28 Mart 2024

Cümə axşamı, 15:30

«BÖYÜK QAYIDIŞ»ın MÜJDƏÇİSİ

Cocuq Mərcanlı kəndinin bərpası Azərbaycanın işğal altındakı bütün ərazilərinin azad olunması prosesinin dönməzliyindən xəbər verir

Müəllif:

01.02.2017

Viranə qalmış evlər, mərmi qəlpələrinin dəlik-deşik etdiyi divarlar, ot basmış dirriklər… Demək olar ki, Yer üzündən silinmiş Cocuq Mərcanlı kəndi Azərbaycanın Cəbrayıl rayonunun erməni işğalından azad olunmuş yeganə kəndidir. Kənd işğaldan hələ 23 il əvvəl Horadiz əməliyyatı zamanı azad edilib.

Cocuq Mərcanlı Ermənistanın 1993-cü ildə işğal etdiyi Cəbrayılın rayon mərkəzindən 35 kilometrlik məsafədə yerləşir. Müharibəyədək kənddə 400 ailə yaşayıb. Onlar, əsasən, üzümçülük, taxılçılıq, heyvandarlıq və ipəkçiliklə məşğul olublar.

Ermənistan silahlı qüvvələri kənddə daşı-daş üstündə qoymayıb. Üstəlik, ona bitişik ərazilər də 2016-cı ilədək Ermənistan ordusunun nəzarətində olub və kəndin mütəmadi atəşə tutulması onun azad olunmasından sonra belə, orada dinc əhalinin yaşamasını mümkünsüz edib. Bütün bu illər ərzində Cocuq Mərcanlıda həyatın olduğunu yalnız «salamat» ev göstərirdi.

Qazıyevlər ailəsi kəndin işğaldan azad edilməsindən sonra yaşamaq üçün oraya qayıtmış yeganə ailədir. «Mən buranı tərk etmək niyyətində deyiləm. Bura mənim doğma torpağım, ocağımdır. Burada yaşayacaq, burada da öləcəyəm», - deyə hələ 1 il əvvəl ailənin başçısı Oqtay Qazıyev bildirirdi. Ötən ilin aprelində yaxınlıqdakı Lələtəpə yüksəkliyinin azad olunmasından sonra, digər kəndlilərin də doğma evlərinə qayıtmasına imkan yaranıb.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məlumatına görə, artıq 190 ailə Cocuq Mərcanlıya qayıtmaq üçün hökumətə müraciət edib. Azərbaycan Prezidenti İlham Əliyevin kəndin bərpasına dair 24 yanvar 2017-ci ildə imzaladığı Sərəncamdan sonra isə Cocuq Mərcanlı sakinlərini qaçqın düşərgələrində heç nə saxlaya bilməzdi.

Dövlət başçısı öz Ehtiyat Fondundan kəndin bərpasına 4 milyon manat ayırıb. Vəsait ilk mərhələdə 50 fərdi evin, kənd məktəbinin tikintisinə, lazımi infrastrukturun yaradılmasına xərclənəcək.

«Tarixən burada yaşamış dinc əhalinin öz doğma yurdlarına qayıtması üçün Azərbaycan Silahlı Qüvvələrinin tam nəzarətinə keçmiş həmin ərazilərdə əsaslı yenidənqurma işlərinin başlanmasına şərait yaradılıb», - deyə Sərəncamın preambulasında bildirilir.

Prezident Sərəncamının icrasına başlanması özünü çox gözlətməyib. Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik, artıq kəndin minalardan təmizlənməsinə başlayıb və tezliklə orada tikinti işlərinin də şahidi olacağıq.

Əlbəttə, Azərbaycan erməni işğalından azad olunmuş yaşayış məntəqəsini ilk dəfə abadlaşdırmır. Horadiz şəhərində və Füzuli rayonunun cəbhəyanı kəndlərində yaradılmış şəraitə, hətta bir dəfə də olsun atəş səsi eşitməmiş rayonların sakinləri belə, həsəd apara bilərlər. Amma Cocuq Mərcanlı kəndinin bərpası qərarı bir sıra səbəblərdən əlamətdar hadisədir.

Birincisi, bu, Azərbaycan əhalisinin 23 ildən sonra geri qayıdacağı ilk işğaldan azad olunmuş kənddir. Bu mesaj Azərbaycan ictimaiyyəti tərəfindən «Böyük Qayıdış»ın müjdəçisi kimi qiymətləndirilib.

İkincisi, bu yaşayış məntəqəsinin bərpası Azərbaycan Silahlı Qüvvələrinin cəbhə xəttində ötən ilin aprelində qazandığı uğurun məntiqi yekunudur və aprel uğurunun dönməzliyini göstərir.

Üçüncüsü, Cocuq Mərcanlının bərpası son dərəcə vacib mənəvi-psixoloji və siyasi əhəmiyyətə malikdir. Azərbaycan faktiki olaraq, düşmənə ərazilərin işğaldan azad edilməsinin alternativinin olmadığını göstərib, eyni zamanda, tərəflərin aprel qarşıdurmasından nə ilə çıxdığını hər kəsə nümayiş etdirib.

Əgər Ermənistan üçün 4 günlük müharibə 300-dən artıq hərbçi cəsədi, 500 yaralı, itirilmiş mövqelər, işdən atılmış generallar, «keçilməz müdafiə xətti» mifinin dağılmasıdırsa, Azərbaycan üçün o, minlərlə hektar ərazinin, strateji əhəmiyyətli Lələtəpə yüksəkliyinin işğaldan azad olunması, məcburi köçkünlərin az bir hissəsinin də olsa, Cocuq Mərcanlıya qayıdışı, əvvəllər ermənilərin mövqelərindən atəşə tutulan bir sıra digər yaşayış məntəqələrində əhalinin təhlükəsizliyinin təminidir. Üstəlik, həmin toqquşmada Azərbaycan tərəfindən insan itkisi Ermənistanla müqayisədə dəfələrlə az olub.

Bütün bunların fonunda Ermənistan rəhbərliyinin «kişilənməsi» onu öz xalqı qarşısında daha pis vəziyyətə salır. Hərbi ekspert Üzeyir Cəfərovun sözlərinə görə, Cocuq Mərcanlı kəndinin bərpası haqqında Sərəncam «Azərbaycanın son günlərdə Ermənistana vurduğu ikinci böyük zərbədir. Naxçıvanın Əlahiddə Ümumqoşun Ordusunun yerləşdiyi ərazidə düşmənə və onun himayədarlarına bugünədək nümayiş olunmamış daha bir neçə silah növü göstərilib. Bu, ermənilərin narahatlığını birəbeş artırıb».

Ekspertin fikrincə, dövlət başçısının Sərəncamı həm də İlham Əliyevin Abşeron rayonu ərazisində yeni hərbi şəhərciyin açılışında səsləndirdiyi fikirlərin özünəməxsus təsdiqidir.

«Keçən ilin aprel ayında erməni silahlı təxribatının qarşısını alaraq, Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbələr endirdi. Füzuli, Cəbrayıl, Ağdərə rayonlarının bir hissəsi işğaldan azad olundu. O ərazilərdə Azərbaycan Bayrağı dalğalanır. Minlərlə hektar torpaq işğaldan azad edildi. Onminlərlə hektar torpağa bu gün Azərbaycan Ordusu nəzarət edir. O torpaqlarda təmizlik işləri aparılır və yaxın gələcəkdə məcburi köçkünlər o ərazilərə qayıdacaqlar», - deyə Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı hərbçilərlə görüşü zamanı bildirmişdi.

Prezidentin sözlərinə görə, Azərbaycan bundan sonra da ordu quruculuğuna hərbçilərin həyat və xidmət şəraitinin yaxşılaşdırılması ilə kompleks yanaşacaq. «Bizim ordumuz güclü ordular sırasındadır. Son illər ərzində ordumuzun maddi-texniki təminatı böyük dərəcədə inkişaf edib. Bu gün təminat-təchizat baxımından yüksək səviyyəyə malik olan Azərbaycan Ordusu istənilən vəzifəni icra edə bilər», - deyə İlham Əliyev bildirib.

Azərbaycanın diplomatik arenada da mövqeləri güclüdür. Çünki o, beynəlxalq hüquqa əsaslanır. BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı 4 qətnaməsində, həmçinin ATƏT, Avropa Parlamenti, AŞPA-nın və digər beynəlxalq qurumların analoji qərar və qətnamələrində Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılması tələb olunur. «Əgər kimsə unudubsa, biz bunu yada sala bilərik. Bax, budur, bu qətnamələrin əsas mahiyyəti. Ancaq Ermənistan buna məhəl qoymur və işğalçı ölkəyə heç bir təzyiq göstərilmir», - deyən Prezident təcavüzkara kənardan ciddi himayədarlığın olduğunu söyləyib: «Biz 25 ildir ki, müstəqil dövlətik və bir daha demək istəyirəm, heç kimdən heç bir yardım almadan, bəzi başqa ölkələr kimi, heç kimin ətəyindən yapışmadan bunu əldə etmişik. Bu gün açığını deməliyik, Ermənistan müstəqil dövlət kimi, dünya xəritəsində, sadəcə olaraq, formal mövcuddur».

Bugünkü Ermənistan «Zoluşka» nağılında bal zamanı əlahəzrətlərin onlara diqqətinin statistikasını aparan analıqla qızlarını xatırladır: «Ana, qeyd elə. Şahzadə 3 dəfə mənə baxdı, 1 dəfə gülümsədi və 1 dəfə ah çəkdi».

Məsələn, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Baş katibi Nikolay Bordyujanın bir dəfə «DQR» abbreviaturasını dilə gətirməsi kifayət edib ki, İrəvan dərin eyforiyaya düşsün. Amma rusiyalı icmalçı Vadim Dubnov erməniləri məyus edib: «Bu, KTMT-nin Baş katibi postunu tuta bilməyən Ermənistana kiçik bir təsəlli idi».

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun «Dağlıq Qarabağ ərazisində güc tətbiqinin və hərbi əməliyyatların aparılması Azərbaycanın daxili işi deyil» bəyanatı isə Ermənistan hakimiyyətini daha çox ruhlandırıb. Rusiya diplomatiyasının başçısı tərəfindən bu cür fikrin səsləndirilməsi bəlkə də bir qədər kobud təsir bağışlayır. Lakin onun münaqişənin həlli üçün göstərilən beynəlxalq səyləri nəzərdə tutduğu aydındır. Amma Moskvadan gələn bəyanat Serj Sarqsyanı o qədər ruhlandırıb ki, o, artıq «arabanı atdan qabağa qoşmağa» çalışıb - guya gündəmdəki ilk məsələ Qarabağın statusunun müəyyənləşdirilməsidir və torpaqların «verilməsi”ndən heç bir söhbət gedə bilməz.

Bununla yanaşı, İrəvan öz vətəndaşlarının diqqətini bilərəkdən, Lavrovun bəyanatının digər hissəsindən yayındırır. «İşğal olunmuş torpaqların azad edilməsi tələbi qüvvədə qalır», - deyən Rusiyanın XİN başçısı, bununla faktiki olaraq, Ermənistanı işğalçı kimi tanıyıb. Hər halda, erməni ekspertlərinin özləri də bu fikirdədir.

Əslində, Rusiyanın XİN başçısı Qarabağ probleminin həllinə dair onun özünün irəli sürdüyü və bu üzdən də «Lavrov planı» adını almış təkliflərin reallaşdırılmasına kimin mane olduğunu hər kəsdən yaxşı bilir. Müxtəlif məlumatlara görə, bu, münaqişənin nizamlanması prosesini «ölü nöqtə»dən tərpətmək üçün ən real plan idi. Amma o planda ilkin mərhələdə Azərbaycanın işğal altındakı rayonlarından beşinin azad edilməsi təklif olunduğundan, erməni tərəfi müxtəlif yollarla məsələyə dair substantiv danışıqlardan yayınır, diqqəti insidentlərin araşdırılması mexanizmi kimi, ikincidərəcəli məqamlara yönəldir.

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov da Moskvanı məsələyə ciddi yanaşmağa çağırarkən bunu nəzərdə tutub. «Əgər Rusiya bütün ciddiliyi ilə məşğul olarsa, status-kvo dəyişəcək, regionda sabitlik təmin ediləcək və Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması təmin olunacaq», - deyə E. Məmmədyarov qeyd edib.

Böyük ehtimalla, Məmmədyarov Azərbaycanın bu gözləntisini Lavrovla Moskvada keçirdiyi görüşdə də dilə gətirib. Rəsmi məlumata görə, onların görüşündə «prezidentlərin Vyana və Sankt-Peterburqda keçirdikləri görüşlərdə qaldırdıqları məsələlərə dair hərtərəfli fikir mübadiləsi də aparılıb».

Sonradan azərbaycanlı nazir «Moskva danışıqlarının nəticələrinə nikbin yanaşa bilməyəcəyini» də söyləyib.

Bu arada İrəvan KTMT-ni münaqişəyə cəlb etmək üçün mənasız cəhdlərini davam etdirir, bunun üçün artıq Qarabağdakı qoşunların təmas xəttində deyil, Ermənistan-Azərbaycan sərhədində təxribatlara əl atır. Lakin «Kommersant» nəşrinin icmalçısı Sergey Strokan hesab edir ki, «KTMT-nin müttəfiqlik öhdəliklərini fərqli şəkildə yozan İrəvanın gələ biləcəyi nəticə budur ki, erməni tərəfinin gözləntiləri nəinki şişirdilib, həm də getdikcə reallıqdan daha da uzaqlaşır».

Bunu istər beynəlxalq təşkilatların tələblərinə, istərsə də hər kəs tərəfindən qəbul olunmuş humanitar normalara məhəl qoymayan Sarqsyan rejimi də anlayır. Ermənistan artıq 1 aydan çoxdur ki, erməni diversantları tərəfindən öldürülərək öz ərazilərinə aparılmış Azərbaycan əsgəri Çingiz Hüseynovun cənazəsini təhvil verməkdən boyun qaçırır. Buna çalışan Beynəlxalq Qırmızı Xaç Komitəsinin fəaliyyəti, həmçinin ATƏT-in Minsk qrupunun müraciəti, hələ ki, heç bir nəticə vermir.

Bir neçə il əvvəl Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonuna yollanaraq, doğmalarının məzarını ziyarət etmək istəyən, bu zaman ermənilər tərəfindən girov götürülmüş azərbaycanlılar Dilqəm Əsgərovla Şahbaz Quliyevin azad olunması çağırışları da yerinə yetirilmir.

Yeri gəlmişkən, bununla bağlı Rusiyanın susqunluğu da xeyli sual doğurur. Məsələ ondadır ki, Dilqəm Əsgərov məhz Rusiya vətəndaşıdır. Bu məsələ, xüsusilə Sergey Lavrovun digər Rusiya vətəndaşı, eyni zamanda, həm də İsrail vətəndaşı olan bloger Aleksandr Lapşinlə bağlı müdafiə bəyanatından sonra aktuallıq qazanıb. Belarusda saxlanılmış Lapşinin Azərbaycanın dövlət sərhədini qanunsuz keçdiyini etiraf etməsinə, Ermənistan tərəfindən işğal olunmuş torpaqlara yollandığı üçün Prezident İlham Əliyevdən üzr belə istəməsinə baxmayaraq, Rusiyanın XİN başçısı onun Azərbaycana təhvil verilməsinin əleyhinə çıxıb. «Rusiyanın hüquq-mühafizə orqanları Rusiyaya qarşı bu cür əməl törətmiş, onun dövlət sərhədini qanunsuz keçmiş şəxsə qarşı eyni addımı atardı», - deyə Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov bununla bağlı bildirib.

Kobud desək, Ermənistanın başı Lapşinlə bağlı dünyaya «nağıl danışmağa» necə qarışıbsa, AŞPA-da özünə sərf etməyən «Aİ-də KİV əməkdaşlarının təqibi və KİV azadlığı» adlı məruzənin qəbulundan gec xəbər tutub. Sənəddə bildirilir ki, Azərbaycan, Gürcüstan və Moldovanın separatçıların nəzarətində olan ərazilərində KİV-in durumu ilə bağlı monitorinq aparmaq mümkün deyil.

AŞPA üzvləri məruzənin Dağlıq Qarabağın Azərbaycanın erməni separatçılarının nəzarətində olan regionu kimi göstərildiyi bəndini də heç bir dəyişiklik etmədən qəbul ediblər. Bu maddələr Ermənistan nümayəndə heyətinin etirazına səbəb olsa da, onların tələbləri rədd edilib. Məruzəni Ukraynanın qurumdakı nümayəndə heyətinin üzvü Vladimir Aryev hazırlayıb. Sonradan məlum olub ki, erməni nümayəndələri ukraynalı deputata təzyiq göstərməkdən belə çəkinməyiblər.

«Ermənistandan olan deputatlar Dağlıq Qarabağı Azərbaycan ərazisi kimi tanımamaq üçün şəhər boyu əllərində konyak butulkası ilə arxamca qaçırdılar. Sonradan assambleyada «dəhşətli kompromat» paketi ilə gəzirdilər - guya, «Aryevin nənəsi azərbaycanlıdır», - deyə ukraynalı deputat bildirib.

Opponentlərin hədələnməsi, şantaj olunması Ermənistan hakimiyyətinin çoxdankı dəst-xəttidir. Rəqib güclü çıxanda isə onlar işə «böyük qardaş»larını cəlb etmək üçün təxribatlara əl atmağa başlayır. Azərbaycana qarşı bu taktika yalnız situativ effekt verə bilər. Ötən ilin aprelində baş vermiş qarşıdurma da bunu təsdiqləyib. Ermənistanın təxribatı nəticəsində başlamış döyüşlər dayandırılıb, amma Azərbaycanın öz torpaqları uğrunda mübarizəsi davam edir…



MƏSLƏHƏT GÖR:

454