25 Aprel 2024

Cümə axşamı, 11:08

NÜMUNƏVİ HAKİM

Asim Xudiyev “R+”a müsahibəsində futbolçudan-referiyədək gedən karyerasından danışıb

Müəllif:

01.03.2017

Bu günlərdə Azərbaycan futbolunun tanınmış simalarından biri, "Neftçi"nin sabiq futbolçusu Asim Xudiyevin 60 yaşı tamam oldu. Futbolçu həyatını başa vurduqdan sonra, karyerasını hakimlikdə davam etdirən Xudiyev ədalət təmsilçisi kimi də uğur qazandı. Azərbaycan Çempionatında 212 görüş idarə edən sabiq ədalət təmsilçisi ölkəmizi beynəlxalq arenada da təmsil etdi. FİFA referisi kimi, avrokubok və milli komandaların görüşlərində hakimlik edən yubilyar hazırda oyunlara hakim-inspektor kimi təyinat alır.

Sözsüz ki, Asim Xudiyevin karyerasında ən parlaq illər "Neftçi"də çıxış etdiyi dövr olub. Ölkənin ən tanınmış futbolçularıyla eyni komandada çıxış edən “22” nömrəylə ötən illərə "səyahət" etmək qərarına gəldik. “R+” Asim Xudiyevlə müsahibəni təqdim edir.

- Yubileyiniz münasibətilə sizi təbrik edirik. Altmış yaş nə deməkdir?

- İllər tez keçir. Çatdırmaq olmur; sanki dünən 40 və ya 50 yaş tamam olurdu. Altmış yaş az deyil, amma çox demək də düz olmaz. Özümü gümrah hiss edirəm. Çox xoşbəxtəm ki, bu gün də futboldayam.

Bildiyiniz kimi, hakim-inspektor kimi beynəlxalq görüşlərdə hakimlərin işinə qiymət verirəm.

- Yəqin, futbolsuz ömrünüzü təsəvvür etmirsiniz?

- Çalışsam da edə bilmərəm. İnsan cavan illərini futbola həsr edir, burada dostlar tapır. Sonra futboldan ayrılmaq onun üçün faciə ola bilər. Biz hamımız futbolla yaşayırıq, nəfəs alırıq. Futbol ömrümüzü uzadır.
- Altmış il ərzində yadınızda qalan ən sevincli gün hansıdır?

- Hər insan həm sevincli, həm də kədərli günlər yaşayır. Mənə daha çox sevincli günlər qismət olub. Orta məktəbdə yaxşı oxumuşam. 100 saylı orta məktəbdə təhsil almışam. İlk futbol addımlarımı da həmin məktəbdə atmışam. Yadımdadır, 4-cü sinifdə oxuyanda bir elan getmişdi. Maarif İdarəsinin nəzdində futbol məktəbi fəaliyyətə başlayırdı. Həmin məktəbin ilk rəhbəri isə mərhum Ələkbər Məmmədov idi. Sözsüz ki, həmin illərdə biz onu o qədər də tanımırdıq. Amma sonra Ələkbər Məmmədovun məşhur futbolçu olduğunu bildik. Həmin futbol məktəbində bir neçə il təhsil alandan sonra, “Neftçi” komandasına məni namizəd bildilər. O vaxt 16 yaşım var idi. 1973-cü ildə “Neftçi”nin əvəzedici heyətinə namizəd oldum və təlim-məşq toplanışını uğurla keçdikdən sonra, həmin komandada yer almağım rəsmiləşdi. “Neftçi” həmin illərdə SSRİ çempionatının birinci dəstəsində çıxış edirdi. Bir neçə oyun keçirəndən sonra, SSRİ Futbol Federasiyası maliyyə çətinliklərini nəzərə alaraq, birinci dəstə klublarının əvəzedici heyətlərinin oyunlarını ləğv etdi. Bundan sonra ən ümidverici, perspektivli, gənc futbolçuların bir neçəsini “Avtomobilçi” komandasına göndərdilər. Bir mövsüm orada oynadıq, 1976-cı ildə isə “Neftçi” yüksək dəstəyə vəsiqəni artıq qazanmışdı. Mən, İsgəndər Cavadov, Səmədağa Şıxlarov və digərlərini “Avtomobilçi”dən “Neftçi”yə qaytardılar. 1977-ci ildən 1985-ci ilə kimi “Neftçi”də çıxış etdim. Futbolçu karyeram ərzində aşağı dəstədə “Kəpəz” və “Göyəzən” komandalarında da bir müddət oynamışam. Böyük futbolla 1985-ci ildə, ümumiyyətlə, yaşıl meydanlarla isə 1989-cu ildə vidalaşdım.

- "Neftçi"də oynamaq hər bir futbolçunun ən böyük arzusu olub...

- Bizim də ən böyük arzumuz "Neftçi"nin formasını geyinmək olub. İsgəndər Cavadov, Səmədağa Şıxlarov kimi futbolçularla bir komandada çıxış etmək asan olmayıb. Həmin illərdə futbolçuları son dərəcə diqqətlə seçirdilər. Hər istəyən bu komandada çıxış edə bilməzdi. Çox vaxt dostlarla yığışıb ötən illəri yada salırıq. Arzumuzun reallaşdığı üçün özümüzü xoşbəxt saya bilərik.

- Futbolçu karyeranızı erkən bitirməyinizin səbəbi nə idi?

- Məlum olmayan səbəblərdən, bir neçə futbolçunu həmin il “Neftçi”dən xaric etmişdilər. Məşqçilər heyəti dəyişmişdi, komandaya Moskvadan mütəxəssislər və oyunçular cəlb olunmuşdu. Əslində, həmin vaxt karyeramı davam etdirə bilərdim. Təəssüflər olsun ki, bu, reallaşmadı. “Neftçi”nin heyətində yüksək liqada 180 rəsmi oyun keçirmişdim, SSRİ Kubokunda isə 30-40 matçda meydana çıxmışdım. 

- Futbolçu həyatıyla vidalaşandan sonra Asim Xudiyev hakimliyə başladı...

- Həmin illərdə Tofiq Bəhramov, Eldar Əzimzadə və Rüstəm Rəhimov kimi tanınmış hakimlərimiz var idi. Mənə tövsiyə verdilər ki, səndən hakim ola bilər. Vaxtilə futbolçu olmuş şəxsə hakimlik etmək daha asandı. 1989-cu ilin axırı idi, məni baş hakim kimi, Azərbaycan Çempionatına cəlb etdilər. Maraqlı oldu. Bir neçə oyunda hakimlik etdikdən sonra, 1990-cı ildə SSRİ-nin gənc hakimlərinin təlim-məşq toplanışına göndərildim. Orada imtahanlardan uğurla keçdim. Bundan sonra məni SSRİ Çempionatının birinci dəstəsinə namizəd kimi seçdilər. Amma 1991-ci ildə SSRİ dağıldı. Mən orada az oyunda hakimlik etdim. Azərbaycan müstəqillik qazanandan sonra isə ölkənin futbol assosiasiyası yarandı və onun nəzdində Hakimlər Komitəsi formalaşdı. Mən də ilk Azərbaycan Çempionatının oyunlarında hakimlik etdim. Həmin illər o qədər də asan deyildi, çünki keçid dövrünü yaşayırdıq. Gənc hakimlərə etibar edirdilər, biz də çalışırdıq ki, bu peşədə özümüzü göstərək, inkişaf edək. 1993-cü ilin sonunda Respublika dərəcəli hakim oldum.

- Uzun müddət FİFA referisi kimi beynəlxalq oyunlara təyinat aldınız...

- 1994-cü ildə UEFA və FİFA-nın üzvü olduqdan sonra, ali futbol qurumu ən yaxşı hakimlərimizin siyahısını istədi. Üç nəfər – Tahir Süleymanov, Xaqani Məmmədov və mən həmin siyahıda təsdiq olunduq. 1995-ci ildən müntəzəm olaraq, beynəlxalq oyunlara təyinat alırdıq. Hakimlik karyeramı isə 2002-ci ildə bitirdim. Həmin illərdə FİFA hakimlərə 45 yaşına kimi beynəlxalq səviyyədə oyunlar idarə etməyə imkan verirdi. Sözsüz ki, karyeramı bitirmək ərəfəsində bundan sonra nə edəcəyimlə bağlı düşünürdüm. 2002-ci ildə UEFA-nın bayrağı altında sonuncu oyunumu idarə etdim. Dünya Çempionatının seçmə mərhələsi çərçivəsində San-Marino – Latviya görüşündə baş hakim oldum. Bu matçdan sonra qərar qəbul etdim ki, daha futbol meydanlarında hakimlik etməyəcəyəm.

2003-cü ildə Azərbaycan Kubokunun finalı –“Neftçi” –“Şəmkir” matçından əvvəl mənim üçün vida tədbiri keçirildi.

- FİFA referisi olduğunuz üçün sonralar beynəlxalq oyunlarda hakim-inspektor kimi çalışdınız...

- FİFA referisi olduğum müddətdə Avropa Futbol Təşkilatının hakim-inspektorları mənə tövsiyə edirdilər ki, hakimliyi bitirəndən sonra, fəaliyyətimi hakim-inspektor kimi davam etdirim. Bu o qədər də asan prosedur deyil. Kriteriyalardan biri əvvəl hakim olmaqdan başqa ingilis dilini mükəmməl bilmək idi. Orta məktəbdə oxuyanda ingilis dilini yaxşı bilirdim. Həmin vaxt öyrəndiklərim indi də mənə kömək edir. 2004-cü ildə UEFA kubokunun qrup yarışlarına ilk dəfə hakim-inspektor kimi təyinat aldım. Artıq 12-ci ildi ki, Avropa Futbol Təşkilatının hakim-inspektorlar qrupuna daxiləm. Hər il təxminən, 8-10 təyinat alıram. Çalışıram ki, hakimlərin işini obyektiv şəkildə qiymətləndirim. Dekabrda Danimarkada kurs imtahanlarından keçdim. Mənimlə müqavilə yeniləndi, qarşıdakı 3 ildə də təyinat almağıma icazə verildi.

- Futbolçu karyeranızı erkən başa vurduğunuza görə təəssüflənirsiniz?

- İdmanda bir qədər bəxt amili də olmalıdır. Ötən illərə nəzər salarkən bəxtsizlik də özünü göstərir. Karyeramı başa vurduğum dönəm futbola aid olmayan məsələlər üzündən mən də daxil olmaqla, bir neçə oyunçu komandadan kənarlaşdırıldı. Halbuki, karyeramın ən yaxşı illəri idi. Hətta SSRİ Olimpiya yığmasına da cəlb olunmuşdum. Bir neçə yoldaşlıq görüşündə çıxış etmişdim. 1984-cü ildə Olimpiya Oyunlarına gedəcək heyətə düşməyə namizəd idim. Amma həmin vaxt SSRİ hökuməti Los-Ancelesdə keçirilən Olimpiya Oyunları ilə bağlı boykot elan etdi.

Təəssüflənirəm ki, futbolçu karyeramı erkən başa vurdum. Çox adam bunu bilmir ki, mən qısa müddətdə məşqçi kimi də fəaliyyət göstərmişəm. 1989-cu ildə mənə “Neftçi” komandasında köməkçi-məşqçi kimi çalışmaq təklif olundu. Razılaşdım, 3 ay Ağasəlim Mircavadovun köməkçisi işlədim. “Neftçi” pis nəticə göstərmirdi, təxminən, 3-4-cü yerdə qərarlaşmışdı. Sadəcə, qeyri-stabil çıxış edirdik. Günlərin biridə Ağasəlim müəllim mənə zəng edərək, komandadan ayrıldığını bildirdi. Görüşüb söhbət etdik. Dedi ki, sən get bazaya, yəqin ki, yeni məşqçi səni saxlayar. Yeri gəlmişkən, onun yerinə Ruslan Abdullayev gəlmişdi. Ertəsi gün komandanın rəisi məndən də ərizə yazmağımı istədi. Məni ayrı işə keçirəcəklərini dedilər. Bildirdim ki, mən daha heç vaxt məşqçi işləməyəcəyəm. Çünki həmin münasibət xoşuma gəlməmişdi, çox incimişdim.

- Hər halda, "Neftçi"də keçirdiyiniz illəri heç vaxt unutmayacaqsınız...

- Çox mehriban kollektivimiz var idi. Futbolçu həyatı maraqlı olur. Səfərlərdə qeyri-adi hadisələrlə rastlaşırdıq. 1981-ci ildə “Neftçi”nin heyətində yoldaşlıq oyunları keçirmək üçün yollandığımız Afrika ölkələrinin birində dövlət çevrilişinə düşmüşük. Seyşel adalarında 3 yoldaşlıq görüşü keçirməliydik. Birinci yoxlama matçından sonra dövlət çevrilişi oldu və həmin ölkədə 7 gün əvəzinə, 14 gün qalmalı olduq. Sözsüz ki, ailə üzvlərimiz, dostlarımız çox narahat idilər. Mobil telefon yox idi, bütün əlaqələr kəsilmişdi. Sadəcə, SSRİ-dən həmin adaya hərbi gəmilər göndərmişdilər, gəmilərdə də 500-ə yaxın əsgər var idi. İlk 3-4 gün ərzində mehmanxanadan küçəyə, ümumiyyətlə, çıxa bilmədik. Əsgərlər gələndən sonra, “komendant saatı” tətbiq olundu. Dükandan nəsə almaq üçün gündə 2 saat vaxt verirdilər. Sonra konsulluqdan bizə dedilər ki, hansısa ölkədən bir təyyarə gələcək, axırda Moskvaya uçacaq, o təyyarə sizi götürəcək. Əsgərlərin müşayiəti ilə hava limanına gedəndə gördük ki, aeroport dağılıb. “TU-154” yerə enən kimi, hamımız mindik və havaya qalxdıq. Moskvada bizi çoxlu azərbaycanlı qarşıladı. Yaxınlarımız, dostlarımız Bakıya sağ-salamat qayıdacağımıza inanmırdılar.

- İndiki dövrdə futbolçu olmaq istərdiniz?

- Niyə də yox? İndi Azərbaycanda futbola böyük diqqət var. Düzdür, uğurlarımız o qədər çox deyil. Ötən mövsüm iki klubumuz Avropa Liqasının qrupuna vəsiqə qazandı. Milli komanda seçmə mərhələyə yaxşı başlayıb. Bununla belə, qələbələrimiz daha çox ola bilərdi. Stadionlarımızın sayı çoxalıb. Əvvəllər paytaxtda yalnız Tofiq Bəhramov adına Respublika stadionu var idi. Sonra "Şəfa" (indiki “İnter Arena”), “Bayıl Arena”, “Dalğa Arena”, Olimpiya Stadionu və digərləri inşa olundu.

- Hazırda futbolçu olsaydınız, hansı klubda çıxış etmək istərdiniz?

- "Qarabağ"da oynamaq istərdim. Çünki stabil oynayırlar. Ardıcıl üç mövsüm avrokuboklara vəsiqə qazandılar. Futbolçular meydanda özlərini rahat hiss edirlər. Ona görə bu komandada uğur qazanmaq yaxşı olardı. Həm də onların oyunu mənə daha yaxındır.

- Sonda bir daha sizi təbrik edirik. Maraqlı müsahibəyə görə çox sağ olun.

- Sizə də təşəkkür edirəm... 



MƏSLƏHƏT GÖR:

451