25 Aprel 2024

Cümə axşamı, 12:41

PRİORİTETLƏR MƏLUMDUR

Prezident İlham Əliyevin Brüsselə səfəri Azərbaycanla Aİ arasında yeni sazişin imzalanmasına impuls verməlidir

Müəllif:

15.02.2017

Azərbaycanın dövlət başçısı İlham Əliyev Avropa İttifaqı Şurasının sədri Donald Tuskun dəvəti ilə fevralın 5-6-da Brüsselə işgüzar səfər edib. Səfərin proqramı kifayət qədər dolğun idi. İlham Əliyev Brüsseldə Belçika Kralı Filip, həmçinin Avropa İttifaqının ali rəhbərliyi ilə görüşlər keçirib. Prezidentin görüşdüyü şəxslər arasında Avropa İttifaqının xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini, Avropa Komissiyasının (AK) prezidenti Jan-Klod Yunker, AK-nin enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviç də olub. Məzmunlu danışıqların gedişində Azərbaycan-Aİ əməkdaşlığının əsas istiqamətləri qeyd olunub. Donald Tuskun İlham Əliyevlə işgüzar naharından sonra keçirilən brifinqdə onlar KİV nümayəndələrinə ümumilikdə uğurlu keçən səfərin əsas nəticələri haqqında məlumat veriblər.

«Müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyimiz Azərbaycan Avropa İttifaqı üçün mühüm tərəfdaşdır. Biz enerji sahəsində etibarlı və strateji tərəfdaşlığımıza əsaslanaraq işbirliyimizi daha da artırmaq istəyirik. Azərbaycan Avropanın enerji təhlükəsizliyi və təchizatının şaxələndirilməsi üçün mühüm əhəmiyyət kəsb edir. Bizim Cənub Qaz Dəhlizini tamamlamaq üçün ortaq öhdəliyimiz var. Bu, faktiki olaraq, hər iki tərəf üçün əsas prioritetdir», - deyə Donald Tusk bildirib. Onun sözlərinə görə, Aİ Bakı ilə münasibətləri yeni ikitərəfli saziş vasitəsilə daha yüksək səviyyəyə qaldırmağa hazırdır.

Prezident İlham Əliyev də diqqəti iqtisadi sahədə, əsasən, enerji sektorunda əməkdaşlıq məsələsinə yönəldib, eyni zamanda, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə də diqqət çəkib. O, Bakının Aİ ilə strateji tərəfdaşlığa dair ikitərəfli saziş imzalamaq istəyini təsdiqləyib və hazırda hər iki tərəfdən olan diplomatların sənəd üzərində işlədiklərini bildirib. «Aİ üzvlərinin 9-u, yəni üçdəbir hissəsi ilə bizim strateji tərəfdaşlığa dair imzalanmış sazişlərimiz var. Bu, Avropa İttifaqı ilə Azərbaycan arasında gələcək razılaşmalar üçün yaxşı əsasdır», - deyə İlham Əliyev bildirib.

Yeni saziş Avropa qonşuluq siyasətinin prinsiplərinə uyğun olaraq, Aİ ilə Bakı arasında siyasi dialoq və qarşılıqlı səmərəli əməkdaşlıq üçün yenilənmiş əsas olacaq. «Tərəfdaşlıq prioritetləri» adlandırılan saziş layihəsi bir müddət əvvəl Bakıya gəlmiş Avropa Komissiyasının Avropa Qonşuluq Siyasəti və genişlənmə danışıqları üzrə Baş direktoru Kristian Danielsonun başçılıq etdiyi nümayəndə heyətinə təqdim olunub. Sənəd 1996-cı ildən qalma Tərəfdaşlıq və Əməkdaşlıq Sazişini əvəzləməlidir. Orada Azərbaycanın və Aİ-nin yeni reallıqları əksini tapacaq və saziş qarşıdakı 3 il üçün özünəməxsus fəaliyyət planı olacaq.

Yeni saziş prioritet sayılan enerji və nəqliyyat sahələri ilə yanaşı, sənayedə, kənd təsərrüfatında standartların yaxınlaşdırılması, turizm, ticarət, ətraf mühitin mühafizəsi, viza rejiminin sadələşdirilməsi, təhsil proqramları və s. kimi vacib sahələri də əhatə edəcək. Aİ-nin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aydın mövqe nümayiş etdirməsi də Azərbaycan üçün prinsipial əhəmiyyət daşıyır.

Məlumdur ki, Avropa İttifaqı Şurası Azərbaycanla yeni sazişin hazırlanması üzrə danışıqların aparılması üçün Avropa Komissiyasına və xarici işlər və təhlükəsizlik siyasəti üzrə yüksək rütbəli nümayəndəyə mandatı hələ noyabrda verib. Prezident İlham Əliyevin Brüsselə səfəri bu prosesi sürətləndirməlidir. Azərbaycanın Xarici İşlər nazirinin müavini Mahmud Məmmədquliyevin də bildirdiyi kimi, Aİ ilə Azərbaycan arasında strateji tərəfdaşlığa dair yeni saziş layihəsi üzrə detallı danışıqlara 2017-ci ilin aprel-may aylarında Bakıda start veriləcək. Danışıqların ikinci raundunun Brüsseldə, üçüncü raundunun isə yenidən Bakıda keçirilməsi nəzərdə tutulub. Azərbaycan dialoqun 3 blok üzrə aparılmasını təklif edir: birinci blok siyasi və təhlükəsizlik məsələlərini, ikincisi, ticarət və investisiyaları, üçüncü blok isə iqtisadi, sosial, humanitar və digər istiqamətləri məhz bu ardıcıllıqla əhatə etməlidir. İlk blok Azərbaycan üçün prinsipial dərəcədə vacib olsa da, bütün bloklar üzrə danışıqların paralel aparılacağı da istisna olunmur.

İlham Əliyevin Brüsselə səfəri Azərbaycanla Aİ arasında yeni sazişin imzalanması istiqamətində danışıqlar prosesinə start verməklə yanaşı, hərəkətverici qüvvəsi Bakı olan nəhəng enerji layihələrinin önə çəkilməsi kontekstində də böyük əhəmiyyət daşıyırdı. Bunu Azərbaycanın dövlət başçısı ilə görüşdə Avropa İttifaqının xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Federika Mogerini də təsdiqləyib. O, «Cənub Qaz Dəhlizi» layihəsinin Aİ üçün çox vacib olduğunu söyləyib.

Bu layihənin Avropanın enerji təhlükəsizliyinin təmini, təbii qaz mənbələrinin şaxələndirilməsindəki anoloji rolunu Avropa Komissiyasının prezidenti Jan-Klod Yunker də təsdiqləyib. O, nəinki Brüsselin layihəyə siyasi dəstək verdiyini deyib, həm də Avropanın maliyyə institutlarının Azərbaycanın enerji və nəqliyyat layihələrinin reallaşdırılmasına yardım göstərəcəyini söyləyib.

Prezident İlham Əliyev səfər proqramı çərçivəsində Vaterlo şəhərinə də baş çəkərkən, orada görkəmli Azərbaycan şairi, sonuncu Qarabağ xanının qızı Xurşidbanu Natavanın abidəsi önünə gül qoyub.

O, Avropa Şurası Parlament Assambleyasının sabiq prezidenti, hazırda Niderland-Azərbaycan dostluq qrupuna başçılıq edən Rene van der Linden ilə də görüşüb.

İlham Əliyevin Avropa səfərinin əsas nəticəsi kimi, tərəflərin münasibətlərin və bütün sahələrdə əməkdaşlığın inkişafında maraqlı olduğunun təsdiqləndiyini göstərmək olar. Aİ xarici iqtisadi münasibətlərin həcminə görə Azərbaycanın əsas tərəfdaşıdır. Statistikaya görə, Azərbaycanın ixrac etdiyi məhsulların yarıdan çoxu Aİ ölkələrinə gedir. Zaman keçdikcə isə Azərbaycan avropalı istehlakçılar üçün neft və qaz mənbələrinin şaxələndirilməsində daha önəmli mənbəyə çevrilir. Aİ isə öz növbəsində, xarici investisiyaların, müasir texnika və texnologiyanın, menecmentin əsas mənbəyidir. Avropa İttifaqı ölkələrində minlərlə azərbaycanlı tələbə, magistr və doktorant təhsil alır. Avropa elmi, təhsili, mədəniyyəti Azərbaycanın inkişaf yolu ilə irəliləməsi üçün vacib mənbədir. Prezident İlham Əliyev də Belçikaya səfəri zamanı etdiyi çıxışında deyib: «Əməkdaşlığımızın digər vacib sahəsi mədəniyyətlərarası dialoqdur. Azərbaycan sivilizasiyalar və mədəniyyətlərarası dialoqa böyük sərmayələr yatırır. Biz Avropa Şurasına, eyni zamanda, İslam Əməkdaşlıq Təşkilatına üzv ölkəyik. Biz sivilizasiyalar arasında təbii, coğrafi və mədəni körpüyük. Azərbaycanın insan kapitalına, dinlərarası dialoqa qoyduğu sərmayə bu gün yaxşı nəticələr verir».

Hazırda, hər tərəfdə İslam Dünyasının xristian ölkələri ilə üz-üzə qoyulduğu bir şəraitdə, multikultural Azərbaycan Aİ üçün dəyərli tərəfdaşdır və ümid etmək olar ki, ayrı-ayrı bədxahların səylərinə baxmayaraq, Bakı-Aİ əlaqələri güclənəcək, praqmatik əməkdaşlıq inkişaf edəcək.



MƏSLƏHƏT GÖR:

533