22 Dekabr 2024

Bazar, 11:02

KUKLA ilə İNSANIN QOVUŞMASI

Özünə daimi ünvan tapmış Bakı Marionet Teatrı izləyicilərini gözləyir

Müəllif:

15.02.2017

«İçərişəhər» Dövlət Tarix-Memarlıq Qoruğu yanında özünə daimi ünvan tapan Bakı Marionet Teatrının bu xəbərini şəhərin mədəni ictimaiyyəti çoxdan gözləyirdi. Heydər Əliyev Fondunun Prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın xüsusi dəstəyi hesabına marionet kuklalar Müslüm Maqomayev, 20 ünvanında yerləşən gözəl imarətdə özlərinə daimi ev tapıblar. Teatrın girişinin qapısı qədimi üslubda düzəldilib, qapıdan içəridə isə əsrarəngiz dünya - harmoniya və fasiləsiz yaradıcılıq başlayır.

 

İncəsənətin sirri

Teatrın kiçik, amma xüsusi ab-havası olan və rahat kafe yerləşən foyesində hər şey aramlı ünsiyyətə, həzin söhbətə şərait yaradır. Buna görə də belə bir interyerdə məişətdən danışmaq, sadəcə, hörmətsizlik olardı. İkinci mərtəbəni də ofis adlandırmaq olmaz, halbuki sayı elə də çox olmayan əməkdaşların xidməti otaqları orada yerləşir. Bu sehrli imarətin fəzasında İncəsənət dolaşır və içəridə olan hər kəsi ümumi işə əbədi sevgi ilə yoluxdurur, qanadlandırır və sabahkı günə inam təlqin edir.

İkinci və üçüncü mərtəbələr arasında emalatxanalar yerləşir, teatr üçün müqəddəsdən-müqəddəs olan bu yerdə kuklalar - gələcək tamaşaların personajları doğulur. Bura heç də sözün adi mənasında divarlar arasında məhdudlaşmış məkan deyil. Burada hər şey işıq altındadır: baxışlar arakəsmələrdə dirənmir, əksinə, bədii detallarla dolu, incəsənətin sirlərinə aidolmanın təkrarsız hissini təşkil edən perspektivi tutur.

Pilləkənlə üçüncü mərtəbəyə qalxan izləyicilər bu fəzanı tamaşaçı zalına daxil olana qədər görəcəklər və burada özəl yaradıcılıq dünyasına bağlılığın xoş təəssüratını hiss edəcəklər.

Teatrın fəzası üzrə tamaşaçı zalına daxil olmaq üçün bu düşünülmüş memarlıq gəzintisi memarlıq layihəsinin müəlliflərinin uğurlu tapıntısıdır. Teatra ilk addımlardan bu fəza maqnit kimi cəlb edir və yalnız teatrı tərk edəndə buraxır. Və nəhayət, üçüncü mərtəbə. Tamaşaçı zalında rahatkreslolu 49 yer var. Səhnə ənənəvi Aristotel qutusu formasındadır. Aktyorların (onlar truppada 12 nəfərdir) və kuklaların bütöv birə çevrildiyi yerdir. Elə bu yaxınlarda bu səhnədə «Leyli və Məcnun» tamaşası göstərilib. Premyeraya baxmağa Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva da gəlmişdilər.

Dördüncü mərtəbə dostluq görüşləri və tamaşaların müzakirəsi üçün nəzərdə tutulub. Bu, fantastik gözəl yerdir: şüşənin o üzündən Bakının panoraması görünür, gözəl qurulmuş dekorasiya hissi doğurur. Və bu, əlavə emosional dalğa bəxş edir, tamaşadan alınmış təəssüratı gücləndirir.

 

Marionet

Teatr tarixçiləri iddia edirlər ki, ilk kukla tamaşaları qədim Misirdə yaranıb, yalnız bundan sonra qədim Roma və Yunanıstana keçib. Amma vətən, ölkə yenə də İtaliya olub. Məhz bu ölkə kuklalara əvvəlcə Fransada, məhz bundan sonra Avropanın başqa ölkələrində sevgi bəxş edib. Amma bu o demək deyil ki, Şərqdə, ümumiyyətlə, marionet kuklalar olmayıb.

Tarixi keçmişə o qədər də varmadan qeyd edək ki, teatrın rəhbəri, rəssam, rejissor, pedaqoq Tərlan Qorçunun fantaziyasından doğan Bakı marionetlərinin öz görkəmi var. O da keçmişlərdən gəlir. Tərlan Qorçu Qacar dövrünün rəsmləri üslubunda eskizlər hazırlayıb və kuklalar öz fərdi görkəmlərinə qovuşublar.

Ümumiyyətlə, kukla düzəldilməsi maraqlı olmaqla yanaşı, çox zəhmətli işdir. Eskiz üzrə kukla yaratmaq üzərində dörd nəfər - ağac oymaçısı, mexanika, rəsm və kostyum üzrə usta işləyir. Proses çoxmərhələlidir və çox vaxt aparır.

Bu adamların səyinin son nəticəsini biz səhnədə görürük. Bundan başqa, dekorasiyalar da önəmlidir. Onlar da Tərlan Qorçunun fərdi eskizi ilə hazırlanır və bunun üçün uzun müddət lazımdır. Onların necə olacağını və rəsmlərdə hansı kodlaşdırılmış düşüncələr əks etdiriləcəyini müəyyən etmək azdır, həmçinin dekorasiyaların hazırlandığı materialın fakturasının necə olacağı da çox vacibdir.

Qəhrəmanlar üçün kostyumların tikildiyi parçalar da önəmlidir. Onları seçmək də elə asan iş deyil. Axı kuklanın ölçüləri canlı insanın bədən ölçüləri ilə müqayisə edilə bilməz. Buna görə də naxışlara qədər hər şeyi götür-qoy etmək lazımdır, çünki insanda və kuklada fərqli görünə bilərlər. Araşdırmalar isə aylarla vaxt aparır. Əgər adi teatrda tamaşanın qoyulmasına, orta hesabla, 3 ay gedirsə, marionet teatrında bu, illərlə uzana bilər. Ona görə də bu teatrda tamaşanın qoyulması 3-4 il çəkir.

 

Teatrın konsepsiyası və repertuarı

Bakı Marionet Teatrının repertuarında iki tamaşa var: «Arşın mal alan» və «Leyli və Məcnun». Bunlar Üzeyir Hacıbəyovun ölməz əsərləridir, amma üslublarına və bədii ifadələrinə görə müxtəlifdirlər. Perspektivdə «O olmasın, bu olsun» üzərində iş dayanır. Çünki teatrın konsepsiyası Üzeyir Hacıbəyovun yaradıcılığının populyarlaşmasıdır.

«Leyli və Məcnun»da aktyor və kukla orijinal şəkildə təmas qurur. Daha doğrusu, qeyri-ənənəvi şəkildə. Kuklaçı aktyor tamaşa boyunca səhnədə dizüstə hərəkət edərək kukla ilə işləyir. Bunu təsəvvür etmək çətindir, amma fakt faktlığında qalır: tamaşanın davam etdiyi 55 dəqiqə ərzində bu, belə olur. Bunu görən zaman onların hərəkətinin quruluşçu tərəfindən necə dəqiqliklə ölçülüb-biçildiyini anlayırsan. Buna görə də aktyorla-kukla personajın birlikdə hərəkətinin rəsmi burada təsadüfdən deyil.

Bədən plastikası, hərəkətlərin dinamikası üzərində analitik tədqiqat aparmaq mümkündür. Amma kukla və insanın orqanik qovuşması tamamilə mistik məsələ kimi görünür. Nə zaman kulminasiya məqamında teatrın aktrisası Firuzə Babayeva kuklanı əlinə götürür, elə hiss yaranır ki, o, qucağına kuklanı deyil, ağlayan körpəni götürür. Götürür ki, sakitləşdirsin və ağrıdan qorusun. Və Leyli, yəni kukla məhrəmcəsinə bir ana kimi aktrisanın qucağına girir.

Ümumiyyətlə, Bakı Marionet Teatrının təbiəti əlavə və ciddi araşdırma tələb edir, həm də bu, populyarlaşdırılmalıdır. Çünki burada indi öz milli avazı olan

fenomenal incəsənət yaranır. Heç də hamı müəllifin zala ünvanlandırdığı kodlaşdırılmış fikri anlamağa və «oxumağa» qadir deyil. Tərlan Qorçu «R+»la söhbətində bildirib ki, bu fikir dekorasiya rəsmlərinə, aktyorların plastikasına, kukla və aktyorların təmasına, tamaşanın işıq partiturasına, personaj və aktyorların kostyumlarına hopub.

Teatra mütəxəssisləri və teatrşünas tələbələri cəlb etmək lazımdır, onlar teatrın tamaşaçı tərəfindən teatr incəsənətinin yeni növü kimi qəbul edilməsinə yardımçı ola bilərlər. Yeni, ona görə ki, biz «R+»da daha əvvəl yazdığımız kimi, uzun illər Marionet Teatrı əlçatmaz olub. İndi marionetlər özləri üçün gözəl ev əldə edəndən sonra, onları anlayan və milli incəsənətin uğurlarını qiymətləndirməyi bacaran dostlara və izləyicilərə ehtiyacı var.

Yeri gəlmişkən, dünyada marionet teatrları elə də çox deyil. Postsovet məkanında yalnız biri Gürcüstanda var və ona əfsanəvi rejissor, dramaturq Rezo Qabriadze rəhbərlik edir, ikincisi isə bizdədir. Avropada olanları da barmaqla saymaq olar - söhbət teatrlardan gedir, marionet kuklaların ayrı-ayrı konsert nömrələrindən yox. Məhz buna görə də bizim hər birimiz nəsə unikal bir şeylə təmas imkanı qazanmışıq.



MƏSLƏHƏT GÖR:

633