29 Mart 2024

Cümə, 01:08

ÖZ TARAMIZ

Hökumət qablaşdırma materiallarının istehsalına xarici investorlar cəlb etmək üçün maksimum səy göstərəcək

Müəllif:

15.02.2017

Son zamanlar Azərbaycanda aqrar məhsullar istehsalı və onların xarici bazarlara çıxarılması üzrə səylər nəzərəçarpacaq səviyyədə fəallaşıb. Bu məqsədlə sərmayələrin stimullaşdırılması və aqrar ixracatçıların dəstəklənməsi üzrə bir sıra tədbirlərin gerçəkləşdirilməsinə başlanılıb, milli aqrar brendlərin inkişafı mexanizmləri yaradılır, aqroparkların və başqa iri məhsul istehsalı formalarının inkişafı stimullaşdırılır. İxrac istiqamətli strategiyanın vacib komponentlərindən biri, Azərbaycanda çağdaş qablaşdırma materiallarının və taraların istehsalıdır.  Son 10 ildən çox müddət ərzində kənd təsərrüfatı məhsullarının istehsalına, həmçinin emal müəssisələri və logistika infrastrukturunun inkişafına yönəldilmiş çoxmilyardlıq sərmayələr Azərbaycanın ərzaqla özünütəminini 80%-ə qədər artırmağa imkan yaradıb. Ölkə aqrar ixracat sahəsində müəyyən uğurlar qazanıb: son illərdə MDB bazarlarına, xüsusilə də Rusiyaya faraş və emal edilmiş meyvə-tərəvəz məhsullarının göndərilməsi artıb.

Azərbaycan fındıq və qoz ixracı üzrə artıq çoxdan dünyanın aparıcı ölkələri sırasına daxildir. Nisbətən bu yaxınlarda yerli şərabçılıq müəssisələri, şirə və meyvə-tərəvəz konserv məhsullarının istehsalçıları yeni bazarların - Çinin, Yaxın Şərq və Avropa dövlətlərinin mənimsənilməsinə başlayıblar. Belə ki, 2016-cı ilin yekunlarına görə, Azərbaycan xaricə $426,1 mln.-luq kənd təsərrüfatı məhsulları göndərib ki, bu da əvvəlki ilin göstəricilərindən 20,7% çoxdur. Ancaq ixracatın dinamik artımına baxmayaraq, təqdim edilən rəqəmlər Azərbaycan Aqrar-Sənaye Kompleksinin (ASK) potensial imkanlarına uyğun gəlmir.

Bununla bağlı olaraq ölkə Prezidenti İlham Əliyev yaxın bir neçə ilə ASK məhsullarının ixracını iki dəfə artırmaqla bağlı məsələ qaldırıb. Bu məsələ "Kənd təsərrüfatı məhsullarının istehsalı və emalı üzrə strateji yol xəritəsi"ndə əks etdirilib. Azərbaycanın İqtisadiyyat Nazirliyi, artıq 54 növ məhsul üzrə, o cümlədən ət-süd, quşçuluq, meyvə-tərəvəz, konserv və şərabçılıq məhsulları üzrə aqrar ixracatın artırılması imkanlarını təhlil edib, buraya həmçinin şirə, bal, qoz, çay, tütün, ipək iplik və s. ixracatının artırılması da daxildir.

Ancaq ərzaq ixracatının artırılması siyasətinin səmərəliliyi daha çox ASK müəssisələrinin ərzaq məhsullarının istehsalının maya dəyərini aşağı salmasından asılıdır. Bu da öz növbəsində, müvafiq beynəlxalq keyfiyyət standartı səviyyəsini saxlamaqla, qablaşdırma istehsalını ucuzlaşdırmaq və optimallaşdırmaqla bağlıdır.

Əgər Azərbaycanın emal və qida sənayesinin inkişafının xüsusiyyətləri nəzərə alınarsa, bu, elə də sadə məsələ deyil. Kənd Təsərrüfatı Nazirliyinin (KTN) məlumatına görə, bu gün ölkədə ət-süd, meyvə-tərəvəz, alkoqol, yağlar, çay və tütün məhsulları üzrə ixtisaslaşmış 200-dən çox iri və orta müəssisə fəaliyyət göstərir. Təkcə meyvə və tərəvəz emalı üzrə konserv zavodlarının toplam gücü hər il 750 milyon şərti banka istehsal etməyə imkan yaradır.

Eyni zamanda, Azərbaycanın daxili bazarında emal edilmiş və ya qablaşdırılmış yerli məhsulun payı son zamanlara kimi məhsulundan asılı olaraq aqrar sektorun ümumi istehsalının üçdəbirindən yarısına kimi dəyişirdi. Bir sıra ekspert hesablamalarına görə, ət istehsalı sektorunda son illərdə yalnız məhsulun üçdəbiri emala gedirdi, meyvə və tərəvəzdə isə emal edilmişlər və ya qablaşdırılmışlar ümumi məhsulun dörddəbirindən çox deyil. Azməhsullu fermer təsərrüfatlarında istehsal edilən süd məhsulunun, demək olar ki, dörddəüçü kustar üsullarla emal edilir, əldə edilən kəsmik, şor, nehrə yağı, müxtəlif növ pendirlər çağdaş qablaşdırma istifadə edilmədən açıq satılır. Yarmaların və paxlalıların da demək olar ki, yarısı açıq satılır.

Kənd Təsərrüfatı Nazirliyinin (KTN) tədqiqatında da müəyyən problemlərin olduğu vurğulanır. Belə ki, Kənd Təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov qeyd edib ki, ixrac məhsullarının keyfiyyətinə nəzarət sistemini beynəlxalq tələblərə uyğun şəklə gətirmək lazımdır. "KTN və BMT-nin ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) tərəfindən dekabr 2015-ci il - fevral 2016-cı il aralığında aparılmış bazar tədqiqatı göstərdi ki, ölkədə 110-a yaxın kənd təsərrüfatı məhsulları ixracatçısı işləyir. Müəyyən mal növləri üzrə ixracatın yarıdan çoxu 6 sahibkarın, ixracatın 90%-i isə yalnız 25 sahibkarın payına düşür", - deyə S.Talıbov vurğulayır.

FAO-nun tədqiqatı göstərdi ki, fermerlərin böyük hissəsinin ixrac prosesinə qoşulmamasının əsas səbəbi onunla bağlıdır ki, regionlarda hələ də kənd təsərrüfatı məhsullarının sortlaşdırma, qablaşdırma və markalaşdırılması infrastrukturu zəif inkişaf edib. Eyni zamanda, qeyd etmək lazımdır ki, son illərdə Bakıda və ölkənin başqa iri şəhərlərində iri şəbəkə supermarketlərinin inkişafı ilə vəziyyət köklü şəkildə dəyişməyə başlayıb. Belə ki, «Euromonitor International» şirkətinin təhlilinə görə, 2007-2013-cü illər arasında Azərbaycan bazarında qablaşdırılmış məhsulların payı sürətlə artdı. Bu, daha çox aparıcı ticarət şəbəkələrinin istehlak tələbini artırmaq istəyi ilə bağlıdır. Yeni qablaşdırılmış və emal edilmiş məhsulların ən böyük miqdarı süd və konserv məhsullarının, qənnadı məmulatlarının, peçenyenin, qablaşdırılmış tortların, dondurmanın və s.-in istehsalında qeydə alınıb.

«Euromonitor International»ın ekspertləri ehtimal edirlər ki, qablaşdırılmış ərzaq məhsulları bazarında artım bundansonrakı dövrdə də davam edəcək. Bu trendin yaxınlara kimi istehlakçıların qablaşdırılmamış ərzaq aldığı ucqarlarda və kənd yerlərində irəliləməsi məsələsində urbanizasiya vacib rol oynayacaq. Burada yerli yeyinti sənayesi müəssisələrinin inkişafının özəlliklərinə xüsusi diqqət yetirmək vacibdir. «Bahalı» manat dövründə Azərbaycanda qablaşdırma istehsalının qurulması üçün yüz milyon dollarla xərcləməkdənsə, qablaşdırıcı materialları, taraları və ASK-nin istehsalında istifadə edilən digər komponentləri xaricdən almaq daha əlverişli idi.

Keçən illər ərzində Azərbaycanda yalnız iki növ qablaşdırma materialının - karton və polietilen taraların istehsalının tam tsikli qurulub - idxal xammal və inqrediyentlərdən, demək olar ki, asılı deyil. Ölkədə həm də polietilen torbaların istehsalı üzrə ixtisaslaşmış 20-yə qədər poliqrafiya müəssisəsi fəaliyyət göstərir.

Şüşə tar istehsalı sahəsində də işlər dolğun deyil. Sovet illərində Azərbaycanın butılka və bankalara olan tələbatı qismən dörd şüşə zavodu - Sumqayıt, Bakı, Gəncə və Mingəçevir şüşə zavodları tərəfindən

ödənilirdi. Ancaq Sumqayıt zavodu istisna olmaqla, onlardan üçü 1990-cı illərin əvvəllərində istehsalı dayandırdı. Həmin vaxtdan şərabçılıq və konserv sahəsinin, həmçinin sərinləşdirici içkilər və şirələr istehsalının taraya olan tələbatı Rusiyadan, Ukraynadan, Gürcüstandan və bir sıra başqa Avropa ölkələrindən edilən idxal hesabına ödənilir.

2008-ci ildə Qaradağ rayonunda region üzrə ən iri butılka və başqa şüşə taraların istehsalı müəssisəsi istifadəyə veriləndən sonra vəziyyət dəyişdi. Amma bununla belə, son illərdə, əsasən, Gürcüstandan edilən şüşə tara idxalı pivə, mineral su və limonad istehsalının şüşəyə olan tələbatının bir qismini ödəyirdi. Yerli şərab və tünd alkoqollu içki istehsalçıları bu gün də şüşə butılkalara olan tələbatın bir qismini idxal hesabına ödəyirlər.

Aydındır ki, qablaşdırma materiallarının və taranın başqa növlərinin də istehsalının ölkə daxilində qurulması son məhsulu idxal məhsuluna nisbətən daha ucuz edə bilərdi. Ancaq «bahalı» manat dövründə Azərbaycandan kütləvi ərzaq ixracı elə də gəlirli biznes deyildi, yerli emal və yeyinti sənayesi müəssisələri əsas diqqəti daha gəlirli olan idxalı əvəzləməyə yönəltmişdilər. Daxili bazarın xüsusiyyətləri, onun qapalı olması və rəqabət səviyyəsinin aşağı olması yeyinti sənayesi müəssisələrinə, hətta tara və qablaşdırma idxalından asılılıq şəraitində yüksək gəlir normasını qorumağa imkan yaradırdı.

Böyük ehtimalla, elə bu səbəbdən ölkədə nisbətən inkişaflı alüminium kompleksi olduğu halda, Azərbaycanda hələ də yeyinti alüminium folqası istehsalı təşkil edilməyib. Nazik poladyayma güclərinin olmaması üzündən, yerli istehsalçılar hələ də metal tarada konserv istehsalı, həmçinin şüşə bankaların burulan qapaqlarının istehalı və dəmir bankalarda pivə, alkoqolsuz içkilər istehsalı üçün tənəkə materialı xaricdən gətirməyə məcburdurlar.

Ölkədə 20-yə qədər süd məhsulu və şirə istehsalçısı olmasına baxmayaraq, etibarlı və əlverişli “TetraPak” qabları üçün bütün hissələr bütünlüklə xaricdən gətirilir. Ölkədə inkişaf etmiş kimya sənayesi olmasına baxmayaraq, press-formalarda polietilen butılka istehsalı, həmçinin pendir, dondurma və başqa məhsullar üçün nəzərdə tutulan plasmas taraların hazırlanmasında istifadə edilən xammal da idxal edilir.

Ancaq postneft iqtisadiyyatının gerçəklikləri ASK-nın keçmişdə qalmış idxalı əvəzləməkdən xarici bazarların əldə edilməsinə yönəlməsinin vacibliyini diqtə edir. Burada əsas çətinlik onunla bağlıdır ki, manatın devalvasiyası qablaşdırma hissələrinin istehsalının təşkili üçün lazım olan avadanlığın, qablaşdırma materiallarının və başqa lazım olan detalların idxalını nəzərəçarpacaq səviyyyədə bahalaşdırıb. Buna görə, hazırda hökumət sahibkarlara Azərbaycanda qablaşdırma və tara istehsalının qurulmasında yardım etməyi qarşısına məqsəd qoyub, müəyyən gömrük və vergi güzəştlərinin tətbiqi ilə potensial sərmayəçiləri stimullaşdırmaq niyyətindədir.

Bu məsələyə “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda Azərbaycan Prezidenti İlham Əliyev də toxunub. Bir sıra əsas qida məhsulları üzrə özümüzü təminetmə əmsalından nümunələr gətirən dövlət başçısı qeyd edib ki, istehsal prosesində hələ də xaricdən gətirilən komponentlərdən asılıyıq və bu, ilk növbədə, qablaşdırmanın idxalı ilə bağlıdır.

"Əfsuslar olsun ki, biz bu sahədə də hələ idxaldan asılıyıq. Qablaşdırma o qədər də böyük məsələ deyil ki, biz bunu həll edə bilməyək. Xüsusilə nəzərə alsaq ki, bizdə bazarın həjmi və əhali artır indi istənilən tara və qablaşdırma Azərbayjanda təşkil edilməlidir. Bunu həm Sahibkarlığa Kömək Milli Fondu, eyni zamanda, sahibkarlar özləri də nəzərə alsınlar", - deyə İlham Əliyev vurğulayıb.

Bu məsələ Azərbaycanda keyfiyyətli və çağdaş qablaşdırma materiallarının istehsalının inkişafına əlavə dəstək verməyə hazır olan İqtisadiyyat Nazirliyi və hökumətin nəzarəti altındadır.

Kreditləşmə prosesi artıq başlayıb: qablaşdırma materiallarının istehsalı üzrə Hökməli və Ramana qəsəbəsində yerləşən iki müəssisəyə ümumi məbləği 6,2 milyon manata çatan borclar verilib. Öz növbəsində, Azərbayjanda İxrajın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) Gəncədə şüşə tarası istehsalının təşkili üçün sərmayəçiləri cəlb etməyə hazırlaşır. Layihə $24 mln məbləğində qiymətləndirilir və AZPROMO-nun investisiya kataloquna salınıb.

"Söhbət yalnız ölkədə son məhsul istehsalının deyil, həm də onun idxal edilən komponentlərinin istehsalının təşkilindən gedir. O cümlədən, qablaşdırma materialları, əsasən, xaricdən gətirilir və bu istiqamətdə biz idxaldan asılı olduğumuz bir sıra komponentləri aşkarlamışıq. Hazırda istehsalın ölkə daxilində təşkili məsələsi üzərində iş gedir: bu, ya daxili investisiya hesabına baş verəcək - mövcud istehsalçıların keyfiyyət parametrlərini qaldıracağıq, ya da bunu artıq bazarda olan və bu məsələyə marağı olan xarici sərmayəçilər hesabına gerçəkləşdirəcəyik", - deyə AZPROMO başçısı Rüfət Məmmədov bildirib.

Onun sözlərinə görə, çox sayda xarici sərmayəçi var ki, Azrbaycanda olmayan material və komponentlərin istehsalını qurmaq niyyəti bildirir və qurum düşünür ki, qablaşdırma materiallarının istehsalı proqramında xarici resursların rolu yetərincə yüksək olacaq. AZPROMO-nun bu cür hesabatları yetərincə özünü doğruldandır, bu gün ucuzlaşan manat şəraitində, sərmayəçilər üçün mövcud fiskal və gömrük güzəştləri olan bir şəraitdə Azərbaycanda tara və qablaşdırma istehsalını qurmaq gözləndiyindən daha rentabelli bir işdir.



MƏSLƏHƏT GÖR:

433