26 Aprel 2024

Cümə, 00:40

YENİ ESKALASİYA

Ukraynanın şərqində münaqişənin qızışması nə ilə bağlıdır?

Müəllif:

15.02.2017

Donbasda, təxminən, 3 ildir davam edən silahlı münaqişə yanvarın sonlarında yenidən qızışıb. Avdeyevka yaxınlığında və Mariupol istiqamətində əldə olan bütün növ silahlardan istifadə edilməklə döyüşlər başlayıb. Zirehli texnika və artilleriyanın da tətbiqi ilə başlamış döyüşləri 2015-ci ilin avqustundan bu yana qeydə alınan ən şiddətli qarşıdurma kimi qiymətləndirmək olar. Üstəlik, döyüşlərin zamani keçdikcə daha da qızışacağı ilə bağlı narahatlıq var.

Bununla yanaşı, tam obyektiv informasiya olmadığından, Ukraynanın cənub-şərqində nə baş verdiyini dəqiq söyləmək çətindir. Hətta deyəsən, ABŞ Prezidenti Donald Tramp belə, çaş-baş qalıb. O, aparıcı telekanallardan olan “Fox News”un sualına səmimi cavab verib: «Biz orada nə baş verdiyini dəqiq bilmirik». İndi, Trampın Ukrayna məsələsi ilə nə vaxt və necə məşğul olacağından çox şey asılıdır. Bəlkə də, o, seçim etmək məcburiyyətində qaldı: güc tətbiqi, yoxsa siyasi həll? Amma sonuncu varianta üstünlük veriləcəyi halda belə, ciddi eskalasiya risqi qalmaqdadır. Bir çox müşahidəçilər əmindir ki, Moskva ilə Vaşinqton belə bir razılığa gələ bilərdilər ki, münaqişənin real həlli üçün hər iki tərəfdəki əsas iştirakçılar dəyişsin. Demək, onlar müqavimət göstərəcəklər.

Bir tərəfdən, Tramp Poroşenko ilə fevralın 4-də baş tutmuş telefon söhbətində «sərhəd boyunca sülhün bərqərar edilməsi üçün» Kiyev və Moskva, o cümlədən münaqişəyə cəlb olunmuş bütün tərəflərlə işləyəcəyini vəd edir. Birləşmiş Ştatların BMT-dəki yeni daimi nümayəndəsi Nikki Heyli BMT Təhlükəsizlik Şurasındakı ilk çıxışında Donbasdakı eskalasiyaya görə Rusiyanı günahlandırır. Digər tərəfdən isə Trampın açıqlamalarından onun hələlik Ukrayna ilə bağlı dəqiq plana malik olmadığı üzə çıxır. O, hələlik Donbasdakı döyüşçülərə Rusiyanın nəzarət edib-etmədiyini dəqiqləşdirə bilməyib, «kimin özünü necə apardığını» müəyyənləşdirməyib. Bundan başqa, Tramp hələ prezident seçkisi kampaniyası zamanı Kiyevi xeyli qorxutmuşdu. Söhbət onun istər Krımla bağlı məşhur fikirlərindən, istər Rusiyaya qarşı sanksiyaların yumşaldıla biləcəyi haqqında bəyanatlarından gedir. Odur ki, Trampın dövründə ABŞ-ın Ukraynadan boyun qaçıracağı, onun Rusiyanın vacib maraq dairəsinə aid olduğunu etiraf edəcəyinə dair narahatlıqlar var. Bəzi Amerika qəzetlərində, hətta Kremlin Ağ evlə Ukrayna ilə bağlı razılaşma hazırladığı barədə xəbərlər dolaşır. Amma Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bunu təkzib edir.

Elə eyni mənbədən belə bir fikir də yayılıb ki, hazırkı eskalasiyaya görə Rusiya günahkardır. Guya o, Tramp administrasiyasının Ukrayna ilə bağlı strategiyasını hələ də müəyyənləşdirməməsindən istifadə edir. «Washington Post» da daxil olmaqla, bir sıra ABŞ KİV Putinin Trampı sınadığını düşünür. Eyni fikri senator Con Makkeyn də Trampa açıq məktubunda yazıb. «Stratfor» isə öz növbəsində əmindir ki, Kreml Donbasdan getməyə hazırlaşır. O, «DXR» yaraqlılarının «Somali» batalyonunun komandiri Mixail Tolstıxın (Givi) fevralın 8-də baş vermiş qətlini də bununla əlaqələndirir. Bu analitik araşdırma şirkətində hesab edirlər ki, Kreml özünün Ukraynanın şərqinə müdaxiləsinin daha bir şahidindən yaxa qurtarmaq istəyib. Bundan əvvəl eyni aqibəti Arseni Pavlov («Motorola»), Aleksey Mozqovoy («Kabus») və başqaları da yaşayıb. Doğrudur, Moskva bu ehtimalı birmənalı olaraq rədd edir, lakin xarici KİV-də bu versiya böyük populyarlığa malikdir. Bu haqda «Bild» də yazır. Daha əvvəl isə «Foreign Policy» səhra komandirlərinin ölümünü «Ukrayna məsələsinin siyasi həllinə hazırlıq mərhələsi» kimi qiymətləndirmişdi.

Həqiqətən də, Rusiya ilə ABŞ arasında razılığa gəlinərsə, Avropa, çətin ki, buna ciddi maneə törədə bilsin. Böyük Britaniyada «Brexit», Fransa və Almaniyada seçkilər. Almaniyanın Ukraynadakı səfiri Ernst Rayxel də bu yaxınlarda verdiyi açıqlamada bildirib ki, Donbasda seçkilərin baş tutması üçün «rus ordusunun çıxarılması və şəhər administarsiyasının üzərində Ukrayna bayrağının asılması» əsas şərt deyil. Bu fikirlər Kiyevdə əməlli-başlı hiddətə və incikliyə səbəb olub. İndi, Qərb mətbuatında hərbi əməliyyatları Ukraynanın özünün başlada biləcəyinə dair fikirlər yer alır. Guya Kiyev bununla gündəmə qayıtmağa çalışıb (və dərhal da qayıdıb), yaxud Rusiyaya qarşı sanksiyaların ləğvini önləmək istəyib; məsələn, «Foreign Policy» jurnalı açıq şəkildə yazır: «Ukrayna cəbhə xətti boyunca uzanan və heç kəsə aid olmayan «boz zona»ya getdikcə daha çox müdaxilə edir».

Kiyevdə isə ənənəvi siyasi savaş davam edir. ABŞ-da Trama dost olmayan bütün qüvvələrlə fəal dostluq etmiş Poroşenko Vaşinqtona səfərə hazırlaşmaqla yanaşı, Almaniyanın «Berliner Morgenrost» nəşrinə müsahibəsində gözlənilməz bəyanatla çıxış edib: Ukrayna yaxın zamanlarda NATO-ya üzvlük məsələsini referenduma çıxarmağa hazırlaşır. Ukraynalı ekspertlər əmindir ki, prezident bununla ortaya tərəfdarlarını birləşdirə biləcək səs-küylü ideya atmağa, ən başlıcası isə «suda batmaz, odda yanmaz» Yuliya Timoşenkoya sinə gərməyə çalışır.

Yeri gəlmişkən, Timoşenko qibtə aparılacaq siyasi inadkarlığını davam etdirir. «Batkivşşina» partiyasının lideri yenidən Ukraynanın 1 nömrəli nyusmeykerinə çevrilib. O, hətta Poroşenkonu qabaqlamağı bacararaq Trampla da görüşüb. Ukrayna Prezidenti isə hələ ABŞ-a səfərə hazırlaşır. Və əgər Tramp Ukraynada nə baş verdiyini dəqiq bilmədiyini söyləyirsə, Timoşenko Ağ ev rəhbərinin Ukraynada yaşananlardan «dəqiq xəbərdar olduğunu» bildirib. Yuliya Vladimirovnanın sözlərinə görə, ABŞ prezidenti ona «tam dəstək» də vəd edib.

Timoşenko Trampla qısa söhbətləşməyə fevralın 2-də Vaşinqtonda ənənəvi Milli Dua Səhər Yeməyi zamanı nail olub. Poroşenkoya yaxın şəxslər isə görüşün, sadəcə, əl sıxmaqla kifayətləndiyini, həmin an Trampa yaxınlaşmaq arzusu ilə alışıb-yanan insanların çox olduğunu bildirir. Amma bu, vacib deyil - Timoşenko istədiyinə nail olub.

Son dövrlərdə Ukrayna siyasətinin birinci ledisi ölkə parlamentini «qeyri-peşəkar və korrupsiyalaşmış» hökuməti istefaya göndərməyə, «işğal olunmuş ərazilər haqqında» qanun layihəsini qəbul etməyə, ölkədə hərbi vəziyyətin elan olunmasına, Donbasın Kiyevin nəzarətində olmayan hissələri ilə ticarətin tam dayandırılmasına, Rusiyaya rəsmən müharibə elan edilməsinə də çağırıb. Rusiya mətbuatı isə yazır ki, sabiq baş nazirin «qaynaması» rusiyapərəst siyasətçi imicindən qurtulmaq məqsədi daşıyır. Əks təqdirdə o, Poroşenkonu «yıxa» bilməz.

Bütün bunların fonunda müharibə qurbanlarını udmaqda davam edir. Ukrayna Daxili İşlər nazirinin məsləhətçisi Zoryan Şkiryak bildirib ki, Donbasdakı silahlı qarşıdurma nəticəsində 10 min nəfər həlak olub. BMT-nin Humanitar Məsələlərin Koordinasiyası İdarəsinin məlu

matında isə münaqişə nəticəsində 1 milyondan artıq insanın qaçqın düşdüyü bildirilir. Donbas əhalisi artıq xeyli vaxtdır, sosial müavinət və pensiya almır, BMT bundan da narazıdır. Amma bütünlükdə Ukraynada iqtisadi böhran getdikcə dərinləşir və yoxsulların sayı durmadan artır. Bərpa olunmuş hərbi əməliyyatlar, əlbəttə ki, qurbanların, zərərçəkənlərin sayını artıracaq. Daha qorxulu olan isə odur ki, problemin siyasi yolla həlli kursu belə, prosesin geri dönəcəyinə zəmanət vermir.



MƏSLƏHƏT GÖR:

359