25 Aprel 2024

Cümə axşamı, 11:20

KÖKLÜ İSLAHATLAR İLİ

Azərbaycan postneft iqtisadiyyatına keçidi sürətləndirir

Müəllif:

15.01.2017

Azərbaycan iqtisadiyyatı 2017-ci ilə yetərincə çətin nöqtədən başlayır - neftin qiymətinin düşməsi və dünyadakı böhran meyilləri Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) azalmasına gətirib çıxarıb. Başqa tərəfdən, neftdənsonrakı dövrə keçid iqtisadiyyatda dərin islahatların aparımasını vacib edib ki, Prezident İlham Əliyevin dediyi kimi, bu, ölkəyə gələcəkdə qeyri-neft sektorunun hesabına inkişaf etməyə imkan yaradacaq. Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan iclasında çıxış edən dövlət başçısı bildirib ki, böhranlı ildə qeyri-neft sənayesini 5 faiz, kənd təsərrüfatının isə 2,5 faiz artması çox böyük göstəricidir. «Bu il görüləcək işlər bu dinamikanı daha da gücləndirəcək», - deyə Prezident əminliklə bildirib.

 

Valyuta balansı

Beləliklə, cari il üçün əsas məsələ makroiqtisadi sabitliyin və əlverişli inflyasiya səviyyəsinin qorunmasıdır. Ölkənin gəlirlərinin və dövlət sərmayələrinin azalması, tikinti sektorunda geriləmə nəzərə alınarsa, həqiqətən, bu məqsədə çatmaq asan olmayacaq. Ötən il bank sektorunu, o cümlədən bütün maliyyə sektorunu əsaslı şəkildə «titrədib»: manat dəyərini itirib, müflisləşmə və etibarın itirilməsi yüksək həddə çatıb. Prezident İlham Əliyevin dediyi kimi,

iqtisadiyyata ən böyük zərbə vuran bank sektoru olub. «Ona görə, bu sektorun təmizlənməsi, sağlamlaşdırılması, şəffaflaşması, beynəlxalq standartlara uyğunlaşması istiqamətində bu il də ciddi addımlar atılacaq. Qanunu pozan şəxslərə qarşı bundan sonra da ciddi mübarizə aparılacaq», - deyə o vurğulayıb.

Ekspertlər hesab edir ki, böyük ehtimalla, bankların sayı yenə də azalacaq. Amma bu, lisenziyaların ləğvi yolu ilə deyil, bazarın fəal üzvlərinin birləşməsi və iriləşməsi yolu ilə olacaq. Ümumiyyətlə, bank bazarında dəyişikliklər Yeni il bayramlarından dərhal sonra başladı - bəzi banklarda idarə heyəti sədrləri dəyişdi, köklü kadr dəyişiklikləri və s. müşahidə edildi.

Yaxın günlərdə ölkənin makroiqtisadi həyatında bankların rolu daha da gücləndi - Azərbaycan Mərkəzi Bankı bankların valyuta mübadiləsində məzənnəyə tətbiq etməli olduğu 4%-lik marjanı ləğv etdi. Yəni manat «tam üzən» məzənnəyə keçdi və indi hər bir bank onun məzənnəsini özü müəyyən edir. Bir çox ekspertlərin fikrincə, bu tədbir hətta bir qədər gecikib. Əlbəttə, bu addımın müəyyən çətinlikləri və makroiqtisadi duruma, xüsusilə də istehlak qiymətlərinə təsiri olacaq. Amma bu addım, ilk növbədə, «qara valyuta» bazarının lazımsız bir şey kimi ləğv olunmasına gətirəcək.

İnflyasiyaya gəldikdə isə, beynəlxalq reytinq agentliklərinin və institutların gözləntisinə görə, cari ildə məhz o, ölkə iqtisadiyyatı üçün əsas problemə çevrilə bilər. Amma yenə də hər şey manatın nə qədər tez öz real qiymətini taparaq sabitləşməsindən asılı olacaq. O cümlədən, Mərkəzi Bankın (AMB) 2017-ci il üçün pul siyasətinin əsas istiqamətləri haqqında bəyanatında bildirilir ki, makroiqtisadi sabitlik iqtisadi artımın və milli iqtisadiyyatın yeni artım və inkişaf modelinə keçməsi üçün əsas şərtdir.

“Makroiqtisadi sabitliyin təmin edilməsi, ilk növbədə, monetar siyasətin büdcə-vergi siyasəti ilə effektiv əlaqələndirilməsi, bütövlükdə isə iqtisadiyyatın, tədiyə balansının və valyuta bazarının tarazlaşdırılmasına, bu əsasda “üzən məzənnə”yə tam və effektiv keçidə imkan verən kompleks təbdirlərin görülməsini zəruri edir. Maliyyə Sabitliyi Şurasının 2017-ci ilə və ortamüddətli dövrə makroiqtisadi və maliyyə sabitliyinin təmin olunması üzrə nəzərdə tutulan tədbirlər planı məhz belə bir manevrin həyata keçirilməsinə yönəlmişdir”, - deyə AMB-nin bəyanatında vurğulanır.

Bu manevrin keyfiyyətcə önəmli tərkib hissəsi kimi, AMB makroiqtisadi sabitlik proqramının gerçəkləşdirilməsi üçün lazımi dəstəyi göstərəcək. AMB-nin dəstəyi antiinflyasiya xüsusiyyətli sərt pul siyasətinin aparılması ilə gerçəkləşdiriləcək.

Maliyyə Sabitliyi Şurasının pul proqramına gəldikdə isə, onun gerçəkləşdirilməsi inflyasiya riskləri ilə bağlı cəld tədbir görməyə imkan yaradacaq. Ancaq bu, birmənalıdır ki, dövlət artıq manatın məzənnəsini dəstəkləməyi dayandıracaq. Bununla yanaşı, bu il Dövlət Neft Fondundan (SOFAZ) 7,5 mlrd. manat transfert ayrılması nəzərdə tutulub ki, bu, makroiqtisadi sabitliyin təmin edilməsinə və Azərbaycan Beynəlxalq Bankının (ABB) sağlamlaşdırılması prosesinin sürətəndirilməsinə yönəldiləcək.

 

Real dəstək

Aydındır ki, valyuta bazarında tədbirlər real sektorun dəstəyi olmadan səmərə verə bilməz. Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasında bildirib ki, bu il sənaye potensialının inkişafı, o cümlədən sənaye parklarının yaradılması ilə bağlı ciddi addımlar atılmalıdır. «Hər bir şəhərdə xüsusi sənaye sahəsi, sənaye parkı, zonası yaradılmalıdır. Artıq bu proses başlayır və digər şəhərlərdə də yerli icra orqanları, sahibkarlar, əlbəttə ki, dövlətin dəstəyi ilə bu işləri görməlidirlər»,- deyə dövlət başçısı vurğulayıb.

Bundan başqa, neftdənkənar bölmədə dinamikanı ləngidən əsas səbəb, tikinti sektorunda istehsalın 30 faizlik azalması olub. Burada da canlanma üçün lazımi tədbirlər görülür - yeni yaşayış komplekslərinin tikintisi stimullaşdarılır, köhnə “Sovetski” məhəlləsinin abadlaşdırılması, Ağ Şəhər və s. layihələrin gerçəkləşdirilməsi davam etdirilir. Əlbəttə, yaxın keçmişin göstəriciləri ilə müqayisədə işlərin əhatəsi məhdud görünə bilər və dövlət tərəfindən bu sahəyə kapital yatırımlarının azalması nəzərə alındıqda bu, təbiidir.

Ancaq gələcəkdə, münbit sərmayə mühiti, qoyulan vəsaitləri sürətlə geri qaytarmaq imkanı və biznesin gəlirliliyi nəzərə alındıqda, dövlət sərmayələrinin yerli və xarici özəl sərmayə ilə əvəz olunacağını ehtimal etmək mümkündür. Yəni tamamilə inandırıcıdır ki, tikinti sektorunun artım əyrisi yenidən yüksəlməyə başlayacaq və bu da yaxın sahələrə - tikinti materialları istehsalına müsbət təsir edəcək, yenidən iş yerləri yaradılacaq.

Həm də neftdənkənar sektorun perspektivli sahələrindən birinin - kənd təsərrüfatının inkişafı çərçivəsində istehsal həcmlərini artırmaq üçün tədbirlər görülür. Qeyd edildiyi kimi, artıq 2016-cı ildə aqrar bölmədə artım əldə edilib, pambıqçılıq, ipəkçilik və tütünçülük kimi sahələrə ikinci nəfəs verilib.

«Biz realist olmalıyıq. Biz indi texnologiya ixrac edə bilmirik və edə bilmərik, vaxt lazımdır. Biz istədiyimiz səviyyədə maşın, mexanizm ixrac edə bilmirik. Heç özümüzü də təmin edə bilmirik. Biz nəyi ixrac edə biliriksə, diqqətimizi o real sektora yönəltməliyik. Burada kənd təsərrüfatı, emal sahəsi, əlbəttə ki, ən böyük potensiala malikdir. Torpaqlardan səmərəli istifadə etməli və ixracımızı şaxələndirməliyik»,- deyə Prezident İ. Əliyev vurğulayıb.

Proqnozlara görə, 2017-ci ildə kənd, meşə və balıqçılıq təsərrüfatında 4 milyard manatlıq istehsal olacaq ki, bu, ümumi daxili məhsulun (ÜDM) 6,4%-i deməkdir, yəni yetərincə yüksək göstəricidir. Bütünlükdə, Azərbaycanın 2017-ci il və sonrakı 3 il üzrə İqtisadiyyat Nazirliyi tərəfindən hazırlanmış iqtisadi və sosial inkişaf konsepsiyasına görə, 2017-ci ildə ölkənin real iqtisadi artımı 1% təşkil edəcək və ÜDM 61,4 mlrd. manat təşkil edəcək. Və 2018-2020-ci illərdə artım templərinin davam etməsi və 2020-ci ildə 2,4%-ə çatması gözlənilir. 

Qarşısının alınması və gələcək inkişaf üçün düzgün taktika seçdikdə, istənilən böhrandan müsbət istiqamətdə yararlanmaq olar. Dərc olunmuş proqnozlardan da görünür ki, Azərbaycan hökuməti öz iqtisadi siyasətinə inanır.



MƏSLƏHƏT GÖR:

372