28 Mart 2024

Cümə axşamı, 13:18

YARDIM PALATASI

Ticarət və Sənaye Palatasının başçısı Niyaz Əlizadə «R+»a xarici tərəfdaşlarla əlaqələrdə sahibkarların dəstəklənməsi təlbirlərindən danışıb

Müəllif:

15.01.2017

Ticarət və Sənaye Palatasının başçısı Niyaz Əlizadə «R+»a xarici tərəfdaşlarla əlaqələrdə sahibkarların dəstəklənməsi təlbirlərindən danışıb.

Qeyri-neft iqtisadiyyatının inkişafı üzrə islahatların sürətləndirilməsi onlarda üçüncü sektorun, peşə birliklərinin və biznes icmalarının iştirakının vacibliyini yüksəldir. Dünya praktikasında sahibkarların maraqlarını təmsil edən ümumi qəbul edilmiş təşkilat kimi, ticarət və sənaye palataları (TSP) qəbul edilir. Azərbaycan Ticarət və Sənaye Palatasının prezidenti Niyaz Əlizadə “R+”un əməkdaşı ilə söhbətində Palatanın imkanları, neftdənsonrakı dövr üçün nəzərdə tutulmuş islahatlara edə biləcəyi yardım barədə fikirlərini bizimlə bölüşüb.

- İlk öncə, Azərbaycan Ticarət və Sənaye Palatasının (TSP) əsas fəaliyyət istiqamətləri barədə məlumat vermənizi istərdik. Son illərdə nə kimi işlər görülüb?

- TSP-nin əsas vəzifəsi dövlət qurumları ilə münasibətdə sahibkarların maraqlarının təmsil olunması, sahibkarlıq üçün hüquqi mühitin və infrastrukturun formalaşmasına yardım, xarici tərəfdaşlarla iş əlaqələrinin qurulmasına dəstək verilməsidir. Bizim Avropa, Asiya, Şimali və Cənubi Amerika ölkələrinin ticarət palataları ilə əlaqələrimiz var. Biz beynəlxalq qurumların - Avropa Palatasının, Asiya - Sakit Okean Palatasının, İslam Palatasının və Ümumdünya Palatasının üzvüyük. Bu yaxınlarda Avropa Palataları Assambleyasına - bu strukturun ən yuxarı idarə qurumuna seçilmişik. Bizimlə birlikdə Ermənistan Ticarət-Sənaye Palatasının da namizədliyi irəli sürülmüşdü. Amma erməni palatasının səyləri hədər getdi. Azərbaycan Xarici İşlər Nazirliyinin, həmçinin Türkiyə Palatasının dəstəyi hesabına mümkün 11 səsdən 9-nu əldə edə bildik. 2016-cı ildə biz 6-7 biznes-forum həyata keçirdik. Rusiyanın regionları - Ural, Yekaterinburq, Perm, Həştərxan, Krasnodar ilə çox forumlarımız olub. Estoniya ilə sıx əlaqələrimiz var, Polşada mütəmadi biznes görüşləri keçiririk. Hindistan, Pakistan, Avstraliya ilə fəal işləyirik. Pakistanın Ticarət naziri Huram Dastgirin bu yaxınlardakı səfəri zamanı Azərbaycan və Pakistan iş dairələrinin görüşünü keçirdik. Pakistanlı sərmayəçilər əczaçılıq zavodunun tikintisi ilə maraqlanıblar. Hindistan və Pakistan bu sahədə iri istehsalçılardır. Hind sərmayəçiləri Lənkəranda çay plantasiyası almaq imkanlarına baxırdılar, biz onları ora apardıq. Yayda, həmçinin «Formula-1» yarışlarına gəlmiş bir Avstraliya biznesmeni ilə görüşdük. O, uşaq yeməyi zavoduna sərmayə yatırmaq niyyətini bildirdi. Hazırda bu istiqamətdə iş görürük, məsləhət xidmətləri göstəririk. Etibarlı tərəfdaşların reyestrini tərtib etmişik. Bizə xarici tərəfdaşlar müraciət edəndə, fəaliyyət növü üzrə konkret firma təqdim edirik. Yerli şirkətlər müraciət edəndə, tövsiyə məktubu veririk ki, o, etibarlı tərəfdaşdır və konkret ölkədə biznes tərəfdaşı tapmağı xahiş edirik.

- Hazırda Palatanın imkanları yetərincə işə salınıbmı? Hansı problemlərlə üzləşirsiniz?

- Bir çox ölkələrdə şirkətlərin Ticarət və Sənaye Palatasında iştirakı məcburi xarakter daşıyır. Bu, könüllülük prinsipi əsasındadır, buna görə də üzvlərin sayı elə də çox deyil - 300-ə yaxındır. Onların içində palatanın önəmini anlayan və səliqə ilə üzvlükhaqqı ödəyən köhnə üzvlər də var, amma belələri cəmi 10%-dir. Qalanları ilə gərgin işləmək, işimizin önəminə inandırmq lazım gəlir. Təklif etmişəm ki, şirkətlərin TSP-yə üzvlüyü məcburi olsun, amma bununla bağlı hələ qərar yoxdur.

Bir ictimai təşkilat kimi, dövlətdən maliyyə almırıq, amma beynəlxalq strukturlarda iştirak üçün üzvlükhaqqı ödəməliyik. Amma Avropa Palataları Assambleyasına seçilməyimiz üçün bizə Maliyyə Nazirliyi dəstək verdi, amma bu, bir dəfə oldu. Biznes-forumları da həmin hesaba təşkil edirik, xarici tərəfdaşlarımız dəstək verir.

Əvvəllər bizim funksiyalara ölkədə istehsal edilən məhsullara ştrix-kodlar, ixracat üçün lazım olan məhsulun mənşə sertifikatlarının verilməsi, ekspertizaların aparılması və s. də daxil idi. Amma 2000-ci ildən bu funksiyalar dövlət qurumlarına verilib ki, bu da TSP-nin maliyyə imkanlarını xeyli aşağı salıb. Amma güc qurumları - məhkəmələr, prokurorluq, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizlik Xidməti ekspertizanı TSP-yə sifariş verir, çünki bizdə ekspertiza yetərincə ixtisaslaşmış səviyyədədir. Həmin funksiyaların bizə qaytarılması üçün müraciət etmişik, amma bu, sadə prosedur deyil, çünki qanunvericiliyin dəyişdirilməsini tələb edir.

- Azərbaycanda biznes mühiti necə qiymətləndirirsiniz? Sizcə, hazırda əsas uğur və çatışmazlıqlar nədir?

- Xarici tərəfdaşlarında da qeyd etdiyi şəksiz uğur özəlləşdirmə səviyyəsinin yüksək olmasıdır - müəssisələrin 70%-dən çoxu özəlləşdirilib. Bu, dövlətə faktiki olaraq təsərrüfat fəaliyyətindən azad olmağa və tənzimləyici funksiyasını tam keyfiyyətlə həyata keçirməyə imkan yaradıb. Amma mənfi cəhət odur ki, ölkədə müəssisələrin çoxu iri holdinqlərdir, kiçik və orta sektorda müəssisələr çox azdır. Avropada vergi daxilolmalarının 30-40%-i kiçik və orta biznesdən daxil olur, bu sektor həm də məşğulluq yaradır. Düzdür, bu gün kiçik və orta sahibkarlığın inkişafı üzrə işlər fəal gedir, sektorun inkişafı üzrə proqramlar gerçəkləşdirilir. Regionlarda dövlət proqramları çərçivəsində kənd təsərrüfatı məhsullarının emalı üzrə müəssisələr, nəqliyyat müəssisələri, turizm obyektləri tikilir. Bu, əhalinin regionlardan onsuz da qədərindən artıq məskunlaşmış paytaxta köçünün qarşısını alır.

Neft gəlirləri hesabına biz ən çağdaş müəssisələr tikməyə, ən yüksək standartlarla məhsul buraxılışına imkan verən yüksək texnoloji avadanlıq almağa qadirik. Amma bu müəssislərdə işləmək üçün ixtsaslı kadrlara ehtiyac var. Müvafiq işçi heyəti olmadan bu müəssisələr lazımi effekt vermir. Buna görə də hazırda başlıca problem kimi, regionlarda işçilərimizin lazımi təhsilə və ixtisasa malik olmamasını sayıram.

- Palata bu istiqamətdə nə kimi yardım göstərə bilər?

- Avropa Palatasının üzvü olaraq, xaricdə treninqlərə qatılmağı təklif edirik. Onlar ən müxtəlif istiqamətlərdə çox sayda treninqlər həyata keçirirlər. Mütəmadi olaraq onların proqramlarını alırıq, onlar adamlar göndərməyi xahiş edirlər, özü də hər şeyin xərcini ödəyirlər. Bu, əlbəttə ki, tam keyfiyyətli təhsil olmasa da, inkişaf istiqamətləri ilə tanışlıq imkanı yaradır. Ancaq müəssisələr öz işçilərini belə treninqlərə göndərməkdə maraqlı deyillər. Dil problemi də var, regionlarla nəinki yaxşı ingilis dili bilən, hətta normal rus dili bilən insanlar tapmaq da sadə iş deyil.

- Bu gün Azərbaycan istehsalı olan hansı mallara xaricdə maraq göstərilir?

- Başlıca ixrac məhsulumuz kənd təsərrüfatı məhsulları və onların emalından alınan məhsullardır. Avropada, məsələn, kompot nədir, bilmirlər, orada şirə içirlər. Biz bu sahəni tuta bilərik. Nar və xurmanın nə olduğunu bütün Avropa bilir, özü də bizim nar dadına görə başqa ölkələrdən gətirilənlərdən yetərincə üstündür. Bizdə olan nar şirəsi heç yerdə yoxdur. Avropada, məsələn, narlı içkilər var, amma xalis sıxılmış nar şirəsi yoxdur, əgər bu məhsulu kütləvi bazara çıxarsaq, «partlayış» olar. Avropada Bakı pomidorlarını da tanıyırlar.

Başlıca üstünüklərdən biri də odur ki, bizdə məhsulun qablaşdırılması yüksək səviyyədə gerçəkləşdirilir. Bizdə Avropa keyfiyyətində məhsul buraxan çağdaş avadanlıqlı müəssisələr var. Müəssisəyə daxil olanda elə bilirsən ki, Avropanın qabaqcıl zavodundasan, amma zavoddan kənarda yol asfalt olmaya da bilər.

Həmçinin bizim üçün ənənəvi olan pambıqçılığı, üzümçülüyü və ipəkçiliyi real olaraq inkişaf etdirmək mümkündür. Bizim ipəyin keyfiyyəti yetərincə yüksəkdir. Amma rəssamlar və dizaynerlər olmalıdır, iş yalnız xammal istehsalı ilə məhdudlaşdırılmamalıdır, hazır məhsul istehsalının tam dövrü işə salınmalıdır.

Toxuculuq məhsullarının buraxılışı üçün də xarici tərəfdaşları cəlb etmək vacibdir; məsələn, Misirdə zəriflifli çox yüksək keyfiyyətli pambıq yetişdirilir, bu, dünyanın ən yaxşı pambığıdır və hətta hərbi sənayedə də istifadə edilir. Amma köynək istehsal edən müəssisə Almaniyaya məxsusdur. Mənə elə gəlir ki, biz də bu yolla getməliyik. Bizim ipəyimiz var, amma mən düşünmürəm ki, «kalağayı» istehsalı ilə biz ipək yaylıq ixracını artıra bilərik.

Buraya «Coca-Cola» və «Pepsi Cola»nı axı biz gətirmişik, istehsalı qurmuşuq. Elə bu cür də konkret brendləri gətirmək, yerli iş qüvvəsini və xammalı cəlb etmək lazımdır. Toxuculuqla bağlı olan bütün brend məhsullar Çində, Vyetnamda, İndoneziyada istehsal edilir. Orada ucuz iş qüvvəsi və çox peşəkar kadralar var. «Adidas» və «Nike»ın dükanlarına girin, harada istehsal edildiyini görəcəksiniz. Biz də bunu eləməliyik. Əgər «Coca-Cola»nı dəvət etmişiksə, niyə «Adidas»ı gətirməyək?

Türkiyə toxuculuq sahəsində aparıcı dövlətə çevrilib. Dünya üzrə cins parçanın 70%-i Türkiyədə toxunur və onlardan tanınmış brendlərin cins şalvarları tikilir. Öz vaxtında Türkiyə Prezidenti Turqut Özal idxal rüsumlarını artırdı və xarici firmaları ölkə daxilində məhsul istehsal etməyə dəvət etdi. Nəticədə, Türkiyə ixracı yetərincə artırdı və bununla da öz valyutasını möhkəmləndirdi.

- Məhsulların hansı yollarla tanıdılmasına üstünlük verirsiniz?

- Azərbaycan EXPO-da iştirak edir, 2010-cu ildə Şanxayda, 2015-ci ildə Milanda olmuşuq. Onların arasında isə Prezident İlham Əliyevin dəstəyi ilə bizim məhsulların Urumçi və Hollandiyada sərgisini təşkil etmişik. Hər ikisində də biz iş adamlarımızı və onların istehsal etdikləri məhsulları - kompotları, şirələri, konyakı və s.-i özümüzlə aparmışdıq. Özü də Çində biz məhsulu gömrükdən keçirdik ki, geri qaytarmayaq. Urumçidə biz 10 gün olduq, elə birinci gün hər şeyi bizdən almaq istəyirdilər. Onda sahibkarlar uzunmüddətli müqavilələr bağladılar. Əsasən, kiçik müəssisələr idilər. Cənubi Koreyada virtual sərgi təşkil etdik, plazma panellərdə istehsal edilənə məhsullar haqqında bütün məlumatı nümayiş etdirdik.

- TSP-nin əsas məqsədlərindən biri, qeyri-işgüzar əməkdaşlığa və ədalətsiz rəqabətə yol verməməkdir. Bu məsələdə hazırda vəziyyət necədir və hansı konkret addımlar atılır?

- Ölkədə fəal olaraq inhisarlara qarşı mübarizə aparılmasına baxmayaraq, biz hələ də vicdansız rəqabət faktları ilə qarşılaşırıq. Əgər ölkədə mal idxalı ilə bağlı məsələ həll olunubsa, amma bizim bazarın daxilində inhisarçılıq problemi qalmaqdadır. Satış mərhələsində bazarda inhisarçılığı ləğv eləmək elə də sadə iş deyil. Bu, ciddi problemdir və sektorların inkişafına mane olur. Rəqabət həmişə istehlakçı üçün əlverişlidir, çünki qiymətləri aşağı salmağa dəstək verir. Rəqabət olmadan nə keyfiyyət, nə də əlverişli qiymətlər mümkündür.



MƏSLƏHƏT GÖR:

410