19 Aprel 2024

Cümə, 20:10

ŞOU DAVAM EDİR

İnsan haqlarının müdafiəsi - kütlənin şüuru ilə manipulyasiya etmək üçün əlverişli alətdən başqa bir şey deyil?

Müəllif:

01.02.2017

İnsan haqlarının, xüsusilə qadınların hüquqlarının pozulmasına dair ittihamlar Donald Trampın rəqiblərinin əsas silahına çevrilir. Artıq "Qadın marşı"nın daimi etirazçı hərəkata çevriləcəyinə dair proqnozlar səslənir. Amma bəlkə də biz, sadəcə, siyasi şounun tamaşaçılarıyıq. Bəlkə də insan haqlarının müdafiəsi - kütlənin şüuru ilə manipulyasiya etmək üçün əlverişli alətdən başqa bir şey deyil.

Donald Trampın qalmaqallı seçki kampaniyası və milyonlarla amerikalının seçkinin nəticəsindən məyusluğu 45-ci Prezidentin inauqurasiyası günü özünü etiraz aksiyaları şəklində göstərməyə bilməzdi. Belə də oldu. Yanvarın 20-də baş tutmuş hakimiyyətin ötürülməsi mərasimindən əvvəl də, ondan sonra da Vaşinqtonun mərkəzində çoxsaylı etirazçılar inzibati binaların ətrafında dolaşır, piştaxtaları sındırır, polisi daş-qalaq edir, əvəzində, gözyaşardıcı qaz «alır» və yalnız bundan sonra sakitləşirdi. Yeri gəlmişkən, bu zaman 200-dən artıq insan həbs olunub.

Bəlkə də kimlərsə Vaşinqton maydanına ümid edirdi, amma əlbəttə ki, bu, baş vermədi. Müxtəlif şouların heyranı olan, iradənin istənilən formada ifadəsini yüksək qiymətləndirən Amerika xalqı variantların daha yaxşısını seçdi. Prezident Trampdan narazılıq parlaq-çəhrayı çalar, seksual məna almağa başladı. Yüzminlərlə qadın (həm də kişi) ABŞ-ın 500-dən artıq şəhərində bayağı şəkildə qazan döyməkdənsə, başlarına qadın cinsiyyət orqanı formalı papaq (Pussyhat Project, yaxud «dünyanın ən nüfuzlu papağı») geyərək, “Women`s March”a çıxdı. Bu, ABŞ tarixinin ən miqyaslı etirazına çevrildi. Bundan başqa, amerikalı xanımlara Avstraliya, Böyük Britaniya, Fransa, İspaniya, Yeni Zelandiya, Yaponiya və digər ölkələrdəki həmcinslərindən də dəstək gəldi. Aksiya iştirakçıları bir çox kreativ şüarlar səsləndirir (bu şüarlardan bəziləri Oval otağın yeni sahibinə açıq təhqir belə, sayıla bilər), qəti addımların atılmasını tələb edirdi. «İnqilab buradan başlayır. Lakin dəyişikliklər qurban tələb edir. Bu gün sizə sualım belədir: hazırsınızmı?» - deyə tanınmış müğənni Madonna nümayişçilərə sual edib. Onun marşdakı çıxışı bu aksiyaların ən rezonanslı məqamlarından biri olub.

Trampın günahlar siyahısı, hələlik, əsasən, sərt bəyanatlardan ibarət olsa da, amma artıq ilk real addımlar da var.

Birincisi, yeni Prezidentin məşhur kişilərin gözəl qadınlara qarşı edə biləcəyi hərəkətlər haqqında əvvəllər söylədiyi sözlərdir. İkincisi, Tramp seçkiqabağı kampaniya zamanı abortlara büdcədən vəsait ayrılmasına son qoyulacağını bildirib. Söhbət yalnız Amerikada yox, bütün dünyada milyonlarla qadına reproduktiv sahədə xidmətlər göstərən, o cümlədən abortlar təşkil edən «Planned Parenthood» şirkətindən gedir. Nəticədə, Trampı qadınlara nifrət edən seksist adlandırmağa başlayıblar.

Çikaqo Qrant-parkındakı nümayişdə çıxış edən tanınmış yazıçı, detektiv-tənha qadın haqqında silsilə kitabların müəllifi, vətəndaş və reproduktiv hüquqlar uğrunda illərdir, fəal mübarizə aparan Sara Paretski Tramp haqqında narazılıqları, bir növ, ümumiləşdirməyə çalışıb. Feminizmin əsas şüarlarını xatırladan Paretski Amerika qadınlarının nailiyyətlərini sadalayıb - bərabərlik, seksual həyat, həyat yoldaşlarının, atalarının, kilsənin və hökumətin fikrindən asılı olmamaq, hamiləliklə bağlı qərar vermək haqqı. Və indi, qadınlarla yanaşı, müsəlmanlara, miqrantlara, səhiyyə sisteminə, ətraf mühitə, LGBT haqlarına nifrət edən Tramp, qəfildən qadınların bütün bu hüquqlarına əl uzadır.

Amma Amerika qadınlarının niyə məhz Trampa qarşı bu cür birləşdiklərini tam anlamaq da mümkün deyil. Doğrudur, Tramp artıq prezidentliyinin üçüncü günündə xaricdə abortların təşkilinə yardım göstərən beynəlxalq təşkilatların federal büdcədən maliyyələşməsini qadağan edən qərarı imzalayıb. Amma bu, onun ideyası deyil axı. İlk dəfə belə qərarı hələ 1984-cü ildə Reyqan imzalamışdı, sonralar oğul Buş eyni addımı atmışdı. Demokratlar Klinton və Obama isə bu qanunları, əlbəttə ki, ləğv etmişdilər. Yəni, əslində hər şey illərdən gələn ənənəyə uyğun gedir. Başqa sözlə, Respublikaçılar Partiyası artıq 40 ildir bu ideyanı dəstəkləyir, lakin bu, indiyədək amerikalılarda bu qədər hiddət doğurmamışdı. Bundan başqa, söhbət yalnız büdcə vəsaitindən gedir və bu, özəl sponsorlar tərəfindən maliyyələşməyə heç bir məhdudiyyət qoymur. «Planned Parenthood» ciddi gəlirə malikdir və yeri gəlmişkən, bu gəlirin bir hissəsini, təbii olaraq, demokratların seçkiqabağı kampaniyasına da xərcləyir.

Bir sözlə, sanki amerikalı xanımlar indi ayılıb. Qadınların əllərindəki şüarlara baxarkən düşünürsən ki, yəqin, Hollivud Amerikada yox, hansısa başqa ölkədə yerləşir. Və ya ABŞ-da yerləşsə də, qadının, ilk olaraq seksual obyekt kimi təqdim edildiyi filmləri sanki o çəkməyib. Aksiyaya qatılmış Madonna, Şer, Alişa Kiz, Keti Perri, Culiya Roberts, Eşli Cadd, Skarlett Yohansson, Emma Uotson, Ceyn Fonda və digərləri də sanki pulu kilsələrdə moizə oxumaqla qazanırlar. Sanki dünyada çəkilən pornoqrafik filmlərin 98%-i ABŞ-da lentə alınmır. Sanki pornosənayenin milyardlarla dollar vergi gəliri gətirdiyi yer ABŞ, xüsusilə demokratların əsas dayağı olan Kaliforniya deyil.

2009-cu ildə maliyyə böhranının Amerikanın böyüklər üçün əyləncə sənayesini də «vurmasından» sonra, nəhəng pornoşirkətlərin nümayəndələri Konqresə və hökumətə müraciət edir, dövlət dəstəyi, federal büdcədən maliyyə yardımı istəyirdi. Statistika da amansız rəqəmlər ortaya qoyur - pornokontentin əksəriyyətində kişilərin qadınlar üzərində üstünlüyü nümayiş olunur. Ən populyar pornosəhnələrin 88,2%-də isə aqressiv epizodlar yer alır. Belə çıxır ki, büdcə həm də qadınların istismarı hesabına dolur. Belə olan təqdirdə, abortların qadağan olunmasının bu qədər qəzəblə qarşılanması nə ilə bağlıdır? Amerika qadınları, məsələn, analığın qorunması sahəsindəki siyasətə nədən belə kütləvi etiraz etmir? Halbuki, ABŞ bu məsələdə dünyanın ən geridəqalmış ölkələri - Papua-Yeni Qvineya, Svalizend və Lesoto ilə bir cərgədədir. Ailə və tibbi səbəblərdən məzuniyyət qanununa (FMLA) əsasən, amerikalı qadınlara doğuşdan, ən tezi, 2 həftə əvvəldən 12 həftəlik ödənilməyən məzuniyyət verilə bilər. Bu da yalnız 50-dən artıq işçisi olan şirkətlərə aiddir. Doğrudur, bu qanun ştatdan asılı olaraq dəyişir, lakin ümumilikdə vəziyyət məhz bu cürdür. Doğuşdan əvvəl və sonra qadınlara heç bir güzəşt nəzərdə tutulmur. Halbuki, statistikaya görə, ailələrin, demək olar ki, 40%-də qadın ailəni dolandıran tək, yaxud əsas şəxsdir; məsələn, «The New Republic»dəki məqalələrdən biri (2014) UPS şirkətində sürücü olan Peqqi Yanq adlı qadının həyatından bəhs edir. O, hamilə olduğu dövrdə şirkətin əlillərə və iş yerində zədə almış şəxslərə verdiyi daha yüngül işlə təmin olunmasını istəsə də, qadın öz hesabına məzuniyyətə göndərilib. Bu isə onu tibbi və pensiya güzəştlərindən, işləmək qabiliyyətində olmaması üzündən verilməli olduğu müavinətlərdən məhrum edib. Halbuki, hamiləlik əlilliyə bərabər tutulur.

Bir sözlə, amerikalı fəalların etiraz obyektlərini hansı kriteriyalarla seçməsi çoxları üçün qaranlıq qalır.

Bütün bunlarla yanaşı, görünən odur ki, baş verənlər Trampı o qədər də narahat etmir. «Dünən etirazları izlədim. Məndə belə təəssürat yarandı ki, seçki elə indicə keçirilib! Görəsən, bu insanlar niyə səs vermirdi?» - deyə dövlət başçısı Twitter sosial şəbəkəsindəki səhifəsində yazıb.

Tramp administrasiyası abort haqqında qanunla yanaşı, artıq immiqrasiya sahəsində qanunvericiliyə də yenidən baxmağa başlayıb. Ağ evin yeni sahibi Meksika ilə sərhəddə səddin tikilməsi, bir sıra Yaxın Şərq və Afrika ölkələrindən insanların ABŞ-a girişinin məhdudlaşdırılması ideyalarından da imtina etməyib. Bu isə istər qaçqınlara, istərsə də artıq Amerika vizası almış bir sıra şəxslərə öz təsirini göstərəcək.

Tramp inauqurasiya mərasimindəki çıxışında öz elektoratını «böyük hərəkat» adlandıraraq, orada «irqindən, dinindən, mənşəyindən və baxışından asılı olmayaraq, özünə və ailəsinə daha yaxşı, parlaq gələcək arzulayan, ağır işlərdə çalışan milyonlarla kişi və qadının birləşdiyini» bildirib. Yəni, Tramp hesab edir ki, hər şey, əslində, ittihamların əksinədir - o, nəinki ayrı-seçkilik etmir, hətta ayrı-seçkilikdən əziyyət çəkənlərə yardım göstərir. O, demokratiyanın əsaslarına zidd hərəkət etmir, əksinə, onu daha təmiz, əvvəlki şəklinə qaytarır - «Vaşinqtonda kifayət qədər uzun müddətdir ki, siyasətçilərin əlində olan hakimiyyəti xalqa qaytarır».

Beləliklə, hər iki tərəfin pazllarını topladıqda, istər-istəməz onlayn rejimdə şou alınır - Missuri Universitetinin duzsuz mühafizəkar xorundan tutmuş, ana söyüşü söyən pop-divayadək. Sanki yanvarın 20-də hamımız çoxdankı serialın növbəti seriyasına tamaşa edirdik və bu dəfə hər kəsin yaxşı tanıdığı qəhrəmanların (münasibətləri o qədər də ideal olmayan Klinton cütlüyü, yolun sonuna gəlmiş Obama, plaşla «mübarizə aparan» Buş, onun arxasında dayanan dinməz Çeyni, Hollivud aktyorlarının) iştirakıyla. Xüsusilə də nəzərə alsaq ki, mərasimdən bir gün əvvəl CNN andiçmə mərasimi zamanı Trampın və onun silahdaşlarının qətlə yetiriləcəyi təqdirdə, nələrin yaşana biləcəyi haqqında flashforward hazırlamışdı. Bir sözlə, serialın «İnauqurasiya» bölməsini bütün dünya üzrə 31 milyon insanın izləməsi (yeri gəlmişkən, bu, Trampı çox sevindirdi və o, bu barədə tvitterdə də yazdı) və narıncıpapaqlı «şou»nun sosial şəbəkələri «partlatması» təsadüfi deyil. Bu, o deməkdir ki, yaxın aylarda da «serial» yüksək reytinqini qoruyub-saxlayacaq.

Bəs insan haqlarının məsələyə nə dəxli var? Sadalanan nümunələr göstərir ki, nəsə etmək hüququnun mövcudluğu, hələ onu etmək imkanının olması demək deyil. Düzdür, indi Amerikada qadınlar nə vaxt hamilə qalacaqları ilə bağlı qərarı özləri verirlər. Lakin reallıqda elə bir vəziyyətlə üzləşirsən ki, tam anlayırsan - əsas məsələ başa papaq qoyub nümayişlərə çıxmaq yox, yaxşı maaş almaqdır. Odur ki, hər şeyi pulun idarə etdiyi dünyada söhbət insan haqlarından gedən zaman, ön plana heç də iqtisadi və sosial hüquqlar çıxmır. Amma nədənsə, buna görə heç kəs yürüşə çıxmır - nə Vaşinqtonda, nə də başqa yerdə…



MƏSLƏHƏT GÖR:

400