24 Aprel 2024

Çərşənbə, 03:37

SIĞORTA İŞLƏYİR

Bank sektorundakı böhrana baxmayaraq, sığorta bazarı genişlənir

Müəllif:

01.02.2017

Son 10 il ərzində monetar-pul kredit sisteminin dayanıqlılığı, iqtisadiyyatın sabit artımı və neftdənkənar bölmənin dinamik inkişafı Azərbaycan sığorta bazarının artımının əsas hərəkətvericisi olub. Belə ki, 2006-cı ildən 2014-cü ilə kimi onun həcmi 6 dəfə artıb. Yerli sığorta bazarının nisbətən yüksək inkişaf templəri və nəzərəçarpacaq həcmə malik olması yaxın 10 il ərzində bazarın iki dəfə artaraq, 1 milyard dollara çatacağını ehtimal etməyə imkan verir.

Sığorta şirkətlərinin fəaliyyəti bank sektoru ilə yetərincə sıx bağlıdır və hər ikisi çox sahələrdə oxşar risk və təhlükələrlə üz-üzədir. Belə ki, Azərbaycan İpoteka Fondunun xətti üzrə kreditləşmənin müvəqqəti olaraq dayandırılması və əmlak bazarında artıq ikinci ildir davam edən geriləmə bank kapitalının yatırılma sahələrini nəzərəçarpacaq səviyyədə daraldıb ki, bunun nəticəsi olaraq, sığorta bazarının müvafiq imkanları nəzərəçarpacaq səviyyədə azalıb. Milli valyutanın devalvasiyası və manatın məzənnəsinin volatilliyi istehlak kreditləşməsi seqmentini tənəzzülə uğratdı, o cümlədən keçmişdə çox yüksək tələbat müşahidə edilən yeni avtomobillərin kreditə götürülməsinin sığortalanma istiqamətini sıfra endirdi. Müqayisə üçün, keçən il ölkəyə cəmi 5,6 min ədəd yeni avtomobil gətirilib ki, bu, 2015-ci ilin göstəricisindən 5 dəfə, 2014-cü ilin göstəriicsindən isə 11 dəfə aşağıdır. Bu vəziyyət də öz növbəsində 2016-cı ildə Azərbaycanın sığorta şirkətlərinin avtomobillərin könüllü sığortası (KASKO) üzrə yığımının 25 faiz azalmasını izah edir.

İstehsalat və ticarət seqmentlərinə bank yatırımlarının azalması, bütünlükdə neftdənkənar bölmənin inkişaf templərinin aşağı düşməsi yerli sığorta şirkətlərinin bu layihələrdə iştirakına təsir göstərib. Maliyyə bazarlarının digər iştirakçıları kimi yerli sığortaçıların manatla satılan sığorta məhsulları da milli valyutanın məzənnə dayanıqsızlığı üzündən gəlirlərin azalması problemi ilə üzləşib. Amma sadalanan faktlara baxmayaraq, 2016-cı ilin sonucları söyləməyə imkan verir ki, bank böhranı fonunda Azərbaycanın sığorta şirkətləri hələ ki, problemlərin öhdəsindən gələ bilirlər. Bazar iştirakçılarının göstəricilərinin əsasında hesablanmış ilkin təhlillərə görə, 2016-cı ilin yekunları üzrə ölkənin sığorta şirkətlərinin sığorta mükafatlarının toplam məbləği 484,9 mln. manatdan çox olub ki, bu, 2015-ci ilin analoji göstəricisindən 9,5% artıqdır.

Öz növbəsində, Maliyyə Bazarlarına Nəzarət Palatasının 2016-cı ilin yanvar-oktyabr aylarını əhatə edən məlumatına görə, sığorta şirkətlərinin toplam sığorta yığımları 420 mln. manatı, sığorta halları üzrə ödənişləri isə 190,66 mln. manat olub. Ötən ilin anoloji dövrü ilə müqayisədə, mükafatlar 11%-ə qədər artıb. İstənilən halda, bu rəqəmlər sığorta bazarının nisbətən dayanıqlı olmasını göstərir, özü də artım dinamikliyi 2015-ci ilin göstəricisini üç dəfə geridə qoyur, o vaxt bu artım templəri 3,2% təşkil etmişdi. Müqayisə üçün göstərək ki, Azərbaycan iqtisadiyyatı üçün yetərincə uğurlu olan 2013-cü ildə ölkənin sığorta şirkətləri 405,6 mln. manat yığıb və bu zaman nəzərəçarpacaq artım tempinə - 18%-ə nail olublar. Bu artım templəri son beş il üzrə ən yaxşı göstərici sayılır.

Eyni zamanda, son iki ilin sarsıntıları ölkənin sığorta şirkətlərinin gəlirliliyinə mənfi təsir göstərib, həmçinin baza istiqamətləri üzrə daxilolmaların proporsiyalarını dəyişib. O cümlədən, keçən il Azərbaycanın sığorta şirkətləri sığorta halları üzrə, demək olar ki, 233,4 mln. manat ödəyib ki, bu, 2015-ci ilin göstəricisi ilə müqayisədə 29,5% çoxdur. Sığorta yığımlarının artım templəri ilə ödənişlərin artım tempi arasında bu qədər yüksək fərq göstərir ki, Azərbaycan iqtisadiyyatında mənfi trendlər və uyğun olaraq, sığortaçılar üçün risklər hələ də mövcuddur. Belə ki, sığorta bazarının keçənilki zərərliliyi 17,9% səviyyəsində qiymətləndirilir, bu zaman hər 100 manat sığorta yığımının ödəniş səviyyəsi 48 manat təşkil edib.

MBNP tərəfindən dərc edilmiş və ötən ilin on ayını əhatə edən göstəricilərə görə, Azərbaycanın sığorta şirkətləri bütünlükdə maliyyə dayanıqlılığını qoruyur: 25 sığorta şirkətindən yalnız 3 şirkət mükafat və ödənişlərdə mənfi balansa malikdir. Tənzimləyicinin məlumatına görə, 2016-cı ilin 1 noyabr tarixinə bir şirkətə düşən orta mükafat məbləği 16,815 mln. manata çatıb, halbuki 2015-ci ildə 16,403 mln. manat və 2014-cü ildə 15,327 mln. manat olmuşdu. Göstərici, bu sahədə müsbət meyllərin üstünlük təşkil etməsindən xəbər verir. Bununla belə, ölkədəki böhran prosesləri 2015-ci ildə iki sığorta şirkətinin və 2016-cı ildə üç sığorta şikrətinin bağlanmasına səbəb oldu (maliyyə göstəricisi aşağı olduğuna görə «Buta Sığorta» ASC-nin, «Beynəlxalq Sığorta Şirkəti» və «Azərqarant Sığorta» şirkətinin lisenziyaları dayandırılıb). Mənfi məqam kimi sığorta vasitəçilərinin (agent və brokerlərin) fəaliyyətinin məhdudlaşdırılmasını da göstərmək olar.

2016-cı ilin yekunları həmçinin göstərdi ki, yerli sığorta bazarında son illərə xas olan kapitalın toplanması meyli qorunur. Ümumi yığım göstəriciləri üzrə bazarın 60%-ə qədəri üç iri sığorta şirkətinin - həyatın sığortası və ümumi sığorta (non-life insurance) ilə məşğul olan «PASHA», «Ateshgah» və «Qala» sığorta şirkətlərinin payına düşür.

Yeri gəlmişkən, non-life insurance sığorta şirkətlərinin yığımı ilə həyatın sığortası sahəsində ixtisaslaşmış sığorta şikrətlərinin yığımı arasında nisbət proporsiyası elə də dəyişməyib: ümumi sığorta şirkətlərinin payına toplam mükafatların 70,2%-i düşüb, qalan 29,8%-i isə həyatın sığortası üzrə ixtisaslaşmış qurumlar təmin ediblər. Könüllü və icbari sığorta növlərinin də proporsiyaları arasında elə ciddi dəyişiklik müşahidə edilməyib, onların nisbəti 60% və 40% arasındadır. Əmlakın icbari sığortası və avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta mükafatlarında kiçik artım (uyğun olaraq 1,5% və 4,5%) müşahidə edilib.

Eyni zamanda, keçən il bir sıra perspektivli istiqamətlərin inkişafı, o cümlədən yeni məhsullarının tətbiqi ilə yaddaqalan oldu. 2016-cı ilin yanvar ayından ölkədə avtomobil nəqliyyatının beynəlxalq sığorta sistemi «Green Card» üzrə sığorta polislərinin verilməsinə başlandı. Bu, Azərbaycanın sığorta şirkətlərinin müştərilərinə bu sazişə imza atmış 48 ölkənin avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta ödənişləri almasına imkan yaradır.

Azərbaycanda beynəlxalq sığorta sistemi «Green Card»ın milli sığorta bürosu funksiyasını İcbari Sığorta Bürosu yerinə yetirir və keçən ilin yanvar-noyabr aylarında «Green Card» sisteminin iştirakçısı olan 13 yerli sığorta şirkəti tərəfindən 8 minə qədər polis verilib və bunlar üzrə sığorta mükafatları 620 min manatdan çox olub.

Ötən ilin noyabr ayından başlayaraq, ölkədə avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə elektron polislərin verilməsinə başlanılıb və yalnız bir ay ərzində 5 milyon manatdan çox məbləğə 65 min elektron sığorta müqaviləsi bağlanıb.

Sığorta şirkətləri üçün daha önəmli yardım isə icbari tibbi sığorta üzrə pilot layihələrin gerçəkləşdirilməsinə hazırlığın başlanılması olub. Nazirlər Kabineti yanında Dövlət İcbari Tibbi Sığorta Agentliyi 2016-cı ilin birinci yarısında icbari tibbi sığortanın gələcək modelini müəyyən edib və 2017-ci ilin əvvəlindən Yevlax və Mingəçevirdə pilot layihələrin gerçəkləşidirilməsinə başlanacaq. Bununla bağlı Azərbaycan prezidenti İdham Əliyev noyabrın sonlarında Dövlət Agentliyi üçün 10 milyon manat ayrılması barədə fərman verib, 2017-ci ildə daha 20 milyon manat ayrılması nəzərdə tutulub.

"Azərbaycanda maliyyə xidmətlərinin inkişafı üzrə strateji yol xəritəsi"ndə nəzərdə tutulan planların gerçəkləşdiriləcəyi nəzərə alındıqda, Azərbaycanın sığorta bazarının inkişafının yaxın perspektivləri üzrə müsbət inkişaf görünür. Sənədə əsasən, 2020-ci ildə sığorta bazarının neftdənkənar ümumi daxili məhsulda (ÜDM) payının 1,4%-ə çatdırılması planlaşdırılır. "Maliyyə Bazarlarına Nəzarət Palatasının məlumatına görə, 2015-ci ilin yekununa görə, ölkədə sığorta bazarının ÜDM-də payı 0,8% təşkil edib. Son illərdə sığorta bazarının sabit artımına baxmayaraq, onun iqtisadiyyata və maliyyə sektoruna təsiri minimaldır", - deyə sənəddə vurğulanır.

Yaranmış durumun əsas səbəblərindən biri kimi, sığorta bazarının iştirakçılarında iqtisadiyyatın digər seqmentlərində mövcud olan risklər barədə yetərincə məlumat olmaması göstərilir. Nəticədə, sığorta şirkətləri bu sektorlar üçün müxtəlif məhsullar işləməkdə maraqlı olmurlar. O cümlədən, aqrar-sənaye sahəsi daha mürəkkəb və riskli sığorta seqmenti sayılır və son illərdə sığorta bazarının "kənar”ında qısılıb-qalıb. Bu geriliyin aradan qaldırılması üçün 2018-ci ildə Azərbaycanda Aqrar Sığorta Fondu yaradılması planlaşdırılır. Bu, aqrar-sənaye kompleksi məhsullarının sığortalanmış istehsalçılarının sayını, ən azı, üç dəfə artıracaq. 2017-ci ildə, həmçinin aqrar-sənaye kompleksi sektorunda risklərin sığortalanmasının tətbiqi üçün qanunvericiliyə dəyişikliklər edilməsi, 2017-2018-ci illərdə isə aqrar-sənaye kompleksi sektorunda sığorta halları reyestrinin yaradılması planlaşdırılır.

Yol xəritəsində, həmçinin göstərilir ki, sığorta bazarında inkişaf üçün yaxın dörd ildə yeni məhsulların, o cümlədən fərdi təsərrüfatlar üçün birgə sığorta, mikrosığorta məhsullarının, həmçinin aqrar və icbari tibbi sığortanın tətbiqi gerçəkləşdirilməlidir.

Sığorta sektorunda durumun yaxşılaşdırılması üçün MBNP ayrı-ayrı sahələr üzrə işçi qrupların yaradılmasını planlaşdırır. Bu qruplar cari durumun diaqnostikasını aparmalı, hər bir ayrı götürülmüş sığorta seqmenti üçün sığorta modeli hazırlamalıdır. Bununla yanaşı, 2020-ci ilə potensial risklər nəzərə alınmaqla, sığorta haqqında göstərici sisteminin yaradılması, hər bir sığorta istiqaməti üzrə fəaliyyət planının hazırlanması nəzərdə tutulur.

Yol xəritəsinin müəllifləri ehtimal edirlər ki, sığorta bazarının inkişafı üzrə nəzərdə tutulmuş tədbirlər ÜDM-in 125 mln. manat artımını təmin edəcək, üstəgəl, 40 mln. manat əlavə artım olacaq və 1,6 min yeni iş yeri yaradılacaq.


MƏSLƏHƏT GÖR:

351