25 Aprel 2024

Cümə axşamı, 23:15

«ÜÇLÜK»ün İLK UĞURU

Astana məsləhətləşmələri amansız müharibənin tezliklə başa çatmasına şans yaradıb

Müəllif:

01.02.2017

Suriyada, təxminən, 6 ildir davam edən müharibənin ilk dəfədir ki,  tezliklə başa çatması, onun gələcək dövlət quruluşuna dair dayanıqlı siyasi dialoqun qurulması şansı yaranıb. Bu, kifayət qədər çətin keçən, lakin ümumilikdə nikbinlik yaradan ikigünlük danışıqlar nəticəsində mümkün olub. Söhbət rəsmi Dəməşq və silahlı müxalifət nümayəndələrinin Astanada apardıqları danışıqlardan gedir.

 

Tarixi əhəmiyyətli hadisə

Qazaxıstanın paytaxtında keçirilən görüşdə Suriya hökumətinin və silahlı müxalifətinin nümayəndə heyəti ilk dəfə danışıqlar masası arxasında üz-üzə əyləşib. Amma onu da qeyd etmək lazımdır ki, sonradan danışıqlar hər iki tərəflə ayrı-ayrılıqda aparılıb. Vasitəçi qismində müharibə burulğanında olan bu ərəb ölkəsinə xarici siyasi təsir üçün son zamanlar praktiki olaraq üçtərəfli format yaratmış Rusiya, Türkiyə və İran çıxış edib.

Astanada Cenevrə ilə yanaşı, daha bir sülh prosesinin başladılması təşəbbüsünü Rusiya Prezidenti Vladimir Putin irəli sürüb. Əsas fərqlərdən biri ondan ibarətdir ki, Cenevrə danışıqlarında Suriya müxalifəti adından kifayət qədər nüfuzu olmayan emiqrant dairələri iştirak edirsə, Astanada danışıqlar Rusiyanın XİN başçısı Sergey Lavrovun da dediyi kimi, «əlində silah qarşı-qarşıya duran, Suriyanın konkret ərazilərinə nəzarət edən qüvvələr arasında aparılıb».

Astana danışıqları böyük ölçüdə Moskva ilə Tehranın prezident Bəşər Əsədin hökumətinə, Ankaranın isə mötədil Suriya müxalifətinə təsiri hesabına baş tutub. Danışıqların başlaması faktının özü Suriyada qarşı-qarşıya duran qüvvələrin bugünədək mümkünsüz görünən kompromisə getməyə hazır olduğunu təsdiqləyib. Rəsmi Dəməşq ölkə daxilində ondan başqa da real qüvvələrin olduğunu, Suiyanın gələcəyi ilə bağlı onlarla razılığa gəlinməsinin vacibliyini etiraf edib. Silahlı müxalifət isə öz növbəsində, nəinki müharibənin qızışdığı vaxtda qeyri-legitim elan etməyə tələsdiyi hökumətlə, həm də onu dəstəkləyən Rusiya və İranla dialoqun qaçılmazlığı ilə barışıb. Suryiadaxili sülhün qarantı olmaq missiyasını üzərinə götürmüş vasitəçilərin - Rusiya, Türkiyə və İranın davranışında da dəyişiklik var; məsələn, Astanada danışıqların getdiyi vaxtda, Rusiya Silahlı Qüvvələri nümayəndələrinin Suriya hərbçilərinə açıq irad bildirməsi müşahidəçilərin diqqətindən yayınmayıb. Halbuki, əvvəllər bu haqda söhbət belə, gedə bilməzdi. İrada gəlincə, Suriya ordusu rəhbərliyinə ayrı-ayrı komandirlərin atəşkəs rejiminə əməl etməli olduğuna djair sərt xəbərdarlıq olunub. Məsələ ondadır ki, hökumət qüvvələri tərəfindən atəşkəsin mütəmadi olaraq pozulması Rusiyanın Tərəfləri barışdırma mərkəzinin hiddətinə səbəb olur.

İllərdir, Bəşər Əsədi rejimi ilə danışıqlar ideyasını yaxına belə, buraxmayan Türkiyənin mövqeyi haqqında xüsusi danışmaq lazımıdır. Astana danışıqları göstərib ki, Ankara Suriyada tezliklə sülhün yaradılmasını prioritet sayır. Bu isə o deməkdir ki, Əsədin «qeyri-legitim» elan olunmasının artıq mənası qalmır. Türkiyə Prezidentinin baş məsləhətçisi Yalçın Topçunun bəyanatı xüsusilə maraqlıdır. O, Astana danışıqlarını Suriya, İraq və bütünlükdə Yaxın Şərqdə sülh və sabitliyin bərqərar olunması prosesinə təkan olacaq tarixi hadisə adlandırıb.

 

Zəmanət kommünikesi

Astana danışıqlarında Suriya hökumətinin nümayəndə heyətinə ölkənin BMT-dəki daimi təmsilçisi Bəşər əl-Cəfəri başçılıq edib. Suriya müxalifətçilərindən ibarət heyətin tərkibində isə 14 silahlı qruplaşmanın təmsilçiləri yer alıb. Onların arasında «Ceyş əl-İslam» da var. Qeyd edək ki, Rusiya dəfələrlə BMT Təhlükəsizlik Şurasını bu təşkilatı terrorçu qruplaşmaların siyahısına salmağa çağırıb. Lakin ötən ilin sonlarında bu qruplaşma Suriyada Rusiya, Türkiyə və İranın vasitəçiliyi ilə əldə edilmiş barışıq rejiminə qoşulmağa hazır olduğunu bəyan edib.

Danışıqlarda, əlbəttə ki, Suriyada atəşkəs rejiminin qarantı olan ölkələr kimi, Rusiya, Türkiyə və İranın təmsilçiləri də iştirak edib. BMT-ni isə görüşdə Baş katibin Suriya üzrə xüsusi elçisi Staffan de Mistura təmsil edib. Görüşdə ABŞ-ın yeni administrasiyasından nümayəndənin iştirakı məsələsinə son anadək aydınlıq gəlməmişdi. Müvafiq qərar yalnız Donald Trampın Birləşmiş Ştatların prezidenti səlahiyyətlərini rəsmən icra etməyə başlamasından sonra qəbul edilib. Nəticədə, ABŞ-ın Qazaxıstandakı səfiri Corc Krol da Astana görüşünə qatılıb.

Görüşün sonunda Qazaxıstanın Xarici İşlər naziri Kayrat Abdraxmanov Suriya nizamlanması üzrə qarant ölkələrin kommünikesini oxuyub. Onun əsas maddəsi Rusiya, Türkiyə və İran tərəfindən üçtərəfli mexanizmin yaradılması haqqındadır. Bu mexanizm Suriyada barışığa necə əməl olunduğunu müşahidə edəcək, «istənilən təxribatın qarşısını alacaq və atəşkəs rejiminin modallığını müəyyənləşdirəcək». Kommünikedə «İslam Dövləti» və «Cəbhat ən-Nusra» kimi terror təşkilatlarına qarşı mübarizənin davam etdiriləcəyi də bildirilir. Bu, qarant ölkələrin anti-Əsəd qüvvələrinin ən ekstremist hissəsini digərlərindən - mötədil müxalifətdən tam ayırmaq niyyətini göstərir. Moskva, Ankara və Tehran zorakılığa son qoyulması, Suriyanın mülki əhalisinin müdafiəsi və təcili humanitar yardımın təmin olunmasına çağırış da edib.

Qarant ölkələr Suriya böhranının həlli üçün BMT-nin yardımı ilə Astana platformasında işləmək haqqında razılığa gəlib, «multietnik, çoxmillətli, dünyəvi və demokratik» dövlət olan «Suriya Ərəb Respublikasının suverenliyi, müstəqilliyi, birliyi və ərazi bütövlüyünə sadiqliyini» bəyan edib. «Suriya münaqişəsinin hərbi yolla həlli yoxdur. O, yalnız siyasi proses çərçivəsində, BMT TŞ-nin 2254 saylı qətnaməsinə əsasən həll oluna bilər», - deyə birgə kommünikedə bildirilir.

Görüşün daha bir vacib nəticəsi, rusiyalı mütəxəssislər tərəfindən hazırlanmış Suriyanın Konstitusiya layihəsinin silahlı müxalifətə təqdim edilməsidir. Astanada bu sənədin hazırlanması və məsələn, referendum yolu ilə qəbulu üzərində işə başlanılmasının vacibliyi, həmçinin Suriyada tezliklə keçirilə biləcək Parlament və Prezident seçkiləri haqqında da danışılıb. Bu mövzular Astana danışıqlarından bir neçə gün sonra, Moskvada Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun Suriyanın əsas müxalifət qruplarının təmsilçiləri ilə görüşündə də müzakirə edilib.

 

Konstitusiya ilə bağlı ideyalar

Suriyanın, əsasən, ölkədən kənarda məskunlaşmış Müxalifətçi və İnqilabçı Qüvvələrin Milli Koalisiyası Moskva görüşündə iştirakdan imtina edib. Bununla yanaşı, Rusiya paytaxtında aparılmış danışıqları Suriyada sülhün yaradılması istiqamətində daha bir önəmli addım saymaq olar. Müzakirələrdə Rusiya tərəfindən suriyalı müxalifətçilərə təqdim olunmuş Suriya Konstitusiyası layihəsi xüsusi yer tutub. Lavrovun sözlərinə görə, layihədə «ərəb respublikası hökuməti və müxalifətinin son illərdə irəli sürdüyü təkliflər ümumiləşdirilib».

Lakin Suriya hakimiyyəti və müxalifəti Konstitusiya layihəsinə etiraz edir. Məsələ ondadır ki, Rusiya Suriyada qanunvericilik funksiyasının prezidentdən parlamentə və hökumətə verilməsini təklif edir. Əsəd bunun əleyhinədir. Eyni zamanda, sənədə müxalifət də etiraz edir.

«Biz onlara (ruslara) dedik ki, Suriya Konstitusiyasını yazmaq haqqı yalnız Suriya xalqına məxsusdur. Başqa ölkənin yazdığı Konstitusiya işləməyəcək», - deyə qiyamçıların danışıqlarda iştirak etmiş nümayəndə heyətinin üzvü Yahya əl-Aridi bildirib.

Məsələyə Suriya kürdlərinə məxsus təşkilatların nümayəndələri daha geniş münasibət bildirib. Yeri gəlmişkən, onlar Astanada qəbul olunmuş qərarlara əsaslanmaq niyyətində olmadıqlarını gizlətmirlər. Kürdlərin Türkiyə tərəfindən terrorçu təşkilat kimi qəbul edilən Demokratik Birlik Partiyasının (DBP) təmsilçisi Xaled İssa bildirib ki, Rusiyanın hazırladığı Konstitusiya layihəsinin təkmilləşdirilməyə ehtiyacı var. Kürdlər Suriya Respublikasının adından «ərəb» sözünün çıxarılmasını, dinin üstünlüyünə dair bəndin ləğvini dəstəkləsə də, «layihənin Suriya xalqının bütün ümidlərinə və arzularına cavab vermədiyini» düşünür.

Kürd liderlərinin sənədin «ümidlərə və arzulara cavab vermədiyi» fikrinin altında Suriyanın federallaşdırılması ideyası dayanır. Bu, DBP-nin və Suriya kürdlərinə məxsus digər strukturların ölkənin şimalında kürd muxtariyyəti yaratmaq istəyini bir daha təsdiqləyir. Bu, Rusiya, İran, Türkiyə, həmçinin Suriyanın ərazi bütövlüyünü və birliyini dəstəkləyən suriyadaxili qüvvələr tərəfindən məhsuldar təklif kimi qəbul oluna bilməz. Bununla yanaşı, kürd məsələsi ilə bağlı Rusiya ilə Türkiyənin mövqeləri fərqlidir. Ankara Suriyada kürdlərin muxtariyyət yaratmasına qəti şəkildə etiraz edir. Moskva isə bunu mümkün sayır və dünyəvi dövlətin yaradılması ideyasını dəstəkləyir.

İstənilən halda, Moskvada Rusiyanın XİN başçısı ilə görüşən suriyalılar Rusiyanın yeni Suriya Konstitusiyası haqqında təkliflərini öyrənməyə hazır olduqlarını bildiriblər. Amma görüşün daha ciddi nəticəsi başqadır - onlar fevralın sonunda Cenevrədə keçirilməli olan danışıqlaradək vahid müxalifət nümayəndə heyəti yaratmaq niyyətindədirlər.

 

Ümidverici nəticələr

Beləliklə, Qazaxıstan paytaxtında baş tutmuş danışıqlar və onun ardınca keçirilmiş Moskva görüşü rəsmi Dəməşqlə ona qarşı olan qüvvələr arasında ciddi yaxınlaşma ilə nəticələnməsə də, sülh prosesinin möhkəmlənməsinə, atəşkəs razılaşmasına əməl olunacağına, Suriyanın bütövlüyünün qorunub-saxlanmasının mümkünlüyünə ümid yaradıb. Astana görüşünün nəticələri Suriyada sülhə nail olunmasına yönəlmiş Cenevrə prosesinin davam edəcəyinə ümid etməyə imkan verir. Rusiya Prezidenti Vladimir Putin də Astana danışıqlarının müzakirələrin Cenevrədə davam etdirilməsi üçün əsasa çevriləcəyinə ümidini təsadüfən ifadə etməyib.

Suriya hökumətinin nümayəndə heyətinin başçısı Bəşər əl-Cəəfəri isə tərəflərin konkret məsələləri müzakirə etdiyini və müəyyən nəticələr əldə olduğunu söyləyib. Bu mənada, ən əhəmiyyətli nəticələrdən biri kimi, qarşı-qarşıya duran qüvvələrin bir-birinə qeyri-real, qəbulolunmaz tələblərdən imtinasını göstərmək olar.

Astana görüşünün keçirilməsini, heç şübhəsiz, Suriya nizamlanmasının qarantı missiyasını üzərlərinə götürmüş Rusiya, Türkiyə və İranın diplomatik uğuru saymaq olar. Bu missiya, ilk növbədə, Moskva ilə Ankara arasında tərəfdaşlıq münasibətlərinin bərpası hesabına mümkün olub. Bu, özünü onların Suriyanın Hələb şəhərinin azad olunmasındakı birgə səylərində də göstərib. Faktiki olaraq, ABŞ-ı Yaxın Şərq siyasətinin “1 nömrəli” moderatoru mövqeyindən sıxışdırıb-çıxarmış Suriya nizamlanmasının qarantlarının fəaliyyəti onların regional nüfuzunun artacağını da vəd edir.

Lakin xüsusilə bəzi ərəb monarxiyalarının Suriyada barışıq planına aşkar mane olmaq cəhdləri üzündən hadisələrin gələcək inkişafının təxminedilməz olması Rusiya, Türkiyə və İranın diplomatik səylərinin iflasına da yol aça bilər. Odur ki, Moskva bu «üçlük»dəki əsas oyunçu kimi, Suriya nizamlanmasına görə məsuliyyəti tamamilə öz üzərinə götürməyə risk etmir. Moskvanın Suriyada barışığın qarantı olan ölkələrin sayının, ilk növbədə, ABŞ-ın hesabına artırılmasına dair mütəmadi çağırışları da bununla bağlıdır. Ağ evə əvvəlki Amerika administrasiyasının Əsədin devrilməsi ideyasından imtina etmiş və əsas diqqəti «islam terrorçuluğu»nun məhvinə yönəltməyə hazır olduğunu bəyan edən Donald Trampın gəlişi ilə, belə bir perspektiv həqiqətən də real görünür.



MƏSLƏHƏT GÖR:

383