edib. 2014-cü ildə bu göstərici 7 kiloqrama qalxıb.

Nərəkimilərin ovuna qoyulmuş moratoriumla bağlı onu da qeyd etmək lazımdır ki, son illərdə Xəzəryanı ölkələrin hamısı nərəkimi balıqların kommersiya məqsədi ilə ovunu dayandırıb. Ov yalnız süni yolla balıqartırma zavodları üçün və elmi məqsədlərlə aparılır. Azərbaycana qara kürü Çindən gətirilir, akvakulturada, yəni sahilə yaxın ərazilərdə yaradılmış balıqbəsləmə plantasiyalarında yetişdirilir.

Azərbaycanda süni yolla balıqyetişdirmə məqsədi ilə 2015-2016-ci illərdə cəmi

380 kq nərəkimi tutulub: 230 kq-ı nərə, 150 kq-ı uzunburun balıq olub.

 

Əlverişli biznes

Nərəkimilərin kommersiya məqsədi ilə ovlanmasına qoyulmuş qadağan sahibkarları populyasiyanın bərpası və süni balıq yetişdirilməsi işinə fəal qoşulmağa məcbur edib. Özü də bu biznes yetərincə əlverişli və gəlirlidir.

Belə ki, 2003-cü ildən başlayaraq, Neftçala rayonunda Xıllı nərəkimilər zavodu fəaliyyət göstərir və orada nərəkimi cinsindən olan balıqların artırılması ilə məşğul olurlar. İldə 15 mln. körpəyetişdirmə gücünə malik zavodda inkubator, dairəvi hovuzlar və elektron sexlər var. Hər bir hovuzda balığın növündən asılı olaraq, 10 mindən 20 minə qədər körpə saxlanır. Yay-yaz dövrlərində körpələrin çəkisi 1-1,2 q-a çatandan sonra, onları Xəzər dənizə yaxın yerdə Kürün mənsəbinə tökürlər.

Üç il qabaq Azərbaycanda ilk dəfə olaraq bu zavodda süni yolla yetişdirilmiş iki balıqdan cərrahi müdaxilə ilə alınmış kürüdən sağlam körpələr yetişdiriblər. Bu mövsümdə Xıllı nərəkimi zavodu ilkin olaraq Kürün mənsəbinə 130 kiloqram nərəkimi körpəsi buraxıb. Mövsümün sonuna kimi 5 milyondan artıq nərəkiminin buraxılması da planlaşdırılır.

Axçalı və nərəkimi balıq növlərinin yetişdirilməsi ilə məşğul olan balıq müəssisəsi həm də Bərdə rayonunun Samux kəndində iş adamı Vüqar Şəfiyev tərəfindən də yaradılıb. Yuxarı Qarabağ kanalının yaxınlığında kəndli sahibkar 50 minə yaxın nərəkiminin yetişdirildiyi su hövzələri yaradıb. O, bu işlə dörd il qabaq məşğul olmağa başlayıb. Artıq gələn ilin əvvəlindən sahibkar dünya bazarlarına qara kürü çıxarmaq niyyətindədir. O, ildə 1,5 ton qara kürü istehsal etmək niyyətindədir, yerli bazarda bu məhsulun kiloqramının qiyməti 2 min manatdır, xaricdə isə dəfələrlə yüksəkdir.

Balıqçılıq müəssisəsi sahibinin sözlərinə görə, süni yolla nərəkimilərin altı növünü yetişdirmək mümkündür. Sahibkar öz təsərrüfatının sərhədlərini genişləndirmək, balığın dolaşması üçün dairəvi hovuzların və nohurların sayını artırmaq niyyətindədir. Ancaq nərəkimilərin saxlanması sadə iş deyil və böyük xərclər tələb edir. Məsələ bundadır ki, balıq yemi xaricdən alınır və çox bahadır. Nərə ilə yanaşı, təsərrüfatda həm də çəkibalığı, yekəsifət və ağ amur balıqları yetişdirilir, həm yerli bazarda satılır, həm də Bakıya aparılır.

Bununla yanaşı, heç də bu cür təşəbbüslərin hamısı alqışlanmır və bunun da öz səbəbləri var. Son zamanlar Ekologiya və Təbii Sərvətlər Nazirliyi respublika ərazisində nohur təsərrüfatlarının düzgün istifadə edilməməsi məsələsini gündəmə gətirib. Monitorinq zamanı nazirliyin əməkdaşları torpaq sahələrinin yarıtmaz istifadəsi, onların təyinatının dəyişdirilməsi, fərdi torpaq sahlərində göl və nohur təsərrüfatlarının yaradılması faktlarını aşkarlayıblar.

ETSN-dən bildiriblər ki, bu ilin sonuna Salyan, Neftçala, Saatlı, Biləsuvar və başqa rayonlarda yaradılmış nohur təsərrüfatları ləğv edilə bilər. Bu onunla bağlıdır ki, fərdi balıqçılıq təsərrüfatları öz fəaliyyətləri ilə kənd təsərrüfatına zərər vururlar, onların çoxu ümumi qəbul edilmiş qaydalara uyğun gəlmirlər. Göl və nohur sahibləri təsərrüfatlarının bioloji və texnoloji imkanlarını əsaslandıran sənədə malik olmalıdırlar; məsələn, Biləsuvar rayonunda torpaq payçıları torpaq sahələrini nohur təsərrüfatına çeviriblər. Bu zaman onlar öz fəaliyyətləri üçün lazım olan qaydalara əməl etməyiblər. Fermerin sözlərinə görə, onun gölünün dərinliyi üç metrdir və o, tullantı suların axdığı kanala yaxın yerləşdiyindən oradan su yığır. Ancaq əkinçiliklə məşğul olan fermerlər tam əksini söyləyirlər. Onların sözlərinə görə, göldəki nəmlik taxıl və qara yonca əkinlərinə mənfi təsir göstərir. Həm də yay vaxtı gölləri daima su ilə doldurmaq lazım gəlir ki, bu üzdən əkinçilər su qıtlığı yaşayırlar.

ETSN-in sektor müdiri Raqub Mirzəyev isə bildirib: «Əlbəttə, primitiv nohur təsərrüfatlarının yaradılması yol verilməzdir. Monitorinq zamanı fermerlərin əkinçiliklə məşğul olduğu sahələrə yaxın bələdiyə torpaqlarında, özəl sahələrdə primitiv yolla yaradılmış nohur və göllər aşkarlandı. Bundan başqa, nohur təsərrüfatları əvvələr üzüm və pambıq yetişdirilmiş sahələrdə yaradılıb. Neftçala, Salyan, Biləsuvar, Saatlı, Sabirabad, İmişli rayonlarında yüzlərlə belə nohur var. Belə göllər 0,2 hektardan 25 hekatara qədər olan əraziləri tutur. ETSN-nin əsas tələbi torpaqların təyinatı üzrə işlədilməsidir. Göllərin və nohur təsərrüfatlarının yaradılması üçün torpaq sahəsinin təyinatını dəyişmək, sonra layihə-smeta sənədlərini hazırlamaq və buna ekspertiza rəyi əlavə etmək lazımdır. Başqa sözlə, primitiv yolla düzəldilmiş nohur və göllərdə balıqçılıqla məşğul olmağa icazə vrilmir», - deyə ETSN təmsilçisi vurğulayıb.

Balıq biznesinin yetərincə gəlirli olmasına və onun inkişafının ölkə iqtisadiyyatına fayda verməsinə baxmayaraq, burada da «zərər vurma» prinsipinə riayət etmək lazımdır. Bu məsələdə də əsas yardımı bütün kənd təsərrüfatı istiqamətlərinin kompleks tənzimlənməsi edə bilər.



MƏSLƏHƏT GÖR:

451