19 Aprel 2024

Cümə, 18:20

AZALMA HESABI

Neftin hasilatının azalması üzrə saziş «qara qızıl”ın qiymətinin sabitləşməsinə imkan yaradıb

Müəllif:

15.02.2017

Daha çox hasil edib, daha çox pul qazanmağın, ən azından, neft hasilatı sahəsində məntiqsiz olduğu ortaya çıxdı. Dünya bazarında neft təkliflərinin artıqlığı ona gətirdi ki, karbohidrogen qaynaqlarının əsas ixracatçı ölkələri daha çox «qara qızıl» satmaq üçün çox vaxt açıq şəkildə öz neftlərinə dempiq endirimləri tətbiq edirlər.

Aparıcı ölkələr tərəfindən neft hasilatını azaltmaqdan imtina edilməsi ona gətirdi ki, 2016-cı ilin yanvar ayında neftin qiyməti 2014-cü ilin səviyyəsindən 3 dəfə enərək, hətta barrel üzrə $30-dan aşağı düşdü. Dünyada çıxarılmış neftin ehtiyatları rekord səviyyəyə qalxdı, təkcə neft anbarları deyil, həm də iri tankerlərə doldurmuş «qara qızıl» dünya bazarında «ədalətli» neft qiymətlərini gözləməyə başladı.

Şimal dənizində neft hasilatının cüzi məhdudlaşdırılması və Amerikanın hasilatın nisbətən baha başa gəldiyi şist yataqlarında qazma qurğularının sayının azaltması dünya bazarındakı aşağı qiymətlərə təsir göstərə bilmədi. Neftin qiymətinin aşağı olması üzündən yaranmış böhran həddindən uzun çəkdi və əksər neft ixracatçısı ölkələrinin maliyyə vəziyyətinə mənfi təsir göstərdi.

Vəziyyətdən çıxmaq üçün neft istehsalçısı 24 ölkə 2016-cı ilin dekabr ayında hasilatın yanvardan başlayaraq sutkada 1,6 milyon barrel azaldılması barədə anlaşıblar. O cümlədən, neft hasilatının 1,2 mln. barrelini OPEC-ə daxil olan 13 ölkə azaldacaq, 558 min barrel isə kartelə daxil olmayan 11 ölkənin payına düşəcək.

 

Rusiyanın götürdüyü öhdəlikləri yerinə yetirməsi

Rusiya Prezidenti Vladimir Putinin sədrliyi ilə 1 fevral 2017-ci il tarixdə keçirilmiş iclasda Energetika naziri Aleksandr Novak aparıcı neft istehsalçısı ölkələr tərəfindən hasilatın azaldılması planının gerçəkləşdirilməsi barədə ilkin hesabatı təqdim edib. Novar qeyd edib ki, yanvarda hasilatın azaldılması, təxminən, sutkada 1,4 mln. barrel olub, çünki bəzi ölkələr hasilatı planlaşdırılandan daha çox azaldıblar.

Rusiyanın özündə, yanvar ayının yekunlarına görə, neft hasilatı sutkada 117 min barrel azalıb, danışılmış 300 min barrel azalma aprelə gözlənir.

«Anlaşmanın və qəbul edilmiş qərarların effektivliyi artıq görünür, artıq biz qiymətlərin barrel üzrə $55 səviyyəsində sabitləşməsini qeyd eləmişik. Aparıcı analitik agentliklərinin qiymətləndirməsinə görə, qiymətlər ədalətli qiymətə daha yaxındır, amma ağlaşma olmasa idi, qiymətlər, təxminən, $10-15 aşağı olardı. Biz həm də qiymət təlatümlərinin azaldığını görürük. Yanvar ayının statistikası göstərir ki, qiymətlərin dəyişməsi, təxminən, $5 ətrafında olub. Həm də sahənin sərmayələr üçün maraqlılığının yavaş-yavaş bərpa edildiyini də görmək mümkündür. Son üç ildə ilk dəfədir ki, bu il bazarın bütün iştirakçıları sahəyə sərmayələrin artacağını gözləyir ki, bu da gələcəkdə hasilatın kəskin azalmasından qaçmağa imkan yaradacaq», - deyə Novak vurğulayıb.

Rusiya, Oman, Küveyt, Əlcəzair və Venesuela təmsilçilərindən ibarət monitorinq komitəsinin yanvarın 22-də Vyanada baş tutmuş birinci görüşü göstərdi ki, bütün ölkələr hasilatın azaldılması üzrə sazişə riayət etmək niyyətindədir, çünki həm istehsalçıların, həm də istehlakçıların maraqlarına cavab verir. Sazişin şərtlərinə tam riayət etmə şəraitində ilin birinci yarısında neft bazarının yenidən balanslaşdırılması 2017-ci ilin ortalarına çıxarılmış neft ehtiyatlarını beş il əvvəlki orta səviyyəyə qədər endirməyə imkan yaradacaq.

 

Azərbaycan öhdəliyi tam ölçüdə yerinə yetirib

Azərbaycan Energetika Nazirliyinin məlumatına görə, ölkə neft hasilatının azaldılması üzrə yanvar üçün götürdüyü öhdəliklərin yerinə yetiriliməsi barədə məlumatları hazırlayaraq, OPEC-in monitorinq komitəsinin birgə texniki komissiyasına təqdim edib. Sənədə görə, Azərbaycanda sutkalıq neft hasilatı 793,9 min barrel təşkil edib. Bununla da Azərbaycan sutkalıq neft hasilatının 35 min barrel azaldılması ilə bağlı götürdüyü öhdəliyi bütünlüklə yerinə yetirib. Sazişin bağlanmasına qədər Azərbaycan sutkada 829,1 min barrel neft çıxarırdı. Energetika Nazirliyinin araşdırması göstərir ki, hasilatın azaldılması ilə bağlı qərar neftin qiymətinin yüksəlməsinə və sabitləşməsinə müsbət təsir göstərib.

Azərbaycan tərəfindən hasilatın azaldılması üzrə götürülmüş öhdəliklərin yerinə yetirilməsi neft hasilatı üzrə irəli sürülmüş proqnozların dəqiqliyini göstərir və OPEC tərəfindən neftin qiymətinin sabitləşdirilməsinə yönəldilmiş gərəkli tədbirlərin gerçəkləşdirilməsində ölkələrin maraqlı olduğunu vurğulayır. Əlbəttə, neft hasilatının azaldılması meylini heç də Azərbaycan üçün müsbət meyil saymaq olmaz, ancaq son illər ərzində ölkədə yataqların təbii yolla tükənməsi ilə bağlı hasilat həcmlərinin azalması müşahidə edilir.

SOCAR da, “bp” də hasilat səviyyəsinin sabitləşdirilməsi üzrə tədbirləri fəallaşdırır. Belə olan şəraitdə «qara qızıl”ın qiymətinin qalxması naminə hasilətin müvəqqəti azaldılması məntiqli addımdır. Neft ixracatçısı ölkəsi kimi, Azərbaycan göstərdiyi səyə görə digər neft hasilatçısı ölkələri kimi dünya bazarlarında neftin qiymətinin qalxması ilə böyük mükafat alacaq.

SOCAR-ın statistikasına görə, 2017-ci ilin yanvar ayında Ceyhandan yola salınan Azərbaycan neftinin orta qiyməti barrelə görə $55,14 təşkil edib ki, bu, ötən ilin yanvar ayının göstəricisindən 70% çoxdur. Yekunda, göndərilən neft həcminin azalmasına - keçən ilin yanvar ayında 1,51 milyon ton neft göndərildiyi halda, 2017-ci ilin yanvarında 1,4 milyon ton neft göndərilməsinə baxmayaraq, ixracdan gəlirlər $200 mln.-dan çox artıb ki, bu da neftin qiymətinin qalxması ilə birbaşa bağlıdır.

 

Qiymətlərin artma perspektivləri tamamilə dumanlı qalır

Hazırda ən çox müzakirə olunan məsələ hasilatın azalması üzrə qəbul olunan qərarların qiymətlərin barrelə görə $60-a bərabr olan vacib psixoloji həddin keçilməsinə və bundan yuxarı səviyyələrdə möhkəmlənməsinə nə dərəcədə imkan yaratması ilə bağlıdır. Amma ekspertlərin bir çoxu OPEC tərəfindən qəbul edilmiş hasilatın azalma tədbirlərinə baxmayaraq, bu həddi keçməyi mümkünsüz sayırlar.

Qiymətlərin bundan sonra qalxmasının qarşısında əsas maneə ABŞ və Kanada tərəfindən hasilatın azalması effektinə qarşı tətbiq etdilən tarazlaşdırma siyasətidir. Bu ölkələrdə qazma qurğularının sayı, o cümlədən şist nefti hasilatı artmağa başlayıb. Həmçinin çoxları qeyd edirlər ki, indiki ABŞ prezidenti Donald Tramp öz seçkiqabağı vədlərində enerji resurslarının işlənməsinə qoyulmuş bütün qadağaların aradan qaldıracağına və Amerika şirkətlərini dəstəkləyəcəyinə söz verib.

Amma indiki vəziyyətdə neft ixracatçısı 24 ölkənin əsas məqsədə - dünya bazarlarında neft satışından əldə edilən valyuta daxilolmalarının artırılmasına nail olmaq üçün «qara qızıl”ın hasilatının azaldılmsı istiqamətində fəaliyyəti davam etdirməkdən başqa yolu yoxdur.


MƏSLƏHƏT GÖR:

405