24 Aprel 2024

Çərşənbə, 11:45

«BİR NÖMRƏLİ» PRESEDENT

Lapşin əhvalatından sonra, çətin ki, Ermənistan əcnəbiləri Azərbaycan sərhədini pozmağa təhrik edə bilsin

Müəllif:

15.02.2017

Üç ölkənin vətəndaşı olan şəxs 4-cü ölkədə 5-ci ölkənin sorğusu əsasında saxlanılır. Bir müddət sonra o, xüsusi reyslə sorğunu vermiş ölkəyə aparılır və bu zaman baş verənlərə heç bir aidiyyəti olmayan 6-cı ölkədə əsl isteriya başlayır.

«Qəhrəman»ımız Aleksandr Lapşin Yekaterinburqda doğulub. Yəhudi köklərə malik olduğundan, 1989-cu ildə İsrailə mühacirət edib. 2000-ci illərin əvvəllərində Rusiyada yaşamış Lapşin heç yerdə işləməməsinə rəğmən, orada özünə mənzil ala bilib. 2006-cı ildə İsrailə gələn zaman Suriyaya qanunsuz səfər etməsi üzündən saxlanılıb. Lakin o zaman məsələ məhkəməyədək gedib çıxmayıb.

Daha sonra o, blogerliyə keçib və müxtəlif ölkələrə səfər təəssüratlarını bloqunda paylaşmağa başlayıb. Bu zaman o, mümkün qədər çox ölkədə vətəndaşlıq almaq üçün də səy göstərib. Nəticədə, Lapşin Rusiya və İsrail vətəndaşlığı ilə yanaşı, Ukrayna pasportu da əldə edə bilib. Halbuki, bu ölkədə heç zaman yaşamayıb. Ümumiyyətlə, onun Ukrayna tarixçəsi bir qədər qəribədir: Lapşin öz səhifəsində gah dolama yollarla pasport aldığı ilə öyünür, gah vətəndaşlığının əlindən alınmasından şikayətlənirdi. Bundan başqa, 90-cı illərin sonlarında Lapşin ABŞ-dan «Greencard» da alıb, 2011-ci ildə isə Gürcüstan vətəndaşlığı almaq üçün müraciət edib (onun bu istəyi baş tutmayıb).

Tanınmış israilli jurnalist, ITON TV internet telekanalının siyasi və iqtisadi icmalçısı Aleksandr Qur-Aryenin sözlərinə görə, «Lapşin Rusiyaya olduğu kimi, İsrailə də çox çirkab atıb. Bunu məqsədyönlü şəkildə edib, ölkə haqqında, burada yaşayan insanlar barədə heç də yaxşı danışmayıb. Səbəbi müəmma olaraq qalır. Bu, məşhurlaşmaq üçün peşəkarcasına təxribatla məşğul olan insandır».

Onun rusiyafobiyası barədə isə ayrıca danışmaq lazımdır. O, demək olar ki, bütün səfərlərinə aid fotoların altına «Rusiyada isə…» yazırdı. Rusiya vətəndaşlarını çox tez-tez ən ağır sözlərlə təhqir edən Lapşin, bununla yanaşı, növbəti ölkəyə səfər etmək üçün məhz ruslardan pul istəməkdən çəkinmirdi. Tipik liberal həyasız. Yeri gəlmişkən, onun bloquna diqqət yetirsəniz görərsiniz ki, burada başqalarını aldatmağın yollarına dair saysız-hesabsız məsləhətlər var".

Ucuz şöhrət axtarışında olan Lapşin 2011-ci ilin aprelində və 2012-ci ilin oktyabrında Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə də yollanıb və bunu rəsmi Bakının icazəsi olmadan edib. Sonradan o, bloqunda Dağlıq Qarabağdakı separatçı rejimin təbliğinə başlayıb. Nəticədə, Azərbaycanın Xarici İşlər Nazirliyi tərəfindən persona non-qrata elan edilib. Lakin bu da «başabəla səyyah»ı sakitləşdirməyib.

2016-cı ildə adının fərqli yazıldığı Ukrayna pasportundan istifadə edən Lapşin Gürcüstan ərazisindən Azərbaycana keçib. Lakin sonradan onun Ukrayna vətəndaşlığından bundan xeyli əvvəl məhrum edildiyi üzə çıxıb. Hər halda, Ukraynanın Belarusdakı səfirliyi Facebook istifadəçilərinə belə məlumat verib.

Yəni, Lapşin faktiki olaraq, onun adını «qara siyahı»ya salmış ölkəyə saxta sənədlə daxil olub və sonra sosial şəbəkələrdə bu «qoçaqlıq”ı ilə öyünməyə başlayıb. Nəticədə, Azərbaycanın hüquq-mühafizə orqanları Aleksandr Lapşinə qarşı ölkənin Cinayət Məcəlləsinin 2 maddəsi üzrə cinayət işi açıb: 281.2 (dövlət əleyhinə açıq çağırışlar) və 318.2 (Azərbaycanın dövlət sərhədini qanunsuz keçmək). Nəhayət, dekabrın 15-də o, Azərbaycanın sorğusu əsasında Minskdə saxlanılaraq Azərbaycana ekstradisiya olunub.

Belarus Baş Prokurorluğu bildirir ki, bu məsələ ilə bağlı onlara nə Rusiya, nə İsrail müraciət edib. Yəni, bu dövlətlərin heç biri vətəndaşı olan Lapşinin məhz oraya ekstradisiyasını istəməyib. Bundan başqa, onun Azərbaycan tərəfindən ittiham olunduğu əməlləri Belarusun cinayət qanunvericiliyinə görə də suçdur. Beləliklə, Bakıya ekstradisiya olunmuş Lapşinin taleyi istintaqın sonunda aydın olacaq. Yekun qərar məhkəmənindir.

Azərbaycan tərəfi prosesin siyasiləşdirilməsinə qarşıdır. «Onu bloger adlandırıb durublar. Mühəndis olsaydı necə, onunla maraqlanmayacaqdılar? O, qanunları pozub və buna görə də ona qarşı cinayət işi qaldırılıb. Həmin işin əsasında İnterpola sorğu göndərilib, Belarus tərəfi də məhz bu sorğuya əsasən, MDB çərçivəsində qüvvədə olan Kişinyov konvensiyasına uyğun olaraq onu saxlayıb. Hər şey qanun çərçivəsində baş verib», - deyə Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov RİA «Novosti»yə müsahibəsində bildirib.

Əcnəbi vətəndaşların işğal altındakı ərazilərə istənilən səfəri, ilk növbədə, işğal faktının leqallaşdırılmasına xidmət edir. Hər bir insan Azərbaycana gələrək, Qarabağa yollanmağa cəhd edə bilər. Lakin məlum səbəblərdən bu səfər Ağdam və ya Füzuli rayonunda başa çatacaq: burdan o tərəfə Ermənistanın işğalçı qüvvələri gəlir. Lapşin isə yalnız işğal olunmuş ərazilərə icazəsiz səfərlər etməkdə təqsirləndirilmir. O, eyni zamanda, dəfələrlə ölkəmizin ərazi bütövlüyünü şübhə altına alıb, sərhədləri pozub, «qara siyahı»da olmasına rəğmən, Bakıya soxularaq qanunları açıq şəkildə və abırsızcasına ələ salıb. Belə əməllər artıq beynəlxalq hüquqla da cinayət xarakteri daşıyır və burada insanın hansı peşə sahibi olmasının heç bir fərqi yoxdur. Hər halda, özünü ifadə etmək hüququ mütləq hüquq deyil və müəyyən amillərlə məhdudlaşa bilər. Əgər Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsinin birinci hissəsi bu hüququ qoruyursa, ikinci hissəsi bu hüququn məhdudlaşdırıla biləcəyi konkret məqamları göstərir. Belə məqamlardan biri də milli təhlükəsizlik, ərazi bütövlüyü və ya ictimai asayiş maraqlarıdır.

Tanınmış rusiyalı politoloq, tarixçi Oleq Kuznetsovun da məsələyə münasibəti birmənalıdır: «Mən Lapşinin sosial şəbəkələrdəki paylaşımlarını görmüşəm. O, cinayət etdiyini bilir, lakin bununla qürurlanır, lovğalanır, kişilənirdi. Müvafiq olaraq o, cinayətkardır. Odur ki, əməllərinə görə qanun qarşısında cavab verməlidir və burada qəribə heç nə yoxdur».

Politoloq blogerin ekstradisiyasının siyasiləşdirilməsi cəhdlərinə də toxunub. «Lapşin ermənilərin tapşırığı ilə Azərbaycan dövlətçiliyini ələ saldığını heç zaman gizlətməyib. Aydındır ki, sifarişçilər vəziyyəti siyasiləşdirməyə çalışır… Bəli, o, statuslarının birində yazmışdı ki, «Azərbaycan XİN-in «qara siyahı»sında 15-ciyəm. İndi, 1-ci olmaq istəyirəm». Bəli, indi o, Azərbaycanın dövlət sərhədlərini qanunsuz keçdiyi üçün mühakimə olunanlar arasında birinci olacaq. O, istəyinə nail oldu. Sadəcə, son əsərinin belə tez bitəcəyini təsəvvür etmirdi», - deyə O.Kuznetsov bildirib.

Azərbaycanın «Lapşin işi»nin siyasiləşdirilməməsinə etdiyi çağırışlara baxmayaraq, proses istər-istəməz Bakının bir sıra ölkələrlə münasibətləri baxımından özünəməxsus sınağa çevrilib. Belarus bu məsələdə bəzi tərəfdaşları ilə münasibətlərinin korlanması risqinə rəğmən, Azərbaycanla müttəfiqliyə sadiqliyini bir daha göstərib. Belaruslu politoloq Yuri Drakoxrustun dediyi kimi, «Lukaşenko blogerin Azərbaycana ekstradisiyası üzündən İsrail və Rusiya ilə münasibətlərinin korlana biləcəyini anlayır. Lakin bu münasibətlər onun Azərbaycanla münasibətlərindən üstün deyil». Amma digər tərəfdən, artıq qeyd edildiyi kimi, beynəlxalq hüquq da rəsmi Minskin tərəfindədir.

«Bloger Lapşinin Azərbaycana təhvil verilməsi məsələsi sırf hüquqi müstəvidə olan məsələdir», - deyə Belarus Xarici İşlər Nazirliyinin mətbuat katibi, İnoformasiya İdarəsinin rəhbəri Dmitri Mironçik bildirib. O deyib ki, Belarus hüquqi yardımın göstərilməsinə dair beynəlxalq müqaviləyə əsaslanan öhdəliyini vicdanla yerinə yetiri: «Müqavilələrə əməl olunmalıdır».

Halbuki, Belarusun hüquq-mühafizə orqanları əvvəllər bir sıra ölkələrin etdiyi kimi, Azərbaycanın sorğusuna əhəmiyyət verməyə də bilərdi. Təəssüf ki, belə ölkələr arasında Ukrayna da olub. İlk baxışdan düşünmək olardı ki, ərazi bütövlüyü ilə bağlı böyük problemləri olan Kiyev Lapşinin saxlanılaraq ekstradisiya olunması sorğusuna düşünmədən əməl edəcək. Amma görünür, Ukraynanın Bakı ermənisi olan daxili işlər naziri Arsen Avakovun etnik kökləri Ukraynanın və beynəlxalq hüququn normalarından üstün gəlib.

İsrailin Lapşin işi ilə bağlı mövqeyi isə təmkinliliyi və praqmatizmi ilə fərqlənib. Halbuki, İsrail 2006-cı ilin iyununda olduğu kimi, 1 vətəndaşına görə müharibəyə belə, başlaya bilən ölkədir. Xatırladaq ki, o zaman İsrail Ordusu kapral Qilad Şaliti xilas etmək üçün hərbi əməliyyatlara başlamışdı. Lapşin məsələsində isə blogerin İsrail pasportunu daha yüksək qiymətləndirməsinə rəğmən, vəziyyət fərqlidir. Yuxarıda adıçəkilən israilli jurnalist, siyasi və iqtisadi icmalçı Aleksandr Qur-Arye «Sputnik Belarus» radiosunun aparıcısı Vyaçeslav Şarapovla söhbətində məsələ ilə bağlı İsraildə hakim olan fikri açıqlayıb: orada hesab edirlər ki, İsrail «blogeri xilas etmək üçün hər hansı ağılsız addım atmamalıdır». «Birincisi, fikrimizcə, onu qeyri-adi cəza gözləmir. Hər halda, ona 15 il müddətinə azadlıqdan məhrumetmə və ya bunabənzər cəza verilməyəcək. İkincisi, şəxsən mən bu şəxsin azad olunması üçün Azərbaycanla münaqişəyə və «bazarlığa» getməyi lazım bilmirəm», - deyə Qur-Arye bildirib.

Lapşinin həbsindən dərhal sonra, Minskdə çoxları Rusiyanın reaksiyasını gözləməkdə idi. Bunun bir neçə səbəbi var: birincisi, Lapşin həm də Rusiya vətəndaşıdır, ikincisi, onun Belarusdan ekstradisiyası Moskva-Minsk münasibətlərinin heç də yaxşı olmadığı dövrə təsadüf etmişdi. Bu qərarı Belarus Prezidentinin demarşı kimi qiymətləndirmək cəhdləri də buradan irəli gəlir.

Rusiyada güclü erməni lobbisinin olduğunu və Moskva-Bakı münasibətlərinə xələl gətirməyə çalışdığını da unutmaq olmaz. Doğrudur, ilk günlərdə Rusiyanın bəzi vəzifəli şəxslərinin, siyasi xadimlərinin məsələyə reaksiyası heç də praqmatik deyildi. Lakin məsələ Rusiya XİN-in «əndişə»sindən və Vladimir Jirinovskinin isterik bəyanatından o tərəfə keçməyib.

Birincisi, Lapşinin ekstradisiyasının qanuni olduğunu Rusiyanın hüquq-mühafizə orqanları hər kəsdən yaxşı bilir. İkincisi, Moskvada yaxşı anlayırlar ki, blogerlə bağlı məsələ həddindən artıq siyasiləşdiriləcəyi təqdirdə, ona digər Rusiya vətəndaşı Dilqəm Əsgərovun taleyi xatırladıla bilər - onun taleyi nədənsə, heç kəsi maraqlandırmır. Halbuki, Lapşindən fərqli olaraq, artıq 2,5 ildir Azərbaycanın işğal altındakı torpaqlarında qurulmuş erməni rejiminin girovu olan Dilqəm Əsgərov heç bir dövlətin sərhədlərini pozmayıb. O, sadəcə, doğma kəndini, əcdadlarının məzarını ziyarət etmək istədiyi üçün dustağa çevrilib.

İstənilən halda, hadisələrin gedişatı göstərdi ki, Lapşin işi Rusiya ilə Azərbaycan arasındakı münasibətləri korlaya bilməz. «…Hansı ölkənin vətəndaşı olmasından asılı olmayaraq, hər bir insan Azərbaycan Respublikasının qanunlarına hörmət etməlidir. Azərbaycan işğal olunmuş Dağlıq Qarabağ uğrunda mübarizə aparır. Azərbaycanın öhdəliklərindən biri də əcnəbilərin Dağlıq Qarabağa getməsinə imkan verməməkdir. Hesab edirəm ki, Lapşinlə bağlı insident Dağlıq Qarabağa səfər etmiş şəxslərə, ora getmək arzusunda olanlara yaxşı dərsdir. İndi, bu regionlara gedənlərin sayı azalacaq», - deyə Kremlə yaxın politoloqlardan olan Sergey Markov bildirib. O, Lapşinin ekstradisiyasını «Azərbaycanın uğuru və gücünün göstəricisi» kimi qiymətləndirib.

Rusiya XİN-in mətbuat katibi Mariya Zaxarovanın məsələyə reaksiyasını isə Rusiyanın «Lapşin işi»lə bağlı mövqeyi haqda fikirlərə yağlı bir nöqtə saymaq olar. Erməni jurnalistinin bu haqda sualına Zaxarova özünəməxsus istehza ilə cavab verib: «Ermənistan KİV-in Rusiya-Azərbaycan münasibətlərindən bu qədər narahat olması sevindiricidir».

Bəs nə Lapşinin vətəndaşlığına, nə ekstradisiyasına, nə də söz azadlığı uğrunda mübarizəyə heç bir aidiyyəti olmayan Ermənistanı bu qədər narahat edən nədir?!

Birincisi, artıq illərdir ki, Ermənistan «DQR»in müstəqilliyini fakt kimi təqdim etməyə çalışır, bunun üçün Lapşin kimi insanların Azərbaycanın işğal altındakı torpaqlarına səfərlərini təşkil edir. İrəvan gah «beynəlxalq müşahidəçilər»in də müşayiəti ilə təşkil olunan şoularla, gah da bunabənzər digər tədbirlərlə daim «Qarabağın dostları»nın sayını artırmağa çalışır.

İkincisi, ermənilər Lapşinin vətəndaşı olduğu dövlətlərin onun Bakıya ekstradisiyasını əngəlləyəcəyinə ümid edirdi. Bu, Azərbaycan üzərində «növbəti diplomatik qələbə» olacaqdı. Hər şeyin əksinə baş verməsindən sonra isə Ermənistanın məsələni siyasiləşdirməkdən, KTMT və Aİİ-dəki tərəfdaşlarının əməlindən növbəti dəfə məyusluq ifadə etməkdən başqa yolu qalmayıb.

«Bu addım KTMT-dəki müttəfiq münasibətlərinə ziddir. Biz Belarusun bu təşkilatdakı fəaliyyətinə son qoyulması məsələsini qaldırmalıyıq», - deyə Ermənistanın “Respublika” partiyasının parlament fraksiyasının rəhbəri Vaqram Baqdasaryan bildirib. Belarusun KTMT və Aİİ-dən uzaqlaşdırılması təklifi ilə müxalifət liderlərindən olan Qrant Baqratyan da çıxış edib. «Çiçəklənən Ermənistan» fraksiyasının lideri Naira Zoqrabyan isə ümumiyyətlə hesab edir ki, «Ermənistan Belarus hökumətinin «görünməmiş abırsızlığına, həyasızlığına» cavab verməyə bilməz. Ermənistan özünü ləyaqətli dövlət sayırsa, məsələylə bağlı hüquqi baxımdan mövqeyimiz açıqlanana qədər KTMT-də üzvlüyünü dondurmalı, səfirini geri çağırmalıdır».

Ermənistanın Xarici İşlər Nazirliyi belə, bütün diplomatik normaları pozaraq, faktiki olaraq Belarus hakimiyyətini «diktatura» adlandırıb. Nazirliyin mətbuat katibi Tiqran Balayan bildirib ki, blogerin ekstradisiyası «əsas insan haqlarının, söz azadlığının və sərbəst hərəkət azadlığının ayaqlar altına atılmasıdır. Bu, diktatura ilə demokratiya arasında böyük bir uçurumun olduğunu bir daha ortaya qoyub».

Maraqlıdır ki, əsas insan haqları, söz azadlığı ilə bağlı çağırışların gəldiyi ölkə parlamentinin deputatları vaxtilə müdafiə naziri Seyran Ohanyan və xanımı haqda nəsə danışan insanların zorlanacağını, başlarının kəsiləcəyini açıq şəkildə bəyan edirdilər. Söz azadlığı haqda elə bir ölkənin təmsilçiləri danışır ki, orada 2008-ci ilin martında hökumət seçki saxtakarlığına etiraz olaraq sadəcə küçəyə çıxmış insanları tərəddüd etmədən güllələdib və bununla da yalnız rəsmi məlumata görə, 10-dan artıq insanın həyatına son qoyub.

Yeri gəlmişkən, söz azadlığının müdafiəsi haqqında boşboğazlığına Avropa strukturlarından da dəstək gəlməyib. «Heç kəsin onların ərazisinə qanunsuz səfər etmək haqqı yoxdur və cinayət sayılan bu əmələ görə heç kəs məsuliyyətdən qaçmamalıdır», - deyə Lapşinin həbsinə münasibət bildirən AŞPA-nın vitse-prezidenti Georgi Loqvinski qeyd edib. Amma bu da son deyil.

KTMT və Aİİ-dəki tərəfdaşlarının əməlini (Rusiya, Belarus, bunadək isə Qazaxıstan) xəyanət adlandıran Ermənistan əslində regional inteqrasiya təşəbbüslərindən Azərbaycanın əleyhinə istifadə etmək ümidlərinin doğrulmadığını etiraf edir. Artıq bu birliklərin üzvləri fəaliyyətlərində beynəlxalq hüquqa, milli maraqlara əsaslandıqlarını, Ermənistanın şıltaqlığına görə Azərbaycanla münasibətləri korlamayacaqlarını ilk dəfə nümayiş etdirmirlər. Belarusla-Qazaxıstanın Azərbaycanla-Ermənistan arasında tammiqyaslı müharibənin başlayacağı halda belə, KTMT çərçivəsində İrəvanı dəstəkləməkdən imtina etməsi hər kəsin yadındadır. Yenə də KTMT-də sədrliyin Ermənistana ötürülməsi Astana ilə Minskin açıq etirazı, Moskavanın isə səssiz razılığı üzündən hələ də mümkün olmmayıb.

Bütün sadalananları ən yaxşı Ermənistanın müxalifətçi «İrs» partiyasının mətbuat katibi Davit Sanasaryanın sözləri ilə ümumiləşdirmək olar: «Lapşin presedentindən sonra heç bir sağlamdüşüncəli əcnəbi Dağlıq Qarabağa getməyəcək. Azərbaycan bizi 10:0 hesabı ilə darmadağın etdi. Ermənistanın üzv olduğu iki çürük təşkilatda - KTMT və Aİİ-də bir dənə də olsun, müttəfiqi yoxdur. Əksinə, bu təşkilatın üzvləri Azərbaycanın müttəfiqləridir».



MƏSLƏHƏT GÖR:

409