25 Aprel 2024

Cümə axşamı, 05:28

ƏSAS İPPONDUR

Beynəlxalq Cüdo Federasiyanın başçısı Marius Vizer: “Yeni qaydalar cüdonu daha da dinamik və maralı edəcək”

Müəllif:

01.02.2017

“RİO-2016” Yay Olimpiya Oyunlarından sonra, Beynəlxalq Cüdo Federasiyasının yarış qaydalarında dəyişiklik edəcəyi gözlənilən idi. Hakimliklə bağlı çoxsaylı şikayətlər, üstəlik, məşqçilərin fəndlərlə bağlı müraciətləri diqqətdənkənarda qala bilməzdi. Yarış qaydalarının dəyişdirilməsi Bakıda təşkil olunan Beynəlxalq Cüdo Federasiyasının 99 ölkədən 370 hakim və məşqçilərin qatıldığı beynəlxalq seminarda baş tutdu.

Seminardan öncə Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayev və Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer arasında görüş baş tutdu.

Seminarda cıxış edən Marius Vizer qaydalardakı dəyişikliklərin sayəsində cüdonun daha çox seviləcəyinə inandığını vurğuladı. Marius Vizer Azərbaycan Cüdo Federasiyasının səmərəli fəaliyyətindən danışaraq, 2018-ci ildə Bakıda keçiriləcək Dünya Çempionatının da yüksək səviyyədə təşkil olunacağına əminliyini ifadə etdi. 

Beləliklə, artıq təsdiqlənən qaydalar bundan sonra keçiriləcək bütün cüdo yarışlarında tətbiq olunacaq. Yeni qaydalara əsasən, hakimlər cüdoda əsas iki fəndə qiymət verəcək – ippon və vaza-ari. Yuko fəndi vaza-ari xalı ilə qiymətləndiriləcək. İdmançı bir neçə dəfə vaza-ari xalı qazansa belə, görüş davam etdiriləcək (əvvəl iki vaza-ari xalı təmiz qələbə kimi qiymətləndirilirdi). Təmiz qələbə yalnız ippon fəndi zamanı qeydə alınacaq. Mütəxəssislərin fikrincə, yeni qaydalar idmançını iki-üç dəfə vaza-ari qazansa, belə aktiv mübarizə aparmağa məcbur edəcək. 

Eyni zamanda, qaydalarda görüşün vaxtı azaldılıb. Əvvəllər 5 dəqiqə yarışan cüdoçular indi 4 dəqiqə mübarizə aparacaq. Cüdoçu 4 xəbərdarlıqdan sonra, yarışdan kənarlaşdırılırdısa, indi bu qərar 3 şidodan (xəbərdarlıq) sonra veriləcək.  
R+”a açıqlamasında
Azərbaycan Cüdo Federasiyasının Hakimlər Komitəsinin sədri, beynəlxalq dərəcəli hakim Fariz Hüseynov yeni qaydaların sınaq xarakterli olduğunu bildirib: "Yeni qaydalar avqustda keçiriləcək Dünya Çempionatına qədər sınaqdan çıxarılacaq. Qaydalar müsbət effektli olsa, 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına qədər tətbiq ediləcək”.

F.Hüseynov cüdo görüşlərində hakimlərin sayının azaldığını da açıqlayıb. Onun sözlərinə görə, görüşləri yalnız bir hakim idarə edəcək: "Bu addım tamaşaçıların anlamasını da asanlaşdırır. Əvvəl zala girən adam baxırdı ki, iki nəfər görüşür, ancaq 3 hakim var. İndi isə görüşləri bir hakim idarə edəcək. Bu da kənardan cüdonu qavramaq üçün daha asandır".

Komitə sədri,ümumilikdə, cüdo qaydalarında bir neçə dəyişikliyin olduğunu söylədi: "Yarışın 4 dəqiqəsində hansısa idmançı texniki fənd göstərməsə, qalib cərimə xallarına əsasən müəyyənləşməyəcək və görüş qızıl xala doğru gedəcək. Bu zaman ilk texniki fəndi edən idmançı qalib gələcək. Ayaqdanhücum və ya müdafiə qaydalarında da dəyişiklik edilib. Əvvəllər bu, birbaşa məğlubiyyət idisə, indi ilk ayaqdan tutmağa şido, ikinci dəfədə isə məğlubiyyət verilir. İdmançıları, yeniyetmələri fəqərə zədəsindən, onurğa fəsadlarından qorumaq üçün də dəyişiklik edilib. Artıq müdafiə olunan idmancının ippon fəndindən qaçmaq ücün başının yerə dəyməsinə imkan verirsə, ona hansuki (birbaşa məğlubiyyət) veriləcək. Əvvəlki qaydalara əsasən, baş yerə dəydisə, sən vəziyyətdən vaza-ari ilə də çıxa bilərdin ".

Beynəlxalq Cüdo Federasiyasının (İCF) hakimlər və məşqçilər üçün təşkil etdiyi beynəlxalq seminarın əhəmiyyətini vurğulayan M.Vizer “R+”a müsahibəsində yüksək səviyyədə ev sahibliyinə görə Azərbaycan tərəfinə minnətdarlığını bildirib: “Bu böyük tədbirdə 99 ölkədən 400-ə yaxın nümayəndə iştirak etdi. Seminarda qaydalarla bağlı bəzi dəyişikliklər iştirakçıların diqqətinə çatdırıldı. Yeniliklər qaydaların daha da sadələşdirilməsinə, idmanın bu növünün dinamik inkişafına nail olmağa hesablanıb. Bizimlə əməkdaşlığa görə Azərbaycan dövlətinə, bu ölkənin Cüdo Federasiyasına minnətdarlığımı bildirirəm.

2018-ci ildə Bakı cüdo üzrə Dünya Çempionatına ev sahibliyi edəcək. Bu, cüdo üzrə ən böyük yarış sayılır. Bütün cüdonun diqqəti paytaxtınızda olacaq. Fikrimcə, Dünya Çempionatı Azərbaycanda cüdoya olan marağı artıracaq. Çempionatın yüksək səviyyədə təşkil olunacağına inanıram”, - deyə IJF prezidenti əlavə edib.

M. Vizer, eyni zamanda, yeni qaydaların cüdonun inkişafına təkan olacağını dedi: “Seminar tam demokratik keçdi. Hamının fikrini dinlədik. Cüdonu sevirik, ona hörmət edirik. Bu gün cüdo dünyada ən çox sevilən idman növləri sırasındadır. Amma biz bununla kifayətlənmək istəmirik. Cüdoya baxanların sayını artırmaq üçün qaydalarda dəyişikliklər edildi. Bəzi qaydalarla bağlı məşqçi və hakimlər də bizə üz tutur. Yeni qaydalar cüdonu daha da dinamik edəcək. Fəndlərin sayı çoxalacaq. İdmançılar mübarizə vaxtı fəal olacaq. Bu isə cüdonu daha da maraqlı edəcək. Eyni zamanda, biz Yay Olimpiya Oyunlarında komanda yarışlarına salınmasına da çalışırıq. Avropa və dünya çempionatlarında komanda yarışları böyük maraqla qarşılanır. Fikrimizcə, Olimpiada da belə olacaq. Ona görə, “Tokio-2020”də komanda yarışlarında da mübarizə izləyəcəksiniz. Yeni qaydalar cüdoda yeni səhifə açır. Biz artıq “Tokio-2020”ni düşünürük. Bütün beynəlxalq yarışlar yeni qaydalarla keçiriləcək. Budapeştdə baş tutacaq Dünya Çempionatından sonra, Beynəlxalq Cüdo Federasiyasının İdarə Heyəti yenidən toplaşacaq. Orada qaydalarla bağlı son qərar veriləcək”. 

Azərbaycan Cüdo Federasiyasından verilən məlumata görə, artıq bütün daxili yarışlar da yeni qaydalarla keçirilir. Yeni qaydalar barədə danışan Əməkdar məşqçi Ağayar Axundzadə idmançılara müəyyən zaman lazım olacağını bildirdi: “Qaydalar qəbul olunubsa, bizim onu öyrənməkdən başqa yolumuz yoxdur. Cüdoda dinamiklik artacaq. Sadəcə, cüdoçuya yeni qaydaları mənimsəmək üçün vaxt lazımdır. Əvvəllər ayaqla fəndə görə dərhal məğlubiyyət verilirdi. İndi xəbərdarlıq veriləcək. Ən vacibi, yuko fəndi ləğv olundu. Bundan sonra iki vaza-ari də qazansan, bu, qələbə demək deyil. Ən vacibi, ippon fəndi olaraq qalır. Qaydaların cüdoya necə təsir edəcəyini zaman müəyyənləşdirəcək. Fikrimcə, idmançılarımızın yeni qaydalarla qələbə qazanmasında problem olmayacaq”.

Qeyd edək ki, cüdoçularımızı bu il bir sıra mühüm turnirlərdə ciddi sınaq gözləyir. Martda Bakıda nüfuzlu “World Masters” yarışı baş tutacaq. Milli apreldə Polşada Avropa çempionatı, avqustda isə Macarıstanda keçiriləcək Dünya Çempionatında çıxış edəcək. 



MƏSLƏHƏT GÖR:

381