25 Aprel 2024

Cümə axşamı, 08:55

HAKİMİYYƏTDƏN «10 ADDIM»

Politoloq Marat ŞİBUTOV: «Qazaxıstan Prezident-Parlament sisteminə keçir»

Müəllif:

15.02.2017

Qazaxıstanın dəyişməz lideri Nursultan Nazarbayev səlahiyyətlərini hakimiyyətin digər qanadları ilə bölüşmək niyyətini açıqlamaqla ictimaiyyətdə sanki bir çaxnaşma yaradıb. Bu, Mərkəzi Asiya regionu üçün presedenti olmayan faktdır. Qazaxıstanın müstəqillik qazanmasından sonra Nursultan Abişeviç ölkədə sabitliyin qarantı olub, onun uzaqgörən və praqmatik lider imici isə beynəlxalq arenada belə, kifayət qədər möhkəmlənib.

İndi, Qazaxıstanda Nazarbayevin bu müraciətini hakimiyyətin ötürülməsinə hazırlıq kimi qiymətləndirirlər. Ölkə mətbuatında yer alan məlumatlara görə, bu qərarın ortaya çıxmasına Özbəkistanda yaşananlar səbəb olub. Qeyd edək ki, Özbəkistanda hakimiyyət məsələsi bir müddət havadan asılı vəziyyətdə qalmışdı.

Nazarbayevin təklifi Prezidentin səlahiyyətlərinin bir hissəsinin Parlamentə verilməsini nəzərdə tutur. Yeri gəlmişkən, Qırğızıstanda da prezidentlik uğrunda qanlı toqquşmalardan sonra, eyni addım atılıb - Prezidentin səlahiyyətləri məhdudlaşdırılıb, parlamentin səlahiyyətləri isə maksimum artırılıb. Bununla da Bişkekdə daxili siyasi vəziyyət, demək olar ki, sabitləşib. 2016-cı ilin sonunda orada ölkə Konstitusiyasına dəyişikliklərlə bağlı referendum da keçirilib. Bu, Mərkəzi Asiyada ilk parlament respublikasının yaradılmasına imkan verəcək.

Nazarbayevə gəlincə, o, hakimiyyəti parlamentarilərə vermək niyyətində deyil - ordu, bütün güc strukturları, xarici siyasət onun səlahiyyətində qalacaq. Sosial-iqtisadi sahə isə parlamentə və hökumətə veriləcək. Nazarbayev, ən azı, indiki səlahiyyət müddətinin sonunadək, yəni yaxın 3 ildə vəzifədə qalmaq niyyətini gizlətmir. Bəs postsovet məkanının ən nüfuzlu liderlərindən birini öz səlahiyyətlərini məhdudlaşdırmağa nə vadar edib?

Qazaxıstanın hakimiyyət qanadlarında gözlənilən dəyişikliklərlə bağlı qazaxıstanlı politoloq Marat ŞİBUTOV ilə söhbətləşmişik:

- Nazarbayev hakimiyyətin bölüşdürülməsini niyə bu qədər vacb hesab etdi? O, 30 ildir ki ölkəyə heç də pis rəhbərlik etmir…

- Məsələ ondadır ki, Nazarbayev bundan əvvəl «100 addım» adlı institusional islahatlar layihəsini təqdim edib. Layihə bütünlükdə dövlət sisteminin liberallaşmasını, demokratikləşməsini nəzərdə tutur. Qazaxıstanda mövcud olan superprezident sistemi neftin baha olduğu şəraitdə normal işləyə bilər. Enerji daşıyıcılarının ucuzlaşdığı bir vaxtda belə sistem effektiv deyil. Odur ki, parlament-prezident sisteminə keçilməlidir. Nazarbayev də bunu təklif edir. Bu, ardıcıl addımdır və bu haqda o, 2016-cı ildə bildirmişdi.

- Ölkənin idarə olunmasında dəyişiklik necə olacaq? Prezident sərəncamı ilə, referendumla, yoxsa hansısa xalq yığıncağı ilə? Çünki bu, çox həssas məsələdir. Parlament daha çox səlahiyyət istəyə bilər. O, istədiyi vaxt öz səlahiyyətlərini artırmaq hüququ də qazana bilər. Belə vəziyyət 1993-cü ildə Rusiyada prezidentlə parlament arasında müharibəyə yol açmışdı.

- Hakimiyyətin bölüşdürülməsi ilə bağlı bütün strateji məsələlər hazırda minimal həddə, yəni, işçi qrupundadır. Nazarbayev ictimai müzakirə açıb. Əhaliyə bu barədə düşüncələrini işçi qrupuna təqdim etmələri təklif olunub. Eyni zamanda, region təmsilçiləri ilə görüşlər keçirilir, KİV-də müzakirələr aparılır və sair. Yəni, əhali fərdi qaydada və ya kollektiv şəkildə öz təkliflərini verə bilər. Onların ən optimalı hakimiyyətin bölüşdürülməsinə dair qanuna salınacaq. Tədricən müzakirələrin ranqı da artacaq: parlament komissiyası və parlament.

- Bəs Prezidentlə daha nüfuzlu Parlament arasında ziddiyyətin yaranması təhlükəsi yoxdurmu? Ümumiyyətlə, Nazarbayev normal işləyən dövlət idarəçiliyi maşınını niyə təmir edir ki?

- Məsələ ondadır ki, Qazaxıstanda bütün hakimiyyət Prezident və komandasının əlində cəmlənib. İcraedici hakimiyyət tez-tez xalq tərəfindən bəyənilməyən yanlış qərarlar qəbul edir. Belə qərarların arxasında isə müəyyən lobbiçilər durur. İndi, Nazarbayev hakimiyyətdə balans yaradacaq. O, qərarların qəbulunda hakimiyyətin digər qanadları ilə əməkdaşlıq təklif edir.

- Bir vacib məqam da var: Prezidentin Parlamenti buraxmaq səlahiyyəti qalacaqmı? Bəs hökumət necə formalaşacaq?

- Hələlik, bu məsələlər müəyyənləşməyib və müzakirə mövzusudur. İlkin olaraq hökumətin Parlament seçkisində qalib gələcək partiya tərəfindən formalaşdırılacağı guman olunur. Hələlik, bu məsələdə heç nə tam aydın deyil. Gözlənilməz qərarların qəbulu da istisna deyil.

- Hökuməti Parlament seçkisində qalib gəlmiş partiya formalaşdıracaqsa, bu, sırf Parlament Respublikası olacaq. Belə respublikalar üçün xarakterik olan məsələdən - hökumətin formalaşdırılmasında qarışıqlığın yaşanacağından narahat deyilsiniz?

- Tamamilə haqlısınız. Bu səbəbdən, Qazaxıstan Prezident-Parlament sisteminə gedir. Ölkə hökumətsiz qalmayacaq. Bu, işçi qrupun müzakirəsində olan əsas məqamlardandır; məsələn, parlamentdə adi çoxluq qazanacaq partiyanın hökuməti formalaşdırması variantı var.

- Ölkə əhalisi məsələyə necə reaksiya verib? Artıq hakimiyyət dedikdə yalnız bir simanı - Nazarbayevi düşünən nəsil böyüyüb.

- Əhali məsələyə çox sakit reaksiya verdi. Maraqlıdır ki, insanlar təkliflərini işçi qrupa göndərməyə başlayıb; vətəndaş sektoru, siyasi partiyalar səviyyəsində müzakirələr gedir. Ümumilikdə, ictimaiyyət Prezidentin hakimiyyətin bölüşdürülməsinə dair bəyanatını müsbət qarşılayıb. Onlar bunun yalnız yaxşılığa doğru olduğunu anlayır.

- Qonşuda taliblərin olduğu, ölkə daxilində isə son aylarda terror təşkilatlarının fəallığının artdığı Qazaxıstanda hakimiyyətin desentralizasiyası təhlükəli deyil?

- Müasir Əfqanıstan artıq hamı üçün qorxu nağılına çevrilib. Bu ölkə heç kəsi heç nə ilə təhdid edə bilməz. Daxili vəziyyətə gəlincə, hakimiyyətin ayrı-ayrı qanadlarının yanlış qərarları terrorçuların vura biləcəyi ziyandan daha pisdir. Terrorçularla mübarizə aparmaq, onları zərərsizləşdirmək mümkündür. Prezident və parlamentin səhvləri isə bütünlükdə xalqa, onun gələcəyinə təsir göstərir.

 - Bəs Nazarbayevin varisi varmı?

- Hazırda Nazarbayev hakimiyyətinin varisi sayıla biləcək şəxs yoxdur. Belə insan nə onun ətrafında, nə də ölkə siyasətində var. Nazarbayev isə hələlik islahatlar aparır. O, az-çox fəal siyasi qüvvələri müzakirələrə cəlb edə bilib. Bu, sistemli müxalifətə də aiddir. O, hər kəsə mesaj verib: hakimiyyət istəyirsinizsə, təkliflərinizi göndərin. Hər kəs özünü bu prosesdə görür.

- Bəs prezident güc strukturlarını və xarici siyasəti niyə öz səlahiyyətində saxlayır?

- Hələlik, onun konkret hansı qurumları öz səlahiyyətində saxlayacağı bəlli deyil. Bəlkə də parlamentə ictimaiyyətə təqdim olunandan tam fərqli variant çıxarılacaq. Prezident sadəcə ideya irəli sürüb. İlkin variantı işçi qrup hazırlayıb.

- Qazaxıstanın yeni dövlət sisteminin formatı nə zaman bəlli olacaq?

- Fevralın 26-da təkliflərin qəbulu başa çatacaq. Daha sonra onların ümumiləşdirilməsi üçün 1 ay vaxt lazımdır. Bundan sonra isə layihə parlamentə təqdim olunacaq.

- Parlament sədrinin və baş nazirin səlahiyyətləri artırılacaqmı?

- Əlbəttə. Bu, qanunverici hakimiyyətin səlahiyyətlərinin artırılması ilə əlaqəli məsələdir.


MƏSLƏHƏT GÖR:

455