20 Aprel 2024

Şənbə, 02:34

GÜCLÜLƏRİN AXTARIŞINDA

“Məndən güclü milli komanda yaratmaq tələb olunub”. Azərbaycanın boks üzrə milli komandasının yeni baş məşqçisi Leonid Layinski

Müəllif:

15.02.2017

Azərbaycanda ən çox sevilən idman növlərindən biri boks hər il ölkəmizə yeni çempionlar bəxş edir. Bu baxımdan, 2017-ci il idmançılarımız üçün ciddi olacaq. Dəri əlcək sahiblərini Bakıda keçiriləcək İslam Həmrəyliyi Oyunlarında güclü rəqabət gözləyir. Əlli dörd ölkənin təmsil olunacağı oyunlarda Azərbaycan millisi ən güclü heyətlə mübarizə aparacaq. Ənənəyə uyğun olaraq, 2017-ci ildə ilk yarış ölkə çempionatı keçirildi. İki yüzdən çox boksçunun yarışdığı Azərbaycan Çempionatında kişilər 10, qadınlar isə 4 çəki dərəcəsində mübarizə apardılar. Kişilərin yarışında Araz İmaməliyev (49 kq), Məsud Yusifzadə (52 kq), Tayfur Əliyev (56 kq), Cavid Çələbiyev (60 kq), İman Əhmədli (64 kq), Roman Zakirov (69 kq), Kamran Şahsuvarlı (75 kq), Eldar Quliyev (81 kq), Teymur Məmmədov (91 kq) və Ağalar Sadiqzadə (91 kq-dan yuxarı) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Qadınların mübarizəsində isə Dinarə Fətəliyeva (48 kq), Anaxanım Ağayeva (51 kq), Məhsəti Həmzəyeva (57 kq) və Məryəm Cəbrayılova (64 kq) qızıl medal qazanıb. İkiqat dünya çempionu Məhəmmədrəsul Məcidovun “Rio-2016”dan sonra karyerasını başa vuracağı söylənilsə də, idmançı qərarını dəyişib. “R+”un əməkdaşıyla söhbət zamanı Məcidov bərpa olunandan sonra yenidən rinqə qayıdacağını bildirdi. Cari mövsüm üçün əsas hədəf isə İslam Həmrəyliyi Oyunları olacaq. Məhəmmədrəsul Məcidovun heyətə düşüb-düşməyəcəyini isə milli komandanın yeni baş məşqçisi Leonid Layinski müəyyənləşdirəcək. Xatırladaq ki, Rio de-Janeyroda keçirilən Yay Olimpiya Oyunlarında Azərbaycan millisi 1 gümüş və 1 bürünc medal qazanıb. Bu nəticə boksçular üçün qənaətbəxş hesab edilsə də, Boks Federasiyası kubalı mütəxəssis Pedro Rokeni istefaya göndərdi. Milli ukraynalı məşqçi Leonid Layinskiyə tapşırıldı.

Bir ay əvvəl federasiyanın təklif etdiyi müqaviləyə imza atan mütəxəssis “R+”un suallarını cavablandırdı.

- Təyinat münasibətilə sizi təbrik edirik. Azərbaycan haqqında məlumatınız varmı? Ölkəmizdən gələn təklifi necə qarşıladınız?

- Bu, paytaxtınıza 6-7-ci səfərimdir. Buna kimi müxtəlif beynəlxalq yarışlarla bağlı Bakıya gəlmişəm. Sonuncu dəfə burada 2010-cu ildə olmuşdum. Son 7 ildə Bakı çox dəyişib, gözəlləşib. Buna görə Prezidentiniz İlham Əliyevə təşəkkür edirəm. Ölkənizdə boks çox sevilir. Güclü boks ənənələri var. İdmançılarınız hər zaman dünya və Avropa çempionatlarında medal qazanıblar. Bu mənada, şadam ki, yaxşı komandada işləyəcəyəm. Mən işləməyi sevən insanam. ABF-yə də məni isti qarşıladıqlarına görə minnətdarlığımı bildirirəm. Qurum boksa ciddi qayğı göstərir.

- Ailənizi də Bakıya gətirmisiz?

- Hələ ki təkəm. Çünki həyat yoldaşım valideynlərimə baxmalıdır. Artıq atamın 80, yoldaşımın atasının isə 75 yaşı var. Onlara qulluq etmək lazımdır. Ancaq hərdən yanıma gələcək.

- Çempionatımızın ümumi səviyyəsi haqqında nə deyə bilərsiz?

- Sırf təşkilatçılıq sarıdan deyə bilərəm ki, hər şey əla idi. Çempionatın ilk günləri bir qədər ağır keçdi. Ancaq yarımfinaldan boksçuların səviyyəsi üzə çıxdı. Taktiki, texniki, funksional və psixoloji hazırlıq qaydasındadır. Amma indiki halda geniş danışmağa çətinlik çəkirəm. Komandanı yaxından tanımağa zaman lazımdır.            

- Hansı çəkidə rəqabətin daha güclü olduğunu söyləmək olar?

- Gördüyüm qədər deyə bilərəm ki, ən güclü kateqoriya 56 kq.-dır. Bu çəkidə 8 güclü boksçu var idi. Qalan çəkilərdə isə 2-3 əlcək ustası daha çox seçilirdi. 81 və 91 kq-dakı rəqabət ürəyimcə olmadı.

- Təlim-məşq toplanışı və yarışlarla bağlı plan hazırdır?

- Boksçular indi təlim-məşq toplanışındadır. Bu il bizi ağır yarış qrafiki gözləyir. Avropa və dünya çempionatları ilə yanaşı, İslam Həmrəyliyi Oyunlarında da uğurlu çıxış etməliyik. Fevralın 20-28-i aralığında Bolqarıstanda keçiriləcək beynəlxalq turnirdə ölkə çempionlarını sınaqdan keçirəcəyik. Toplanışa hər çəkidən 4 boksçunu cəlb edəcəyik. Martın 14-dən 18-dək Bakıda keçiriləcək “İpək Yolu” turnirində toplanışda özünü ən yaxşı tərəfdən göstərən boksçulardan yararlanacağıq.

- Sizdən əvvəlki kubalı məşqçinin rəhbərliyi altında Azərbaycan boksçuları “Rio-2016”da 1 gümüş və 1 bürünc medal qazandı. Buna baxmayaraq, həmkarınızla müqavilə artırılmadı...

- Məndən əvvəl baş verənlər barədə şərh verməyim düzgün qəbul edilməz. Məşqçi işi çətindir. Bu gün bir komandada, 1 il sonra başqa yerdə çalışmağı normal qəbul etmək lazımdır. Yay Olimpiya Oyunlarında iki medal qazanmağınızı bilirəm. Yaxşı nəticə hesab edirəm.

- Federasiya qarşısınızda hansı hədəfləri qoyub?

- Hər bir federasiya qələbə arzulayır. Azərbaycan boksçuları hər zaman xalqı medallarla sevindirib. Sizin dünya və Avropa çempionlarınız var. İlk olaraq söhbət cari mövsümdən gedib. Məndən güclü milli komanda yaratmaq tələb olunub. Rəqabəti artırmaq lazımdır. Hər bir boksçu heyətə düşmək üçün çalışmalıdır. Əsas hədəf mayda keçiriləcək İslam Həmrəyliyi Oyunlarıdır. Azərbaycan təşkilatçı ölkə kimi ən güclü heyətlə təmsil olunacaq. Boksçuların ümidləri doğrultması üçün medal qazanmaq lazımdır. Sözsüz, başlıca məqsəd çoxlu medal qazanmaq və Azərbaycan Himnini Bakıda səsləndirməkdir.

- İkiqat dünya çempionu Məhəmmədrəsul Məcidovun aqibəti necə olacaq. O, karyerasını davam etdirəcək?

- Komanda üzvlərinin vəziyyəti barədə ətraflı məlumatım yoxdur. Məcidova gəldikdə təcrübəli və titullu idmançıdır. Sadəcə, bəxti yoxdur. Tez-tez zədələnir. Ona dəstək olmaq lazımdır. Məndə olan məlumata görə, karyerasını davam etdirəcək. Onun İslam Həmrəylik Oyunlarında iştirakı özündən asılıdır. Mənim üçün titullardan vacib boksçunun hansı formada olmasıdır. Baş məşqçi kimi yığmada ən güclülərin yer alacağına söz verə bilərəm. Ölkədə kifayət qədər güclü boksçu var, ona görə heç bir çətinlik olmayacaq. Rio Yay Olimpiya Oyunlarının mükafatçıları Lorenso Sotomayor və Kamran Şahsuvarlı da məşqlərdə iştirak edəcək. İslam Oyunlarında güclü heyət izləyəcəksiniz. 



MƏSLƏHƏT GÖR:

380