20 Aprel 2024

Şənbə, 12:40

TRAMPIN NÜVƏ TVİTLƏRİ

ABŞ Prezidentinin İranla bağlı sərt ritorikası Yaxın Şərqdə vəziyyəti daha da pisləşdirə bilər

Müəllif:

15.02.2017

İrana tətbiq olunmuş sanksiyaların qismən ləğvi ötən il ölkə iqtisadiyyatında 4%-lik artıma imkan

verib. Müqayisə üçün qeyd edək ki, 2012-ci ildə İran iqtisadiyyatının inkişaf tempi 0,4%-dək azalmışdı. 2017-ci ildə isə Beynəlxalq Valyuta Fondunun proqnozlarına görə, artım 6%-ə çatmalıdır. Lakin görünən odur ki, bu artımı əldə etmək heç də asan olmayacaq. Potensial investorlar, xüsusilə nəhəng beynəlxalq korporasiyalar İran iqtisadiyyatına yatırılan vəsaitin təhlükəsizliyinə şübhə etməyə başlayıb.

«Qızıl qızdırma bitdi». Britaniyanın «The Economist» jurnalının yazdığına görə, bu fikir biznesmenlərdən birinə məxsusdur. Onun sözlərinə bir fikri də əlavə etmək olar: o, başlamadan bitdi!

 

Raket ətrafında mübahisələr

Yanvarın 29-da Tehrandan şərqdə yerləşən poliqonda ortamənzilli ballistik raketin sınağı keçirilib. Söhbət, təxminən, 600 kilometr məsafə qət etmək iqtidarında olan raketdən gedir. Amerikadakı mənbələrin bildirdiyinə görə, fevralın 4-də İran ordusu növbəti raket sınağı həyata keçirib və bu dəfə 50 kilometrədək məsafəni vurmaq imkanında olan raket sınanıb. Lakin İranın Müdafiə Nazirliyi bu məlumatı təkzib edir. Hərbi nazir, general Hüseyn Dehqaninin sözlərinə görə, amerikalıların İranı yeni raket sınağı keçirdiyinə dair xəbərləri uydurmadır. Amma onun məsələni izahı bir qədər dumanlı təsir bağışlayır: «Birincisi, bu, baş verməyib. İkincisi, baş veribsə belə, bunun amerikalılara dəxli yoxdur». Bundan başqa, general İranın nüvə proqramının əvvəlcədən planlaşdırıldığını və «ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsinə yönəldiyini» söyləyib.

Ballistik raketlərin buraxılmasına dair proqram varsa belə, o, məxfi saxlanılır. Lakin son ilyarımda bu, heç də yeganə sınaqlar deyil. İran tərəfi bunu təkzib də etmir (məsələn, yanvarın 29-da baş vermiş sınaq təsdiqlənir). Tehran bildirir ki, belə sınaqlar 2015-ci ilin yayında İranla 6 ölkə (ABŞ, Rusiya, Çin, Böyük Britaniya, Fransa və Almaniya) arasında əldə olunmuş beynəlxalq nüvə razılaşmasının pozulması anlamına gəlmir.

Qeyd edək ki, bu razılaşma üzərində iş nə az, nə çox - düz 12 il davam edib. İrana nüvə proqramı üzündən sanksiyaların tətbiqinə isə 2006-cı ildən başlanılıb və onlar ildən-ilə sərtləşdirilib. Bundan sonrakı dövrdə ölkədə getdikcə dərinləşən sosial və iqtisadi problemlər İranın ali lideri Əli Xamneini prezident seçkisində

Qərblə dialoqa tərəfdar olan Həsən Ruhanini dəstəkləməyə məcbur edib.

Bundan başqa, Ruhani 2000-ci illərin əvvəllərində nüvə problemi ilə bağlı dialoqlarda iştirak etmiş siyasətçidir. Demək, o, bu problemlə lazımi dərəcədə tanışdır.

Artıq 2013-cü ilin noyabrında tərəflər aralıq razılaşması əldə edə bilib. İran nüvə proqramı ilə bağlı güzəştlərə getməklə, neft ixracını artırmaq imkanı qazanıb. Üstəlik, onun Avropa banklarında saxlanılan hesablarına qoyulmuş həbs də aradan qaldırılıb.

Nəhayət, 2015-ci il iyulun 14-də İranın nüvə proqramına dair Hərtərəfli Birgə Fəaliyyət Planı (HBFP) imzalanıb. Tehran sentrafuqaların sayının 19 mindən 5 minədək azaldılması, uranın zənginləşdirilməsinin təhlükəsiz sayılan 3,67%-ə endirilməsi və zənginləşdirilmiş uranın həcminin 10 tondan 300 kiloqrama salınması haqqında öhdəliklər götürüb. Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (MAQATE) isə 15-25 il ərzində İranda hərtərəfli monitorinq aparmaq imkanı əldə edib.

Bundan başqa, İranın adi silahlar, raket texnologiyaları və ballistik raket istehsalı üçün nəzərdə tutulmuş komponentləri almasına

məhdudiyyətlər qoyulub. Amma onun, nüvə silahı istisna olmaqla, istənilən silah istehsalı ilə müstəqil məşğul olmasına heç bir məhdudiyyət yoxdur.

Tehrana ballistik raket istehsalı ilə

bağlı işlər aparmaması çağırışı da edilib. Lakin qətnamənin mətnində bununla bağlı birbaşa tələb yoxdur. İran mətbuatının iddiasına görə, ölkənin raket proqramının nüvə razılaşmasına aidiyyətinin olmadığını Avropa İttifaqının xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini də təsdiqləyib. Qeyd edək ki, razılaşmaya nə dərəcədə əməl olunduğunu müşahidə edən komissiyanın fəaliyyətini məhz Mogerini koordinasiya edir.

Ağ ev də yanvarın 29-da həyata keçirilmiş sınağın müqavilənin birbaşa pozulması olmadığını, sadəcə, onun ruhu ilə ziddiyyət təşkil etdiyini bəyan edib.

 

Əməkdaşlığa qadağa

2016-cı ilin yanvarından İranın nüvə proqramı ilə bağlı tətbiq olunmuş sanksiyaları yalnız Aİ ölkələri tam aradan qaldırıb. ABŞ bunu qismən edib. Ötən il dekabrın 15-də isə sanksiyaların müddətinin 10 illiyinə uzadılması haqqında Konqresin hər iki palatasının təsdiqlədiyi, Prezident Barak Obamanın isə imzalamadığı qanun layihəsi qüvvəyə minib.

Bu günlərdə ABŞ-ın Maliyyə Nazirliyi İran hökumətini BMT TŞ qətnamələrinin tələblərini pozmaqda, terrorçu qruplaşmalara «maddi dəstək» verməkdə günahlandıraraq, sanksiyaların siyahısını genişləndirib. İndi, oraya İran, Çin, Livan və BƏƏ-dən olan 13 fiziki şəxs və 12 kommersiya şirkəti daxildir. Onlar raket silahlarının yaradılması proqramının inkişafı üçün tələb olunan texnologiya və materiallar verməkdə təqsirləndirilir. Hələ «ikincidərəcəli sanksiyalar» da var. Onlara, əsasən, «qara siyahı»da yer alan fiqurantlarla işgüzar əlaqəyə girən istənilən şirkət və fiziki şəxs də Amerikanın sanksiyaları ilə üzləşə bilər.

Qeyd edək ki, Donald Tramp özünün seçki kampaniyasının gedişində İranı daim «terrorçu dövlət» adlandırıb, Tehranla əldə olunmuş razılaşmanı isə «danışıqlar tarixinin ən pis razılaşması» kimi qiymətləndirib. O, razılaşmanı birtərəfli qaydada poza biləcəyinə dair hədə belə, səsləndirib.

Amerikanın hadisələrin bu cür inkişafını önləmək istəyən 37 aparıcı alimi yanvarın əvvəlində yeni seçilmiş prezidentə müraciət edib, onu İranın nüvə proqramına dair razılaşmadan imtina etməməyə çağırıb. Müraciətin aralarında hidrogen bombasının yaradıcısı, fizik Cerom Fridmanın da olduğu müəllifləri bir şeyə əmindirlər: «HBFP İranın qəflətən nüvə silahının istehsalına imkan verəcək həcmdə material əldə etməsi təhlükəsini kəskin şəkildə azaldıb».

Bu məsələ ABŞ-ın müttəfiqlərini də narahat edir. «İranla nüvə razılaşmasına əməl olunması Aİ-nin prioritetlərindən olaraq qalır. ABŞ administrasiyası məni bu razılaşmaya əməl olunmasına sadiqliyinə əmin edib», - deyə Federika Mogerini bildirib.

Fevralın 3-də tətbiq olunmuş sanksiyaların çoxdan, İranın raket sınağından xeyli əvvəldən hazırlandığını düşünmək üçün kifayət qədər əsas var. Raket sınağı, sadəcə, onların açıqlaması üçün operativ bəhanə olub.

Hələ ötən il dekabrın 2-də «Financial Times» Trampın komandasının İrana əlavə sanksiyaların tətbiqi məsələsini öyrəndiyini yazırdı. Qəzet bildirirdi ki, yeni administrasiya Tehrana təzyiq göstərməklə çalışacaq ki, İran Yaxın Şərqin silahlı birləşmələrinə dəstəyi azaltsın.

Amma İran hərbçilərinin məhz bu məqamda hərəkətə keçməsini də təsadüf adlandırmaq olmaz. ABŞ-da olduğu kimi, İranda da nüvə razılaşmasını heç də hamı ruh yüksəkliyi ilə qarşılamır. Odur ki, müxalifətin Prezident Ruhaniyə qarşı təxribata əl atdığını istisna etmək olmaz. Qeyd edək ki, bu ölkədə mayın 19-da prezident seçkisi keçiriləcək və bu üzdən daxili siyasi mübarizə getdikcə qızışır.

 

Aldadılmış «islahatçılar»

Sərt siyasətin tərəfdarları, hələ ki, İran Prezidenti postunda görmək istədikləri namizədi müəyyənləşdirməyib. Lakin mühafizəkarlar namizədin hərbi bekqraundlu olmasına meyillidir. İranın ali lideri ayətullah Xamneinin ətrafındakı insanlar hesab edir ki, əgər general Kasem Süleymani (İslam İnqilabı Keşikçiləri Korpusuna aid «əl-Qüds» xüsusi bölüyünün komandanı) namizəd olarsa, seçkidən qalib çıxa bilər. Onlar fikirlərini ictimaiyyətdə anti-Amerika əhvalının yüksəlməsi ilə əsaslandırır.

Fevralın 10-da İranda 1979-cu il İslam İnqilabının növbəti ildönümü qeyd olunub. Bu, ən kütləvi anoloji bayram tədbirlərindən biri kimi yadda qalıb. Bunun səbəbi isə ABŞ-ın yeni prezidentinin ardarda səsləndirdiyi təxribatçı bəyanatlardır. Trampın kobud fikirləri, xüsusilə onun «İran odla oynayır - onlar Prezident Obamanın İrana qarşı nə qədər rəhmli davrandığının fərqində olmayıb. Mən belə deyiləm!» tviti ölkədə ciddi narazılığa yol açıb.

İndi, vaxtilə ölkə rəhbərliyini nüvə proqramının dayandırılmasına razı salmaq üçün ciddi səylər göstərmiş «islahatçılar» özlərini aldadılmış sayır; məsələn, danışıqlarda Tehranın əsas nümayəndəsi olmuş Xarici İşlər naziri Cavad Zərif İranı ağır dövrün gözlədiyini bildirib. Vaxtilə Qərblə daha sıx əlaqələrin qurulmasına çağırışlar etmiş sabiq Prezident Məhəmməd Hatəmi (1997-2005) isə islahatçıları sərt siyasətin tərəfdarlarına qoşulmağa, ABŞ-ın əməllərini pisləməyə çağırıb.

Trampın İranla bağlı sərt ritorikasına, əlbəttə ki, Ərəb dünyasından dəstək gəlir. Lakin o, Yaxın Şərqdə vəziyyəti xeyli qəlizləşdirə bilər. Hər halda, İran bu bölgədə özünün siyasi və hərbi nüfuzunu artırmaq üçün son ildə orada baş verən bütün destruktiv proseslərdən geninə-boluna istifadə edib.

Amerikanın Müharibələrin Öyrənilməsi İnstitununun (Institute for the Study of War) ekspertləri belə qənaətə gəlib ki, İran öz sərhədlərindən yüzlərlə kilometr aralıda yerləşən ərazilərin qısa zamanda ələ keçirilməsi üçün çevik qüvvələrə malikdir. Beləliklə, ISW iddia edir ki, İranın hərbi potensialı bütünlükdə Yaxın Şərq regionunda qüvvələr balansını kökündən dəyişib.

ABŞ Prezidentinin İranın ballistik raket sınağına reaksiyası da çoxlarını, o cümlədən Vaşinqtonun yaxın müttəfiqlərini narahat edib. Tramp İrana hərbi cavab ehtimalına dair sualı belə cavablandırıb: «Heç nə istisna deyil».

Bununla yanaşı, hələlik Ağ evdə Tehrana güc yolu ilə təzyiq göstərilməsini nəzərdə tutan hər hansı strategiyanın hazırlandığına dair məlumat yoxdur. Prinsipcə, hələlik bunda Vaşinqtonun özü də maraqlı deyil - o, indiki şəraitdə Yaxın Şərqdə əsas hədəf olaraq «İslam Dövləti» ilə mübarizəni görür. İran isə ABŞ-a xoş olsa da, olmasa da, bu savaşda müttəfiqlərdən biridir.

Bütün bunlarla yanaşı, hər iki tərəfin qarşılıqlı inamsızlığı, düşmən mövqeyi qlobal təlatümlərə yol aça bilər. Böyük biznes də məhz bu səbəbdən İranın «qızıl qızdırma»sının başa çatdığını deyir.



MƏSLƏHƏT GÖR:

349